Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(002)-860/2021 11.03.2021 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Hüseynov Fuad Ələsgər oğlunun sədrliyi, Əsədov Cavid Həbib oğlunun katibliyi, İddiaçı və Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı alimentin artırılması tələbi barədə iddiası üzrə mülki işə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı alimentin artırılması tələbi barədə iddia ərizəsi ilə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinə müraciət edərək, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2014-cü il tarixli qətnaməsi ilə hər ay uşağa görə 103 manat təyin edilmiş alimentin miqdarının dəyişdirilərək, Cavabdeh xx xxxxxxxx 2012-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay uşağa görə 200 (iki yüz) manat sabit pul məbləğində alimentin tutularaq iddiaçının xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə baxışı zamanı İddiaçı izahat verərək bildirdi ki, o, Cavabdeh ilə xx.xx.2012-ci il tarixdə rəsmi nikah qeydiyyatında keçməklə evlənmişdir. Birgə nikahlarından xx xxxxxxxx 2012ci il təvəllüdlü X2 adında bir uşaqları doğulmuşdur. Bakı şəhəri Qaradağ Rayon Məhkəmsinin xx.xx.2014-cü il tarixli qətnaməsi ilə nikahları pozulmuş, birgə nikahdan olan xx xxxxxxxx 2012ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 103 manat məbləğində aliment kəsilmişdir. Təyin edilmiş aliment məbləği ilə uşağın getdikcə artan ehtiyaclarını təkbaşına ödəyə bilmir. Özü işləmir, habelə uşağın səhhətində problem olmaqla daimi müalicəyə ehtiyacı vardır. Hazırda məhkəmədən iddia tələbinin təmin edilməsini xahiş edir. Məhkəmə baxışı zamanı Cavabdeh izahat verərək bildirdi ki, həqiqətən iddiaçı ilə birgə nikahından xx xxxxxxxx 2012-ci il təvəllüdlü X2 adında uşağı vardır, hazırda uşaq iddiaçının himayəsindədir. Uşağa təyin edilmiş 103 manat alimenti çətinliklə ödəyir. Belə ki, təmizlik işləri və sosial xidmətlərin göstərilməsi üzrə köməkçi bağban vəzifəsində işləyir və aylıq vəzifə maaşı cəmi 250 manatdır, başqa hər hansı gəliri yoxdur. İkinci dəfə ailə qurmuşdur, həmin nikahdan da bir uşağı doğulmuşdur, həmçinin həyat yoldaşı hamilədir. Hazırda uşağa görə yalnız 110-120 manat məbləğində aliment ödəyə bilər. Qeyd olunanlara əsasən, iddia tələbinin qismən təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş edir. Məhkəmə, izahatları dinləyib, iş materiallarında olan sübutları tədqiq edərək belə qənaətə gəlir ki, aşağıdakı əsaslara görə iddia tələbi qismən əsaslı hesab olunaraq qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2014-cü tarixli, 2(002)-3811/2014 saylı qətnaməsinin surətindən görünür ki, Cavabdeh ilə Kərimova (Nəcəfova) Vəfa Əflatun qızı arasında xx xxxx 2012-ci il tarixdə Sumqayıt şəhər Qeydiyyat şöbəsində bağlanmış və 1068 nömrəsi ilə qeydə alınmış nikahın pozulması, nikah pozulduqdan sonra yetkinlik yaşına çatmayan xx xxxxxxxx 2012-ci il təvəllüdlü X1 anası Kərimova (Nəcəfova) Vəfa Əflatun qızının yanında saxlanmasının müəyyən edilməsi, xx.xx.2014-cü il tarixdən başlayaraq xx xxxxxxxx 2012-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanması üçün Cavabdeh hər ay 103 (yüz üç) manat sabit pul məbləğində alimentin tutularaq Kərimova (Nəcəfova) Vəfa Əflatun qızına ödənilməsi qət edilmişdir. İş materiallarında olan AZE No 11303247 nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X2 xx xxxxxxxx 2012-ci il tarixdə anadan olmuşdur, atası Cavabdeh, anası Kərimova Vəfadır. İş materiallarında olan AZ-İ No 204919 saylı nikahın pozulması haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh ilə X4 arasında bağlanmış nikahın pozulması xx xxxxx 2015-ci il tarixində qeydə alınmışdır, nikah pozulandan sonra qadına Nəcəfova soyadı verilmişdir. İş materiallarında olan AZ-İİ seriyalı, 129037 saylı nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X6 ilə Cavabdeh xx.xx.2016-cı il tarixdə rəsmi nikah qeydiyyatından keçərək ailə qurmuşlar. Nikahları Sumqayıt Asan Xidmət mərkəzinin Qeydiyyat şöbəsi tərəfindən rəsmiləşdirilmişdir. Nikah bağlandıqdan sonra arvada Kərimova soyadı verilmişdir. İş materiallarında olan AZ-İİİ seriyalı, 953580 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X5 xx xxx 2017-ci il tarixdə Sumqayıt şəhərində anadan olmuşdur. Kərimli Rəsulun atası Cavabdeh, anası X3r. İş materiallarında olan Aərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi xxxx tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli arayışdan görünür ki, Cavabdeh xx.xx.2020-ci il tarixdən “xxxx” MMC-də Sumqayıt şəhərində təmizlik işləri və sosial xidmətlərin göstərilməsi üzrə köməkçi vəzifəsində çalışır, aylıq maaşı 250 manat təşkil edir. Azərbaycan Respublikasının Konstitusiyasının 17-ci maddəsinə əsasən, uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 75.4-cü maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait valideynlərdən məhkəmə qaydasında tutulur. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 78.1-ci maddəsinə görə, valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərin birinin marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 78.2-ci maddəsinə müvafiq olaraq, sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla, uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikasının Qanununun 5-ci maddəsinə əsasən, dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar. Həmin Qanunun 13-cü maddəsinə əsasən, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Azərbaycan Respublikasının qoşulduğu BMT-nin Uşaq Hüquqlarına dair Konvensiyasının 3cü maddəsinə əsasən, sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri, habelə məhkəmələr, inzibati orqanlar, yaxud qanunvericilik orqanları tərəfindən həyata keçirilibkeçirilməməsindən asılı olmayaraq, uşaqlar barəsində görülən bütün tədbirlərdə uşağın maraqlarının daha yaxşı təmin edilməsinə ilk növbədə diqqət yetirilməlidir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 112.1-ci maddəsinə əsasən, aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Azərbaycan Respublikasının MPM-nin 233.4-cü maddəsinə əsasən, cavabdehdən vaxtaşırı ödəmələrin alınmasını qət edən qətnamə qanuni qüvvəyə mindikdən sonra, ödəmələrin miqdarını müəyyənləşdirən və ya onların davam etməsinə təsir edən hallar dəyişərsə, hər bir tərəf yeni iddia vermək yolu ilə ödəmələrin miqdarını və müddətlərini dəyişməyi tələb etməyə haqlıdır. “Azərbaycan Respublikasında 2021-ci il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən 2021-ci il üçün yaşayış minimumu ölkə üzrə uşaqlar üçün 175 manat məbləğində müəyyən edilmişdir. Məhkəmə, izahatları dinləyib, iş materiallarında olan sənədləri nəzərdən keçirərək belə qənaətə gəlir ki, yetkinlik yaşına çatmayan uşaqların mənafeyi, onların minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ, tərəflərin maddi və ailə vəziyyəti, cavabdehin aylıq gəlirinin məbləği, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 56.1-ci maddəsinə əsasən valideynlərin öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malik olması, tərəflərin izahatlarında göstərdiyi bütün hallar nəzərə alınaraq, iddia tələbi qismən təmin edilməli, təyin edilmiş alimentin məbləği qismən artırılmaqla xx xxxxxxxx 2012-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün cavabdehdən hər ay uşağa görə 130 manat sabit pul məbləğində alimentin tutulması qət edilməlidir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən, aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən, sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikasının MPM-nin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. xx.xx.2021-ci il tarixindən başlayaraq xx xxxxxxxx 2012-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatana qədər saxlanılması üçün Cavabdeh hər ay uşağa görə 130 (yüz otuz) manat sabit pul məbləğində aliment tutularaq İddiaçı ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən : Fuad Hüseynov
Məhkəmə qərarları › İş №2(002)-860/2021
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qətnamə — İş №2(002)-860/2021
11.03.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver