Məhkəmə qərarları › İş №2(002)-8/2021

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qətnamə — İş №2(002)-8/2021

28.12.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(002)-8/2021 28.12.2021 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Mürsəlov Rufan Kamil oğlunun sədrliyi, Məmmədova Ülviyyə Nizami qızının katibliyi, iddiaçı ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin etibarnamə üzrə səlahiyyətli nümayəndəsi X3, cavabdeh X2 hüquqi varisi Cavabdeh2 iştirakı ilə, iddiaçı ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1, cavabdeh X2 hüquqi varisləri Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı borcun tutulması tələbinə dair iddiası üzrə mülki işə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyəti cavabdehlər Cavabdeh1 və X4 qarşı borcun tutulması tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinə müraciət edərək, cavabdehlər Cavabdeh1, cavabdeh X1 müştərək qaydada İddiaçı Açıq Səhmdar Cəmiyyətinin (ləğv prosesindədir) xeyrinə 08.12.2014-cü il tarixli kredit müqaviləsi üzrə 2234,01 ABŞ dolları əsas borc, 1101,97 ABŞ dolları məbləğində faiz borcu, 594,99 ABŞ dolları məbləğində cərimə olmaqla, ümumilikdə 3930,97 ABŞ dolları məbləğində borcun və 30 manat ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Daha sonra X2 vəfat etdiyi müəyyən edildiyindən, cavabdehin hüquqi varisi qismində Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 mülki işə cəlb edilmiş, bu səbəbdən iddiaçı tərəf iddia tələbinin hazırda Cavabdeh1 ilə birlikdə digər cavabdeh olan X2 hüquqi varisləri Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 yönəldiyinin nəzərə alınmaqla təmin edilməsini xahiş etmişdir. Məhkəmə baxışı zamanı iddiaçı ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin etibarnamə üzə səlahiyyətli nümayəndəsi X6 izahat verərək bildirdi ki, 413- 14 USD nömrəli, 08.12.2014-cü il tarixli kredit müqaviləsinə əsasən Cavabdeh1 18 ay müddətinə illik 33 (otuz üç) faiz dərəcəsi ilə 4000 ABŞ dolları məbləğində kredit verilmişdir. Borcun təminatı olaraq X5 ilə ZM-413-14 USD nömrəli, 08.12.2014-cü il tarixli zaminlik müqaviləsi bağlanmışdır. Müqaviləyə əsasən cavabdehlər müəyyən edilmiş müddətdə kredit məbləğini və ona hesablanacaq cərimələri ödəmək barədə öhdəlik götürsələr də cavabdehlər bu öhdəliyi yerinə yetirməmişdir. Bu barədə cavabdehə dəfələrlə yazılı və şifahi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq cavabdeh öhdəliklərinin icra edilməsindən yayınmışdır. Maliyyə arayışına əsasən Cavabdeh1 08.12.2014-cü il tarixli kredit müqaviləsi üzrə 2234,01 ABŞ dolları əsas borc, 1101,97 ABŞ dolları məbləğində faiz borcu, 594,99 ABŞ dolları məbləğində cərimə olmaqla, ümumilikdə 3930,97 ABŞ dolları məbləğində borcu vardır. Bu səbəbdən iddiaçı təşkilat iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Lakin sonradan müəyyən edilmişdir ki, cavabdehlərdən X5 vəfat etdiyi üçün cavabdehin hüquqi varisi qismində Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 mülki işə cəlb edilmiş, bu səbəbdən iddiaçı tərəf iddia tələbinin hazırda cavabdehin hüquqi varisi Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 yönəldiyinin nəzərə alınmaqla təmin edilməsini xahiş edir. Məhkəmə iclasında cavabdeh X2 hüquqi varisi Cavabdeh2 ərizə ilə məhkəmə müraciət edərək izahatında bildirdi ki, 08.12.2014-cü il tarixli kredit müqaviləsinə əsasən, Cavabdeh1 ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətindən 18 ay müddətinə illik 33 faizlə 4000 ABŞ dolları məbləğində kredit götürmüş, borcun təminatı olaraq mərhum həyat yoldaşı X5 ilə zaminlik müqaviləsi bağlanmış, həyat yoldaşı vəfat etdiyindən cavabdeh X2 hüquqi varisi qismində o və yetkinlik yaşına çatmış uşaqları, yəni qızı Cavabdeh3 və oğlu Cavabdeh4 mülki işə cəlb edilmişdir. Sözügedən zaminlik müqaviləsi üzrə iddia müddəti ötürüldüyünə və zaminliyə xitam verilməli olduğuna görə iddia tələbinin onlara münasibətdə rədd edilməsini xahiş etmişdir. Digər cavabdehlər Cavabdeh3 və Cavabdeh4 məhkəmə iclasının vaxtı və yeri barədə qanunvericiliklə müəyyən edilmiş qaydada xəbərdar edilmələrinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, lakin ərizə ilə məhkəməyə müraciət edərək zaminlik müqaviləsi üzrə müddət keçdiyindən zaminliyə xitam verilməsini xahiş etmişlər. Məhkəmə, Azərbaycan Respublikasının MPM-nin 185.5-ci maddəsinin tələblərinə istinad edərək, mülki işə Cavabdeh3 və Cavabdeh4 iştirakı olmadan baxılmasını mümkün hesab edir. Cavabdeh1 məhkəmə iclasının vaxtı və yeri barədə qanunvericiliklə müəyyən edilmiş qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə, Azərbaycan Respublikasının MPMnin 185-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə, izahatları dinləyib, iş materiallarında olan sənədləri tədqiq edərək belə qənaətə gəlir ki, iddia qismən əsaslı olduğundan qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan 413-14 USD nömrəli, 08.12.2014-cü il tarixli kredit müqaviləsindən görünür ki, İddiaçı ASC ilə Cavabdeh1 arasında bağlanmış həmin kredit müqaviləsinə əsasən bank tərəfindən Cavabdeh1oğluna illik 33% olmaq şərti ilə 18 ay müddətinə 4000 ABŞ dolları məbləğində kredit verilmiş və kreditin qaytarılması üçün ödəniş cədvəli tərtib edilmişdir. İş materiallarında olan ZM-413-14 USD nömrəli, 08.12.2014-cü il tarixli zaminlik müqaviləsindən görünür ki, kredit müqaviləsi üzrə borc alan Cavabdeh1 öhdəliklərinin icrasının təminatı olaraq İddiaçı ASC ilə digər cavabdeh X5 arasında zaminlik müqaviləsi bağlanmışdır. İş materiallarında olan 08.06.2017-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh1 413-14 USD nömrəli, 08.12.2014-cü il tarixli kredit müqaviləsi üzrə 08.06.2017-ci il tarixinə ləğv prosesində olan İddiaçı ASC-nə 2234,01 ABŞ dolları əsas borcu, 1101,97 ABŞ dolları faiz borcu, 594,99 ABŞ dolları cərimə borcu olmaqla, ümumilikdə 3930,97 ABŞ dolları məbləğində borcu vardır. İş materiallarında olan Qobustan rayon İcra Hakimiyyəti Başçısının Qobustan şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinə ünvanlandığı 183 saylı, 06.09.2017-ci il tarixli məktubun surətindən görünür ki, Qobustan şəhərində qeydiyyatda olmuş 22 oktyabr 1968-ci il təvəllüdlü X5 01 sentyabr 2016-cı il tarixdə vəfat etmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Qobustan Rayon Notariat Ofisinin Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinə ünvanlandığı 160 nömrəli, 04.10.2021-ci il tarixli məktubun surətindən görünür ki, Qobustan Rayon Notariat Ofisində 2V-101 reyestr nömrəli, 19.11.2019-cu il tarixli Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə ilə 01.09.2016-cı il tarixdə ölmüş X1 qalmış miras əmlaka (torpaq sahəsinə) dair arvadı Cavabdeh2 (AA1132265. Asan-Sumqayıt), qızı-Cavabdeh3 (AA11322264 Adan-Sumqayıt), oğlu-Cavabdeh4 (AZE 16214758, Asan-Sumqayıt 04.05.2016) adına vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. İş materiallarında olan AZ-İ seriyalı, 813952 saylı ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X5 01 sentyabr 2016-cı il tarixdə Bakı şəhərində vəfat etmişdir. Bu barədə Bakı şəhəri Qobustan rayon Qeydiyyat şöbəsində ölüm haqqında akt qeydləri kitabında qeydiyyat aparılmışdır. Məhkəmə iş üzrə sübutlara məcmu halında hüquqi qiymət verərək müəyyən edir ki, iddia qismən əsaslı olduğundan qismən təmin olunmalıdır. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətlərdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o kredit müqaviləsi adlandırılır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 462.1-ci maddəsinə əsasən, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən, icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Sadalanan hüquq normalarının tələblərinə əsasən məhkəmə müəyyən edir ki, Cavabdeh1 iddiaçı təşkilatdan aldığı kredit üzrə əsas borcu və faizləri iddiaçıya vaxtında ödəmək öhdəliyinin daşıyıcısı olmuşdur. Lakin cavabdeh müqavilə öhdəliklərini icra etməyərək, iddiaçı təşkilat qarşısında həmin pul öhdəliyini yerinə yetirməmişdir. Buna görə də iddiaçı təşkilatın qeyd olunan müqavilə üzrə əsas borc, faiz borcu ilə bağlı tələbləri tam əsaslıdır. Bununla yanaşı, məhkəmə hesab edir ki, iddia tələbi cərimə hissəsində qismən əsassızdır. Belə ki, müqavilədə cərimənin hesablanması qaydası yüksək həddə müəyyən edilmiş və borclunun maddi vəziyyəti nəzərə alınmamışdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə müəyyən edilmiş yüksək dəbbə pulunu azalda bilər. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 5.3-cü maddəsinə əsasən, mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Odur ki, məhkəmə borclunun və kreditorun əmlak mənafelərini, əsas borcun məbləğini nəzərə alaraq, mövcud müqavilə üzrə cərimə tələbinin azaldılmasını və 100 ABŞ dolları həddində təmin olunmasını ağlabatan və ədalətli hesab edir. Məhkəmə, iddia tələbinin əsas borclu ilə birgə zaminlərə yönəldilməsi hissəsinə hüquqi qiymət verərək belə qənaətə gəlir ki, iddia tələbi bu hissədə əsassızdır. Belə ki, iddia zaminliyin təmin etdiyi öhdəliyin icrası müddəti başa çatdıqdan sonra qaldırılmışdır. Belə olan halda, cavabdeh zaminlərin iddia müddətinin tətbiqi barədə ərizələri nəzərə alınmaqla qüvvədə olan mülki qanunvericiliyə əsasən zaminliyə xitam verilməli olduğundan, iddia zaminlərə münasibətdə əsassız hesab olunaraq təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 477.0.1-ci maddəsinə əsasən, zaminliyin təmin etdiyi öhdəliyə xitam verildikdə, habelə zaminin razılığı olmadan həmin öhdəlik dəyişdirildikdə və bu dəyişdirilmə onun məsuliyyətinin artmasına və ya onun üçün digər əlverişsiz nəticələrə səbəb olduqda, zaminliyə xitam verilir. Həmin Məcəllənin 477.0.4-cü maddəsinə əsasən, zaminlik müqaviləsində göstərilmiş onun verilmə müddəti qurtardıqda zaminliyə xitam verilir. Belə müddət təyin edilmədikdə zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Əsas öhdəliyin icrası müddəti göstərilmədikdə və müəyyənləşdirilə bilmədikdə və ya tələbetmə məqamı ilə müəyyənləşdirilə bildikdə zaminliyə zaminlik müqaviləsinin bağlandığı gündən iki il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 373.2-ci maddəsinə əsasən, müqavilə tələbləri üzrə iddia müddəti üç ildir. Həmin Məcəllənin 375.2-ci maddəsinə əsasən, məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barədə qərar çıxarması üçün əsasdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 03.06.2013-cü il tarixli Qərarına əsasən, kredit münasibətlərindən yaranan mübahisələrə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2-ci maddəsində nəzərdə tutulan üç illik iddia müddəti tətbiq edilməlidir. İş materiallarında olan 08 dekabr 2014-cü il tarixli zaminlik müqaviləsindən aydın olur ki, 18 aylıq zaminlik müddəti 08 iyun 2016-cı il tarixdə başa çatmış və bundan sonra kreditor zaminə qarşı 01 il ərzində, 08 iyun 2017-ci il tarixədək iddia irəli sürməmişdir. İş materiallarından aydın olur ki, bank tərəfindən məhkəməyə göndərilən iddia ərizəsi müddət bitdikdən 06 gün sonra imzalanmış və 20 iyun 2017-ci il tarixdə məhkəməyə daxil olmuşdur. Məhkəmə iddianın dövlət rüsumunun tutulması ilə bağlı hissəsini araşdıraraq hesab edir ki, dövlət rüsumu ilə bağlı tələb də Cavabdeh1 münasibətdə qismən təmin olunmalıdır. Belə ki, Azərbaycan Respublikasının MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək və sadalanan hüquq normalarının tələblərini nəzərə alaraq hesab edir ki, iddia qismən əsaslı olduğundan qismən təmin edilməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 439.2-ci maddəsinə əsasən, əgər xarici valyutada olan pul öhdəliyi Azərbaycan Respublikasında ödənilməlidirsə, ödənişin xarici valyutada aparılmalı olduğunun şərtləşdirildiyi hallardan başqa, o, manatla ödənilir. Yenidən hesablaşma ödəniş anında ödəniş yerinin məzənnə qiyməti üzrə aparılır. Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən, sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikasının MPM-nin 216- 220-ci, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia qismən təmin edilsin. Cavabdeh1 2234,01 ABŞ dolları əsas borc, 1101,97 ABŞ dolları məbləğində faiz borcu, 100 ABŞ dolları məbləğində cərimə olmaqla, ümumilikdə 3435,98 ABŞ dolları (üç min dörd yüz otuz beş ABŞ dolları doxsan səkkiz sent) məbləğində borc pul vəsaiti (icra gününə Azərbaycan manatına olan məzənnə ilə) və 26 (iyirmi altı) manat dövlət rüsumu tutularaq iddiaçı ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Rufan Mürsəlov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar