Məhkəmə qərarları › İş №2(002)-895/2022

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qətnamə — İş №2(002)-895/2022

26.04.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(002)-895/2022 26.04.2022 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Əsədov Kamran Bağır oğlunun sədrliyi, İmanov Tural Arif oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı alimentin miqdarının artırılması tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı alimentin miqdarının artırılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 21 fevral 2020-ci il tarixli, 2(002)-562/2020 saylı qətnaməsinə əsasən 11.10.2012-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün 21.02.2020-ci il tarixdən başlayaraq Cavabdeh hər ay 170 manat alimentin tutularaq ona ödənilməsi qət edilmişdir. Həmin qətnamənin qəbul edilməsindən müəyyən müddət keçməklə, ödəmələrin miqdarını müəyyənləşdirən hallar dəyişdirilmişdir. Cavabdeh uşağına könüllü olaraq başqa heç bir maddi yardım göstərmir, o isə həmin pulla uşağı saxlamaqda çətinlik çəkir. Özü isə heç bir yerdə işləmir. Göstərilənləri nəzərə alaraq, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 21 fevral 2020-ci il tarixli, 2(002)-562/2020 saylı qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarının artırılaraq Cavabdeh 11.10.2012-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatana kini saxlanılması üçün hər ay bir uşağa görə 193 manat sabit pul məbləğində alimentin tutularaq, ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Sonradan İddiaçı Azərbaycan Respublikası MPM-in 53-cü maddəsinə əsasən iddia tələbinin həcminin artırılması barədə məhkəməyə ərizə verərək, Cavabdeh 11.10.2012-ci il təvəllüdlü X1 üçün hər ay bir uşağa görə 200 manat sabit pul məbləğində alimentin tutularaq, ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq Cavabdeh məhkəməyə gəlməmişdir. Məhkəmə işə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsasən Cavabdeh iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, aşağıdakı əsaslara görə iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 21 fevral 2020-ci il tarixli, 2(002)-562/2020 saylı qətnaməsindən görünür ki, 21.01.2020-ci il tarixdən başlayaraq 11.10.2012-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanılması üçün Cavabdeh hər ay 170 manat sabit pul məbləğində aliment tutularaq, İddiaçı ödənilməsi qət edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsində əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Tərəflərin əvvəllər rəsmi nikahda olmaları, onların həmin nikahdan 1 uşaqlarının olması, həmin uşağın ananın yanında qalması, uşağın saxlanılması üçün cavabdehdən iddiaçının xeyrinə alimentin tutulmasına dair hallar aşkar olmaqla, həmin faktların yenidən mübahisələndirilməsinə və sübut edilməsinə yol verilmir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 112.1-ci maddəsində əsasən aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. «Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi» haqqında Azərbaycan Respublikası Ali Məhkəməsinin 28 mart 2016-cı il tarixli, 8-2/2016 saylı qərarında nəzərdə tutulur ki, məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı artırılmış alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. «Azərbaycan Respublikasında 2022 ci-il üçün yaşayış minimumu haqqında» Azərbaycan Respublikası Qanununa əsasən 2022-ci il üçün yaşayış minimumu uşaqlar üçün 193 manat məbləğində müəyyən edilmişdir. Məhkəmə hesab edir ki, ölkə üzrə yaşayış minimumunun uşaqlar üçün 193 manat olduğu halda, hazırda yetkinlik yaşına çatmamış uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün cavabdehdən yuxarıda qeyd olunan qətnamə ilə təyin edilmiş miqdarda aliment tutulması uşağın günün tələblərinə uyğun təmin edilməsinə, yəni hər il daha da böyüyən və tələbatları artan uşağın normal saxlanılması üçün kifayət deyildir, uşağın sağlam böyüməsinə, onun normal qidalanmasına, geyim və sair tələbatının ödənilməsinə imkan vermir. Digər tərəfdən iddiaçının tələb etdiyi alimentin məbləği ilə müvafiq ilin yaşayış minimumu məbləği arasında ciddi fərq yaranmır. Məhkəmə iddiaçının işləməməsini və yetkinlik yaşına çatmayan uşağın mənafeyini nəzərə alıb hesab edir ki, göstərilən hallarda alimentin məbləğinin müvafiq ilin yaşayış minimumu səviyyəsindən artıq müəyyən edilməsi yolveriləndir. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməli, 11.10.2012-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 21 aprel 2020-ci il tarixli, 2(002)-562/202 saylı qətnaməsi ilə tutulan alimentin miqdarı artırılaraq, Cavabdeh İddiaçı qızının xeyrinə hazırkı qətnamə qanuni qüvvəyə mindiyi gündən başlayaraq hər ay bir uşağa görə 200 manat sabit pul məbləğində aliment tutulmalıdır. Məhkəmə həmçinin hesab edir ki, Azərbaycan Respublikası MPM-in 107-ci maddəsinin tələblərinə uyğun olaraq Cavabdeh 44 manat dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh qarşı alimentin miqdarının artırılması tələbinə dair iddiası təmin edilsin. 11.10.2012-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 21 aprel 2020-ci il tarixli, 2(002)-562/202 saylı qətnaməsi ilə tutulan alimentin miqdarı artırılaraq, Cavabdeh İddiaçı qızının xeyrinə hazırkı qətnamə qanuni qüvvəyə mindiyi gündən başlayaraq hər ay bir uşağa görə 200 manat sabit pul məbləğində aliment tutulsun. Cavabdeh 44 manat dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. HAKİM: KAMRAN ƏSƏDOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar