Məhkəmə qərarları › İş №2(002)-818/2022

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qətnamə — İş №2(002)-818/2022

13.04.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(002)-818/2022 13.04.2022 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Əsədov Kamran Bağır oğlunun sədrliyi, İmanov Tural Arif oğlunun katibliyi, İddiaçı və onun nümayəndəsi X2, Cavabdeh "xxxx" ASC-nin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdehlər Bakı şəhəri 45 saylı Notariat Ofisinə və "xxxx" ASC-yə qarşı «notariat ofisi tərəfindən aparılmış icra qeydinin ləğv edilməsi» tələbinə dair iddiası üzrə mülki işə Qaradağ rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Bakı şəhəri 45 saylı Notariat Ofisinə və "xxxx" ASC-yə qarşı «notariat ofisi tərəfindən aparılmış icra qeydinin ləğv edilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri 45 saylı Notariat Ofisi tərəfindən verilmiş 14 dekabr 2021-ci il tarixli 8İ-4543 reyestr saylı icra qeydinin ləğv olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, "xxxx" ASC ilə onun arasında bağlanmış 17.07.2019-cu il tarixli BPM**********03 nömrəli kredit müqaviləsinə əsasən, bank tərəfindən ona 60 ay müddətinə (17.07.2024-cü il tarixədək) illik 24 faiz şərti ilə 4.600 manat məbləğində kredit verilmişdir. 2021-ci ilin fevral ayında işlədiyi hərbi hissə ləğv olunduğuna görə işdən azad olunmuşdur. 2021-ci ilin iyun ayına qədər o, müqavilə əsasında aylıq ödənişləri etmişdir. 28.12.2021-ci il tarixdə Qaradağ rayon İcra şöbəsi tərəfindən telefon vasitəsi ilə bildiriş göndərilərək, barəsində məhkəmə qərarının icrası ilə əlaqədar onu icra şöbəsinə dəvət etmişlər. 05.01.2022-ci il tarixdə İcra şöbəsində ona xəbərdarlıq bildirərək, məhkəmə qərarının əvəzinə Bakı şəhəri 45 saylı notariat ofisinin 14.12.2021-ci il tarixli 4543 saylı icra qeydinin surəti təqdim edilmişdir. İcra qeydinə əsasən ondan 20 manat dövlət rüsumu və 4.117,63 manat pul vəsaiti tutularaq "xxxx" ASC-nin xeyrinə ödənilməlidir. 05.01.2022-ci il tarixdə o, Bakı şəhəri 45 saylı Notariat Ofisinə gələrək icra qeydinin təsdiqlənmiş surətini almışdır. Hesab edir ki, bank və notariat orqanı tərəfindən onun hüquqları kobud şəkildə pozulmuşdur və buna görə də, icra qeydi ləğv edilməlidir. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02.09.2000-ci il tarixli 156 nömrəli qərarı ilə təsdiq edilmiş «Borcların icra qeydləri əsasında mübahisəsiz qaydada alınmasına əsas olan sənədlərin Siyahısı»na əsasən notarius tərəfindən borcun mübahisəsizliyi tələbkarın tələbinin nəzərdə tutulmuş sənədlərlə təsdiq olunması və borclunun həmin tələbdən irəli gələn öhdəliyi icra etməməsinin yoxlanılması ilə müəyyən edilir. Tələbkar icra qeydinin aparılması üçün notariat ofisinə müraciət etdiyi gündən azı 20 gün əvvəl sifarişli poçt vasitəsi ilə borcluya tələbin icra edilmədiyi halda, icra qeydinin aparılacağı barədə müəyyən edilmiş formada bildiriş göndərməlidir. İkincisi, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 11.09.2000-ci il tarixli 167 nömrəli qərarı ilə təsdiq edilmiş «Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında Təlimat»ın 161-ci bəndinə əsasən borclunun olduğu yer üzrə notarius borcludan pul məbləğlərini tutmaq üçün «Notariat haqqında» Azərbaycan Respublikası Qanununun 76-cı maddəsinin tələblərinə uyğun olaraq tələbkar tərəfindən borcluya bildiriş göndərildikdə və öhdəlik bildirişin verildiyi müddətdə icra edilmədikdə, borcu müəyyən edən sənədlərdə … icra qeydi … aparır. Üçüncüsü, icra qeydi aparıldığı günə onun tələbkara 4.117 manat 63 qəpik deyil, 970 manat borcu olmuşdur. Çünki, kredit müqaviləsi 60 ay müddətinə, 17.07.2024-cü il tarixədək bağlanmışdır və o, borcun ödənilməsindən imtina etmir. "xxxx" ASC ona tələbin icra edilmədiyi halda, icra qeydinin aparılacağı barədə müəyyən edilmiş formada bildiriş göndərməmişdir. Belə ki, bildiriş, onun borcluya çatdırıldığını təsdiq edən sənəd, borclunun cavab məktubu (cavab məktubu olduğu halda) və borcu müəyyən edən sənədlər və ya bununla bağlı məlumatlar icra qeydinin aparılması ilə bağlı ərizəyə və ya məlumata əlavə edilməmişdir. Həmçinin 45 saylı Notariat Ofisinin xüsusi notariusu tərəfindən «Notariat hərəkətlərinin aparılması qaydaları haqqında Təlimat»ın 162-ci maddəsinin tələbləri kobud şəkildə pozularaq, əsassız icra qeydi açılmış və aidiyyatı üzrə göndərilmişdir. Qanunvericilikdə icra qeydi institutu tələbkarla yanaşı, eyni zamanda borclunun da hüquqlarının kifayət qədər qorunmasına xidmət edir. Belə ki, icra qeydləri yalnız təqdim olunan sənədlər borcun mübahisəsiz olduğunu təsdiq edərsə, aparılır. Çünki, tələbkarla borclu arasında bağlanmış müqavilələr üzrə yaranan öhdəliklərə dair mübahisə olduğu halda icra qeydi aparılmır və bu halda mübahisə məhkəmədə öz həllini tapmalıdır. Bundan əlavə, notariat ofisi borcun ödənilməsi barədə ona yazılı bildiriş göndərməmiş, onun hüquqlarını pozaraq borcun mübahisəsiz olub-olmamasını müəyyənləşdirmək üçün heç bir notariat hərəkəti etməyərək, yalnız kredit müqaviləsinə əsaslanmaqla, müqavilə üzrə yoxlama aparmadan əsassız icra qeydi aparmışdır. Belə nəticəyə gəlmək olar ki, bank kredit müqaviləsini ləğv etməyərək, kredit üzrə faizləri müqavilənin sonuna qədər hesablayaraq məhkəmə əvəzinə icraya yönəltmişdir. İddiaçı və onun nümayəndəsi X5 məhkəmə iclasında iddia tələbini müdafiə etdilər, iddia ərizəsinin məzmununa uyğun izahat verdilər və məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdilər. Cavabdeh Bakı şəhəri 45 saylı notariat ofisinin nümayəndəsi X4 öncəki məhkəmə iclasında iddianı qəbul etmədi və izahatında bildirdi ki, iddia əsassızdır. Notariat Ofisi tərəfindən icra qeydi verilərkən qanunvericiliyin tələbləri pozulmamışdır. Bu səbəbdən, iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh "xxxx" ASC-nin nümayəndəsi X3 məhkəmə iclasında iddianı qəbul etmədi və izahatında bildirdi ki, icra qeydi verilərkən qanunvericiliyin tələbləri pozulmamışdır. Bu səbəbdən, iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia əsassız olduğundan rədd edilməlidir. Belə ki, iş materiallarında olan 14 dekabr 2021-ci il tarixli 8İ-4543 reyestr saylı icra qeydindən görünür ki, Bakı şəhəri 45 saylı Notariat Ofisinin xüsusi notariusu tərəfindən tələbkarın müraciətinə əsasən mübahisə edilən icra qeydi vermişdir. İcra qeydinə əsasən 4.117 manat 63 qəpik pul vəsaiti və ödənilmiş 20 manat dövlət rüsumu İddiaçı "xxxx" ASC-nin xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göstərilən normanın tələbinə görə sübut edilməli hallar dedikdə həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, istinad olunan maddənin mənasından göründüyü kimi sübutetmə vəzifəsi ifadəsi mülki prosessual hüquq üçün xarakterik olan mənada işlədilir. Ona görə də burada sanksiya ilə təmin olunan lazımi davranış qaydasından yox, tərəflərin və digər maraqlı şəxslərin öz mövqeyini təsdiq etmək üçün fəaliyyət göstərməli olduqlarını bildirən dispozitiv xarakterli tələbdən gedir. Qanunvericiliyinə əsasən iddia üzrə iddiaçının tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır. İşin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qətnaməsinin qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Mülki məhkəmə icraatında tərəfləri sübutetmə üzrə aktiv prosessual fəaliyyətə sövq edən əsas hərəkətverici stimul kimi onların öz mənafeyinə uyğun qərarın qəbul edilməsinə olan marağı çıxış edir. İşin nəticəsində maraqlı olan hər bir şəxs bilməlidir ki, sübutetmədə passivlik onun üçün uğursuz qərarın çıxarılmasına gətirib çıxara bilər. Avropa İnsan Hüquqları Məhkəməsi «Mahmudov Rusiya Federasiyasına» qarşı 26 iyul 2007-ci il tarixli qərarında hüquqi mövqeyini əks etdirərək göstərmişdir ki, konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq affirmanti, non neganti, incumbit probatio (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər (§ 68). Eyni zamanda «Qavazov Bolqarıstana qarşı» iş üzrə 06 mart 2008-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi hüquqi mövqeyini belə ifadə etmişdir ki, sübutları qiymətləndirərkən, bir qayda olaraq «əsaslı şübhədən kənar» sübut standartları tətbiq edilir (§93). İddiaçı tərəfindən iddia tələbinin əsası kimi istinad etdiyi hallara dair sübutlar məhkəməyə təqdim edilməmişdir. Əksinə, məhkəməyə təqdim edilmiş sənədlərdən, o cümlədən "xxxx" ASC-nin borcluya göndərdiyi («Notariat haqqında» Azərbaycan Respublikası Qanununun 76-cı maddəsinin tələblərinə əsasən) 16 noyabr 2021-ci il tarixli 22-14404/2021 saylı bildirişdən; Bakı şəhəri 45 saylı notariat ofisinin 09 mart 2022-ci il tarixli 80 saylı məktubundakı məlumatlardan görünür ki, icra qeydi verilərkən qanunvericiliyin tələblərinə riayət olunmuş, icra qeydi tələbkar və borclu arasında bağlanmış müqavilə üzrə verilmiş, icra qeydi verilməmişdən öncə borcluya müvafiq bildiriş göndərilmişdir (Garant Post poçt daşıma xidməti tərəfindən 19.11.2021-ci il tarixdə çatdırılmışdır). Məhkəmə iclasında müəyyən edildi ki, müvafiq bildiriş borclunun ünvanına çatdırılmış, bildirişi borclunun yaxın ailə üzvü (oğlu) tərəfindən qəbul edilərək imzalanmışdır. Bu isə öz növbəsində, bildirişin borclu tərəfindən qəbul edilməsi hesab edilir. «Notariat haqqında» Azərbaycan Respublikası Qanununun 76-cı maddəsinin 2-ci hissəsinə əsasən icra qeydləri yalnız təqdim olunan sənədlər borcun mübahisəsiz olduğunu təsdiq etdiyi və bu maddənin üçüncü hissəsində nəzərdə tutulan müddət keçmədiyi halda aparılır. Qanunun 76-cı maddəsinin 9-cu hissəsinə əsasən borcların icra qeydləri əsasında mübahisəsiz qaydada alınmasına əsas olan sənədlərin siyahısını Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı (Nazirlər Kabineti) müəyyən edir. İşin faktiki hallarından göründüyü kimi, borcun tutulması ilə əlaqədar icra qeydi almaq üçün tələb olunan və borcun mübahisəsiz olduğunu təsdiq edən bütün sənədlər mövcuddur və notariusa təqdim olunmuşdur. Yuxarıda qeyd olunan "xxxx" ASC-nin borcluya göndərdiyi («Notariat haqqında» Azərbaycan Respublikası Qanununun 76-cı maddəsinin tələblərinə əsasən) 16 noyabr 2021-ci il tarixli 22-14404/2021 saylı bildirişdən göründüyü kimi, bank mövcud qanunvericiliyə ciddi şəkildə riayət etmiş, borcluya notariat orqanına müraciət etməmişdən öncə borcun 20 gün ərzində könüllü şəkildə ödənilməsinin təmin edilməsi tələb edilmiş, əks təqdirdə notariat orqanına icra qeydi verilməsi üçün müraciət olunacağı borcunun nəzərinə çatdırılmışdır. İddiaçı iddia ərizəsində borc müqaviləsi üzrə borcun mübahisəli olduğunu bildirsə də, borc məbləği iddiaçı tərəfindən aidiyyatı məhkəmədə mübahisələndirilməmişdir. Göründüyü kimi, iddia əsassızdır və təmin edilə bilməz. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu özünün «N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 31 yanvar 2006-cı il tarixli qərarında göstərmişdir ki, məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi ilk növbədə məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir». «Məhkəmələr və hakimlər haqqında» Azərbaycan Respublİkasının Qanununun 100-cü maddəsinin 3-cü hissəsinə əsasən, məhkəmə qərarları hakimlərin sərbəst daxili inamına və məhkəmə araşdırmasının nəticələrinə əsaslanmalıdır. Məhkəmə mülki prosessual qanunvericiliyinə müvafiq olaraq məhkəmə ədalət mühakiməsini çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirərək, həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradaraq, iş üzrə toplanmış və tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq, məcmu halda hüquqi qiymət verməklə hesab edir ki, İddiaçı cavabdehlər Bakı şəhəri 45 saylı Notariat Ofisinə və "xxxx" ASC-yə qarşı «notariat ofisi tərəfindən aparılmış icra qeydinin ləğv edilməsi» tələbinə dair iddiası rədd edilməlidir. Bundan başqa Mülki Prosessual Məcəllənin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə xərcləri ilə əlaqədar məsələyə münasibətdə məhkəmə belə qənaətə gəlir ki, iddia təmin edilmədiyindən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Müki Prosessual Məcəllənin 9.1, 9.3, 14.2, 88, 217.1, 218.1, 218.3 və 220.4-cü maddələrinə görə hər hansı mübahisənin qanuni və əsaslı həlli üçün məhkəmə baxışı zamanı məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq qiymət verməlidir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən etməlidir. Mülki Prosessual Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdehlər Bakı şəhəri 45 saylı Notariat Ofisinə və "xxxx" ASC-yə qarşı «notariat ofisi tərəfindən aparılmış icra qeydinin ləğv edilməsi» tələbinə dair iddiası rədd edilsin. Ödənilmiş 100 manat dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Qaradağ rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Kamran Əsədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar