Məhkəmə qərarları › İş №2(002)-818/2023

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qətnamə — İş №2(002)-818/2023

28.02.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(002)-818/2023 28.02.2023 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Aslanova Gülnar Faiq qızının sədrliyi ilə, İddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı borcun tutulması tələbinə dair iddia ərizəsi üzrə mülki işə kiçik iddialara dair sadələşdirilmiş icraat qaydasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" ASC cavabdehlər Cavabdeh qarşı sadələşdirilmiş icraat qaydasında iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh İddiaçı ASC-nin xeyrinə xx.xx.2021-ci il tarixli kredit müqaviləsi üzrə 4274.94 manat əsas, 457.94 manat faiz,120.46 manat cərimə borcu olmaqla, ümumilikdə cəmi 4853.34 manat borcun və 68.53 manat ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi belə əsaslandırılmışdır ki, Cavabdeh xx.xx.2021-ci il tarixli kredit müqaviləsinə əsasən İddiaçı ASC-dən illik 22 faizlə 36 ay müddətinə 5300 manat kredit götürmüşdür. Lakin borclu müqavilənin şərtlərini pozaraq, borc öhdəliyini icra etməkdən boyun qaçırır. xx.xx.2023-dək Cavabdeh banka ümumilikdə cəmi 4973.79 manat borcu vardır. Cavabdeh xx.xx.2021-ci il tarixli kredit müqaviləsi üzrə banka ümumi cərimə borcu 240.91 manat təşkil etməsinə baxmayaraq, cərimə məbləği kredit müqaviləsində nəzərdə olunmuş və təqdim olunan maliyyə arayışı üzrə ümumi cərimə məbləğinin 50%-i miqdarında olmaqla, yəni 120.46 manat məbləğində tələb olunur. Xəbərdarlıq edilməsinə baxmayaraq cavabdeh borcu ödəməkdən boyun qaçırır. Qeyd olunan halların nəzərə alınaraq iddianın təmin edilməsi barədə qətnamə çıxarılması xahiş edilir. Məhkəmə tərəfindən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5-ci maddəsinin tələblərinə uyğun olaraq, cavabdehlərə iddiaçının tələbinə dair əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini, habelə dəlillərini təsdiq edən sənədlərin təqdim olunması hüququnun izah edilməsi barədə bildiriş qanunvericiliklə müəyyən edilmiş qaydada və müddətdə göndərilmiş, lakin məhkəmə bildirişi geri qayıtdığından cavabdehə məxsus telefon nömrəsi vasitəsilə əlaqə saxlanılmış, cavabdeh borcdan məlumatı oldğunu bildirərək iddiaçının tələbinə dair hər hansı etiraz təqdim etməmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5-ci maddəsinə əsasən, iddia ərizəsinə təqdim edilmiş sənədlər əsasında kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxılmasını mümkün hesab edir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməlidir. İş materiallarına əlavə olunmuş xx.xx.2021-ci il tarixli 11-Y-2-0-2557-21 nömrəli nağd kredit verilməsinə dair müqavilənin məzmunundan görünür ki, kreditor bank borcalan qismində çıxış edən Cavabdeh istehlak məqsədilə 36 ay müddətinə, 22 faiz dərəcəsi ilə, 5300 manat məbləğində kredit verməyi, borcalan götürdüyü kredit məbləğini müqavilə ilə şərtləşdirilmiş qaydada kreditora verməyi öhdəsinə götürmüşdür. Ödəniş qaydası annutet, aylıq ödəniş məbləği 202.41 manat olmaqla hər ayın 22si ödənilməli olması müəyyən edilmişdir. xx.xx.2021-ci il tarixli kassa məxaric orderinin məzmunundan görünür ki, həmin tarixdə 5300 manat məbləğində kredit Cavabdeh tərəfindən təhvil alınmışdır. xx.xx.2023-cü il tarixli Xəbərdarlıq məktubunun məzmunundan görünür ki, Cavabdeh İddiaçı ASC-yə olan əsas və faiz borcunu 5 gün ərzində ödənilməsi tələb olunmuş, ödənilmədiyi təqdirdə məhkəməyə müraciət olunması bildirilmişdir. İşdə olan xx.xx.2023-cü il tarixli Maliyyə arayışında göstərilir ki, Cavabdeh kredit müqaviləsi üzrə əsas məbləğ üzrə borc: 4274.94 manat əsas, 457.94 manat faiz, 240.91 manat cərimə borcu olmaqla, cəmi 4973.79 manat məbləğində borcu mövcuddur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 427.4-cü maddəsinə əsasən ağlabatan müddətdə icra edilməmiş öhdəliyi, eləcə də icra müddəti tələbetmə anı ilə müəyyənləşdirilmiş öhdəliyi borclu kreditorun icra tələbini irəli sürdüyü gündən yeddi gün müddətində icra etməyə borcludur, bu şərtlə ki, bu Məcəllədən, öhdəliyin şərtlərindən, işgüzar adətlərdən və ya öhdəliyin mahiyyətindən icranı başqa müddətdə həyata keçirmək vəzifəsi irəli gəlməsin. Həmin Məcəllənin 428.4-cü maddəsinə əsasən öhdəliyin icrası üçün borclunun xeyrinə hər hansı müddət təyin edildikdə, əgər borclu ödəniş qabiliyyətini itirərsə və ya şərtləşdirilmiş təminatı azaldarsa, yaxud ümumiyyətlə, belə təminat verə bilməzsə, kreditor dərhal icranı tələb edə bilər. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Məhkəməyə təqdim olunmuş sənədlərlə müəyyən edilmişdir ki, iddiaçı bank ilə cavabdeh arasında xx.xx.2021-ci il tarixli kredit kartı müqaviləsi bağlanmış, müqaviləyə əsasən iddiaçı 36 ay müddətinə, 22 faiz dərəcəsi ilə, 5300 manat məbləğində kredit xəttini açır, kredit kartı borcalana təhvil verilir, borcalan isə həmin krediti müəyyən olunmuş müddətdə onu faizi ilə birlikdə Banka qaytarmağı öhdəsinə götürsə də, öhdəliyi lazımınca icra etməmiş, iddiaçıya olan borcunu müqavilə ilə nəzərdə tutulan vaxtda və qaydada tam ödəməmişdir. Həmçinin, məhkəmədə tədqiq edilmiş sənədlər əsasında müəyyən edilmişdir ki, cavabdehin müqavilə üzrə qalıq borcunun məbləği 4274.94 manat əsas borc, 457.94 manat faiz borcu təşkil edir. Ona görə də, məhkəmə iddia tələbi üzrə əsas və faiz borcunun hər birini ayrı-ayrılıqda nəzərdən keçirərək, borc öhdəliyinin aşkar olduğunu nəzərə alaraq hesab edir ki, iddia tələbi əsaslı olmaqla, təmin edilməlidir. Məhkəmə iddia tələbinin borca görə hesablanmış cərimə borcu ilə bağlı qeyd edir ki, işə əlavə edilmiş maliyyə arayışında cərimə məbləği 240.91 manat göstərilsə də, sonradan həmin məbləğ cavabdehə güzəşt edilərək 120.46 manat olaraq müəyyən edilmişdir. Məhkəmə cərimə borcunun həmin məbləğinə münasibətdə hesab hesab edir ki, cərimə borcunun məbləği indiyədək ödənilməyən əsas borcun məbləğinə mütənasib olduğundan, iddia tələbi cərimə borcunun tutulması hissəsində də təmin olunmalıdır. Bundan əlavə, iş materiallarına əlavə edilmiş qəbzin məzmunundan aydın olur ki, iddiaçı tərəfindən məhkəmədə iddia qaldırılması üçün 68.53 manat məbləğində dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Bu halda məhkəmə hesab edir ki, mülki prosessual qanunvericiliyin tələbinə əsasən hazırkı iddianın qaldırılması ilə əlaqədar iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmiş 68.53 manat məbləğində dövlət rüsumu cavabdehlərdən tutularaq iddiaçıya ödənilməlidir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 29-1-ci fəslində təsbit edilmiş müddəaları rəhbər tutaraq, iddianın qiymətini nəzərə alıb, ərizəyə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır; 284- 6.1-ci maddəsinə əsasən işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın təmin və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Beləliklə, məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında hüquqi qiymət verərək, təqdim edilmiş sənədlər iş üzrə yekun qərarın çıxarılması üçün kifayət etdiyindən hesab edir ki, iddia təmin edilməli, Cavabdeh xx.xx.2021-ci il tarixli kredit kartı müqaviləsi üzrə yaranmış 4274.94 manat əsas, 457.94 manat faiz,120.46 manat cərimə borcu olmaqla, ümumilikdə cəmi 4853.34 manat məbləğində borc və ödənilmiş 68.53 manat məbləğində dövlət rüsumu tutularaq İddiaçı ASC-nin xeyrinə ödənilməlidir. Məhkəmə şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220, 227, 293, 360-cı maddələrini rəhbər tutaraq QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh xx.xx.2021-ci il tarixli kredit müqaviləsi üzrə yaranmış 4274.94 manat əsas, 457.94 manat faiz, 120.46 manat cərimə borcu olmaqla, ümumilikdə 4853.34 manat məbləğində borc və ödənilmiş 68.53 manat məbləğində dövlət rüsumu tutularaq İddiaçı ASC-nin xeyrinə ödənilsin. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (elektron kabinet vasitəsilə) Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Gülnar Aslanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar