Məhkəmə qərarları › İş №2(002)-840/2021

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qətnamə — İş №2(002)-840/2021

02.04.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(002)-840/2021 02.04.2021 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Əsədov Kamran Bağır oğlunun sədrliyi, İmanov Tural Arif oğlunun katibliyi, İddiaçı «Azərbaycan Beynəlxalq Bankı” ASC-nin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı «Azərbaycan Beynəlxalq Bankı” ASC-nin Cavabdeh qarşı əsassız varlanma nəticəsində əldə edilmiş pul vəsaitinin geri qaytarılması tələbinə dair iddiası üzrə mülki işə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" ASC məhkəməyə müraciət edərək, Cavabdeh oğlundan iddiaçı "xxxx" ASC-nin xeyrinə 665,56 ABŞ dolları məbləğində borcun tutulması, ödənilmiş 30 manat dövlət rüsumunun və 0,4 (qırx qəpik) manat xidmət haqqının tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı "xxxx" ASC iddia ərizəsini onunla əsaslandırmışdır ki, iddiaçı "xxxx" ASC-nin “Sənaye” filialı ilə Cavabdeh arasında 21.06.2011-ci il tarixli Bank kartlarının alınması və onlardan istifadə edilməsinə dair müqaviləyə əsasən Bank tərəfindən sonuncuya istifadə üçün plastik kart verilmişdir. Tərəflər arasında bağlanmış bank kartlarının alınması və onlardan istifadə edilməsinə dair müqavilənin 4.1-ci bəndi ilə müəyyən edilmişdir ki, kart sahibi aldığı kartı onun istifadə etmə müddəti ərzində Azərbaycan Respublikasının qanunlarına, beynəlxalq ödəniş sistemlərinin qaydalarına, bu müqavilənin şərtlərinin məzmununa, banlın müəyyən etdiyi və edəcəyi qaydalara əsasən istifadə etməyi öhdəsinə götürür. Eyni zamanda həmin müqsavilənin 6.1-ci bəndi ilə müəyyən edilmişdir ki, kart sahibi kartlarla bağlı yaranan borcu, həmçinin müəyyən etdiyi faiz, komisyon haqlarını və digər ödəmələrin yerinə yetirilməsini öhdəsinə götürür. Həmçinin həmim Müqavilənin 6.2-ci bəndinə əsasən Bank, əməliyyat vaxtə xarici valyutanın hesablaşma valyutasına konvertasiyası üzrə əlavə komisyon haqlarını almaq hüququna malikdir. Bankın müştərisi olan Cavabdeh sözügedən müqavilə əsasında ona təqdim edilmiş plastik kart hesabından (********************) sui-istifadə edərək ümumilikdə 562,43 ABŞ dolları məbləğində pul vəsaitinin məxaric edilməsinə nail olmuşdur. Həmin vəsaitə ümumilikdə 538.08 ABŞ dolları faiz hesablanmışdır. Nəticədə Cavabdeh 1100.51 ABŞ dolları məbləğində əsassız olaraq varlanmışdır. Cavabdeh tərəfindən ümumi borcdan 434.95 ABŞ dolları ödəniş edilmişdir. Bankın “Nizami” filialı tərəfindən təqdim edilmiş 28.01.2021ci il tarixli maliyyə arayışına əsasən Cavabdeh Banka 665.56 ABŞ dolları borcu mövcuddur. Qeyd olunan əməliyyatlardan sonra yaranmış borclarla bağlı mübahisənin məhkəmədən kənar həlli üçün iddiaçı tərəf səy göstərsə də, cavabdeh öz öhdəliyini bu günədək tam şəkildə yerinə yetirməmişdir. Məhkəmə iclasında iddiaçı "xxxx" ASC-nin nümayəndəsi X2 iddia tələbini müdafiə edib, iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Cavabdeh X3 məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, o, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin üzürlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir və məhkəmə iclasının təxirə salınmasını xahiş etməmişdir. Məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsi X1 izahatını dinləyib, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan 21.06.2011-ci il tarixli Bank kartlarının alınması və onlardan istifadə edilməsinə dair müqaviləsindən görünür ki, Bank tərəfindən sonuncuya istifadə etmək üçün plastik kart verilmişdir. "xxxx" ASC tərəfindən verilmiş 22-8533/2020 №-li, 28.12.2020-ci il tarixli xəbərdarlıqdan görünür ki, Cavabdeh 21.12.2020-ci il tarixə 646,99 USD ödənilməmiş borcu olduğu bildirilmişdir. İşin araşdırılan hallarından müəyyən edilir ki, Bankın müştərisi olan Cavabdeh sözügedən müqavilə əsasında ona təqdim edilmiş plastik kart hesabından qanuni əsas olmadan 562,43 ABŞ dolları məbləğində pul vəsaitinin məxaric edilməsinə nail olmuş, həmin vəsaitə Bank tərəfindən 538.08 ABŞ dolları məbləğində faiz hesablanmışdır. Cavabdeh həmin məbləğdən Banka 434.95 ABŞ dolları məbləğində ödəniş etmiş, qalan 665.56 ABŞ dollarını isə ödəməmişdir. Mülki Məcəlləyə əsasən istər vicdanlı sahib, istərsə də vicdansız sahib isə öz növbəsində əmlakdan gəlirin mülkiyyətçiyə düşdüyü vaxtdan sonra əmlaka sərf etdiyi zəruri məsrəflərin əvəzinin ödənilməsini mülkiyyətçidən tələb edə bilər (157.6). Vicdanlı sahib əmlaka zərər yetirmədən ondan ayrıla bilən öz yaxşılaşdırmalarını özündə saxlaya bilər. Yaxşılaşdırmaları bu cür ayırmaq mümkün olmadıqda vicdanlı sahib əmlakın dəyərindən artıq olmamaq şərti ilə, onu yaxşılaşdırmaq üçün çəkdiyi məsrəflərin əvəzinin ödənilməsini tələb edə bilər (157.7). Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır (386.1). Əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir (1091). Varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Əldə edilənləri vermək mümkün olmadıqda, onların dəyəri ödənilir (1092). Ödəniş tapşırığından görünür ki, məhkəmədə iddia qaldırılması üçün 30 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilərək, Cavabdeh 665.56 ABŞ dolları iddiaçı "xxxx" ASC-nin xeyrinə tutulmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh 665.56 ABŞ dolları və ödənilmiş 30 manat dövlət rüsumu və 0,40 qəpik xidmət haqqı tutularaq "xxxx" ASC-nin xeyrinə tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim:Kamran Əsədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar