Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(002)-888/2022 31.03.2022 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Əhmədova Gülnar İnqilab qızının sədrliyi, Əliyeva Təhminə Faiq qızının katibliyi, İddiaçı iştirakları ilə, İddiaçı Cavabdeh qarşı «aliment məbləğinin artırılması» tələbinə dair iddiası üzrə mülki işə Qaradağ rayon Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı «aliment məbləğinin artırılması» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 13 avqust 2011-ci il təvəllüdlü X8 və 26 aprel 2015-ci il təvəllüdlü X2 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün tutulan alimentin miqdarı artırılaraq hər ay hər uşağa görə 200 manat olmaqla, cəmi 400 (dörd yüz) manat sabit pul məbləğində alimentin müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, o İddiaçı Cavabdeh ilə 10 aprel 2017-ci il tarixdə nikah münasibətinə daxil olaraq ailə qurmuşlar və cavabdehlə rəsmi nikahlarından 13 avqust 2011-ci il təvəllüdlü X8 və 26 aprel 2015-ci il təvəllüdlü X7 dünyaya gəlmişdir.Cavabdeh ilə xasiyyətləri tutmadığı və o ailəsinə lazımi qayğı göstərmədiyinə görə onunla arasında olan nikah Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 03 aprel 2011-ci il tarixli, 2(002)-137/2021 saylı qətnaməsi ilə pozulmuş və bu barədə ona Qaradağ rayon Qeydiyyat Şöbəsi tərəfindən 07 aprel 2021-ci il tarixdə nikahın pozulması barədə şəhadətnamə verilmişdir.Qaradağ Rayon Məhkəməsinin 03.02.2021-ci il tarixli 2(002)-137/2021 saylı qətnaməsi ilə 13 avqust 2011-ci il təvəllüdlü X8 və 26 aprel 2015-ci il təvəllüdlü X7 yetkinlik yaşına çatana qədər saxlanılması üçün 03.02.2021-ci il tarixdən başlayaraq Cavabdeh hər ay hər bir uşağa görə 150(yüz əlli) manat,iki uşağa görə 300(üç yüz) manat sabit pul məbləğində aliment tutulması qət olunmuşdur.Hazırda dolanacaq xərclərin yüksəlməsi ilə əlaqədar bu məbləğ çox azdır və uşaqların saxlanılması yetərli deyil.Ona görə də qeyd eidlən halların nəzərə alınaraq, iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul eidlməsini məhkəmədən xahiş etmişdir. İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa və dəlillərinə uyğun izahat verərək, öz izahatında özünün gözəllik salonunda işlədiyini, nikahın pozulması ilə bağlı olan məhkəmə baxış iclasında iştirak edə bilmədiyini, aliment tələbini ona görə də həmin vaxtıirəli sürmədiyini, iddiaçının özünün tələbi əsas götürülərək 300 manat aliment müəyyən eidldiyini, halbuki həmin vaxtı 175 manat hər bir uşaq üçün aliment müəyyən edilməli idi, indiki halda isə uşaqların xərclərinin çox olduğunu,uşaqlar və anası ilə birlikdə kirayədə qalır,cavabdehin santexnik satıcısı işlədiyini, gəliri qazancının çox olduğunu, uşaqlarla görüşsə də, onlara pul xərcləmədiyini bildirərək, iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdehə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, o məhkəmə iclasına gəlməmiş və gəlməməyinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş Bakı şəhəri Qaradağ rayon Məhkəməsinin 03.02.2021-ci il tarixli 2(002)-137/2021 saylı qətnaməsinin surətindən görünür ki, Cavabdeh qarşı «nikahın pozulması tələbinə dair» iddiası təmin edilərək Cavabdeh ilə X6 arasında 26.10.2010-cu il tarixdə Qaradağ Rayon Qeydiyyat Şöbəsində 953 saylı akt qeydi ilə bağlanmış nikah pozulsun.26.04.2015-ci il təvəllüdlü X7 və 13.08.2011-ci il təvəllüdlü X8 cavabdeh X1 yanında və himayəsində saxlanılsın, 26.04.2015-ci il təvəllüdlü X7 və 13.08.2011-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün 03.02.2021-ci il tarixdən başlayaraq iddiaçı Cavabdeh X5 xeyrinə hər ay bir uşağa görə 150 (yüz əlli) manat,iki uşağa görə 300(üç yüz) manat sabit pul məbləğində aliment tutulmaı qət edilmişdir. İş materiallarında olan 26.08.2011-ci il tarixli AZ-İİ 739988 nömrəli doğum haqqında şəhadətnamənin məzmunundan görünür ki, X8 13.08.2011-ci il tarixdə Bakı şəhərində anadan olmuşdur. Atası Cavabdeh, anası X3r. İş materiallarında olan 26.05.2015-ci il tarixli AZ-İİİ 546571 nömrəli doğum haqqında şəhadətnamənin məzmunundan görünür ki, X7 26.04.2015-ci il tarixdə Bakı şəhərində anadan olmuşdur. Atası Cavabdeh, anası X3r. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinin İ və İİ hissələrinə əsasən, cəmiyyətin əsas özəyi kimi ailə dövlətin xüsusi himayəsindədir. Uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Konstitusiyanın 34-cü maddəsinin İİİ və İV hissələrində müəyyən olunmuşdur ki, analıq, atalıq, uşaqlıq qanunla mühafizə edilir. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. “Uşaq hüquqları haqqında” Konvensiyanın 18-ci maddəsinin 1-ci bəndinə görə, iştirakçı dövlətlər uşağın tərbiyəsi və inkişafı üçün hər iki valideynin ümumi və eyni məsuliyyət daşıması prinsipinin tanınmasını təmin etməkdən ötrü mümkün olan bütün səyləri göstərirlər. Uşağın tərbiyəsi və inkişafı üçün əsas məsuliyyəti valideynlər və ya müvafiq hallarda qanuni qəyyumlar daşıyırlar. Uşağın ən yaxşı mənafeyi onların əsas qayğı obyektidir. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 19-cu maddəsinə əsasən, valideynlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Onlar uşağı sağlam böyütməli, ümumbəşəri və milli dəyərlər əsasında tərbiyə etməli, müstəqil həyata hazırlamalıdırlar. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir. Ailədə uşaqların hüquqlarının və mənafelərinin müdafiəsinin və bununla bağlı digər məsələlərin tənzimlənməsinin hüquqi əsasları Azərbaycan Respublikası Ailə Məcəlləsində təsbit olunmuşdur. Azərbaycan Respublikası Ailə Məcəlləsi uşaqların qayğısına qalmaq konstitusiya prinsipinə əsaslanaraq valideynlərin üzərinə uşaqları saxlamaq vəzifəsini qoymuşdur. Belə ki, həmin Məcəllənin 75.1 və 75.2-ci maddələrinə əsasən, valideynlər uşaqlarını saxlamağa borcludurlar. Uşaqlarını saxlamağın qayda və formasını valideynlər müstəqil müəyyən edirlər. Həmin Məcəlləsinin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” 28 mart 2016-cı il tarixli qərarında məhkəmələrə izah edilmişdir ki, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır (“Uşaq hüquqları haqqında” Qanunun 13-cü maddəsi). Həmin Qərarın 8.2-ci bəndinə əsasən məhkəmələrə izah edilsin ki, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır (“Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsi). Nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, qanunvericiliklə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatın aliment kimi digər valideyndən tutulmasına əsas verir. Aliment ödəyən əmək qabiliyyətli valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və qazanca malik olmaması onu uşağı saxlamaq, qanunvericiliklə müəyyən olunmuş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatı ödəmək vəzifəsindən azad etmir. Həmin Qərarda qeyd olunmuşdur ki, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən edilərkən uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas meyar olmalı və yalnız bir tərəfin deyil, hər iki tərəfin ailə və maddi vəziyyəti öyrənilməlidir. Bu zaman məhkəmələr uşağın valideynlərinin birgə yaşadıqları dövrdə ailənin maddi vəziyyəti və yaxud ayrı yaşadıqları dövrdə uşağın saxlanmasına valideynlərdən biri tərəfindən könüllü qaydada vəsait ödənilməsini və uşağın bu ödəmənin dayandırıldığı vaxtadək olan dövrdəki təminat səviyyəsini nəzərə almalıdırlar. Əlavə haqq ödənilməklə uşağın məktəbəqədər tərbiyə müəssisəsinə, musiqi, rəsm, idman, rəqs və digər dərnəklərə gedib-getməməsi də nəzərə alınmalıdır. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 132.1.1 və 132.1.2-ci maddələrinin şərh edilməsinə dair” 5 oktyabr 2012-ci il tarixli qərarda formalaşdırdığı hüquqi mövqeyə əsasən, uşaq hüquqlarının həyata keçirilməsi, uşaqların yüksək mənəviyyatlı, hərtərəfli şəxsiyyət kimi formalaşmasına şərait yaradılması Azərbaycan Respublikasının dövlət siyasətinin üstün istiqamətlərindən biridir. Uşaqlar barəsində dövlət siyasəti hər bir uşağın zəruri maddi və məişət şəraitində böyüyüb tərbiyə olunmasının, mütərəqqi tələblər əsasında təhsil almasının, layiqli vətəndaş kimi formalaşmasının təmin edilməsinə yönəldilir. Hər bir uşaq ailədə yaşamaq və tərbiyə almaq, öz valideynlərini tanımaq və onların qayğısından istifadə etmək, onlarla birgə yaşamaq hüququna malikdir. Eyni zamanda, uşağın öz valideynləri tərəfindən tərbiyə olunmaq, öz maraqlarının təmin olunması, hərtərəfli inkişafı, onun ləyaqətinə hörmət olunması hüququ vardır. “Azərbaycan Respublikasında 2022-ci il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikası Qanuna görə 2022-ci il üçün yaşayış minimumu uşaqlar üçün 170 manat məbləğində müəyyən edilmişdir. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanunun 13-cü maddəsinə əsasən uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Məhkəmə hesab edir ki, tərəflərin əvvəllər rəsmi nikahda olmaları, rəsmi nikahdan övladının olması və yetkinlik yaşına çatmamış uşağın iddiaçının yanında qalması, həmçinin onların saxlanılması üçün cavabdehdən iddiaçının xeyrinə alimentin tutulmasına dair hallar aşkar olmaqla, qətnamə əsasında müəyyən olunmuş hallar kimi preyudisial əhəmiyyətə malik olmaqla, həmin faktların yenidən mübahisələndirilməsinə və sübut edilməsinə yol verilmir. Məhkəmə iclasında tədqiq olunmuş sübutlar əsasında müəyyən olunmuşdur ki, tərəflər arasında rəsmi nikah pozulmuş, həmin nikahdan olan uşaq 26.04.2015-ci il təvəllüdlü X7 və 13.08.2011-ci il təvəllüdlü X8 anasının himayəsindədir. Məhkəmə qətnaməsi əsasında həmin uşaqların yetkinlik yaşına çatanadək saxlanması üçün cavabdehdən iddiaçının xeyrinə hər uşağa görə 150 manat olmaqla, cəmi 300 manat sabit pul məbləğində alimentin tutulması qət edilmişdir. Həmçinin, iddiaçı iddia tələbinin əsası kimi müvafiq məhkəmə qətnaməsi əsasında təyin edilmiş alimentin miqdarının uşağın saxlanması, habelə onun təhsili, sağlamlığı ilə bağlı zəruri olan tələbatlarının ödənilməsinə kifayət etməməsi halına istinad etmişdir. Bu halda, məhkəmə uşaqları tərbiyə etmək, qayğısına qalmaq, onları böyütmək hər iki valideynin borcu olduğu halda, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşaqların himayəsində olduğu valideynin üzərinə düşməsi halı qanunvericiliklə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatın aliment kimi digər valideyndən tutulmasına əsas verməsi halını, habelə uşaqlarının maddi digər zəruri ehtiyaclarının, tələbatlarının günü-gündən artdığını nəzərə alaraq, hesab edir ki, iddiaçı belə bir tələb irəli sürməkdə haqlı olmuşdur. Həmçinin, məhkəmə alimentin artırılan miqdarının məbləğinin müəyyən edilməsi ilə bağlı hesab edir ki, hazırki iş üzrə cavabdehin mövcud maddi vəziyyətində dəyişikliyin baş verməsi halının müəyyən edilməsinin mümkün olmadığını, habelə uşaqların saxlanılması, böyüdülməsi ilə bağlı öhdəliklərin icrasının hər iki valideynin borcunun olması halının nəzərə alınması məqsədəmüvafiqdir. Bundan əlavə, iddiaçı tərəfindən məhkəməyə uşaqların saxlanması üçün hər ay hər bir uşaq üçün 200 manat məbləğində xərcin çəkilməsinin zəruri olması halına dair heç bir sübutu məhkəməyə təqdim edə bilməmişdir. Ona görə də, məhkəmə qeyd olunan halları nəzərə alaraq, habelə uşaqların üstün mənafeyini, daim artan tələbatlarının, zəruri sağlamlıq, təhsil xərclərinin ödənilməsi zərurətinin olduğunu əsas götürərək, hesab edir ki, müvafiq məhkəmə qətnaməsi ilə təyin edilmiş alimentin məbləğinın artıralaraq, hər ay hər bir uşaq üçün 175 manata sabit pul məbləğində müəyyən eidlməsi ağlabatan məbləğ kimi qəbul edilə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir;77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 217.4-cü maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Həmçinin, qeyd edilməlidir ki, “Dövlət rüsumu haqqqında” Azərbaycan Respublikası Qanunun 9.1.2-ci maddəsinə əsasən aliment alınması barədə iddialar üzrə - iddiaçılar dövlət rüsumunu ödəməkdən azad olunurlar. Həmin Qanunun 9.4-cü maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövtət rüsümu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülür. Həmçinin, qeyd olunan Qanunun.1.2-ci maddəsinə əsasən iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi məbləğində müəyyən edilmişdir Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 112.1.3-cü maddəsinə əsasən aliment alınması haqqındakı iddialarda iddianın qiyməti bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. Bu halda, məhkəmə iddiaçının dövlət rüsumunu ödəməkdən azad olunduğunu, həmçinin, hazırki iş iddianın qiymətini (bir il ərzində ödəməmənin məcmusu) nəzərə alaraq, habelə qeyd olunan hüquq normalarını əsas götürərək, hesab edir ki, hazırki iş üzrə ödənilməli olan 56 manat məbləğində dövlət rüsumu cavabdehdən alınaraq dövlət büdcəsinə köçürülməlidir. Beləliklə, məhkəmə iş materiallarını araşdıraraq, toplanmış digər sübutlar məcmuəsinə hüquqi qiymət verərək, hesab edir ki, iddia ərizəsi qismən təmin edilməli, Cavabdeh 26.04.2015-ci il təvəllüdlü X7 və 13.08.2011-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün Bakı şəhəri Qaradağ rayon Məhkəməsinin 03.02.2021-ci il tarixli 2(002)-137/2021 saylı qətnaməsi ilə tutulan alimentin miqdarı artırılaraq, hər ay bir uşağa görə 175 manat olmaqla, cəmi 350 manat sabit pul məbləğində aliment tutularaq İddiaçı xeyrinə ödənilməli, iş üzrə ödənilməli olan 56 manat məbləğində dövlət rüsumu cavabdehdən alınaraq dövlət büdcəsinə köçürülməlidir. İddianın qalan hissəsi əsassız olduğundan təmin edilməməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh 26.04.2015-ci il təvəllüdlü X7 və 13.08.2011-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün Bakı şəhəri Qaradağ rayon Məhkəməsinin 03.02.2021-ci il tarixli 2(002)-137/2021 saylı qətnaməsi ilə tutulan alimentin miqdarı artırılaraq, hər ay bir uşağa görə 175 manat olmaqla, cəmi 350 manat sabit pul məbləğində aliment tutularaq İddiaçı xeyrinə ödənilsin. İddianın qalan hissəsi təmin edilməsin. İş üzrə ödənilməli olan 56 manat məbləğində dövlət rüsumu cavabdehdən alınaraq dövlət büdcəsinə köçürülsün. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Qaradağ rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Gülnar Əhmədova
Məhkəmə qərarları › İş №2(002)-888/2022
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qətnamə — İş №2(002)-888/2022
31.03.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver