Məhkəmə qərarları › İş №2(002)-821/2022

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qətnamə — İş №2(002)-821/2022

30.03.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(002)-821/2022 30.03.2022 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Əhmədova Gülnar İnqilab qızının sədrliyi, X10 oğlunun katibliyi, İddiaçı, Cavabdehin vəkili və nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdeh qarşı «alimentin artırılması» tələbinə dair iddiası üzrə mülki işə Qaradağ rayon Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı «alimentin artırılması» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh qızları X9 və X7 yetkinlik yaşına çatana qədər saxlanılması üçün sabit pul məbləğində hər ay üçün 193(yüz doxsan üç) manat ümumi iki uşaq üçün 386 manat məbləğində aliment və X2 müayinə müalicəsi üçün əlavə xərc olaraq aylıq 200(iki yüz) manat tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, onun cavabdehlə Cavabdeh ilə 18 yanvar 2011-ci il tarixdə bağlanmış rəsmi nikahdan iki övladları var.19.03.2011-ci il təvəllüdlü X9 və 09.04.2013-cü il təvəllüdlü X11. Cavabdehlə aralarında bağlanmış rəsmi nikah Nəsimi rayon Məhkəməsinin 2(006)- 1061/2014 saylı 27 yanvar 2014-cü il tarixli qətnaməsi pozulmuşdur. Həmçinin məhkəmə həmin qətnamə ilə övladlarının onun yanında qalmasını qət etmişdir. Nəsimi Rayon Məhkəməsinin qətnaməsinə əsasən, Cavabdeh övladlarımız X3 və X7 hər ay qazancımn( başqa gəlirlərinin) 1/3 (üçdə bir) hissəsi miqdarında və hər uşaq üçün 60 (altmış) manat sabit pul məbləğində aliment, habelə 09 aprel 2013-cü il təvəllüdlü X7 yetkinlik yaşma çatana kimi müalicəsi üçün hər ay əlavə xərc olaraq (müayinə-müalicəsi üçün) 50 manat məbləğində pul tutulması qət edilmişdir. Cavabdeh uşaqlarla heç bir əlaqə saxlamayıb və onların problemləri ilə maraqlanmayıb. Cavabdeh onun tələb etdiyi məbləği tam ödəyə bilər. Onun maddi imkanları çox yaxşıdır. Əvvəlki qətnaməyə əsasən müəyyən olunmuş aliment məbləğini müəyyən aylarda ödəmişdir. Qızları onun himayəsindədir və onların bütün təlim-tərbiyəsi ilə özü məşğul olur. Cavabdeh ona maddi yardım etmir, mənəvi dəstək göstərmir. O, atalıq vəzifəsini yerinə yetirməli və uşağına kifayət edən məbləğdə aliment verməlidir. Cavabdeh qızlarınının normal böyüməsi üçün onlara qayğı göstərməli, onların bütün ehtiyaclarını ödəməlidir. X1 qayğıya daha çox ehtiyyacı varkən. Bu onun həm atalıq borcudur, həm də Qanunun birmənalı tələbidir. Cavabdehlə boşandıqdan sonra qızları mənim himayəmdə qalmışdır. Onunla özü tək məşğul olur. Qızları böyüdükcə onların tələbatları çoxalır və o tək bunu qarşılamaq iqtidarında deyil. Buna görə də alimentin artırılması və Down Sindromlu qızının Töhfənin müayinə və müalicəsi üçün tələb etmək məcburiyyətindədir. Qeyd olunan halların nəzərə alınaraq iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı məhkəmə iclasında iddia ərizəsinin məzmununa və dəlillərinə uyğun izahat verərək, iddia tələbini müdafiə edərək, öz izahatında uşağının xəstə olduğunu, onların müalicəsinə çox xərc tələb olunduğunu, aldığı alimenti məbləğinin isə çox hissəsinin uşaqların müalicəsinə xərclədiyini, özünün isə ibtidai sinif müəllimi olduğu və 500 manat əmək haqqı aldığını, dovn sindromlu uşağına görə 280 manat təqaüd aldğını, alimentin əmək haqqının hissəsi miqdarında və əlavə iki uşaq üçün cəmi 120 manat təyin edildiyini, dovn sindromlu uşağı üçün isə əlavə 50 manat təyin eidldiyini, hər ay ümumilikdə 270 manat aliment aldığını, özünün uşaqları saxlamaqda çətinlik çəkdiyini, uşağı loqopedə apardığını, bütün bunların isə xərc olduğunu, cavabdehin maddi vəziyyətində dəyişiklik olması ilə bağlı məlumatının olmadığını bildirərək, məhkəmədən iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etdi. Cavabdehin nümayəndəsi və vəkili məhkəmə iclasında iştirak edərək,iddia tələbini qəbul etməyərək, etirazını onunla əsaslandırmışdır ki, cavabdeh hər ay aliment ödəyir, özüün aylıq əmək haqqı məbləğinin 384 manat olduğunu, aylıq isə 270 manat aliment ödədiyini, cavabdehin maddi vəziyyətində hər hansı dəyişkiliyin baş vermədiyini, onun ikinci dəfə ailə həyatı qurduğunu, işdən çıxdığına görə aliment ödəyə bilməmçişdi, ona görə 1 il həbs olunmuşdur, uşağın əlavə xərclə bağlı isə iddiaçının əsaslı sübutunun olmadığını, təqdim etdiyi sənədlər isə köhnə tarixə aid olduğunu, cavabdehin uşaqları saxlamaqdan boyun qaçırmadığını, lakin onun da maddi vəziyyətinin nəzərə alınmasının zəruri olduğunu bildirərək, iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iddiaçının və cavabdehin nümayəndəsi və vəkilinin izahatını dinləyib, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin 2(006)-1061/2014 saylı qətnaməsinin surətindən görünür ki, iddia qismən təmin edilmiş, 19 mart 2011-ci il təvəllüdlü X3 və 09 aprel 2013-cü il təvəllüdlü X7 yetkinlik yaşına çatana kimi saxlanılması üçün 18 noyabr 2013-cü il tarixdən başlayaraq hər ay qazancının(başqa gəlirlərinin) 1/3(üçdə bir) hissəsi miqdarında və hər uşaq üçün 60(altmış) manat sabit pul məbləğində aliment,habelə 09 aprel 2013-cü il təvəllüdlü X7 yetkinlik yaşına çatana kimi müalicəsi üçün 18 noyabr 2013-cü il tarixdən başlayaraq hər ay əlavə xərc olaraq 50 manat məbləğində pul Cavabdeh tutularaq X5 verilməsi qət edilmişdir. İş materiallarında olan 17.04.2015-ci il tarixli AZE 12230974 nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X9 19.03.2011-ci il tarixdə Bakı şəhərində anadan olmuşdur. Atası Cavabdeh, anası X6r. İş materiallarında olan 17.04.2015-ci il tarixli AZE 12230992 nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X11 09.04.2013-cü il tarixdə Abşeron rayonu, Xırdalan şəhərində anadan olmuşdur. Atası Cavabdeh, anası X6r. İş materiallarından görünür ki, Cavabdeh 29.11.2019-cu il tarixdən "xxxx" MMC-də sürücü peşəsində işləyir, aylıq 384 manat əmək haqqı alır. İş materiallarından görünür ki, X3 və X7 müalicəsi üçün xərc çəkilmiş və həmin xərcə dair çek (qəbzlər) iş materiallarına əlavə edilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinin İ və İİ hissələrinə əsasən, cəmiyyətin əsas özəyi kimi ailə dövlətin xüsusi himayəsindədir. Uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Konstitusiyanın 34-cü maddəsinin İİİ və İV hissələrində müəyyən olunmuşdur ki, analıq, atalıq, uşaqlıq qanunla mühafizə edilir. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. “Uşaq hüquqları haqqında” Konvensiyanın 18-ci maddəsinin 1-ci bəndinə görə, iştirakçı dövlətlər uşağın tərbiyəsi və inkişafı üçün hər iki valideynin ümumi və eyni məsuliyyət daşıması prinsipinin tanınmasını təmin etməkdən ötrü mümkün olan bütün səyləri göstərirlər. Uşağın tərbiyəsi və inkişafı üçün əsas məsuliyyəti valideynlər və ya müvafiq hallarda qanuni qəyyumlar daşıyırlar. Uşağın ən yaxşı mənafeyi onların əsas qayğı obyektidir. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinə əsasən hər bir uşağın yaşamaq, normal şəraitdə fiziki, əqli və mə nəvi cəhətdən inkişaf etmək hüququ vardır. Həmin Qanunun 13-cü maddəsinə əsasən uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Həmin Qanunun 19-cu maddəsinə əsasən, valideynlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Onlar uşağı sağlam böyütməli, ümumbəşəri və milli dəyərlər əsasında tərbiyə etməli, müstəqil həyata hazırlamalıdırlar. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir. Ailədə uşaqların hüquqlarının və mənafelərinin müdafiəsinin və bununla bağlı digər məsələlərin tənzimlənməsinin hüquqi əsasları Azərbaycan Respublikası Ailə Məcəlləsində təsbit olunmuşdur. Azərbaycan Respublikası Ailə Məcəlləsi uşaqların qayğısına qalmaq konstitusiya prinsipinə əsaslanaraq valideynlərin üzərinə uşaqları saxlamaq vəzifəsini qoymuşdur. Belə ki, həmin Məcəllənin 75.1 və 75.2-ci maddələrinə əsasən, valideynlər uşaqlarını saxlamağa borcludurlar. Uşaqlarını saxlamağın qayda və formasını valideynlər müstəqil müəyyən edirlər. Həmin Məcəlləsinin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmin Məcəllənin 81.1-ci maddəsinə əsasən alimentin tutulması barədə saziş olmadıqda və ya sazişdə müstəsna hallarla (ağır xəstə, şikəst olan uşaqlara, habelə əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan yetkinlik yaşına çatmış övladlara göstərilən kənar xidmətin haqqının ödənilməsi ilə əlaqədar və digər hallarda) əlaqədar yaranmış xərclərin ödənilməsi qaydası müəyyən edilməmişsə, valideynlərdən hər biri məhkəmə tərəfindən əlavə xərclərin ödənilməsinə cəlb oluna bilər. Həmin Məcəllənin 81.2-ci maddəsinə əsasən valideynlərin əlavə xərclərə cəlb olunması qaydasını məhkəmə müəyyən edir. Bu xərclərin miqdarı məhkəmə tərəfindən valideynlərin və uşaqların ailə və maddi vəziyyəti, eləcə də tərəflərin diqqətəlayiq olan digər maraqları nəzərə alınmaqla, hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən olunur. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” 28 mart 2016-cı il tarixli qərarında məhkəmələrə izah edilmişdir ki, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır (“Uşaq hüquqları haqqında” Qanunun 13-cü maddəsi). Həmçinin həmin Qərarda qeyd edilmişdir ki, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən edilərkən uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas meyar olmalı və yalnız bir tərəfin deyil, hər iki tərəfin ailə və maddi vəziyyəti öyrənilməlidir. Bu zaman məhkəmələr uşağın valideynlərinin birgə yaşadıqları dövrdə ailənin maddi vəziyyəti və yaxud ayrı yaşadıqları dövrdə uşağın saxlanmasına valideynlərdən biri tərəfindən könüllü qaydada vəsait ödənilməsini və uşağın bu ödəmənin dayandırıldığı vaxtadək olan dövrdəki təminat səviyyəsini nəzərə almalıdırlar. Əlavə haqq ödənilməklə uşağın məktəbəqədər tərbiyə müəssisəsinə, musiqi, rəsm, idman, rəqs və digər dərnəklərə gedib-getməməsi də nəzərə alınmalıdır. Həmçinin həmin Qərarda qeyd edilmişdir ki,alimentin miqdarının dəyişdirilməsi (artırılması və ya azaldılması) barədə tələbə baxarkən məhkəmə alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində hansı dəyişikliyin olduğunu müəyyən etməli və alimentin miqdarının dəyişdiriləcəyi təqdirdə bunun uşağın maddi vəziyyətinə təsirini nəzərə almalıdır. «Azərbaycan Respublikasında 2022-ci il üçün yaşayış minimumu haqqında» Azərbaycan Respublikası Qanununa əsasən 2022-ci il üçün yaşayış minimumu uşaqlar üçün 193 manat məbləğində müəyyən edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Məhkəmə hesab edir ki, tərəflərin əvvəllər rəsmi nikahda olmaları, rəsmi nikahdan övladlarının olması və yetkinlik yaşına çatmamış uşaqların iddiaçının yanında qalması, həmçinin onların saxlanılması üçün cavabdehdən iddiaçının xeyrinə alimentin tutulmasına dair hallar aşkar olmaqla, qətnamə əsasında müəyyən olunmuş hallar kimi preyudisial əhəmiyyətə malik olmaqla, həmin faktların yenidən mübahisələndirilməsinə və sübut edilməsinə yol verilmir. Məhkəmə iddia tələbinin alimentin miqdarının dəyişdirilərək, aylıq sabit pul məbləği şəklində müəyyən edilməsi ilə bağlı onu qeyd edir ki, hazırki mülki iş üzrə cavabdehin indiki halda da rəsmi iş yeri və aylıq qazanca (əmək haqqı alması) malik olması halı müəyyən edilmişdir. Göründüyü kimi, aliment ödəmək öhdəliyi daşıyan valideyn qismində çıxış edən cavabdehin maddi vəziyyətində dəyişiklik baş verməsi halı müəyyən edilməmişdir. Bundan əlavə, alimentin əmək haqqının hissəsi miqdarında müəyyən edilməsi halının uşaqların mənafeyinə zidd olması və ya tərəflərdən hər hansı birinin marağının əhəmiyyətli dərəcədə pozulması halı müəyyən edilməmişdir. Ona görə də məhkəmə hesab edir ki, iddia tələbi alimentin miqdarının dəyişdirilməsi hissəsində əsassız olmaqla, təmin edilməməlidir. Məhkəmə iddia tələbinin dovn sindromlu uşağın müalicəsi üçün əlavə olaraq təyin edilmiş alimentin məbləğinin artırılması hissəsi ilə bağlı hesab edir ki, iddia tələbi bu hissədə qismən təmin edilməlidir. Belə ki, iddiaçı uşağın müalicəsi üçün əlavə olaraq aylıq 200 manat aliment ödənilməsini tələb etsə də, hər ay qeyd edilən məbləğdə xərcin çəkilməsinin zərrui olması halına dair heç bir sübutu (həmin hala dair həkim arayışı və sar) məhkəməyə təqdim edə bilməmişdir. İddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş müalicə xərclərinə aid sənədlərdən cari ilə aid sənədlər digər uşağa aid olmuş, yalnız keçən ilin bir təqvim ayında çəkilmiş xərclərə aid sənədlər X8 aid olmuşdur. Ona görə də həmin sənədlər əsasında qeyd edilən müalicə xərcinin hər ay mütəmadi olaraq çəkilməsinin zəruri olması qənaətinə gəlmək mümkün olmamışdır. Bu halda, məhkəmə qeyd edilən halları nəzərə alaraq, hər bir halda uşağın mənafeyini,uşağın sağlamlığının qorumasının zəruriliyini əsas götürərək,hesab edir ki, müvafiq məhkəmə qətnaməsi əsasında uşağın müalicəsi üçün əlavə xərc olaraq müəyyən eidlmiş alimentin miqdarı artıralaraq 100 manat məbləğində müəyyən edilməsi ağlabatan məbləğ kimi qəbul edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir;77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 217.4-cü maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Həmçinin, qeyd edilməlidir ki, “Dövlət rüsumu haqqqında” Azərbaycan Respublikası Qanunun 9.1.2ci maddəsinə əsasən aliment alınması barədə iddialar üzrə - iddiaçılar dövlət rüsumunu ödəməkdən azad olunurlar. Həmin Qanunun 9.4-cü maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövtət rüsümu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülür. Həmçinin, qeyd olunan Qanunun.1.2-ci maddəsinə əsasən iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi məbləğində müəyyən edilmişdir Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 112.1.3-cü maddəsinə əsasən aliment alınması haqqındakı iddialarda iddianın qiyməti bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. Bu halda, məhkəmə iddiaçının dövlət rüsumunu ödəməkdən azad olunduğunu, həmçinin, hazırki iş iddianın qiymətini (bir il ərzində ödəməmənin məcmusu) nəzərə alaraq, habelə qeyd olunan hüquq normalarını əsas götürərək, hesab edir ki, hazırki iş üzrə ödənilməli olan 32 manat məbləğində dövlət rüsumu cavabdehdən alınaraq dövlət büdcəsinə köçürülməlidir. Beləliklə, məhkəmə iş üzrə toplanmış digər sübutlar məcmuəsinə hüquqi qiymət verərək, hesab edir ki, iddia ərizəsi qismən təmin edilməli, Cavabdeh 19.03.2011-ci il təvəllüdlü X9 və 09.04.2013-cü il təvəllüdlü X7 yetkinlik yaşına çatanadək saxlanılması üçün Nəsimi Rayon Məhkəməsinin 24 yanvar 2014cü il tarixli 2(006)-1061/2014 saylı qətnaməsi ilə tutulan alimentin miqdarı 09.04.2013-cü il təvəllüdlü X7 müalicəsi üçün təyin edilmiş əlavə xərcə görə alimentin miqdarına aid olan hissədə artırılaraq, Cavabdeh 09.04.2013-cü il təvəllüdlü X7 müalicəsi üçün hər ay əlavə olaraq 100 manat sabit pul məbləğində aliment tutularaq ıddıaçı İddiaçı ödənilməli, iş üzrə ödənilməli olan 32 manat məbləğində dövlət rüsumu cavabdehdən alınaraq dövlət büdcsəinə köçürülməli, iddia tələbi qalan hissədə təmin edilməməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh 19.03.2011-ci il təvəllüdlü X9 və 09.04.2013-cü il təvəllüdlü X7 yetkinlik yaşına çatanadək saxlanılması üçün Nəsimi Rayon Məhkəməsinin 24 yanvar 2014-cü il tarixli 2(006)-1061/2014 saylı qətnaməsi ilə tutulan alimentin miqdarı 09.04.2013-cü il təvəllüdlü X7 müalicəsi üçün təyin edilmiş əlavə xərcə görə alimentin miqdarına aid olan hissədə artırılaraq, Cavabdeh 09.04.2013-cü il təvəllüdlü X7 yetkinlik yaşına çatanadək müalicəsi üçün hər ay əlavə olaraq 100 manat sabit pul məbləğində aliment tutularaq ıddıaçı İddiaçı ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. İş üzrə ödənilməli olan 32 manat məbləğində dövlət rüsumu cavabdehdən alınaraq dövlət büdcəsinə köçürülsün. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Qaradağ rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Gülnar Əhmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar