Məhkəmə qərarları › İş №2(002)-879/2022

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qətnamə — İş №2(002)-879/2022

29.04.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(002)-879/2022 29.04.2022 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Əsədov Kamran Bağır oğlunun sədrliyi, İmanov Tural Arif oğlunun katibliyi, İddiaçı, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı «alimentin miqdarının artırılması və əlavə xərclərdə iştiraka cəlb» tələbinə dair iddiası üzrə mülki işə Qaradağ rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı «alimentin miqdarının artırılması» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri Qaradağ rayon Məhkəməsinin 04.05.2021-ci il tarixli 2(002)-1456/2021 saylı qətnaməsi ilə müəyyən edilmiş alimentin həcminin artırılması, 06.11.2015-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 193 manat sabit pul məbləğində alimentin Cavabdeh onun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Sonradan, İddiaçı Azərbaycan Respublikası MPM-in 53-cü maddəsinə əsasən ərizə ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri Qaradağ rayon Məhkəməsinin 04.05.2021-ci il tarixli, 2(002)-1456/2021 saylı qətnaməsi ilə müəyyən edilmiş alimentin həcminin artırılması, 06.11.2015-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 193 manat sabit pul məbləğində alimentin Cavabdeh onun xeyrinə tutulması; alimentin 26 oktyabr 2021-ci il tarixdən tutulmasının müəyyən edilməsi; 06.11.2015-ci il təvəllüdlü X1 müayinə və müalicəsi ilə əlaqədar Cavabdeh əlavə xərclərə cəlb edilməsi və Cavabdeh hər ay əlavə xərclərə görə 300 manat sabit pul məbləğində alimentin onun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, o, Cavabdeh ilə 2014-cü ildə rəsmi nikaha daxil olaraq ailə qurmuşdur. Birgə nikahdan doğulmuş 06 noyabr 2015-ci il təvəllüdlü X2 adlı bir övladları var. Hazırda cavabdehlə aralarında bağlanmış nikah pozulmuşdur. Bakı şəhəri Qaradağ rayon Məhkəməsinin 04 may 2021-ci il tarixli qətnaməsi ilə 06 noyabr 2015-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün Bakı şəhəri Qaradağ rayon Məhkəməsinin 06 mart 2019-cu il tarixli, 2(002)-812/2019 saylı qətnaməsi ilə tutulan alimentin miqdarı dəyişdirilmiş, Cavabdeh onun xeyrinə qətnamə qanuni qüvvəyə mindiyi gündən bir uşağa görə hər ay cavabdehin əmək haqqının 1/4 hissəsi miqdarında aliment tutulması müəyyən edilmişdir. 2022-ci il üzrə uşaqlar üçün yaşayış minimumu 193 manat təşkil edir. Əvvəllər cavabdeh rəsmi işləsə də, hazırda işdən azad edilib və cavabdehin aylıq gəlirləri dəyişkəndir. Bu da, məhkəmənin qətnaməsinin icra edilməsində çətinlik yaradır. Buna görə də, aliment sabit pul məbləğində tutulmalıdır. Bundan əlavə, hazırda oğlu böyüyür, uşağın xərcləri artır, o, övladının aylıq xərclərini ödəmək qabiliyyətində deyil. Belə ki, hazırda işləmir. Oğlu hazırda birinci sinfə gedir, ödənilən aliment məbləği ilə uşağın xərclərini qarşılaya bilmir. Bundan başqa, övladının gözündə geriləmə mövcuddur, 30 % görmə qabiliyyəti var. Həkimlər övladının davamlı olaraq müayinə olunmasını və müalicə almalı olmasını bildirirlər. Bu səbəbdən, cavabdehdən tutulan alimentin miqdarı artırılmalı, həmçinin övladının atası uşağın müayinə və müalicəsi ilə bağlı əlavə xərclərə cəlb edilməlidir. Bütün bunlar azmış kimi, övladının pəncəsi düz olduğundan, bel sütununa əyrilik vermişdir, kifoz xəstəliyindən əziyyət çəkir. Qanında isə parazit qurd var. Övladı yuxarıda sadalanan xəstəliklərə görə davamlı olaraq müayinələrdən keçir, müalicə alır. Cavabdeh övladının müalicə xərclərinin ödənilməsində iştirak etmir. O isə, bir ana olaraq, təkbaşına övladının bütün maddi qayğılarını qarşılaya bilmir. Cavabdeh hazırda Xaçmaz rayonu, köhnə Xudat kəndində yaşayır. Cavabdeh rəsmi olaraq işləməsə də, aylıq gəlir əldə edir. Çünki, cavabdehin istifadəsində nəqliyyat vasitəsi var. Bundan əlavə, cavabdehin istifadəsində torpaq sahəsi var və həmin ərazidə hər il qoz, fındıq əkir və məhsul yığımından xeyli vəsait əldə edir. Cavabdeh son aylar 120 manat məbləğində aliment ödəyir. Bu səbəbdən, məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. İddiaçı məhkəmə iclasında iddianı müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh məhkəmə iclasında iddianı qəbul etməyib məhkəmədən iddianın təmin edilməməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 04.05.2021-ci il tarixli, 2(002)-1456/2021 saylı qanuni qüvvəyə minmiş qətnaməsindən görünür ki, İddiaçı Cavabdeh qarşı «aliment məbləğinin artırılması» tələbinə dair iddiası təmin edilmiş, 06 noyabr 2015-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 06.03.2019-cu il tarixli, 2(002)-812/2019 saylı qətnaməsi ilə tutulan alimentin miqdarı dəyişdirilmiş, Cavabdeh İddiaçı xeyrinə qətnamə qanuni qüvvəyə mindiyi gündən bir uşağa görə hər ay onun əmək haqqının 1/4 hissəsi miqdarında aliment tutulması qət edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsində əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Tərəflərin əvvəllər rəsmi nigahda olmaları, rəsmi nigahdan 1 uşaqlarının olması, uşağın ananın yanında qalması, uşağın saxlanılması üçün cavabdehdən iddiaçının xeyrinə alimentin tutulmasına dair hallar aşkar olmaqla, həmin faktların yenidən mübahisələndirilməsinə və sübut edilməsinə yol verilmir. İş materiallarına əlavə olunmuş sənədlərdən görünür ki, tərəflərin birgə nikahdan olan övladları 06.11.2015-ci il təvəllüdlü X1 can sağlığı ilə bağlı qayğıları olmaqla, göz xəstəliyindən əziyyət çəkir, bel sütununda problem olmaqla, qanında parazit var. Bununla bağlı uşaq mütəmadi olaraq müayinələrdən keçib, müalicə alır. İş materiallarına əlavə olunmuş sənədlərdən həmçinin müəyyən olunur ki, cavabdeh əvvəllər rəsmi şəkildə işləməklə (hərbi qulluqda olmaqla) stabil əmək haqqı almış, sonradan işdən azad edilmişdir. Hazırda gəlirləri qeyri-stabil olmaqla, dəyişkəndir. İş materiallarına əlavə olunmuş İlkin mediasiya sessiyasında iştirak edilməməsi barədə 28 yanvar 2022-ci il tarixli, 2022-MŞB/4-00087 saylı arayışdan görünür ki, Cavabdeh ilkin mediasiya sessiyasında iştirak etməmişdir. İddiaçı ilkin mediasiya sessiyasında iştirak etmiş və həmin sessiyanın keçirilməsi ilə bağlı nəzərdə tutulan 50 manat məbləğində mediasiyaya dair xərci müvafiq hesaba ödəmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 112.1-ci maddəsində əsasən aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. «Nigahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi» haqqında Azərbaycan Respublikası Ali Məhkəməsinin 28 mart 2016-cı il tarixli 8-2/2016 saylı qərarında nəzərdə tutulur ki, məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı artırılmış alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. «Azərbaycan Respublikasında 2022-ci il üçün yaşayış minimumu haqqında» Azərbaycan Respublikası Qanununa əsasən 2022-ci il üçün yaşayış minimumu uşaqlar üçün 193 manat məbləğində müəyyən edilmişdir. Ailə Məcəlləsinin 81.1-ci maddəsinə əsasən alimentin tutulması barədə saziş olmadıqda və ya sazişdə müstəsna hallarla (ağır xəstə, şikəst olan uşaqlara, habelə əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan yetkinlik yaşına çatmış övladlara göstərilən kənar xidmətin haqqının ödənilməsi ilə əlaqədar və digər hallarda) əlaqədar yaranmış xərclərin ödənilməsi qaydası müəyyən edilməmişsə, valideynlərdən hər biri məhkəmə tərəfindən əlavə xərclərin ödənilməsinə cəlb oluna bilər. Ailə Məcəlləsinin 81.2-ci maddəsinə əsasən valideynlərin əlavə xərclərə cəlb olunması qaydasını məhkəmə müəyyən edir. Bu xərclərin miqdarı məhkəmə tərəfindən valideynlərin və uşaqların ailə və maddi vəziyyəti, eləcə də tərəflərin diqqətəlayiq olan digər maraqları nəzərə alınmaqla, hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən olunur. Ailə Məcəlləsinin 81.3-cü maddəsinə əsasən məhkəmə valideynləri faktiki çəkilmiş əlavə xərclərə, eləcə də gələcəkdə çəkilməsi zəruri olan xərclərə cəlb edə bilər. Məhkəmə hesab edir ki, ölkə üzrə yaşayış minimumunun uşaqlar üçün 193 manat olduğu halda, hazırda yetkinlik yaşına çatmamış uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün cavabdehdən yuxarıda qeyd olunan qətnamə ilə təyin edilmiş miqdarda aliment tutulması uşağın günün tələblərinə uyğun təmin edilməsinə, yəni hər il daha da böyüyən və tələbatları artan uşağın normal saxlanılması üçün kifayət deyildir, uşağın sağlam böyüməsinə, normal qidalanmasına, geyim və sair tələbatının ödənilməsinə imkan vermir. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin ediməli, 06.11.2015-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 04.05.2021-ci il tarixli, 2(002)-1456/2021 saylı qətnaməsi ilə tutulan alimentin miqdarı artırılaraq, Cavabdeh İddiaçı xeyrinə hazırkı qətnamə qanuni qüvvəyə mindiyi gündən başlayaraq hər ay 193 manat sabit pul məbləğində aliment tutulmalıdır. Cavabdeh övladının müayinə və müalicəsi ilə bağlı əlavə xərclərin ödənilməsinə cəlb olunmaqla ondan İddiaçı xeyrinə hər ay 50 manat sabit pul məbləğində aliment tutulmalıdır. Əlavə xərcin tutulmasına dair hissədə qətnamə dərhal icra edilməlidir. İddia qalan hissədə rədd edilməlidir. Belə ki, iddiaçı cavabdehin daha artıq məbləğdə aliment ödəmək iqtidarında olmasına dair sübutları məhkəməyə təqdim etməmişdir. Digər tərəfdən, uşaqlara baxmaq hər iki valideynin vəzifəsidir və uşaqların maddi qayğılarının həll edilməsinin yalnız bir valideynin üzərinə qoyulması ədalətsizdir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. 06.11.2015-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 04.05.2021-ci il tarixli 2(002)-1456/2021 saylı qətnaməsi ilə tutulan alimentin miqdarı artırılaraq, Cavabdeh İddiaçı xeyrinə hazırkı qətnamə qanuni qüvvəyə mindiyi gündən başlayaraq hər ay 193 manat sabit pul məbləğində aliment tutulsun. Cavabdeh övladının müayinə və müalicəsi ilə bağlı əlavə xərclərin ödənilməsinə cəlb olunmaqla ondan İddiaçı xeyrinə hər ay 50 manat sabit pul məbləğində aliment tutulsun. Əlavə xərcin tutulmasına dair hissədə qətnamə dərhal icra edilsin. İddia qalan hissədə rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Kamran Əsədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar