Məhkəmə qərarları › İş №2(002)-955/2021

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qiyabi qətnamə — İş №2(002)-955/2021

02.04.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QİYABİ QƏTNAMƏ Bakı şəhəri İş № 2(002)-955/2021 02.04.2021 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Hüseynov Fuad Ələsgər oğlunun sədrliyi, Əsədov Cavid Həbib oğlunun katibliyi, İddiaçı QSC Bank Olmayan Kredit Təşkilatının etibarnamə üzrə səlahiyyətli nümayəndəsi X1 iştirakı ilə, İddiaçı QSC Bank Olmayan Kredit Təşkilatının cavabdeh Əliyeva (Başar) Leyla Cahangir qızına qarşı əsas və faiz borcunun qaytarılması tələbi barədə iddiası üzrə mülki işə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı QSC Bank Olmayan Kredit Təşkilatı cavabdeh Əliyeva (Başar) Leyla Cahangir qızına qarşı əsas və faiz borcunun qaytarılması tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinə müraciət edərək, cavabdeh Əliyeva (Başar) Leyla Cahangir qızından 1792,75 manat məbləğində əsas borc, 194,49 manat məbləğində faiz borcu, cəmi 1987,24 manat məbləğində kredit borcunun, həmçinin 30 manat məbləğində dövlət rüsumunun tutularaq iddiaçının xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə baxışı zamanı İddiaçı QSC Bank Olmayan Kredit Təşkilatının etibarnamə üzrə səlahiyyətli nümayəndəsi X2 izahat verərək bildirdi ki, “xxxx” ASC-nin dövlətə məxsus səhmlərinin özəlləşdirməyə hazırlanması ilə bağlı sağlamlaşdırma tədbirləri haqqında Azərbaycan Respublikası Prezidentinin xx xxxx 2015-ci il tarixli 570 saylı Fərmanına əsasən, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 194-cü maddəsinə uyğun olaraq “xxxx” ASC ilə İddiaçı QSC arasında bağlanmış Tələb hüququnun güzəşt edilməsinə dair xx xxxxxx 2015-ci il tarixli Müqaviləyə görə “xxxx” ASC-nin problemli aktivlərini tələb hüququ İddiaçı QSC-yə keçmişdir. İddiaçı QSC-nin Nizamnaməsinə edilmiş xx xxxxxxx 2015-ci il tarixli ********** saylı dəyişiklikdəki 2.5-ci bəndə əsasən Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 15 iyul tarixli, 570 saylı Fərmanında nəzərdə tutulmuş aktivlərin idarə edilməsi Kredit Təşkilatının tabeliyində yaradılmış hüquqi şəxs statuslu qurum (“X4 Edilməsi Agentliyi” MMC) vasitəsilə həyata keçirilir. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx xxxxxx 2017-ci il tarixli, 101S saylı sərəncamının icrası ilə əlaqədar İddiaçı QSC tərəfindən “xxxx” ASC-dən problemli aktivlərin satın alınması ilə bağlı borclu şəxs Əliyeva (Başar) Leyla Cahangir qızına dair sənədlər S-FK-İB-130 saylı, xx xxxxx 2018-ci il tarixli təhvil-təslim aktına əsasən İddiaçı QSC-yə verilmişdir. Eyni zamanda qeyd etməyi zəruri hesab edir ki, İddiaçı QSC tərəfindən daha əvvəl cavabdeh Əliyeva (Başar) Leyla Cahangir qızına qarşı “əsas və faiz borcunun qaytarılması” tələbinə dair iddia ərizəsi ilə Qaradağ Rayon Məhkəməsinə müraciət etmiş, həmin iddia ərizəsi kredit borcunun Azərbaycan Respublikası Prezidentinin xx xxxxxx 2019-cu il tarixli Fərmanının təsir dairəsinə düşdüyündən iddiaçının ərizəsinə əsasən baxılmamış saxlanılmışdır. Fərmanın müəyyən etdiyi qaydalara riayət edildikdən və kompensasiya çıxıldıqdan sonra yenidən məhkəməyə müraciət edilmiş və İddiaçı QSC tərəfindən cavabdehə qarşı iddia verilməsi üçün nəzərdə tutulmuş iddia müddəti ötürülməmişdir. “xxxx” ASC-nin İslam Bankçılıq Departamenti ilə Əliyeva (Başar) Leyla Cahangir qızı arasında xx.xx.2015-ci il tarixdə 004/15 saylı saylı “Vakala” borc müqaviləsi bağlanmışdır. Müqaviləyə əsasən cavabdehə illik 20% tətbiq edilməklə 24 ay müddətinə 3110 manat məbləğində kredit verilmişdir. Cavabdehin hazırda əsas borcu 1792,75 manat, faiz borcu 194,49 manat olmaqla, cəmi borcu 1987,24 manat təşkil edir. Kredit borcunun ödənilməsi tələbi ilə dəfələrlə cavabdeh tərəfə xəbərdarlıqlar edilməsinə baxmayaraq, cavabdeh tərəf bunlara məhəl qoymamış və borcu ödəməmişdir. Bu səbəbdən iddiaçı təşkilat iddia tələbi ilə məhkəməyə müraciət etmişdir və məhkəmədən iddia tələbinin təmin edilməsini xahiş edir. Cavabdeh Əliyeva (Başar) Leyla Cahangir qızı məhkəmə iclasının vaxtı və yeri barədə qanunvericiliklə müəyyən edilmiş qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. İddiaçı QSC Bank Olmayan Kredit Təşkilatının etibarnamə üzrə səlahiyyətli nümayəndəsi X2 isə məhkəməyə yazılı ərizə təqdim edərək işə qiyabi icraat qaydasında baxılmasını xahiş etmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 238.1-ci maddəsinə görə, məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş cavabdeh məhkəmə iclasına gəlmədikdə və gəlməməsinin səbəbləri barədə məlumat vermədikdə, iddiaçı buna etiraz etmədikdə işə qiyabi icraat qaydasında baxıla bilər. Məhkəmə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 238-ci maddəsini rəhbər tutaraq hazırkı mülki işə qiyabi icraat qaydasında baxılmasını mümkün hesab edir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 241.1-ci maddəsinə əsasən, qiyabi icraat qaydasında işə baxarkən hakim, tərəflərin təqdim etdiyi sübutların tədqiqi ilə kifayətlənir, onların dəlillərini və vəsatətlərini nəzərə alır və qiyabi adlanan qətnamə çıxarır. Məhkəmə, iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarında olan sübutları tədqiq edərək belə qənaətə gəlir ki, aşağıdakı əsaslara görə iddia tələbi əsaslı hesab olunaraq təmin edilməlidir. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2017-ci il tarixli, 101s saylı Sərəncamının icrası ilə əlaqədar İddiaçı QSC tərəfindən “xxxx” ASC-dən problemli aktivlərin satın alınması ilə bağlı müvafiq sənədlərin təhvil-təsliminə dair S-FK-İB-130 saylı, xx xxxxx 2018-ci il tarixli Aktın surətindən görünür ki, Əliyeva (Başar) Leyla Cahangir qızının banka 1792,75 manat məbləğində əsas borcu və 194,49 manat məbləğində faiz borcu olmaqla, cəmi 1987,24 manat məbləğində borcu yaranmış, həmin kredit üzrə tələb hüququ İddiaçı QSC-yə güzəşt edilmişdir. İş materiallarında olan xx.xx.2015-ci il tarixli, 004/15 saylı “Vakala” borc müqaviləsindən görünür ki, “xxxx” ASC-nin İslam Bankçılığı Departamenti ilə Əliyeva (Başar) Leyla Cahangir qızı arasında bağlanmış xx.xx.2015-ci il tarixli, 004/15 saylı “Vakala” borc müqaviləsinə və ödəniş cədvəlinə əsasən bank tərəfindən sonuncuya 24 ay müddətinə 3110 manat məbləğində kredit verilmişdir. İş materiallarında olan xx.xx.2015-ci il tarixli müqavilənin surətindən aydın olur ki, İddiaçı QSC “xxxx” ASC-nin İddiaçı QSC tərəfindən qəbul edilən problemli aktivləri ilə bağlı iddia irəli sürmək hüququna malikdir. İş materiallarında olan xx.xx.2021-ci il tarixli maliyyə arayışının surətindən görünür ki, cavabdeh Əliyeva (Başar) Leyla Cahangir qızının xx.xx.2015-ci il tarixli kredit müqaviləsi üzrə banka 1792,75 manat məbləğində əsas borcu və 194,49 manat məbləğində faiz borcu olmaqla, cəmi 1987,24 məbləğində borcu vardır. Məhkəmə iş üzrə sübutlara məcmu halında hüquqi qiymət verərək müəyyən edir ki, iddia əsaslı olduğundan təmin olunmalıdır. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 194.1-ci maddəsinə əsasən, tələb sahibi (kreditor) borclunun razılığı olmadan tələbi üçüncü şəxsə güzəşt edə bilər (tələbin güzəşti), bu şərtlə ki, həmin güzəşt öhdəliyin mahiyyətinə, onun borclu ilə razılaşmasına və ya qanunvericiliyə zidd olmasın. Həmin Məcəllənin 194.2-ci maddəsinə əsasən, tələbin güzəşti tələbin sahibi ilə üçüncü şəxs arasında bağlanan müqavilə ilə həyata keçirilir və belə hallarda ilk sahibin yerini üçüncü şəxs tutur. Bu halda “Banklar haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq tələbin sahibi ilə borclu arasında bağlanmış müqaviləyə dəyişiklik edilməsi tələb olunmur. Həmin Məcəllənin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətlərdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 739.1-ci maddəsinin tələblərinə görə, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o kredit müqaviləsi adlandırılır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Sadalanan hüquq normalarının tələblərinə əsasən məhkəmə müəyyən edir ki, cavabdeh borclu bankdan aldığı kredit üzrə əsas borcu və faiz borcunu ödəmək barədə öhdəliklərin daşıyıcısı olmuşdur. Lakin cavabdeh həmin müqavilə öhdəliklərini yerinə yetirməmişdir. Buna görə də iddiaçı təşkilatın qeyd olunan müqavilə üzrə əsas borc və faiz borcu məbləğləri ilə bağlı iddia tələbləri tam əsaslıdır. Məhkəmə iddianın dövlət rüsumunun tutulması ilə bağlı hissəsini araşdıraraq hesab edir ki, dövlət rüsumu ilə bağlı tələb də təmin olunmalıdır. Belə ki, Azərbaycan Respublikasının MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə mülki iş üzrə sübutlara məcmu halında hüquqi qiymət verərək və sadalanan hüquq normalarının tələblərini nəzərə alaraq hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən, sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikasının MPM-nin 216-220, 238-253, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia təmin edilsin. Cavabdeh Əliyeva (Başar) Leyla Cahangir qızından 1792,75 manat məbləğində əsas borc, 194,49 manat məbləğində faiz borcu olmaqla, cəmi 1987,24 manat (min doqquz yüz səksən yeddi manat iyirmi dörd qəpik) məbləğində borc pul vəsaiti və 30 manat dövlət rüsumu tutularaq İddiaçı QSC Bank Olmayan Kredit Təşkilatının xeyrinə ödənilsin. Cavabdeh qiyabi qətnaməni aldıqdan sonra 10 (on) gün müddətində onun ləğv olunması üçün Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinə ərizə verə bilər. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən : Fuad Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar