Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(002)-97/2022 03.02.2022 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Əsədov Kamran Bağır oğlunun sədrliyi, İmanov Tural Arif oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “yol nəqliyyat hadisəsi nəticəsində vətəndaşa dəymiş zərərin əvəzinin ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN E T D İ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh 1780 manat zərərin əvəzi və ödənilmiş 30 manat dövlət rüsumu olmaqla, cəmi 1810 manat pulun onun xeyrinə tutulması, bununla belə 3 aya yaxın müddət ərzində ona vurduğu digər zərərlərə və yaşadığı iztirablara görə Cavabdeh onun xeyrinə 600 manat məbləğində təzminatin tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək, izahatında bildirdi ki, AR DİN BDYP idarəsinin verdiyi 879871 №li, 18.09.2020-ci il tarixli texniki pasporta əsasən ban nömrəsi WBA4J3C52KBL06886 olan, **-TY-*** dövlət nömrə nişanlı, BMW-430 markalı avtomobil onun sərəncamındadır. 15 may 2021-ci ildə təxminən saat 20:50 radələrində günün qaranlıq vaxtlarında Mirzəağa Əliyev küçəsi ilə yolun sağ zolağı ilə 50 km/s sürətlə hərəkət edərək, Azərbaycan prospekti ilə kəsişmədə yolun hərəkət zolağında quraşdırılmış “Yol verin” yol hərəkəti nişanın qanuni tələbinə əsasən avtomobilini dayandırmışdır. Bu zaman onunla eyni istiqamətdə hərəkət edən Cavabdeh idarə etdiyi dövlət nömrə nişanı olmayan motosikl arxadan onun idarə etdiyi avtomobilə çırpılmış və bununla da yol nəqliyyat hadisəsi baş vermişdir. Hadisənin baş verdiyi an həmin ərazidə quraşdırılmış təhlükəsizlik kameralarında düşmüşdür. Göstərilən yol nəqliyyat hadisəsi nəqliyyat vasitəsini idarə edən Cavabdeh Azərbaycan Respublikası İXM-nin 338.4.1 və 338.7-ci maddələrində nəzərdə tutulan yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi qaydaları əleyhinə olan inzibati xəta törətməsi nəticəsində baş vermişdir. Qeyd olunan inzibati xəta ilə yol-nəqliyyat hadisəsi arasında əlaqənin olması hadisə yerinə gəlmiş DYP əməkdaşı kapitan X1 tərtib etdiyi 15.05.2021-ci il tarixli, İXM ******* nömrəli inzibati xəta haqqında protokolla təsdiq olunur. Yol-hərəkəti hadisəsinə səbəb olan inzibati xətanı törədən Cavabdeh tanınmışdır. Yol-nəqliyyat hadisəsi nəticəsində onun avtomaşınına arxa sağ stopunun qırılması, arxa buferinin zədələnməsi, arxa sağ dəmir hissəsində bir neçə batıqlar və cızıqlar şəklildə ziyan dəymişdir. Baş vermiş hadisədən sonra Cavabdeh ona, idarə etdiyi avtomobili təmir edəcəyi barədə vəd versə də, hadisədən sonra müxtəlif bəhanələrlə bu vədinə əməl etməmiş və ona dəymiş zərərin əvəzinin ödənilməsindən boyun qaçırmışdır. Yol-nəqliyyat hadisəsi nəticəsində dəymiş zərərin əvəzinin ödənilməsi üçün cavabdehə bir neçə dəfə onun tərəfindən müəyyən güzəştlərlə ödənilməsi ilə bağlı təkliflər edilmişdir. Lakin cavabdehin bunların heç birinə əhəmiyyət verməmişdir. Bununla da onun məhkəməyə müraciət etməkdən başqa çarəsi qalmamışdır. Özəl avtomobil təmiri müəssisələrinin mütəxəsssizlərinin tərtib etdiyi kalkulyasiyaya uyğun olaraq onun avtomobilinin təmir işləri 1780 manata başa gəlir. Ona görə də məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq Cavabdeh məhkəməyə gəlməmişdir. Məhkəmə işə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsasən cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını nəzərdən keçirərək hesab edir ki, iddia aşağıdakılara görə qismən təmin olunmalıdır. İş materiallarında olan Nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, **-TY-*** dövlət nömrə nişanlı, BMW-430 markalı avtomobil İddiaçı məxsusdur. İş materiallarında olan İXP ******* nömrəli inzibati xəta haqqında protokolun surətindən görünür ki, Cavabdeh Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 338.4.1 və 338.7-ci maddəsi ilə inzibati xətanı törətmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin 30 dekabr 2021-ci il tarixli, 9/8192 saylı rəyindən görünür ki, “X3” servisin 01.07.2021-ci il tarixli qüsur aktındakı məlumatlara əsasən avtohissələrin qiymətləri nəzərə alınmaqla, 2018-ci il buraxılışlı, BMW-430 markalı, **-TY-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci avtoehtiyat hissələrinə köhnəlmə faizi tətbiq edilməklə, 1668.0 manat müəyyən edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən zıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını cozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Həmin Məcəllənin 1115-ci maddəsinə görə, zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. Məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh 1668.0 manat manat maddi zərərin əvəzi tutularaq, İddiaçı xeyrinə ödənilməlidir. İddia qalan hissədə təmin edilməməlidir. Belə ki, iddiaçı cavabdehdən ona daha artıq maddi ziyanın vurulması ilə bağlı xərclər, eləcə də digər zərər və yaşadığı iztirablarla bağlı təzminatın ödənilməsini tələb etdə də həmin hallarla bağlı məhkəməyə heç bir mötəbər sübut təqdim etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Bu halda məhkəmə hesab edir ki, mülki prosessual qanunvericiliyin tələbinə əsasən hazırkı iddianın qaldırılması ilə əlaqədar iddiaçı tərərindən dövlət büdcəsinə ödənilmiş 30 manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq ona ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələbinə görə hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinin tələbinə görə hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Məhkəmə həmçinin hesab edir ki, iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 100 manat məhkəmə xərci Cavabdeh aid edilməli, həmin məbləğ ondan tutularaq, dövlət nəfinə ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1, 216-220, 227, 233, 360-cü maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh 1668.0 manat maddi zərərin əvəzi və məhkəməyə iddia ərizəsi ilə müraciət etmək üçün ödənilmiş 30 manat dövlət rüsumu tutularaq, İddiaçı xeyrinə ödənilsin. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 100 manat məhkəmə xərci Cavabdeh aid edilsin, həmin məbləğ ondan tutularaq, dövlət nəfinə ödənilsin. Qalan hissədə iddia təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. HAKİM: KAMRAN ƏSƏDOV
Məhkəmə qərarları › İş №2(002)-97/2022
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qətnamə — İş №2(002)-97/2022
03.02.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver