Məhkəmə qərarları › İş №2(002)-892/2023

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qətnamə — İş №2(002)-892/2023

06.04.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(002)-892/2023 06.04.2023 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Aslanova Gülnar Faiq qızının sədrliyi, X2 oğlunun katibliyi, Cavabdeh1 iştirakı ilə, İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı «kredit müqaviləsi üzrə borcun tutulması» tələbinə dair iddiası üzrə mülki işə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı ASC cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı kiçik iddialara dair sadələşdirilmiş icraat qaydasında məhkəməyə müraciət edərək, Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada İddiaçı ASC-in xeyrinə 11 dekabr 2019-cu il tarixli kredit müqaviləsi üzrə 1774.76 manat əsas borc, 3.63 AZN faiz, 1.44 AZN cərimə borcu olmaqla, ümumilikdə cəmi 1779.83 AZN və 37.80 manat ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi belə əsaslandırılmışdır ki, Cavabdeh2 11 dekabr 2019-cu il tarixli kredit müqaviləsinə əsasən "xxxx" İKB ASC-dən illik 1 faizlə 60 ay müddətinə 3269.58 AZN kredit götürülmüşdür. Borcun təminatı olaraq Cavabdeh1 ilə 11 dekabr 2019-cu il tarixli zaminlik müqaviləsi bağlanmışdır. Lakin borclu müqavilənin şərtlərini pozaraq,borc öhdəliyini icra etməkdən boyun qaçırır. 2023-cü il yanvarın 27-dək Cavabdeh2 banka 11 dekabr 2019-cu il tarixli kredit müqaviləsi üzrə 1774.76 AZN əsas borc, 3.63 AZN faiz, 2.88 AZN cərimə borcu olmaqla ümumilikdə cəmi 1781.27 AZN borcu vardır. Cavabdeh2 Səadət qızının 11 dekabr 2019-cu il tarixli kredit müqaviləsi üzrə banka ümumi cərimə borcu 2.88 manat təşkil etməsinə baxmayaraq, cərimə məbləği kredit müqaviləsində nəzərdə tutulmuş və təqdim olunan maliyyə arayışı üzrə ümumi cərimə məbləğinin 50%-i miqdarında olmaqla, yəni 1.44 manat məbləğində tələb olunur. Xəbərdarlıq edilməsinə baxmayaraq cavabdeh borcu ödəməkdən boyun qaçırır. Qeyd olunan halların nəzərə alınaraq iddianın təmin edilməsi barədə qətnamə çıxarılması məhkəmədən xahiş edilir. İddia ərizəsi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442, 448.1, 21, 465.2, 467, 445.2.1, 472.1, 472.2, 501-ci maddələri ilə əsaslandırılmışdır. Məhkəmə tərəfindən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-cü maddəsinə əsasən, cavabdehlərə məhkəmə bildirişi ünvanlanaraq iddiaya etiraz hüququ izah olunmuş, Cavabdeh1 tərəfindən xx.xx.2023-cü il tarixdə iddia ərizəsinə etiraz verilərək mülki işə iddia icraatı qaydasında baxılması xahiş edilmişdir. Məhkəmənin iş üzrə xx.xx.2023-cü il tarixli qərardadı ilə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.4-cü maddəsinə əsasən hazırkı mülki işə iddia icraatı qaydasında baxılması qərara alınmışdır. İddiaçının nümayəndəsi X1 məhkəmənin xx.xx.2023-cü il tarixli iclasında iddianı müdafiə edərək bildirmişdir ki, cavabdeh kredit üzrə aldığı vəsaiti ödəniş cədvəli üzrə ödəməmiş, aralarında bağlanmış müqavilənin şərtlərini pozaraq ödəmə müddətlərini müxtəlif vaxtlarda ötürmüş, nəticədə banka olan hazırkı borc məbləği yaranmışdır. İddia tələbinin əsaslılığı hesabdan çıxarış və maliyyə arayışları ilə təsdiq edilir. Cavabdeh tərəfindən sonuncu dəfə xx.xx.2023-cü il tarixdə ödəniş edildiyindən həmin ödəniş nəzərə alınmaqla yeni maliyyə arayışı elektron kabinetə yerləşdiriləcəkdir, odur ki, göstərilənlərin nəzərə alınaraq iddianın təmin edilməsini xahiş edir. Cavabdeh1 məhkəmə iclasında izahat verərək bildirmişdir ki, İddiaçı ASC ilə Cavabdeh2 arasındakı kredit müqaviləsinin təminatı kimi bağlanan zaminlik müqaviləsi üzrə zamin qismində çıxış edir, əsas borclu Cavabdeh2 onun həyat yoldaşıdır, yəni krediti faktiki olaraq o götürmüşdür. Cavabdeh1 iddia tələbi üzrə borcunun olduğunu etiraf edərək elektron kabinet vasitəsilə daxil olmuş maliyyə arayışı ilə tanış olduğunu, orada əks olunan 1338.76 manat məbləğində əsas borcunun həqiqətən də mövcud olduğunu təsdiq etmiş və qeyd etmişdir ki, ödəniş cədvəli üzrə ödəməli olduğu məbləğləri evi yandığı üçün gecikdirmişdir, lakin hazırda ödənişləri yerinə yetirərək borcunu qrafik üzrə hər ay ödəyir, sonuncu dəfə xx.xx.2023-cü il tarixdə 76 manat olmaqla kredit ödənişini həyata keçirmişlər. Cavabdeh bankın müqavilə üzrə ümumi borcu onlardan birdəfəlik tələb etməsindən narazı olduğunu bildirərək borcunun aylıq qrafik üzrə ödənilməsinə köməklik göstərilməsini və iddianın təmin edilməməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh2 məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, o məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə hər hansı məlumat təqdim etməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə Cavabdeh2 iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş, 19-M-2-0-922-14 nömrəli, xx.xx.2019-cu il tarixli kredit müqaviləsinin surətindən görünür ki, İddiaçı ASC Cavabdeh2 60 ay müddətinə, illik 1 % dərəcəsi ilə, 1 il müddətinə güzəşt olmaqla, 3269.58 manat məbləğində pul vəsaitini kredit verməyi, borcalan Cavabdeh2 isə güzəşt müddəti ərzində hər təqvim ayının 11-dək 2.72 manat güzəşt müddəti bitdikdən sonra kredit müddətinin sonunadək hər təqvim ayıın 11-dək 69.52 manat ödəniş borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin müqavilə və “Problemli kreditlərin restrukturizasiya edilməsi ilə əlaqədar güzəştli kreditlərin verilməsi üzrə vahid kredit şərtləri” birlikdə tətbiq edilir və vahid müqavilə hesab edilir. Həmin kredit müqaviləsinin ayrılmaz tərkib hissəsi olan 1 saylı Əlavə ilə İddiaçı ASC tərəfindən Cavabdeh2 yuxarıda qeyd edilən şərtlərlə verilmiş kreditin ödəniş qaydası 1 il güzəşt müddətində aylıq 2.72 manat, sonradan aylıq 69.52 manat olmaqla müəyyən edilmiş, ödənilmiş məbləğdən hansı hissədə faiz borcuna, hansı hissədə əsas məbləğə hesablanacağı göstərilmişdir. İş materiallarına əlavə olunmuş xx.xx.2019-cu il tarixli 19-M-2-0-922-14 saylı zaminlik müqaviləsinə əsasən 19-M-2-0-922-14 nömrəli, xx.xx.2019-cu il tarixli kredit müqaviləsi və Problemli kreditlərin restrukturizasiya edilməsi ilə əlaqədar güzəştli kreditlərin verilməsi üzrə vahid kredit şərtlərinə əsasən bankdan kredit götürmüş Borcalan (Cavabdeh2) tərəfindən kreditor qarşısında öz öhdəliklərinin tamamilə və ya hissə-hissə icra edilməsi üçün məsuliyyəti zamin (Cavabdeh1) öz üzərinə götürmüşdür. Həmin müqavilənin 4.2-ci bəndinə görə, kreditin məbləği, ondan istifadəyə görə faizlər, dəbbə pulu, borc tutulması üzrə məhkəmə xərclərinin və borcalanın öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borcalan ilə eyni həcmdə məsuliyyət daşıyır. İş materiallarında olan xx.xx.2023-cü il tarixli xəbərdarlıq vərəqəsinin məzmunundan görünür ki, Cavabdeh1 və Cavabdeh2 kredit müqaviləsi üzrə öhdələrinə götürdükləri borc məbləğini İddiaçı ASC-yə 5 iş günü ərzində ödənilməsi tələb olunmuş və ödənilmədiyi təqdirdə məhkəməyə müraciət olunacağı barədə xəbərdar olunmuşdur. İş materiallarına əlavə olunmuş xx.xx.2023-cü il tarixli maliyyə arayışının məzmunundan görünür ki, ödənilməmiş əsas borc üzrə 1338.76 manat, faiz borcu üzrə 6.47 manat, cərimə borcu üzrə 6.24 manat borcu olmaqla, Cavabdeh2 cəmi 1351.47 manat kredit borcunun olduğu müəyyən edilmişdir. Məhkəmə hazırkı iddia tələbinin qanuni əsası kimi aşağıdakı maddi hüquq normalarını qeyd edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Həmin Məcəllənin 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Həmin Məcəllənin 428.4-cü maddəsinə əsasən öhdəliyin icrası üçün borclunun xeyrinə hər hansı müddət təyin edildikdə, əgər borclu ödəniş qabiliyyətini itirərsə və ya şərtləşdirilmiş təminatı azaldarsa, yaxud ümumiyyətlə, belə təminat verə bilməzsə, kreditor dərhal icranı tələb edə bilər. Həmin Məcəllənin 472.1-ci və 472.2-ci maddələrində müəyyən olunmuşdur ki, borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Mülki Məcəllənin 462.1-ci maddəsinə əsasən, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. Həmin Məcəllənin 500.1-ci maddəsinə əsasən, əgər öhdəliyin icrası bir neçə şəxsə onlardan hər birini öhdəliyin tam icrasında iştirak etməyə borclu edən şəkildə həvalə edilirsə, kreditor isə yalnız birdəfəlik icranı tələb etmək hüququna malikdirsə, onlar birgə borclulardır. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, tərəflər arasında xx.xx.2019-cu il tarixdə kredit müqaviləsi bağlanılmış və həmin müqaviləyə əsasən, iddiaçı Cavabdeh2 3269.58 manat məbləğində pul vəsaitini kredit verməyi, Cavabdeh2 isə həmin kredit məbləğini müqavilədə göstərilən müddətdə və qaydada ödəniş etməklə qaytarmağı öz öhdəsinə götürmüşdür. Həmin kredit müqaviləsi üzrə öhdəliklərin icrasının təminatı kimi digər Cavabdeh1 ilə zaminlik müqaviləsi bağlanılmış və o, kredit müqaviləsi üzrə öhdəliklərin icrası üçün birgə məsuliyyəti öz üzərinə götürmüşdür. İddiaçı ASC kredit müqaviləsi üzrə öz üzərinə götürdüyü öhədliyi icra etdiyi halda, Cavabdeh2 bank qarşısında götürdüyü öhdəlikləri icra etməmiş, müqavilə şərtlərini pozmuş, bununla da, bank qarşısında onun mülki hüquqi məsuliyyətinə səbəb olan borc öhdəliyi yaranmışdır. Cavabdeh1 özü də məhkəmə iclasında verdiyi izahatlarında bank qarşısında maliyyə arayışında göstərilən məbləğlərdə borcunun qalmasını inkar etməmiş, lakin birdəfəlik ödənişə ilə raz olmadığını qeyd etmişdir. Lakin tərəflər arasında bağlanmış kredit müqaviləsinin 4.1.1-ci bəndinə əsasən, müştərinin əmlak vəziyyəti əhəmiyyətli dərəcədə pisləşərsə, bu isə borcun qaytarılması tələbi üçün təhlükə yaradarsa, habelə güzəştli kredit müqaviləsi üzrə ödənişlər vaxtında və lazımi qaydada icra edilməzsə bank borcun dərhal qaytarılmasını tələb edə bilər. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddiaçı cavabdehlərə qarşı hazırkı tələb irəli sürməkdə haqlı olmuş, əsas borclu və zamin onların risk dairəsinə daxil olan öhdəlikləri icra etmədikləri bütün hallar üçün cavabdeh olduqlarından, öz öhdəliklərinin hər bir təqsirli pozuntusuna görə birgə məsuliyyət daşıyaraq, kredit borcunu iddiaçıya ödəməlidirlər. Odur ki, məhkəmə iddia tələbini əsas və faiz borcu hissəsində əsaslı hesab edir. Məhkəmə kredit müqaviləsi üzrə əsas və faiz borcunun məbləği ilə bağlı onu qeyd edir ki, Cavabdeh1 məhkəmə iclasında Cavabdeh2 tərəfindən hazırkı kredit borcu üzrə xx.xx.2023-cü il tarixdə 76 manat ödənişin edilməsi barədə qəbzi təqdim etmiş, İddiaçı ASC tərəfindən isə həmin ödənişə uyğun yeni maliyyə arayışı məhkəməyə təqdim edilərək, əsas borc üzrə qalıq məbləğinin 1338.76 manat, faiz borcunun 6,47 manat, cərimə borcunun 6,24 manat olduğu müəyyən edilmiş və iddiaçının nümayəndəsi tərəfindən iddia tələbinin dəyişdirilməsi barədə ərizə təqdim olunmamışdır. Belə olan halda məhkəmə hesab edir ki, iddia tələbi əsas borcun məbləği ilə bağlı hissədə sonuncu maliyyə arayışına əsasən azaldılaraq 1338.76 manat məbləği həddində təmin edilməli, faiz borcunun maliyyə arayışında göstərilən məbləği isə tələbdə göstəriləndən artıq olduğundan, iddia tələbi həddində (3.63 manat) təmin edilməlidir. Məhkəmə iddia tələbini cərimə borcunun tutulması hissəsində də əsaslı hesab edərək qeyd edir ki, mülki hüquq məsuliyyəti tədbiri kimi dəbbə pulu borclunun öz öhdəliklərini təqsirli icra etməməsi nəticəsində tətbiq olunur, dəbbə pulu öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi nəticəsində kreditora dəymiş zərərin miqdarından asılı olmayaraq ödənilməli olan müəyyən pul məbləğidir. Tərəflər arasında bağlanmış kredit müqaviləsinə 1 saylı Əlavəyə əsasən, cədvəl üzrə ödənişin vaxtında aparılmamasına görə ödənilməyən məbləğə illik 0.02% cərimə hesablanaraq tutulacaqdır. Cərimə borcunun məbləğinə münasibətdə məhkəmə hesab edir ki, tərəflər arasında qarşılıqlı razılıq əsasında bağlanılmış müqavilənin şərtlərinə əsasən hesablanmış cərimə borcunun tələbdə göstərilən məbləği – 1.44 manat ödənilməyən əsas borcun məbləğinə mütənasib olmaqla ədalətli olmuşdur. Ona görə də, iddia tələbi cərimə borcunun tutulması hissəsində tam təmin olunmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İş materiallarından görünür ki, iddiaçı tərəfindən 37.80 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Bu halda məhkəmə hesab edir ki, mülki prosessual qanunvericiliyin tələbinə əsasən hazırkı iddianın qaldırılması ilə əlaqədar iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmiş 37.80 manat məbləğində dövlət rüsumunun 33.44 manat hissəsi (iddia tələbinin təmin edilmiş hissəsinə uyğun olaraq) cavabdehlərdən tutularaq iddiaçıya ödənilməli, qalan hissədə iddiaçıya aid edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin tələblərinə əsasən: 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1. Hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlar məcmusuna hüquqi qiymət verərək, iddiaçı tərəfindən hesablanmış iddia tələbinin əsas borc və faiz borcu hissəsinin hər birini ayrılıqda nəzərdən keçirərək hesab edir ki, iddia qismən təmin edilməli, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada xx.xx.2019-cu il tarixli kredit müqaviləsi üzrə yaranmış 1338.76 manat məbləğində əsas borc, 3.63 manat məbləğində faiz borcu və 1.44 manat məbləğində cərimə borcu olmaqla, ümumilikdə cəmi 1343.83 məbləğində borcu və ödənilmiş dövlət rüsumunun 33.44 manat məbləğ hissəsi tutularaq İddiaçı ASC-nin xeyrinə ödənilməli, iddia tələbi qalan hissədə rədd edilməlidir. Məhkəmə şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada xx.xx.2019-cu il tarixli kredit müqaviləsi üzrə yaranmış 1338.76 manat məbləğində əsas borc, 3.63 manat məbləğində faiz borcu və 1.44 manat məbləğində cərimə borcu olmaqla, ümumilikdə 1343.83 manat məbləğində pul vəsaiti və ödənilmiş dövlət rüsumunun 33.44 manat hissəsi tutularaq İddiaçı ASC-nin xeyrinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində elektron qaydada, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Gülnar Aslanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar