Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(002)-952/2022 23.05.2022 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Əsədov Kamran Bağır oğlunun sədrliyi, İmanov Tural Arif oğlunun katibliyi, İddiaçı nümayəndəsi X2, İddiaçı Cavabdeh qarşı «alimentin miqdarının artırılması» tələbinə dair iddiası üzrə mülki işə Qaradağ rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı «alimentin miqdarının artırılması» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri Qaradağ rayon Məhkəməsinin 12.09.2018-ci il tarixli 2(002)-2909/2018 saylı qətnaməsi ilə müəyyən edilmiş alimentin həcminin artırılması, 23.08.2011-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 193 manat sabit pul məbləğində alimentin Cavabdeh onun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, o, Cavabdeh ilə 18.03.2011-ci il tarixdə rəsmi nikaha daxil olmaqla evlənmişdir. Rəsmi nikahdan doğulmuş 23 avqust 2011ci il təvəllüdlü X3 adlı bir uşaqları var. Bakı şəhəri Qaradağ rayon Məhkəməsinin 12 sentyabr 2018-ci il tarixli qətnaməsi ilə 23 avqust 2011-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 154 manat aliment tutulması qət edilmişdir. Ərzaq məhsullarının, paltar və məktəbli üçün zəruri ləvazimatların, bir sözlə mal və xidmətlərin günü-gündən bahalaşmasına və yaşayış minimumunun həddinin artırılmasına baxmayaraq cavabdeh uşağa 154 manatdan başqa heç bir maddi yardım göstərmir. Uşağın gündəlik qayğılarını həll etməkdə çətinlik çəkir. Halbuki, cavabdehin kifayət qədər gəlirinin olduğunu bilir. Cavabdehin imkanı olduğu halda övladı cəmi 154 manatla keçinmək məcburiyyətində qalmışdır. Övladları qız uşağıdır və ehtiyacları çox olduğundan çətinlik içində yaşayırlar. Uşaq öz sinif yoldaşlarından geri qalır, cavabdeh bunu nə anlamır, nə də düşünmür. Qeyd etdiyi kimi, uşağın gündəlik qayğılarının həll edilməsində çətinlik çəkir. Bu səbəbdən də, alimentin artırılmasına ehtiyacı var. Cavabdeh İddiaçıının ona qarşı «alimentin miqdarının artırılması» tələbinə dair iddiasına 28 mart 2022-ci il tarixdə etiraz təqdim edərək, etirazını onunla əsaslandırmışdır ki, o, alimentin 154 manat məbləğində saxlanılmasını məqsədəmüvafiq hesab edir. Belə ki, o, rəsmi nikaha daxil olmaqla ailə qurmuşdur, Xədicədən başqa iki azyaşlı övladı da var. Özü məcburi köçkündür, valideynləri ilə birgə yaşamaqla ailədə yeganə qazanc gətirən yeganə şəxsdir. Aylıq qazancı 380 manat miqdarındadır. Həmin məbləğin 154 manat hissəsini qızı Xədicənin saxlanılması üçün hər ay iddiaçının xeyrinə ödəyir. Qalan 226 manatla birtəhər ailəsini dolandırır. Məhkəmədən iddianın təmin edilməməsi barədə qətnamə çıxarılmasını xahiş edir. İddiaçı nümayəndəsi X4 məhkəmə iclasında iddianı müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq Cavabdeh məhkəməyə gəlməmişdir. Məhkəmə işə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsasən onun iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 12.09.2018-ci il tarixli, 2(002)-2909/2018 saylı qanuni qüvvəyə minmiş qətnaməsindən görünür ki, İddiaçı Cavabdeh qarşı «aliment miqdarının artırılması» tələbinə dair iddiası təmin edilmiş, 23.08.2011-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 12.01.2015-ci il tarixli, 2(002)-304/2015 saylı qətnaməsi ilə tutulan alimentin miqdarı artırılaraq, Cavabdeh İddiaçı xeyrinə qətnamə qanuni qüvvəyə mindikdən sonra hər ay 154 manat sabit pul məbləğində aliment tutulması qət edilmişdir. Azərbaycan Respublikası MPM-nin 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Tərəflərin əvvəllər rəsmi nigahda olmaları, rəsmi nigahdan 1 uşaqlarının olması, uşağın ananın yanında qalması, uşağın saxlanılması üçün cavabdehdən iddiaçının xeyrinə alimentin tutulmasına dair hallar aşkar olmaqla, həmin faktların yenidən mübahisələndirilməsinə və sübut edilməsinə yol verilmir. İş materiallarına əlavə olunmuş İlkin mediasiya sessiyasında iştirak edilməməsi barədə 24 fevral 2022-ci il tarixli MŞB/4-00403 saylı arayışdan görünür ki, Cavabdeh ilkin mediasiya sessiyasında iştirak etməmişdir. İddiaçı ilkin mediasiya sessiyasında iştirak etmiş və həmin sessiyanın keçirilməsi ilə bağlı nəzərdə tutulan 50 manat məbləğində mediasiyaya dair xərci müvafiq hesaba ödəmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 112.1-ci maddəsində əsasən aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. «Nigahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi» haqqında Azərbaycan Respublikası Ali Məhkəməsinin 28 mart 2016-cı il tarixli 8-2/2016 saylı qərarında nəzərdə tutulur ki, məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı artırılmış alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. «Azərbaycan Respublikasında 2022-ci il üçün yaşayış minimumu haqqında» Azərbaycan Respublikası Qanununa əsasən 2022-ci il üçün yaşayış minimumu uşaqlar üçün 193 manat məbləğində müəyyən edilmişdir. Məhkəmə hesab edir ki, ölkə üzrə yaşayış minimumunun uşaqlar üçün 193 manat olduğu halda, hazırda yetkinlik yaşına çatmamış uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün cavabdehdən yuxarıda qeyd olunan qətnamə ilə təyin edilmiş miqdarda aliment tutulması uşağın günün tələblərinə uyğun təmin edilməsinə, yəni hər il daha da böyüyən və tələbatları artan uşağın normal saxlanılması üçün kifayət deyildir, uşağın sağlam böyüməsinə, normal qidalanmasına, geyim və sair tələbatının ödənilməsinə imkan vermir. Cavabdeh iddiaya etirazını onunla əsaslandırır ki, ikinci dəfə ailə qurmuşdur və həmin nikahdan iki övladı doğulmuşdur, əldə etdiyi 380 manat gəlirdən 154 manatını Xədicə üçün aliment ödəyir, yerdə qalan 226 manatla ailəsinin dolanışığını təmin etməyə çalışır. 154 manat alimentdən artıq məbləğ ödəməyə maddi imkanı yoxdur. Məhkəmə qeyd edir ki, cavabdeh bundan öncə, 2018-ci ildə alimentin miqdarının artırılması tələbinə dair iddia üzrə mülki işə baxılarkən iddiaya etirazını eyni hallarla əsaslandırmış, ikinci dəfə ailə qurduğunu, bir övladının doğulduğunu, digər övladının isə doğulmasını gözlədiklərini bildirmişdir. Məhkəmə qeyd olunanlarla bağlı vurğulayır ki, cavabdeh ikinci dəfə ailə qurarkən birinci nikahdan övladı olduğunu, həmin övladına münasibətdə valideyn kimi vəzifə və öhdəlikləri olmaqla, 2015-ci ildə qəbul edilmiş qətnaməyə əsasən ondan övladının saxlanılması üçün aliment tutulduğunu, övladına yetkinlik yaşına çatanadək aliment ödəməli olmasını və uşaq yetkinlik yaşına çatanadək tutulan alimentin miqdarının dəyişəcəyini bilməsinə rəğmən, maddi imkanı olduğu üçün ikinci dəfə ailə qurmuş və həmin nikahdan iki övladı doğulmuşdur. Bundan başqa, cavabdeh aylıq gəlirinin 380 manat təşkil etməsinə dair sübutları məhkəməyə təqdim etməmişdir. Cavabdehin aylıq gəlirlərinin həcmi qeyri-müəyyəndir. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin ediməli, 23.08.2011-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 12.09.2018-ci il tarixli, 2(002)-2909/2018 saylı qətnaməsi ilə tutulan alimentin miqdarı artırılaraq, Cavabdeh İddiaçı xeyrinə hazırkı qətnamə qanuni qüvvəyə mindiyi gündən başlayaraq hər ay 193 manat sabit pul məbləğində aliment tutulmalıdır. Həm iddiaçı, həm də cavabdeh dövlət rüsumu ödəməkdən azad edilmiş şəxsdirlər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. 23.08.2011-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 12.09.2018-ci il tarixli, 2(002)-2909/2018 saylı qətnaməsi ilə tutulan alimentin miqdarı artırılaraq, Cavabdeh İddiaçı xeyrinə hazırkı qətnamə qanuni qüvvəyə mindiyi gündən başlayaraq hər ay 193 manat sabit pul məbləğində aliment tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Kamran Əsədov
Məhkəmə qərarları › İş №2(002)-952/2022
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qətnamə — İş №2(002)-952/2022
23.05.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver