Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(002)-819/2021 11.03.2021 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Əhmədova Gülnar İnqilab qızının sədrliyi, Əliyeva Təhminə Faiq qızının katibliyi, İddiaçının nümayəndəsi X1, Cavabdeh1 iştirakları ilə, İddiaçı “xxxx” Bank Olmayan Kredit təşkilatı MMC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı «kredit müqaviləsinin ləğv edilməsi, kredit üzrə borcun tutulması» tələbinə dair iddiası üzrə mülki işə Qaradağ rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı “xxxx” Bank Olmayan Kredit təşkilatı MMC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı «kredit müqaviləsinin ləğv edilməsi, kredit üzrə borcun tutulması» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 ilə bağlanmış xx xxxxxx 2019-cu il tarixli NARİ-33-3 saylı Kredit müqaviləsinin (və onun tərkib hissəsi olan xx xxxxxx 2019-cu il tarixli NARİ-33-3 saylı Razılaşmanın) ləğv edilməsi; cavabdehlər Cavabdeh1 və Cavabdeh2 birgə qaydada kreditor “xxxx” BOKT MMC-nin xeyrinə 5 111.44 manat əsas borcu, 581.43 manat cari faiz borcu və 998.37 manat cari dəbbə borcu olmaqla, cəmi 6 691.24 manat məbləğində borcun və 30 manat ödənilmiş dövlət rüsumunun əvəzinin tutulması barədə barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, “xxxx” Bank Olmayan Kredit X2 Cəmiyyəti ilə Cavabdeh1 arasında xx xxxxxx 2019-cu il tarixli NARİ-33-3 saylı Kredit müqaviləsinə və onun tərkib hissəsi olan xx xxxxxx 2019-cu il tarixli NARİ-33-3 saylı Razılaşmaya əsasən ikinciyə illik faiz dərəcəsi 21% olmaqla 24 (iyirmi dörd) ay müddətinə 6 000.00 (altı min) manat məbləğində kredit vermişdir. Müqavilədən irəli gələn öhdəliklərin lazımi qaydada və vaxtında icrasını təmin etmək məqsədi ilə Cavabdeh1 və Cavabdeh2 arasında xx xxxxxx 2019-cu il tarixli NARİ-33-3+NARİ-36 saylı Zaminlik müqaviləsi imzalanmışdır. Tərəflər arasında imzalanmış ödəniş qrafiki ilə kreditin qaytarılması günləri və annuitet məbləği müəyyən etmişdir. Borclu ödəniş qrafıkinə əsasən hər ay 308.00 (üç yüz səkkiz manat) manat ödəniş etməli idi. Daha sonra tərəflər arasında imzalanmış xx xxxx 2020-ci il tarixli Sazişə əsasən, verilmiş kreditin ödənilməmiş 5 111,44 (beş min bir yüz on bir manat 44 qəpik) manat təşkil edən hissəsinin qaytarılması müddəti illik 21% faizlə hesablanmaqla müddəti uzadılmış və kreditin qaytarılmasının son tarixi xx xxxx 2022-ci il müəyyən olunmuşdur. Əlavə olaraq, müqavilədən irəli gələn öhdəliklərin lazımi qaydada və vaxtında icrasını təmin etmək məqsədi ilə Cavabdeh1 və Cavabdeh2 arasında xx xxxx 2020-ci il tarixli NARİ-33-3+NARİ-36 saylı Zaminlik müqaviləsi imzalanmışdır. Lakin, borclu kreditor qarşısında ödəniş qrafıkində nəzərdə tutulmuş ödəniş müddətlərini və məbləğlərini pozmuşdur. Həmçinin tərəflər arasında bağlanmış Kredit Müqaviləsinin 3.1.4.1-ci maddəsinə əsasən müqavilə üzrə öhdəliklərin pozulması hallarında “Kredit verən” birtərəfli qaydada müqaviləyə vaxtından əvvəl xitam verərək hesablanmış faizi ilə birlikdə geri ödənilməsini tələb edə bilər. Beləliklə, xx xxxxxx 2021-ci il tarixi üçün Cavabdeh1 verilmiş kredit üzrə 5 111.44 manat əsas borcu, 581.43 manat cari faiz borcu və olmaqla, cəmi 6 691.24 manat borcu mövcuddur. Kredit müqaviləsinin 4.3-cü maddəsinə görə, Kredit verən gecikdirilən günlər üçün də faiz hesablanmaqla birlikdə hər gecikdirilən gün üçün kreditin ödənilməli olan hissəsinin 1 %-i miqdarında dəbbə pulu tətbiq edə bilər. Qeyd olunan halların nəzərə alınaraq, iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçının nümayəndəsi məhkəmə iclasında iddia ərizəsinin məzmununa uyğun izahat verdi və məhkəmədən iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etdi. Cavabdeh1 məhkəmə iclasında iddia tələbini qismən qəbul edərək, öz izahatında iddiaçıya olan əsas borcunu etiraf etmiş, lakin cərimə borcunun azaldılmasını xahiş etmişdir. Cavabdeh2 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, o, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə hər hansı məlumat təqdim etməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə Cavabdeh2 iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin və Cavabdeh1 izahatlarını dinləyib, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş xx.xx.2019-cu il tarixli, NARİ-33-3 saylı kredit müqaviləsinin məzmunundan görünür ki, “xxxx” Bank Olmayan Kredit təşkilatı MMC Cavabdeh1 240 ay müddətində illik 50 faiz dərəcəsi ilə 6000.00 AZN məbləğində kredit verməyi, müştəri isə müqavilə üzrə müəyyən olunmuş qaydada aylıq ödəniş etməklə, krediti qaytarmağı öz öhdəsinə götürmüşdür. İş materiallarına əlavə olunmuş xx.xx.2019-cu il tarixli, NARİ-33-3 saylı razılaşmadan məzmunundan görünür ki, “xxxx” Bank Olmayan Kredit təşkilatı MMC Cavabdeh1 24 ay müddətində illik 21 faiz dərəcəsi ilə 6000.00 AZN məbləğində kredit verməyi, müştəri isə müqavilə üzrə müəyyən olunmuş qaydada aylıq ödəniş etməklə, krediti qaytarmağı öz öhdəsinə götürmüşdür. İş materiallarına əlavə olunmuş xx.xx.2019-cu il tarixli, NARİ-33-3+NARİ-36 saylı zaminlik müqaviləsinin məzmunundan görünür ki, Cavabdeh2 kredit müqaviləsi üzrə əsas və faiz borcları, dəbbə pulu, maliyyə sanksiyası, tələbin yönəldilməsi ilə bağlı bütün növ xərclər və borcalanın öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində banka dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, Bank qarşısında borcalanla eyni şərtlər daxilində məsuliyyət daşıyır. İş materiallarına əlavə olunmuş xx.xx.2019-cu il tarixli ödəniş qrafikinin məzmunundan görünür ki, Cavabdeh1 28 ay müddətində hər ay illik 21 faiz dərəcəsi ilə 7660.04 manat məbləği ödəməyi öz öhdəsinə götürmüşdür. İş materiallarına əlavə olunmuş xx.xx.2019-cu il tarixli ödəniş tapşırığından görünür ki, “xxxx” Bank Olmayan Kredit təşkilatı MMC tərəfindən Cavabdeh1 6000,00 manat məbləğində ödəniş həyata keçirilmişdir. İş materiallarına əlavə olunmuş, “xxxx” Bank Olmayan Kredit təşkilatı MMC-nin xx.xx.2019-cu il tarixdən xx.xx.2021-ci il tarixinədək olan maliyyə arayışının məzmunundan görünür ki Cavabdeh1 6691,24 manat cəmi ödənilmiş məbləğ göstərilməklə, əsas borc üzrə 5111,44 manat, faiz borcu üzrə 581,43 dəbbə borcu üzrə 998,37 manat məbləğində kredit borcu vardır. İş materiallarına əlavə olunmuş xx.xx.2020-ci il tarixli 1554 nömrəli xəbərdarlıq məktubunun məzmunundan görünür ki, Cavabdeh1 və Cavabdeh2 oğluna kredit müqaviləsi üzrə öhdəsinə götürdüyü borc məbləğini və gecikdirilmiş vaxt üçün müəyyən olunmuş məbləği 5 gün ərzində “xxxx” Bank Olmayan Kredit təşkilatı MMC-yə tam ödənilməsi tələb olunmuş və ödənilmədiyi təqdirdə məhkəməyə müraciət olunacağı barədə xəbərdar olunmuşdur. Göründüyü kimi, tərəflər arasında kredit müqaviləsindən əmələ gələn öhdəlik hüquq münasibətləri yaranmışdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra Mülki Məcəllənin) 6.2-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinəuyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Həmin Məcəllənin 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinin tələbinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Həmin Məcəllənin 743-cü maddəsinə əsasən əgər borc alanın əmlak vəziyyəti əhəmiyyətli dərəcədə pisləşərsə, bu isə borcun qaytarılması tələbi üçün təhlükə yaradarsa, borc verən borcun dərhal qaytarılmasını tələb edə bilər. Bu hüquq həmçinin borc alanın əmlak vəziyyəti müqavilə bağlanmazdan əvvəl pisləşdikdə, borc verənə isə bu yalnız borc müqaviləsi bağlandıqdan sonra məlum olduqda da qüvvədədir. Həmin Məcəllənin 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 423.2-ci maddəsinə əsasən müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi tələbini tərəf məhkəməyə yalnız müqaviləni dəyişdirmək və ya ləğv etmək təklifindən digər tərəfin imtinasını aldıqda və ya təklifdə göstərilmiş müddətdə, müddət göstərilmədikdə isə otuz gün müddətində ondan cavab almadıqda irəli sürə bilər. Həmin Məcəllənin 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Həmin Məcəllənin 428.4-cü maddəsinə əsasən öhdəliyin icrası üçün borclunun xeyrinə hər hansı müddət təyin edildikdə, əgər borclu ödəniş qabiliyyətini itirərsə və ya şərtləşdirilmiş təminatı azaldarsa, yaxud ümumiyyətlə, belə təminat verə bilməzsə, kreditor dərhal icranı tələb edə bilər. Həmin Məcəllənin 442-ci maddəsinin tələbinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445-ci maddəsinin tələbinə görə, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 448.1-ci maddəsinin tələbinə görə, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz. Həmin Məcəllənin 472.1-ci və 472.2-ci maddələrində müəyyən olunmuşdur ki, borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, Cavabdeh1 arasında xx xxxxxx 2019-ci il tarixdə kredit müqaviləsi bağlanılmış və həmin müqaviləyə əsasən, iddiaçı cavabdehə 6000 manat məbləğində pul vəsaitini kredit verməyi, cavabdeh isə həmin kredit məbləğini 24 ay müddətində 21 faiz dərəcəsi ilə ödəniş etməklə həmin krediti qaytarmağı öz öhdəsinə götürmüşdür. Həmin kredit müqaviləsi üzrə öhdəliklərin icrasının təminatı kimi digər Cavabdeh2 oğlu ilə zaminlik müqaviləsi bağlanılmış və o, kredit müqaviləsi üzrə öhdəliklərin icrası üçün məsuliyyəti öz üzərinə götürmüşdür. Həmçinin, məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, iddiaçı kredit müqaviləsi üzrə öz üzərinə götürdüyü öhdəliyi icra etdiyi halda, digər tərəf olan Cavabdeh1 isə kredit müqaviləsi üzrə götürdüyü öhdəliyi icra etməmiş, iddiaçıya olan borcunu müqavilə ilə nəzərdə tutulan vaxtda və qaydada ödəməmişdir, Bununla da borc alan Cavabdeh1 müqavilənin şərtlərini pozaraq, onun risk dairəsinə daxil olan öhdəlikləri icra etmədiyi bütün hallar üçün cavabdeh olduğundan, öz öhdəliklərinin hər bir təqsirli pozuntusuna görə məsuliyyət daşıyaraq, kredit borcunu iddiaçıya ödəməlidir. Digər Cavabdeh2 oğlu ilə iddiaçı bank arasında həmin öhdəliklərin icrasının təminatı qismində zaminlik müqaviləsi bağlanılmışdır ki, bununla da onun digər cavabdehin öhdəliklərin vaxtında və lazımi qaydada icra olunmamasına görə bank qarşısında birgə məsuliyyəti yaranmışdır. Həmçinin, məhkəmə araşdırması zamanı müəyyən edilmidşir ki, Cavabdeh1 iddiaçı qarşısında borc öhdəliyinin olduğunu qəbul etmişdir. Bu halda, məhkəmə qedy olunan halları nəzərə alaraq, hesab edir ki, iddiaçı cavabdehlərə qarşı belə bir tələb irəli sürməkdə haqlı olmuşdur. Həmçinin, məhkəmə iddiaçı tərəfindən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 423.2-ci maddəsinin tələblərinə riayət edildiyini nəzərə alıb hesab edir ki, iddia tələbi xx xxxxxx 2019-cu il tarixli NARİ-33-3 saylı kredit müqaviləsinin və onun tərkib hissəsi olan xx xxxxxx 2019-cu il tarixli NARİ-33-3 saylı Razılaşmanın ləğv edilməsi hissəsində də təmin edilməlidir. Bununla yanaşı, məhkəmə hesab edir ki, iddiaçı cərimə borcunun tutulmasına dair tələb irəli sürərkən cərimə borcunun məbləği tənasübsüz surətdə yüksək hesablanmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1-ci maddəsinə əsasən, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Məhkəmə hesab edir ki, 50 manat məbləğində cərimə borcunun tutulması ədalətli olmaqla yanaşı, kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri qorunmuş olur. Həmçinin, iş materiallarından görünür ki, iddiaçı tərəfindən 30 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlar məcmuəsinə hüquqi qiymət verərək, iddiaçı tərəfindən hesablanmış iddia tələbinin əsas borc, faiz borcu və cərimə borcu hissəsinin hər birini ayrılıqda nəzərdən keçirdərək, hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh1 ilə “xxxx” Bank Olmayan Kredit təşkilatı MMC arasında bağlanmış xx xxxxxx 2019-cu il tarixli NARİ-33-3 saylı kredit müqaviləsi və onun tərkib hissəsi olan xx xxxxxx 2019-cu il tarixli NARİ-33-3 saylı Razılaşma ləğv edilməli, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada xx xxxxxx 2019-cu il tarixli NARİ-33-3saylı kredit müqaviləsi üzrə yaranmış 5.111,44 manat məbləğində əsas borcu, 581,43 manat məbləğində faiz borcu, 50,00 manat məbləğində cərimə borcu olmaqla, cəmi 5.742,87 manat məbləğində borc və ödənilmiş 30 manat məbləğində dövlət rüsumu tutularaq iddiaçı “xxxx” Bank Olmayan Kredit təşkilatı MMC-nin xeyrinə ödənilməlidir Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh1 ilə “xxxx” Bank Olmayan Kredit təşkilatı MMC arasında bağlanmış xx xxxxxx 2019-cu il tarixli NARİ-33-3 saylı kredit müqaviləsi və onun tərkib hissəsi olan xx xxxxxx 2019-cu il tarixli NARİ-33-3 saylı Razılaşma ləğv edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada xx xxxxxx 2019-cu il tarixli NARİ-33-3saylı kredit müqaviləsi üzrə yaranmış 5.111,44 manat məbləğində əsas borcu, 581,43 manat məbləğində faiz borcu, 50 manat məbləğində cərimə borcu olmaqla, cəmi 5.742,87 manat məbləğində borc və ödənilmiş 30 manat məbləğində dövlət rüsumu tutularaq iddiaçı “xxxx” Bank Olmayan Kredit təşkilatı MMC-nin xeyrinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən, qətnamənin tərəflərə rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Qaradağ rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Gülnar Əhmədova
Məhkəmə qərarları › İş №2(002)-819/2021
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qətnamə — İş №2(002)-819/2021
11.03.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver