Məhkəmə qərarları › İş №2(002)-827/2021

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qətnamə — İş №2(002)-827/2021

13.04.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(002)-827/2021 13.04.2021 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Hüseynov Fuad Ələsgər oğlunun sədrliyi, Əsədov Cavid Həbib oğlunun katibliyi, İddiaçı, onun etibarnamə üzrə səlahiyyətli nümayəndəsi X2, digər etibarnamə üzrə səlahiyyətli nümayəndəsi və vəkili Vəkil, Cavabdeh etibarnamə üzrə səlahiyyətli nümayəndəsi və vəkili X1 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddiası üzrə mülki işə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh 19556 manat məbləğində əsas borcun, 8800 manat gecikdirilmiş faiz borcunun, 5132,87 manat ziyan məbləğinin və 30 manat dövlət rüsumunun, cəmi 33518,87 manat (otuz üç min beş yüz on səkkiz manat səksən yeddi qəpik) pulun alınaraq iddiaçının xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə baxışı zamanı İddiaçı izahat verərək bildirdi ki, iş üzrə cavabdeh onun qonşusu və tanışıdır. 2019-cu ildə Elnur ondan anasının xəstəliyi üçün 7000 manat bankdan pul götürməsini istəmiş, o isə Elnura krediti vaxtında ödəyə biləcəksə bir dost kimi köməklik göstərə biləcəyini demiş, Elnur da ona kredit ödənişlərində heç bir problemin yaranmayacağını bildirmişdir. Elnura inanaraq “xxxx” ASC-nin Bayıl filialından xx.xx.2019-cu il tarixdə öz adına 3 il müddətinə, aylıq ödəniş 213,10 manat olmaqla 7000 manat kredit götürmüşdür. Elnur kreditin ilk üç ayı üçün müəyyən faiz ödənişləri etmiş, lakin anasının müalicəsi üçün əlavə 15000 manat pula ehtiyacı olduğunu demişdir. O, bankın ilk 7000 manatlıq kredit borcunu bağlamaq şərtilə öz adına 14500 manat məbləğində kredit götürmüş, həmin puldan 6751 manat ilkin kredit borcundan çıxılaraq 7749 manat verilmişdir. Cavabdeh həmin kreditdən yalnız iki ay faiz ödənişi etmiş, daha sonra yenidən əlavə pul lazım olduğunu demişdir. Onlar Asan Xidmətdə “xxxx” ASC-nin nümayəndəliyinə yaxınlaşaraq yenidən öz adına xx.xx.2019-cu il tarixdə 20000 manat kredit götürmüşlər. Həmin puldan 17000 manat ikinci kreditə görə çıxılaraq 3000 manat verilmişdir. Bu məbləğin 1000 manatını cavabdeh götürmüş, 2000 manatı isə özündə qalmışdır. Üçüncü kredit xəttinin aylıq ödənişi 578 manat təşkil edirdi. Elnur aylıq ödənişdən 447 manat, özü isə 131 manat ödəməli idi. Cavabdeh 2020-ci ildə cəmi bir neçə ay faiz ödənişləri etmiş, digər ödənişlər isə özünün əmək haqqı kartından tutulmuşdur. Sonradan o, yaranmış çətinliyi görüb məcburiyyətdən “xxxx” ASC-dən 17000 manat kredit götürmüş və “xxxx” ASC-yə olan 16332 manat borcu bağlamışdır. Nəticə olaraq, cavabdehin ona 16332 manat, eyni zamanda əmək haqqı kartından məcburi qaydada tutulan 3224 manat olmaqla, cəmi 19556 manat borcu vardır. Həmçinin “xxxx” ASC-dən götürdüyü 17000 manata görə bundan sonra 5132,87 manat faiz borcu ödəməlidir ki, bu da cavabdehin təqsiri üzündəndir. Lakin cavabdeh borcun yalnız müəyyən hissəsini etiraf edir, bu barədə Qaradağ rayon Polis İdarəsinin 10-cu polis bölməsində verdiyi izahatda qeyd etmişdir. Cavabdehin hər hansı əsas olmadan pulu özündə saxlaması qanunsuz olmaqla, həmin pul vəsaitindən cavabdehin istifadə etməsini və gəlir götürməsini istisna etmir, ona görə də pulun vaxtında qaytarılmamasına görə əlavə olaraq cavabdehdən 8800 manat tutulmalıdır. Bir daha qeyd edir ki, bankdan götürdüyü kreditlərə görə cavabdeh bütün məsuliyyəti öz üzərinə götürmüş və onu inandırmışdır ki, kreditləri özü qaytaracaqdır, lakin hazırda verdiyi bütün vədləri danmaqla onu həddən artıq çətin vəziyyətə salmışdır. Cavabdehin yazılı etirazında aylıq ödənişlər, guya borcu hissə-hissə qaytarması barədə göstərilən məlumatlar da həqiqəti əks etdirmir. Qeyd olunanlara əsasən, iddia tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş edir. Məhkəmə baxışı zamanı İddiaçı etibarnamə üzrə səlahiyyətli nümayəndəsi X5 iddiaçının izahatına uyğun izahat verdi və iddia tələbinin təmin edilməsini xahiş etdi. Məhkəmə baxışı zamanı İddiaçı etibarnamə üzrə səlahiyyətli nümayəndəsi və vəkili Vəkil iddiaçının izahatına uyğun izahat verdi və iddia tələbinin təmin edilməsini xahiş etdi. Məhkəmə baxışı zamanı Cavabdeh etibarnamə üzrə səlahiyyətli nümayəndəsi və vəkili X4 izahatında bildirdi ki, cavabdeh iddia tələbinə qismən etiraz edir. Belə ki, iddia ərizəsində qeyd olunanlar həqiqətə uyğun deyil. Cavabdehin atası vəfat etmişdir, anası 1-ci qrup, özü isə 3-cü qrup əlildir, iddiaçı cavabdehin maddi vəziyyətinin ağır olduğunu bilir. 2019-cu ilin iyun ayında cavabdeh iddiaçı ilə görüşərək şəxsi ehtiyacları üçün borc pul istəmiş, iddiaçı cavabdehə 7000 manat məbləğində borc pul vermişdir. Tərəflər arasında borcun aylıq ödənişlərlə qaytarılması barədə razılıq olmuş, beş ay müddətində cavabdeh tərəfindən iddiaçıya aylıq 215 manat ödəniş olunmuşdur. Sonra yenidən cavabdeh iddiaçıdan borc pul istəmiş, iddiaçı bu dəfə 6600 manat məbləğində borc pul vermişdir. Tərəflər arasında borcun aylıq ödənişlərlə qaytarılması barədə razılıq olmuş, üç ay müddətində cavabdeh tərəfindən iddiaçıya aylıq 450 manat ödəniş olunmuşdur. Daha sonra cavabdeh şəxsi ehtiyacları üçün yenidən iddiaçıdan borc pul istəmiş, iddiaçı 1000 manat məbləğində cavabdehə borc pul vermiş, həmin borca görə 2020-ci ilin iyul ayına kimi cavabdeh tərəfindən iddiaçıya aylıq 447 manat ödənişlər olunmuşdur. Cavabdeh bank əməliyyatlarında iştirak etməmişdir, heç bir bank faizlərinin ödənilməsi barədə razılaşması olmamışdır. Eyni zamanda əlbəəl verilən borc pullar üzrə faiz şərtləşdirilməmişdir. Bir daha qeyd edir ki, cavabdeh bank kreditlərinə görə öhdəlik götürməmişdir, yalnız iddiaçıdan borc pul almışdır. Cavabdeh polis bölməsində izahat verərkən iddiaçıdan həqiqətən 14600 manat borc pul aldığını bildirmişdir. Lakin aylıq ödənişləri çıxdıqdan sonra hazırda iddiaçıya 13000 manat borcu qalmışdır. Cavabdeh maddi imkanı zəif olduğundan iddiaçıya aylıq 150 manat ödəniş etməyi təklif etmiş, iddiaçı isə bununla razılaşmamışdır. Göstərilənləri nəzərə alaraq, cavabdeh tərəf iddia tələbinə etiraz edir. Qeyd olunanlara əsasən, iddia tələbinin qismən rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş edir. Məhkəmə, izahatları dinləyib, iş materiallarında olan sənədləri tədqiq edərək belə qənaətə gəlir ki, iddia tələbi qismən əsaslı hesab olunaraq qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan xx.xx.2019-cu il tarixli, BPM**********41 saylı kredit müqaviləsindən və ödəniş cədvəlindən görünür ki, “xxxx” ASC ilə İddiaçı arasında bağlanmış həmin kredit müqaviləsinə əsasən ona 48 ay müddətinə illik 20 faizlə 14500 manat məbləğində kredit verilmişdir. İş materiallarında olan “xxxx” ASC tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli, QF-1490 saylı arayışdan görünür ki, “xxxx” ASC ilə İddiaçı arasında bağlanmış xx.xx.2019-cu il tarixli, “203TKDL191691001” saylı kredit müqaviləsinə əsasən, İddiaçı 7000 manat məbləğində kredit verilmişdir. Müvafiq kredit müqaviləsi üzrə kredit borcu banka tam qaytarılmış və ona hesablanmış faizlər tam ödənilmişdir. İddiaçı həmin kredit müqaviləsi üzrə xx.xx.2020-ci il tarixinə bank qarşısında icra edilməmiş hər hansı öhdəliyi mövcud deyildir. İş materiallarında olan xx.xx.2019-cu il tarixli, BPM**********77 saylı kredit müqaviləsindən və ödəniş cədvəlindən görünür ki, “xxxx” ASC ilə İddiaçı arasında bağlanmış həmin kredit müqaviləsinə əsasən ona 48 ay müddətinə illik 17 faizlə 20000 manat məbləğində kredit verilmişdir. İş materiallarında olan “xxxx” ASC tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli, 1795 saylı arayışdan görünür ki, xxxx ASC ilə İddiaçı arasında bağlanmış xx.xx.2019-cu il tarixli, “207RCNL192740004” saylı kredit müqaviləsinə əsasən, İddiaçı 14500 manat məbləğində kredit verilmişdir. Müvafiq kredit müqaviləsi üzrə kredit borcu banka tam qaytarılmış və ona hesablanmış faizlər tam ödənilmişdir. İddiaçı həmin kredit müqaviləsi üzrə xx.xx.2020-ci il tarixinə bank qarşısında icra edilməmiş hər hansı öhdəliyi mövcud deyildir. İş materiallarında olan xx.xx.2021-ci il tarixli, CC/67335/78/15 saylı kredit sazişindən və ödəniş cədvəlindən görünür ki, “xxxx” ASC ilə İddiaçı arasında bağlanmış həmin kredit sazişinə əsasən ona 36 ay müddətinə illik 18 faizlə 17000 manat məbləğində kredit verilmişdir, kredit üzrə ödəniləcək ümumi faiz məbləği 5132,87 manat təşkil edir. İş materiallarında olan xx.xx.2021-ci il tarixli mədaxil qəbzindən görünür ki, İddiaçı tərəfindən kreditin tam ödənişi məqsədilə “xxxx” ASC-yə 16332 manat ödəniş edilmişdir. İş materiallarında olan Qaradağ rayon Polis İdarəsinin 10-cu Polis Bölməsi tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli arayışın surətindən görünür ki, xx.xx.2020-ci il tarixdə ünvan 1 ünvanında yaşayan vətəndaş İddiaçı DİN-in 102 xidmətinə müraciəti daxil olmuşdur. Müraciətlə bağlı araşdırma aparılmış, araşdırma zamanı müraciətdə qeyd olunan xüsusatların mülki xarakterli olduğu müəyyən edilmiş, mülki qaydada məhkəməyə müraciət edilməsi izah olunmuşdur. İş materiallarında olan Cavabdeh Qaradağ rayon Polis İdarəsinin 10-cu Polis Bölməsində yazdığı xx.xx.2021-ci il tarixli izahatının surətindən görünür ki, o, təxminən iki ildir ki, İddiaçı yaxından tanıyır, qonşuluqda yaşayırlar. 2019-cu ilin iyun ayının əvvəllərində İddiaçı şəxsi ehtiyacları və anası xəstə olduğu üçün borc istəmiş, İddiaçı bankdan 7000 manat pul götürüb ona borc vermişdir. Aralarında həmin pulu aylıq 215 manat ödəməklə qaytaracağı barədə razılığa gəlmişlər. Təxminən 4-5 ay ödəniş etdikdən sonra o, Turandan yenidən borc istəmiş, Turan ona 6600 manat əlbəəl borc pul vermişdir. Aralarında həmin pulu aylıq 450 manat ödəməklə qaytaracağı barədə razılığa gəlmişlər. Təxminən 2-3 ay ödəniş etdikdən sonra o, Turandan yenidən borc istəmiş, Turan ona 1000 manat borc pul vermişdir. Aralarında həmin pulu aylıq 447 manat ödəməklə qaytaracağı barədə razılığa gəlmişlər. Təxminən 2020-ci ilin iyul ayına kimi ödənişləri Turanın özünə vermişdir. İşdən çıxdıqdan sonra ödənişləri çatdıra bilməmiş və Turana aylıq 150 manat ödəyə biləcəyini bildirmiş, Turan isə bununla razılaşmamış, aylıq ödənişləri tam ödəməyini istəmişdir. O, üçüncü qrup əlildir, ayda 150 manat ödəməyə güçü çatır, gələcəkdə işə düzələcəyi halda ödənişi tam ödəyə bilər. İş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən verilmiş SER TSE-01 saylı, 202120 saylı arayışdan görünür ki, xx.xx.1987-ci il təvəllüdlü Cavabdeh üçüncü qrup əlildir. İş materiallarında olan AZ-İ No 228397 saylı ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X7 xx xxxxxx 2007-ci il tarixdə Bakı şəhərində vəfat etmişdir. Bu barədə Bakı şəhəri Qaradağ rayon VVADQ şöbəsində ölüm haqqında akt qeydləri kitabında xx xxxx 2007-ci il tarixində 128 nömrəsi ilə qeydiyyat aparılmışdır. İş materiallarında olan 11 saylı Tibbi Sosial Ekspert Komissiyası tərəfindən verilmiş xx.xx.2016-cı il tarixli çıxarışdan görünür ki, X3 birinci qrup əlildir. Beləliklə, məhkəmə iclasında mülki iş üzrə sübutlara, o cümlədən tərəflərin izahatlarına, iddiaçının “xxxx” ASC və “xxxx” ASC ilə bağladığı kredit müqavilələrinin, həmin müqavilələrlə bağlı ödəniş sənədlərinin surətlərinə, cavabdehin Qaradağ rayon Polis İdarəsinin 10-cu Polis Bölməsində yazdığı xx.xx.2021-ci il tarixli izahatına əsasən müəyyən edildi ki, cavabdeh iddiaçıdan cəmi 14600 manat (7000+6600+1000) məbləğində borc pul almışdır. İddiaçı bankdan alınmış kreditlər üzrə bank qarşısında bütün məsuliyyəti cavabdehin daşıdığını iddia etsə də, bu tələb məhkəmə baxışında tədqiq edilən sübutlar və mülki qanunvericiliyin tələbləri baxımından əsaslı hesab oluna bilməz. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 387.3-cü maddəsinə əsasən, öhdəlik tərəf kimi onda iştirak etməyən şəxslər (üçüncü şəxslər) üçün vəzifələr yaratmır. Həmin Məcəllənin 522.2-ci maddəsinə əsasən, əgər borclu ilə öhdəliyin üçüncü şəxsə veriləcəyi barədə razılaşma əldə edilərsə, bu yalnız kreditorun icazəsi ilə etibarlı olur. Qeyd olunanlara əsasən, məhkəmə iclasında müəyyən edildi ki, iddia tələbi yalnız 14600 manat borcun cavabdehdən tutulması hissəsində əsaslı hesab olunmalıdır. Cavabdeh tərəf hazırda borcunun 13000 manat olduğunu iddia etsə də, onun 1600 manat ödəniş etməsi hər hansı mötəbər sübutla təsdiq edilmir, bu barədə tərəflərin izahatları da ziddiyyətlidir. Ona görə də iddianın qismən - 14600 manat pulun tutulması hissəsində təmin edilməsi işin halları və təqdim edilən sübutlar baxımından qanuni və ədalətli hesab olunmalıdır. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 5.3-cü maddəsinə əsasən, mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Həmin Məcəllənin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətlərdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 739.1ci maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Beləliklə, mülki iş üzrə sübutlara məcmu halında hüquqi qiymət verərək və sadalanan hüquq normalarına istinad edərək məhkəmə hesab edir ki, iddia qismən əsaslı hesab olunaraq qismən təmin edilməlidir. Məhkəmə iddianın dövlət rüsumunun tutulması ilə bağlı hissəsini araşdıraraq hesab edir ki, dövlət rüsumu ilə bağlı tələb də ödənilmiş tələblərin məbləğinə münasib olaraq qismən təmin olunmalıdır. Belə ki, Azərbaycan Respublikasının MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən, sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir.Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikasının MPM-nin 216-220-ci, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia qismən təmin edilsin. Cavabdeh 14600 (on dörd min altı yüz) manat məbləğində borc pul vəsaiti və 13 (on üç) manat dövlət rüsumu tutularaq İddiaçı ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fuad Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar