Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(002)-882/2021 07.04.2021 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Əhmədova Gülnar İnqilab qızının sədrliyi, Cəfərov Rəhman Zakir oğlunun katibliyi ilə, İddiaçının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı “xxxx” ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı «kredit müqaviləsi üzrə borcun tutulması» tələbinə dair iddiası üzrə mülki işə Qaradağ rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı “xxxx” ASC cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı«kredit müqaviləsi üzrə borcun tutulması» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iddiaçı “xxxx” ASC-nin xeyrinə müştərək qaydada əsas borc üzrə 4266.60 (dörd min iki yüz altmış altı manat 60 qəpik) manat, müqavilə müddəti ərzində ödənilməmiş faiz borcu üzrə 1357.82 (bir min üç yüz əlli yeddi manat 87 qəpik) manat, müqavilə müddəti bitdikdən sonra illik 5 faiz hesablanmaqla faiz borcu üzrə 368.59 (üç yüz altmış səkkiz manat 59 qəpik) manat, cərimə borcu üzrə 460.4 (dörd yüz altmış manat 41 qəpik) manat, cəmi 6453.42 (altı min dörd yüz əlli üç manat 42 qəpik) manat borcun, həmçinin, iddia ərizəsi üçün ödənilmiş 30.40 (otuz manat 40 qəpik) manat dövlət rüsumu və bank xidmət haqqının tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı “xxxx” ASC iddia ərizəsini onunla əsaslandırmışdır ki, “xxxx” ASC-nin Müştəri Xidməti Departamenti ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2016-cı il tarixli, 344-xx.xx.2016- SM12 nömrəli Kredit müqaviləsinə əsasən Cavabdeh1 36 ay müddətinə illik 21 % dərəcəsi ilə hesablanmaqla, 5300 (beş min üç yüz manat 0 qəpik) manat məbləğində kredit verilmişdir. Kredit müqaviləsinin təminatı kimi bankla Cavabdeh2 arasında zaminlik müqaviləsi bağlanmışdır. Müqavilə şərtlərinə əsasən verilmiş vəsait və ona hesablanmış faizlər tam və vaxtında ödənilməmişdir. Yuxarıda adı çəkilən xx.xx.2016-cı il tarixli, 344xx.xx.2016-SM12 nömrəli Kredit müqaviləsinə əsasən 25.01,2021-ci il tarixinə əsas borc üzrə 4266.60 (dörd min iki yüz altmış altı manat 60 qəpik) manat, müqavilə müddəti ərzində ödənilməmiş faiz borcu üzrə 1357.82 (bir min üç yüz əlli yeddi manat 87 qəpik) manat, müqavilə müddəti bitdikdən sonra illik 5 faiz hesablanmaqla faiz borcu üzrə 368.59 (üç yüz altmış səkkiz manat 59 qəpik) manat, cərimə borcu üzrə 460.41 (dörd yüz altmış manat 41 qəpik) manat, cəmi 6453.42 (altı min dörd yüz əlli üç manat 42 qəpik) manat borcu mövcuddur. Qeyd olunan halların nəzərə alınaraq, iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçının nümayəndəsi məhkəmə iclasında iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verərək, 2019-cu il aprel ayında müvafiq mübahisə üzrə məhkəməyə müraciət etdiklərini, müvafiq Fərmana uyğun olaraq mülki işin baxılmamış saxlanması barədə qərardad qəbul edildiyini, zaminlik müqaviləsi üzrə qanunvericiliklə müəyyən edilmiş müddəti ötürmədiklərini bildirərək, bu halların nəzərə alınaraq, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdehlərə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, onlar məhkəmə iclasına gəlməmişlər, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər və məhkəmə iclasının təxirə salınmasını xahiş etməmişdirlər. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş, 344-xx.xx.2016-SM12 nömrəli, xx.xx.2016-cı il tarixli kredit müqaviləsinin surətindən görünür ki, “xxxx” ASC Cavabdeh1 36 ay müddətinə, aylıq 199.70 manat ödəməklə, 5300 manat məbləğində pul vəsaitini kredit verməyi, borcalan Cavabdeh1 isə müqaviləyə əsasən krediti qəbul etməyi, müqavilədə göstərilən müddətdə və qaydada krediti və ona hesablanmış faizləri borc verənə qaytarmağı öhdəsinə götürür. İş materiallarına əlavə olunmuş 344-xx.xx.2016-SM12 nömrəli, xx.xx.2016-cı il tarixli zaminlik müqaviləsinin məzmunundan görünür ki, Cavabdeh2 kredit müqaviləsi üzrə kredit müqaviləsindən irəli gələn öhdəliklərin icra edilməsi üçün boclu ilə birgə məsuliyyət daşıması barədə öhdəlik götürmüş, kredit xətinin məbləği 5300 (beş min üç yüz) manat, kreditin müddəti 36 ay olduğu qeyd olunmuşdur. İş materiallarına əlavə olunmuş xx.xx.2021-ci il tarixli maliyyə arayışının məzmunundan görünür ki, xx.xx.2019-cu il tarixdə müqavilənin bitmə tarixi göstərilməklə, ödənilməmiş əsas borc üzrə 4266.60 (dörd min iki yüz altmış altı manat 60 qəpik) manat, müqavilə müddəti ərzində ödənilməmiş faiz borcu üzrə 1357.82 (bir min üç yüz əlli yeddi manat 87 qəpik) manat, müqavilə müddəti bitdikdən sonra illik 5 faiz hesablanmaqla faiz borcu üzrə 368.59 (üç yüz altmış səkkiz manat 59 qəpik) manat, cərimə borcu üzrə 460.4 (dörd yüz altmış manat 41 qəpik) manat, cəmi 6453.42 (altı min dörd yüz əlli üç manat 42 qəpik) manat borcu müəyyən edilmişdir. İş materiallarına əlavə olunmuş BPM**********34 nömrəli, xx.xx.2016-cı il kredit müqaviləsinə 1 nömrəli əlavədən görünür ki, Cavabdeh1 36 ay müddətinə hər ay 199.70 manat ödəniş etməyi öz öhdəsinə götürmüşdür. İş materiallarında olan xx.xx.2018-ci il tarixli xəbərdarlıq vərəqəsinin məzmunundan görünür ki, Cavabdeh1 kredit müqaviləsi üzrə öhdəsinə götürdüyü borc məbləğini “xxxx” ASC-yə tam ödənilməsi tələb olunmuş və ödənilmədiyi təqdirdə məhkəməyə müraciət olunacağı barədə xəbərdar olunmuşdur. İş materiallarında olan xx.xx.2016-cı il tarixli kassa məxaric orderinin məzmunundan görünür ki, Cavabdeh1 4982.00 manat məbləğində pul vəsaitini təhvil almışdır. Məhkəmə iddia tələbi ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.2-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinin tələbinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445-ci maddəsinin tələbinə görə, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 448.1-ci maddəsinin tələbinə görə, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) kredit müqaviləsi üzrə borca və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq kredit müqaviləsi üzrə borc və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən, borc müqaviləsinin predmeti hər hansı kredit müqaviləsi üzrə borc məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Həmin Məcəllənin 743-cü maddəsinə əsasən əgər borc alanın əmlak vəziyyəti əhəmiyyətli dərəcədə pisləşərsə, bu isə borcun qaytarılması tələbi üçün təhlükə yaradarsa, borc verən borcun dərhal qaytarılmasını tələb edə bilər. Bu hüquq həmçinin borc alanın əmlak vəziyyəti müqavilə bağlanmazdan əvvəl pisləşdikdə, borc verənə isə bu yalnız borc müqaviləsi bağlandıqdan sonra məlum olduqda da qüvvədədir. Həmin Məcəllənin 427.4-cü maddəsinə əsasən ağlabatan müddətdə icra edilməmiş öhdəliyi, eləcə də icra müddəti tələbetmə anı ilə müəyyənləşdirilmiş öhdəliyi borclu kreditorun icra tələbini irəli sürdüyü gündən yeddi gün müddətində icra etməyə borcludur, bu şərtlə ki, bu Məcəllədən, öhdəliyin şərtlərindən, işgüzar adətlərdən və ya öhdəliyin mahiyyətindən icranı başqa müddətdə həyata keçirmək vəzifəsi irəli gəlməsin. Həmin Məcəllənin 428.4-cü maddəsinə əsasən öhdəliyin icrası üçün borclunun xeyrinə hər hansı müddət təyin edildikdə, əgər borclu ödəniş qabiliyyətini itirərsə və ya şərtləşdirilmiş təminatı azaldarsa, yaxud ümumiyyətlə, belə təminat verə bilməzsə, kreditor dərhal icranı tələb edə bilər. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər Mülki Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 470.1-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472.2-ci maddəsinə əsasən əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472.3-cü maddəsinə əsasən birgə zamin olmuş şəxslər, əgər zamnlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, iddiaçı ilə Cavabdeh1 arasında bağlanmış BPM**********34 nömrəli xx.xx.2016-cı il tarixli kredit müqaviləsinə əsasən Cavabdeh1 illik 21 faizlə 36 ay müddətinə 5300 manat məbləğində kredit verilmişdir. Həmçinin, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, cavabdeh kredit müqaviləsi üzrə öhdəliyini lazimi qaydada və vaxtında yeriə yetirməmiş, nəticədə bank qarşısında borc öhdəliyi yaranmışdır. Bank tərəfindən təqdim edilmiş xx.xx.2021-ci il tarixli maliyyə arayışına əsasən, Cavabdeh1 banka ödənilməmiş 4266.60 manat əsas, müqavilə müddəti ərzində ödənilməmiş faiz borcu üzrə 1357.82 (bir min üç yüz əlli yeddi manat 87 qəpik) manat, müqavilə müddəti bitdikdən sonra illik 5 faiz hesablanmaqla faiz borcu üzrə 368.59 (üç yüz altmış səkkiz manat 59 qəpik) manat, cərimə borcu üzrə 460.4 (dörd yüz altmış manat 41 qəpik) manat, cəmi 6453.42 (altı min dörd yüz əlli üç manat 42 qəpik) manat borcu qalmışdır. Kredit müqaviləsinin təminatı kimi bankla Cavabdeh2 arasında zaminlik müqaviləsi bağlanmışdır. Ona görə də məhkəmə hesab edir ki, iddiaçı belə bir tələb irəli sürməkdə haqlı olmuş, Cavabdeh1 və Cavabdeh2 onların risk dairəsinə daxil olan öhdəlikləri icra etmədiyi bütün hallar üçün cavabdeh olduğundan, öz öhdəliklərinin hər bir təqsirli pozuntusuna görə birgə məsuliyyət daşıyaraq, kredit borcunu iddiaçıya ödəməlidirlər. Bununla yanaşı, məhkəmə hesab edir ki, iddiaçı cərimə borcunun tutulmasına dair tələb irəli sürərkən cərimə borcunun məbləği tənasübsüz surətdə yüksək hesablanmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1-ci maddəsinə əsasən, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Məhkəmə hesab edir ki, 50 manat məbləğində cərimə borcunun tutulması ədalətli olmaqla yanaşı, kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri qorunmuş olur. Həmçinin, iş materiallarından görünür ki, iddiaçı tərəfindən 30 manat məbləğində dövlət rüsumu ödənilmiş və 0,40 manat mələğində xidmət haqqı ödənilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə kredit müqaviləsi üzrə iddiaçı tərəfindən hesablanmış əsas borc, faiz borcu və cərimə borclarını ayrı-ayrılıqda nəzərdən keçirərərək, hesab edir ki, iddia qismən təmin edilməli, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 4266,60 (dörd min iki yüz altmış altı manat 60 qəpik) manat məbləğində əsas borc, 1357.82 (bir min üç yüz əlli yeddi manat 87 qəpik) manat faiz borcu, müqavilə müddəti bitdikdən sonra illik 5 faiz hesablanmaqla 368.59 (üç yüz altmış səkkiz manat 59 qəpik) manat faiz borcu və 50.00 (əlli) manat cərimə borcu olmaqla, cəmi 6043.01 (altı min qırx üç manat bir qəpik) manat kredit borcunun, ödənilmiş 30 manat məbləğində dövlət rüsumu və 0,40 manat məbləğində bank xidmət haqqı tutularaq iddiaçı “xxxx” ASC-nin xeyrinə ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 4266,60 (dörd min iki yüz altmış altı manat 60 qəpik) manat məbləğində əsas borc, müqavilə müddəti ərzində ödənilməmiş 1357.82 (bir min üç yüz əlli yeddi manat 87 qəpik) manat faiz borcu, müqavilə müddəti bitdikdən sonra illik 5 faiz hesablanmaqla 368.59 (üç yüz altmış səkkiz manat 59 qəpik) manat faiz borcu və 50.00 (əlli) manat cərimə borcu olmaqla, cəmi 6043.01 (altı min qırx üç manat bir qəpik) manat kredit borcunun, ödənilmiş 30 manat məbləğində dövlət rüsumu və 0,40 manat məbləğində bank xidmət haqqı tutularaq iddiaçı “xxxx” ASC-nin xeyrinə ödənilsin. Qətnamədən, qətnamənin tərəflərə rəsmi qaydada verildiyi gündən bir ay müddətində BakışəhəriQaradağ rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Gülnar Əhmədova
Məhkəmə qərarları › İş №2(002)-882/2021
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qətnamə — İş №2(002)-882/2021
07.04.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver