Məhkəmə qərarları › İş №2(002)-882/2022

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qətnamə — İş №2(002)-882/2022

17.05.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(002)-882/2022 17.05.2022 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Hüseynov Fuad Ələsgər oğlunun sədrliyi, Mirzəliyev Amil Rəfayıl oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh X5 qarşı nisyə satılmış mala görə ödənilməmiş pul tələbinə dair iddiası üzrə mülki işə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh X5 qarşı nisyə satılmış mala görə ödənilməmiş pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh X3 nisyə aldığı İMEİ kodu **********40860 və **********40129 olan iki ədəd “Samsung Galaxy A71” markalı mobil telefonlara görə ödənilməmiş qalan 1813 manat borcun tutularaq onun xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə baxışı zamanı İddiaçı izahat verərək bildirdi ki, o, Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, İ.Nəbiyev küçəsində yerləşən “Real Telecom” mağazasında ********** saylı VÖEN əsasında sahibkarlıq fəaliyyəti ilə məşğul olur. Həmin mağazada telefon və telefon aksesuarları satır. Cavabdeh X6 uzun müddətdir ki, tanıyır. Belə ki, cavabdeh əvvəllər də onun telefon mağazasından nisyə telefon almış və pulunu vaxtında qaytarmışdır. Lakin 12.08.2020-ci il tarixdə 12 ay ərzində pulunu ödəmək şərtilə nisyə olaraq 1216 manat dəyərində “Samsung Galaxy A71” modelli, İMEİ kodu **********40129 olan mobil telefon almış, müxtəlif vaxtlarda cəmi 326 manat ödəniş etmiş, həmin telefona görə 890 manat borcu qalmışdır. Bundan əlavə, 09.09.2020-ci il tarixdə 12 ay ərzində pulunu ödəmək şərtilə nisyə olaraq 1216 manat dəyərində “Samsung Galaxy A71” modelli, İMEİ kodu **********40860 olan mobil telefon almış, müxtəlif vaxtlarda cəmi 293 manat ödəniş etmiş, həmin telefona görə 923 manat borcu qalmışdır. Telefonların satılma tarixi, İMEİ kodları, ödəniş müddəti, cavabdehin ödəniş etdiyi məbləğlər qeydiyyat kitabında dəqiq qeyd olunmuş, həmin qeydiyyat kitabının surətlərini və maliyyə arayışını məhkəməyə təqdim etmişdir. Dəfələrlə cavabdehdən aldığı nisyə mallara görə yaranmış borc məbləğini ödəməsini tələb etsə də, cavabdeh müxtəlif bəhanələrlə onun pulunu ödəməkdən yayınmışdır. Bu səbəbdən, məcburiyyət qarşısında qalaraq iddia tələbi ilə məhkəməyə müraciət etmişdir və iddia tələbinin təmin olunmasını xahiş edir. Cavabdeh X10 məhkəmə iclasının vaxtı və yeri barədə qanunvericiliklə müəyyən edilmiş qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə, Azərbaycan Respublikasının MPM-nin 185.5-ci maddəsinə əsasən mülki işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Eyni zamanda, məhkəmə müəyyən edir ki, cavabdeh X10 28.03.2022-ci il tarixli məhkəmə hazırlıq iclasında iddiaya münasibət bildirərkən izahatında bildirmişdir ki, iddianı qismən qəbul edir. Həqiqətən iddiaçının bildirdiyi iki ədəd mobil telefonun hər birini 1216 manata nisyə satın almışdır. Sonradan müəyyən ödənişlər etmiş, lakin qəbz almamışdır. İddiaçıya cəmi 320 manat borcu vardır, ona görə də iddianın qismən təmin edilməsini xahiş edir. Məhkəmə, izahatları dinləyib, iş materiallarında olan yazılı sübutları tədqiq edərək belə qənaətə gəlir ki, iddia tələbi aşağıdakı əsaslara görə əsaslı hesab olunaraq təmin edilməlidir. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası Qaçqınların və X8 üzrə Dövlət Komitəsi Bakı şəhəri Qaradağ rayon sektoru tərəfindən verilmiş 2714 saylı, 30.11.2021-ci il tarixli arayışdan görünür ki, X2 rayonundan məcburi köçkündür və Lökbatan qəsəbəsi, 28 may küçəsi, ev 10, mənzil 59 ünvanında məskunlaşmışdır. İş materiallarında olan fiziki şəxsin sahibkarlıq uçotu haqqında ********** nömrəli şəhadətnamənin surətindən görünür ki, İddiaçı sahibkar kimi “bir pəncərə” prinsipi ilə qeydiyyata alınmışdır. İş materiallarında olan maliyyə arayışından görünür ki, X10 12.08.2020-ci il tarixində və 09.09.2020-ci il tarixində İddiaçı iki ədəd “Samsung Galaxy A71” markalı iki ədəd mobil telefon almışdır. Hər birinin qiyməti 1216 manat təşkil edir. X10 2432 manat ödəməli olduğu halda, müxtəlif tarixlərdə cəmi 619 manat ödəniş etmişdir. X1 İddiaçı 1813 manat ödənilməmiş borcu qalmışdır. İş materiallarında olan İddiaçı X5 ünvanladığı pretenziya məktubundan görünür ki, İddiaçı Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, İ.Nəbiyev küçəsində yerləşən “Real Telecom” mağazasında ********** saylı VÖEN əsasında sahibkarlıq fəaliyyəti ilə məşğul olur. Həmin mağaza telefon və telefon aksesuarlarının satışı ilə məşğuldur. X10 12.08.2020-ci il tarixdə nisyə olaraq 1216 manat dəyərində “Samsung Galaxy A71” markalı İMEİ kodu **********40129 olan mobil telefon almış, həmin puldan cəmi 326 manat ödəniş etmiş, həmin telefona görə 890 manat borcu qalmış, 09.09.2020-ci il tarixdə nisyə olaraq 1216 manat dəyərində “Samsung Galaxy A71” markalı İMEİ kodu **********40860 olan mobil telefon almış, həmin puldan cəmi 293 manat ödəniş etmiş, həmin telefona görə 923 manat borcu qalmışdır. “Samsung Galaxy A71” markalı İMEİ kodu **********40129 olan mobil telefona görə yaranmış olan 890 manat borcun və “Samsung Galaxy A71” markalı İMEİ kodu **********40860 olan mobil telefona görə yaranmış olan 923 manat borcun ödənilməsi barədə X5 xəbərdarlıq edilmiş, əks təqdirdə məhkəməyə müraciət ediləcəyi bildirilmişdir. İş materiallarında olan qeydiyyat kitabından çıxarışlardan görünür ki, X10 12.08.2020-ci il tarixdə 12 ay ərzində ödəmək şərtilə nisyə olaraq 1216 manat dəyərində “Samsung Galaxy A71” modelli, İMEİ kodu **********40129 olan mobil telefon almış, müxtəlif vaxtlarda cəmi 326 (100+93+93+40) manat ödəniş etmişdir. Eyni zamanda, 09.09.2020-ci il tarixdə 12 ay ərzində ödəmək şərtilə nisyə olaraq 1216 manat dəyərində “Samsung Galaxy A71” modelli, İMEİ kodu **********40860 olan mobil telefon almış, müxtəlif vaxtlarda cəmi 293 (100+93+100) manat ödəniş etmişdir. İş materiallarında olan X9 Sistemindən çıxarışlardan görünür ki, İMEİ kodu **********40860 və **********40129 olan iki ədəd mobil telefon Beynəlxalq GSM Assosiasiyası tərəfindən təyin olunmuş qaydalara uyğundur, qeydiyyatdan keçirilmiş və istifadəsinə icazə verilmişdir. Beləliklə, məhkəmə mülki iş üzrə sübutlara, o cümlədən tərəflərin izahatlarına və iş materiallarında olan yazılı sübutlara əsasən müəyyən edir ki, tərəflər arasında 12.08.2020-ci il və 09.09.2020-ci il tarixlərində İMEİ kodları **********40860, **********40129, hər birinin qiyməti 1216 manat olan iki ədəd “Samsung Galaxy A71” markalı mobil telefonların 12 ay ərzində ödənilməsi şərtilə nisyə alqı-satqısı barədə şifahi müqavilə bağlanmaqla razılaşma əldə olunmuşdur. İddia tələbinin əsaslandığı maliyyə arayışına, qeydiyyat kitabından çıxarışlara əsasən cavabdehin iddiaçıya 890+923=1813 manat borcunun olduğu öz təsdiqini tapmaqdadır. Cavabdeh tərəf isə öz etirazının əsası kimi istinad etdiyi hal (cəmi 320 manat borcunun qalması) barədə hər hansı mötəbər sübut təqdim etməmişdir. Ona görə də iddia əsaslı hesab olunaraq təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 389.1-ci maddəsinə əsasən, mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. Həmin Məcəllənin 406.1-ci maddəsinə əsasən, müqavilə əqdlərin bağlanması üçün nəzərdə tutulan hər hansı formada bağlana bilər, bu şərtlə ki, bu Məcəllədə həmin növ müqavilə üçün müəyyən forma təyin edilməsin. Həmin Məcəllənin 329.2-ci maddəsinə əsasən, əqdlər şifahi və ya yazılı (sadə və ya notarial) formada bağlanır. Həmin Məcəllənin 567-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 600.4-cü maddəsinə əsasən, əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Həmin Məcəllənin 5.3-cü maddəsinə əsasən, mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Həmin Məcəllənin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətlərdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Beləliklə, məhkəmə mülki iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək və sadalanan hüquq normalarının tələblərini nəzərə alaraq hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən, sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilir. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəllənin 217.4cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikasının MPM-nin 216-220, 360cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia təmin edilsin. Cavabdeh X3 nisyə aldığı iki ədəd “Samsung Galaxy A71” markalı mobil telefonlara görə ödənilməmiş qalan 1813 (min səkkiz yüz on üç) manat məbləğində borc pul vəsaiti tutularaq İddiaçı ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən : Fuad Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar