Məhkəmə qərarları › İş №2(002)-89/2021

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qətnamə — İş №2(002)-89/2021

28.01.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(002)-89/2021 28.01.2021 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Əhmədova Gülnaar İnqilab qızının sədrliyi, Mirzəliyev Amil Rəfayıl oğlunun katibliyi, İddiaçı Əlibaba oğlunun, Cavabdeh1 iştirakları ilə, İddiaçı Əlibaba oğlunun cavabdehlər Cavabdeh2 MMC və Cavabdeh1 qarşı vurulmuş zərərin əvəzinin ödənilməsi tələbinə dair iddia ərizəsi ilə bağlı mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Əlibaba oğlu cavabdehlər Cavabdeh2 MMC və Cavabdeh1 qarşı vurulmuş zərərin əvəzinin ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh2 MMC və Cavabdeh1 avtomobilinə dəymiş ziyana görə 1686 manat, ona vurulan maddi zərərə görə 1300 manat pulun və 30 manat dövlət rüsumunun alınıb ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, xx.xx.2019-cu il tarixdə özünə məxsus Nazlifan markalı **-BF-*** dövlət qeydiyyat nişanlı avtomaşınla Biləsuvar-Mingəçevir yolu ilə hərəkət edən zaman həmin yolun 20-ci kilometrliyində saat 04:30 radələrində qarşıda gedən "MAN" markalı **-JM-*** dövlət nömrə nişanlı iri tonnajlı yük avtomaşını gözlənilmədən yolun soluna çıxmış və onun idarə etdiyi avtomobilin arxa və sağ tərəfinə vurmuş, avtomobili yolun kənarındakı şor kanalına düşmüş, "MAN" markalı avtomaşının sürücüsü Cavabdeh1 sanki heç nə olmamış kimi maşınını sürüb getmişdir. Arxadan gələn minik maşınları bu hadisəni görmüş və onlardan 2 nəfəri onu maşından çıxarmışlar. Orada bilmişdir ki, sürücü Cavabdeh1 hadisə yerindən təxminən 20-30 metr gedəndən sonra maşını saxlamış və sonra yoluna davam etmişdir. Hadisə yerinə Biləsuvar RPŞ-nin əməkdaşları gəlmiş, hadisə barədə məlumatlandırılmış, sonra məlum olmuşdur ki, həmin "MAN" markalı yük avtomaşını hadisə yerindən bir neçə km yol gedəndən sonra aşmışdır və polislər hadisə yerinə gedib sürücü Cavabdeh1 RPŞ-nə aparmışlar. O yüngülvari əzilsə də bu barədə heç bir orqana şikayət və ya müraciət etməmişdir. Cavabdeh1 AR İXM-nin 327.1 maddəsi ilə cərimə edilmişdir. Hadisə nəticəsində onun idarə etdiyi avtomobilə ümumilikdə 1686 manat ziyan dəymişdir. Polis tərəfindən araşdırma aparılarkən Cavabdeh1 və onun idarə etdiyi avtomaşının məxsus olduğu "Cavabdeh2" MMC Şirkətinin nümayəndəsi söz verdilər ki, onun avtomobilinə dəymiş 1686 manat ziyanı tam şəkildə ödəyəcəklər. Lakin onlar bu günə kimi bir manat olsun belə zərərdən ödəmədilər. Sonradan məlum oldu ki, "MAN" markalı avtomaşının sığortası da yoxdur, vaxtı ilə olub, lakin müddəti də bitib. O çox gözlədi cavabdehlər gəlib ya maşınını təmir etsinlər, ya da dəymiş zərəri ödəsinlər ki, özü təmir etsin. Lakin onlar vədlərinə və dəfələrlə verdiyi öhdəliklərinə əməl etmədilər. O 2-ci qrup Qarabağ əlilidir. Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi uğrunda gedən döyüşlərdə yaralanmış, bir müddət mühasirədə qalmış, son gülləmə qədər düşmənlə vuruşmuş, nəhayət əsir alınmışdır. Minnətdardır Azərbaycan Dövlətinə, onun Rəhbərinə və X4 Cəmiyyətinə onu 1995-ci ildə əsirlikdən azad etdilər, ona toxunulmazlıq hüququ verdilər, 2 illik əsirlik dövründə ona verilən işgəncələr barədə yazarsa bu böyük bir dastan olar, ancaq bunun hazırkı iddiaya aidiyyatı yoxdur. Lakin hərəkət etmək üçün avtomobilə zəruri ehtiyacı olduğu üçün məcbur olub borca girib avtomobilini öz vəsaiti hesabına təmir etdirə bilmişdir. Maşının zədələnmiş hissələrini almaq üçün 3 dəfə Bakı şəhərinə getdim, 2 dəfə İmişli rayonuna gedib Cavabdeh1 ünvanını tapmışdır. Çünki o, həmin ərəfələrdə telefona cavab vermir, təhqiqatçının çağırışlarına gəlmirdi. Məcbur olub işinin xatirinə Yusifi axtarırdı ki, ziyanı ödəsin. Hətta təhqiqatçı Nahid Hüseynov da Yusifdən narazılıq edirdi, onun çağırışlarına gəlmədiyini bildirirdi. Sizlərə qəribə gəlsə də həqiqət bu idi. Onun şikayəti əsasında Prezident Aparatına çağırdılar, dinlədilər, sonra DİN-nə göndərdilər və işini nəzarətə aldılar. 2-ci qrup Qarabağ əlili üçün Bakıya, İmişliyə getmək, adam axtarmaq nə qədər çətin idi. Ona çox böyük mənəvi zərər dəyib lakin cavabdehlərdən mənəvi zərəri tələb də etmir. Ancaq bu yollarda xeyli miqdarda pul sərf etmişdir, maddi cəhətdən zərərə düşmüşdür. Maddi zərər ən aşağısı 1300-1500 manatdan da çoxdur. Belə olan halda zərərçəkmiş şəxs vurulmuş ziyanın ödənilməsi üçün məhkəməyə müraciət etmişdir. Bununla əlaqədar olaraq, iddiaçı 1686 manat məbləğində dəymiş ziyan, 1300 manat məbləğində maddi zərər və 30 manat dövlət rüsumunun cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı Əlibaba oğlu iddia ərizəsinin məzmununa və dəlillərinə uyğun izahat verərək, iddia tələbini müdafiə edərək, öz izahatında onun maşınının sığortası olduğunu, cavabdehlərin heç biri tərəfindən ona heç bir ödəniş edilmədiyini, ona zərər yetirən maşının şirkətə məxssu olduğunu, lakin Cavabdeh1 idarə etdiyini, maşınına da məhz Yusifin ziyan vurduğunu, qəzanı onun törətdiyini, ancaq inidyə kimi də heç bir ziyanın ödənilmdəyini, onun maşının sığortalı olub-olmamasının bilmədiyini, Cavabdeh1 idarə etdiyi avtomobilinə uyğun etibarnaməsinin olub-olmadığının bilmədiyini, lakin özünün dediyinə görə etibarnaməsinin olduğunu qeyd edərək, bu halların nəzərə alınaraq, məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Cavabdeh1 məhkəmə iclasında izahat verərək, iddia tələbinə etiraz verərək, öz izahatında iddiaçıya vurduğu zərərin onun maaşından tutulduğunu, idarə etdiyi maşının sığortalı olması barədə ona məlumat verildiyini, 2019-cu il tarixdə iş yerindən çıxdığını, maşını idarə etməsinə dair etibarnaməsinin olduğunu, lakin bu etibarnamənin işdən çıxarkən təhvil verdiyini, idarə etdiyi avtomoblin şirkətə məxsus olduğunu, onun idarə etdiyini, məhz qəzanı da özünün törətdiytini, iddiaçıya vurulmuş ziyanın əvəzi olaraq heç bir ödəniş etmədiyini, şirkətin onun əmək haqqından pul tutduğunu, sonra da işdən çıxdığını qeyd edərək, bu halların nəzərə alınaraq məhkəmədən iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Cavabdeh2 MMC-yə məhkəmə iclasının vaxtı və yeri barədə malumat verilməsinə baxmayaraq, cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə heç bir məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin və onun nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir Məhkəmə mülki prosessual qanunvericiliyin tələbinə əsasən, işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş xx.xx.2020-ci il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın surətindən görünür ki, Cavabdeh1 “MAN YÜK” markalı, 90JM741 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən inzibati xəta törətmiş, nəticədə Cavabdeh1 Azərbaycan Respublikası İXMnin 327.1-ci maddəsi ilə təqsirli bilinərək 40 manat məbləğində cərimə olunmuşdur. İş materiallarına əlavə edilmiş xx.xx.2019-cu il tarixli “xxxx” ASC-nin usta malyarı X3 tərəfindən verilmiş qüsur aktının məzmunundan görünür ki, İddiaçı Əlibaba oğluna məxsus buraxılış ili 2018, “NAZLİFAN” markalı, **-BF-*** dövlət nömrə nişanlı minik maşınına Radiator – 100 manat, Arxa qapı – 250 manat, qabaq bufer – 200 manat, dumanlı fara – 40 manat, yağ radiatoru – 330 manat, “qabaq zaşitnik” bir cüt – 50 manat, buferin setkası – 170 manat, radiatorun setkası – 46 manat, dəmirçi haqqı – 200 manat, malyar haqqı – 300 manat göstərilməklə, cəmi 1686 AZN məbləğində ziyan dəymişdir. İş materiallarına əlavə edilmiş 9/4127 nömrəli xx.xx.2020-ci il tarixli, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş ekspert rəyindən görünür ki, “xxxx” ASC tərəfindən təqdim edilmiş xx.xx.2019-cu il tarixli qüsur aktındakı məlumatlara əsasən avtohissələrin qiymətləri nəzərə alınmaqla 2018-ci il buraxılışlı “Nazlifan” markalı, ** BF *** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci, avtoehtiyyat hissələrinə köhnəlmə faizi tətbiq edilməklə təxminən 1638.00 manat məbləğində ziyan dəymişdir. Aparılmış tədqiqatın dəyəri 100 manat məbləğində müəyyən edilmişdir. İş materiallarına həmçinin “MAN YÜK” markalı 90JM741 dövlət qeydiyyat nişanlı avtomobilin qəzalı vəziyyətinə və zədələnmiş hissələrinə dair fotoşəkillər əlavə olunmuşdur. İş materiallarında olan AD 247085 nömrəli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin məzmunundan görünür ki, **-BF-*** dövlət qeydiyyat nişanlı “NAZLİFAN” minik markalı 2018 buraxılış ili olan avtomobilin sahibi İddiaçı Əlibaba oğludur. Göründüyü kimi, tərəflər arasında əmlaka vurulmuş ziyanın ödənilməsi ilə bağlı mübahisəli hüquq münasibətləri yaranmışdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakın zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd əməldir. Həmin Məcəllənin 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfüzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlildir. Həmin Məcəllənin 1108.1-ci maddəsinə əsasən, ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərər çəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Məhkəmə baxışında tədqiq olunmuş sübutlar əsasında müəyyən olunmuşdur ki, Cavabdeh1 tərəfindən “MAN YÜK” markalı, **-JM-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən yol nəqliyyat hadisəsi törətmişdir. Yol-nəqliyyat hadisəsi nəticəsində İddiaçı Əlibaba oğlunun idarə etdiyi “NAZLİFAN” minik markalı, **-BF-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobilə maddi ziyan vurulmuşdur. Bununla əlaqədar xx.xx.2020-ci il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarla Cavabdeh1 “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin tələbini pozduğuna görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsinə əsasən 40 manat məbləğində cərimə edilmişdir. Həmçinin, məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, MAN YÜK markalı, **- JM-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobilin sahibi Cavabdeh2 MMC olmaqla, həmin nəqliyyat vasitəsini idarə etmək səlahiyyətini etibarnamə əsasında Cavabdeh1 vermişdir. Yol nəqliyyat hadisəsi nəticəsində məhz İddiaçı Əlibaba oğlunun idarə etdiyi “NAZLİFAN” markalı, **-BF-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobilə dəymiş zərər ekspert rəyi əsasında 1638.00 manat məbləğində müəyyən olunmuşdur. Göründüyü kimi, Cavabdeh1 təqsirli, hüquqazidd əməli (“Yol hərəkəti haqqında” Qanunun tələblərini pozmaqla) nəticəsində törətmiş olduğu yol-nəqliyyat hadisəsində qanuni sahibliyində olan idarə etdiyi nəqliyyat vasitəsi ilə (yüksək təhlükə mənbəyi) İddiaçı Əlibaba oğlunun sahibliyində olan nəqliyyat vasitəsinə birbaşa zərər vurmuşdur. Bununla belə, Cavabdeh1 törətmiş olduğu inzibati xəta nəticəsində İddiaçı Əlibaba oğlunun qanuni sahibliyində olan “NAZLİFAN” minik markalı, **-BF-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobilinə ziyanın vurulması müəyyən edildiyindən, Cavabdeh1 təqdim olunmuş bu halda mülki hüquq pozuntusu (delikt) törətmiş şəxs kimi mülki hüquq məsuliyyəti daşımalı və iddiaçının əmlakına vurduğu zərərin əvəzini tam həcmdə ödəməlidir. Məhkəmə iddiaçının əmlakına vurulmuş maddi ziyanın məbləğini müəyyən edərkən iddiaçının bu məbləği müəyyən edəcək mötəbər, təkzib olunmaz sübutlarını məhkəməyə təqdim etmədiyini, habelə ona məxsus avtomobilə vurulmuş ziyanın məbləğinin müəyyən olunması ilə bağlı təqdim etdiyi aktlara əsasən həmin qiymətlərin real bazar qiymətlərinə uyğun olub-olmamasının aşkar etməyin mümkün olmadığını qeyd edir. Ona görə də məhkəmə hesab edir ki, həmin zərərin tam həcmi müəyyən edilərkən ekspert rəyi əsas götürülməli və vurulmuş ziyanın məbləği bu rəylə müəyyən edilmiş 1638 manat məbləğində müəyyən olunmalı, iddia tələbi həmin hissədə təmin olunmalı, qalan hissədə isə təmin olunmamalıdır. Həmçinin, məhkəmə iddia tələbinin iddiaçıya 1300 manat məbləğində maddi ziyan vurulması hissəsi ilə bağlı hesab edir ki, iddia tələbi bu hissədə də əsassız olmaqla, təmin edilməməlidir. Belə ki, iddiaçı ona qeyd olunan məbləğdə maddi ziyanın vurulduğunu bildirsə də, həmin məbləğdə ona maddi ziyanın vurulması, habelə vurulmuş maddi ziyanla cavabdehlərin hərəkət və ya hərəkətsizili arasında səbəbli əlaqəni olmasına dair heç bir sübutu məhkəməyə təqdim edə bilməmişdir. Bununla da, iddiaçıya cavabdehlərin hərəkət və ya hərəkətsizliyi nəticəsində qeyd olunan məbləğdə maddi ziyanın vurulması halının aşkar edilməsi mümkün olmamışdır. Ona görə də məhkəmə hesab edir ki, iddia tələbi iddiaçının ona vurulmuş 1300 manat məbləğində maddi ziyanın ödənilməsi hissəsində əsassız olmaqla, təmin edilməməlidir. Həmçinin, məhkəmə iddia tələbinin Cavabdeh2 MMC-yə aid olan hissəsi ilə bağlı hesab edir ki, iddia tələbi qeyd olunan cavabdehə aid olan hissəsədə təmin edilməməlidir. Belə ki, iddiaçı iddia tələbində Cavabdeh2 MMC-nin hərəkət və ya hərəkətsizliyi nəticəsində ona maddi ziyan vurulduğunu bildirsə də, məhz qeyd olunan cavabdehin təqsirli hüquqazidd hərəkət və ya hərəkətsizliyi nəticəsində ona maddi ziyan vurulması, vurulmuş maddi ziyanla həmin cavabdehin hərəkətləri arasında səbəbli əlaqənin olması hallarına dair heç bir subutu məhkəməyə təqdim edə bilməmişdir. Həmçinin, məhkəmə araşdsırması zamanı müəyyən edilmişdir ki, iddiaçı qeyd olunan hissədə iddia tələbinin əsası kimi yol-nəqliyyat hadisəsini törədilməsi zamanı Cavabdeh1 idarə etdiyi avtomobilin həmin cavabdeh şirkətə məxsus olması halı ilə əsaslandırmışdır. Bu halda, məhkəmə mülki qnaunvericiliyin normalarının tələbini əsas götürərək, hesab edir ki, yol nəqliyyat hadisəsi törədilmiş avtomobilin yalnız Cavabdeh2 MMC-yə mülkiyyət hüququ əsasında məxsus olması halı özlüyündə həmin cavabdehin vurulmuş ziyanın ödənilməsinə görə mülki hüquqi məsuliyyətinin yaraması üçün əsas ola bilməz. Belə ki, mülki qanunvericiliyin tələbinə əsasən zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Bu halda, məhkəmə mülki qnaunvericiliyin qeyd olunan normalarının tələbini rəhbər tutaraq, hesab edir ki, hazırki mülki iş üzrə məhkəmə araşdırması zamanı yol nəqliyyat hadisəsinin məhz avtomobilin qanuni sahibi (etibarnamə) olan Cavabdeh1 tərəfindən törədilməsi halının aşkar olduğundan, habelə məhkəmə araşdırması zamanı məhz Cavabdeh2 MMC-nin hansı təqsirli hüquqazidd hərəkət və ya hərəkətsizliyi nəticəsində iddiaçıya maddi ziyan vurulması, vurulmuş maddi ziyanla həmin cavabdehin hərəkət və ya hərəkətsizliyi arasında səbəbli əlaəqinin olması halını müəyyən etmək mümkün olmadığından, iddia tələbi qeyd olunan cavabdehə aid olan hissədə əsassız olmaqla, təmin edilməməlidir. Həmçinin, məhkəmə iddia tələbinin 30 manat məbləğində dövlət rüsumunun cavabdehdən alınıb iddiaçıya ödənilməsi hissəsi ilə bağlı hesab eidr ki, iddia tələbi bu hissədə əsaslı olmaqla, təmin edilməlidir. Belə ki,Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsaəsn məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 124.1. İşə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanunun 8.1.2-ci maddəsinə əsasən məhkəməyə iddia ərizəsi verilərkən, iddia qiyməti 500 manatdan çox olduqda 30 manat məbləğində dövlət rüsumu ödənilir. Bu halda, məhkəmə qeyd olunan müvafiq qanunvericiliyin normalarını rəhbər tutaraq, habelə iddia tələbinin təmin edilmiş hissəsinin məbləğini əsas götürərək, hesab edir ki, iddia tələbi ödənilmiş dövlət rüsumunun cavabdehdən alınıb iddiaçıya ödənilməsi hissəsində də əsaslı olmaqla, təmin edilməlidir. Məhkəmə bununla əlaqədar onu qeyd edir ki, mülki prosessual qanunvericiliyin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.(MPM, maddə 14.2, 77.1 və 88 maddələri). İddiaçının tələbi bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu halda, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. X5 Məhkəməsi "X1rşı" xx xxxx 2007-ci il tarixli qərarında hüquqi mövqeyini əks etdirərək göstərmişdir ki, novensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq “affirmanti, non neganti, incumbit probatio” (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Məhkəmə işə baxarkən və sübutlara qiymət verərkən nəzərə alır ki, mülki prosessual qanunvericilikdə birbaşa göstərilməsə də, prosessual qanunvericilik işin faktiki hallarının müəyyən edilməsində və araşdırılmasında tərəflərin hüququna üstünlük vermişdir. Belə ki, Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə özü sübutları toplamamalı, tərəflərə çəkişmə prosesində iştirak etmək və onlar tərəfindən sübutların təqdim edilməsi üçün şərait yaratmalı, tərəflər istinad etdikləri halları özləri sübut etməli, məhkəmə isə təqdim edilmiş faktlar (hallar) əsasında müəyyən hüquqi nəticəyə gəlməlidir. Məhkəmə işin hallarına Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Həmin Məcəllənin 101.3-cü maddəsinə əsasən ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, İddiaçı Əlibaba oğlunun Cavabdeh2 MMC və Cavabdeh1 qarşı “dəymiş maddi zərərin ödənilməsi” tələbinə dair iddiası qismən təmin olunmalı, iddiaçının qanuni sahibliyində olan nəqliyyat vasitəsinə vurulmuş maddi zərərin əvəzi kimi 1638 manat, həmçinin məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 30 manat məbləğində dövlət rüsumu cavabdehdən tutulub iddiaçıya ödənilməli, ekspertiza tədqiqatının dəyərini təşkil edən 100 manat məbləğində pul vəsaiti cavabdehdən tutulub dövlət büdcəsinə köçürülməli, qalan hissədə iddia tələbi əsassız olduğundan rədd edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Cavabdeh1 iddiaçıya məxsus “NAZLİFAN” minik markalı, **-BF-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobilə vurulmuş maddi zərərin əvəzi olaraq 1638 (bir min altı yüz otuz səkkiz) manat məbləğində pul vəsaiti və ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumu tutularaq İddiaçı Əlibaba oğlunun xeyrinə ödənilsin. İddia tələbi qalan hissədə rədd edilsin. Ekspertiza tədqiqatının dəyərini təşkil edən 100 (yüz iyirmi) manat məbləğində pul vəsaiti Cavabdeh1 tutulub dövlət büdcəsinə köçürlüsün. Qətnamədən, qətnamənin tərəfə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Qaradağ rayon məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Gülnar Əhmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar