Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(002)-811/2024 03.04.2024 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Əsədov Kamran Bağır oğlunun sədrliyi, İmanov Tural Arif oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı «pul» tələbinə dair iddiası üzrə mülki işə Qaradağ rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı «pul» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 5.000 manat pul vəsaitinin Cavabdeh onun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, Qobustan rayonu Çalov kəndində qeydiyyatda olsa da, Qobustan şəhəri Yeni massiv Aşıq Məmmədağa küçəsində yaşayır. 2021-ci ilin yay aylarında əvvəllər tanıdığı Cavabdeh ilə görüşmüşdür. Oğlu Anar və Qarabağ müharibəsində 19 sentyabr 2023-cü il tarixdə şəhid olmuş oğlu Vüsalı SOCAR şirkətində işə düzəltmək adı ilə cavabdeh ondan 5.000 manat pul istəmişdir. Bununla əlaqədar xx.xx.2021-ci il tarixdə MilliÖn ödəmə terminalı vasitəsi ilə "xxxx" ASC-yə aid 4169-7413-8895-9130 nömrəli plastik kartına bir dəfəyə 5.000 manat pul ödəmişdir. Cavabdeh ona söz vermişdir ki, təxminən 15-20 gün müddətinə övladlarının hər ikisini SOCAR şirkətinə işə düzəldəcək. Lakin sözünə əməl etməmiş və övladlarının heç birini işə düzəldə bilmədi. Ona görə də, övladı Vüsal Azərbaycan Respublikası Silahlı Qüvvələrinin komando sıralarına daxil olmuşdur. 2023-cü ilin sentyabr ayının 19-da Qarabağ döyüşlərində, gedən antiterror əməliyyatları zamanı şəhid olmuşdur. Lakin buna qədər o, Cavanşirlə dəfələrlə söhbət etsə də, cavabdeh nə onun övladlarını işə düzəltməmiş, nə də verdiyi pulu geri qaytarmamışdır. Sonradan ona məlum olmuşdur ki, təkcə ona qarşı yox, başqalarını da aldadaraq dələduzluq yolu ilə pul almışdır. Sonradan o, Polis Şöbəsinə müraciət etmişdir və bunun nəticəsi olaraq cavabdeh barəsində Azərbaycan Respublikası CM-nin 178.1-ci maddəsi ilə toplanmış cinayət işi məhkəməyə göndərilmişdir. Qobustan rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 1(026)-2/2023 saylı hökmü ilə Cavabdeh həmin maddə ilə təqsirli bilinib 1 il müddətinə azadlıqdan məhrum edilmə cəzasına məhkum edilmişdir. Həmin vaxt qanunu bilmədiyindən cinayət işi üzrə mülki iddia qaldırmamışdır, ona görə də, pulun alınması üçün hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Penitensiar Xidmətin 13 saylı CÇM-də cəza çəkən Cavabdeh məhkəməyə izahat göndərərək bildirmişdir ki, iddiaçının müraciəti əsasında onun barəsində ittihamedici hökm çıxarılmışdır və o, hazırda CÇM-də cəza çəkir. Məhkəmədən müraciətinin nəzərə alınmasını xahiş edir. Məhkəmə, iddiaçının izahatını dinləyib, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş Qobustan Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 1(026)-2/2023 saylı hökmündən görünür ki, Cavabdeh Azərbaycan Respublikası CM-nin 178.1-ci maddəsi ilə təqsirli bilinib 1 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası CM-nin 66.5-ci maddəsinə əsasən Bakı Ağır Cinayətlər Məhkəməsinin 01 dekabr 2021-ci il tarixli, 1(101)-914/2021 saylı hökmü ilə təyin olunmuş 2 il müddətinə dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi məsul vəzifə tutma hüququndan məhrum edilməklə 6 il müddətinə azadlıqdan məhrum etmə cəzası hazırki hökmlə təyin edilmiş cəza ilə qismən birləşdirilməklə, qəti olaraq 2 il müddətinə dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi məsul vəzifə tutma hüququndan məhrum edilməklə 6 il 6 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzasının əvvəlinin həbs edildiyi tarixdən, yəni 01 dekabr 2021-ci il tarixdən hesablanması, eləcə də, maddi sübut və s. barədə müvafiq göstərişlər verilmişdir. Həmin hökmlə təsbit edilmişdir ki, cavabdeh tərəfindən törədilmiş cinayət əməli nəticəsində iddiaçıya 5.000 manat məbləğində maddi ziyan vurulmuşdur. Azərbaycan Respublikası MPM-in 82.4-cü maddəsinə əsasən məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra Mülki Məcəllənin) 21.1ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Mülki Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Mülki Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərər vuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Göründüyü kimi, cavabdeh tərəfindən iddiaçıya 5.000 manat maddi ziyan vurulmuşdur. Bu səbəbdən, 5.000 manat maddi ziyan qanunvericiliyə əsasən cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməli, 5.000 manat pul vəsaiti Cavabdeh tutularaq İddiaçı ödənilməlidir. Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.20-ci maddəsinə əsasən, məhkəmədə verilən iddialar üzrə məcburi köckünlər və şəhid ailələri dövlət rüsumu ödəməkdən azaddırlar. İddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumu ödəməkdən azad edildiyinə görə Azərbaycan Respublikası MPM-in 119.2-ci maddəsinə əsasən, iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq 70 (yetmiş) manat dövlət rüsumu Cavabdeh tutularaq dövlət nəfinə ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. 5.000 manat pul vəsaiti Cavabdeh tutularaq İddiaçı ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Cavabdeh 70 (yetmiş) manat dövlət rüsumu tutularaq dövlət nəfinə ödənilsin. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Kamran Əsədov
Məhkəmə qərarları › İş №2(002)-811/2024
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qətnamə — İş №2(002)-811/2024
03.04.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver