Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(002)-97/2023 05.06.2023 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Əsədov Kamran Bağır oğlunun sədrliyi, İmanov Tural Arif oğlunun katibliyi, İddiaçı, Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Bakı şəhəri Qaradağ rayon MKTByə qarşı «vurulmuş maddi ziyanın ödənilməsi» tələbinə dair iddiası üzrə mülki işə Qaradağ rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Bakı şəhəri Qaradağ rayon MKTBnin 152 saylı MKİS-ə qarşı «vurulmuş maddi ziyanın ödənilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, vurulmuş ziyana görə 3.000 manat və ödənilmiş 50 manat dövlət rüsumu olmaqla, cəmi 3.050 manat pulun cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Bakı şəhəri Qaradağ rayon MKTB-nin 152 saylı MKİS-dən onun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Sonradan, əsl olmayan cavabdeh 152 saylı MKİS əsl cavabdeh Bakı şəhəri Qaradağ rayon MKTB ilə əvəz edilmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, Bakı şəhəri Qaradağ rayonu Lökbatan qəsəbəsi B.Niftəliyev küçəsi 41 saylı evin 11 saylı mənzili mülkiyyət hüququ əsasında ona məxsusdur və ailəsi ilə birlikdə həmin ünvanda yaşayır. Onun mənzili yerləşən binanın üçüncü mərtəbəsində - Bakı şəhəri Qaradağ rayonu Lökbatan qəsəbəsi B.Niftəliyev küçəsi 41 saylı evin 15 saylı mənzilində Cavabdeh1, dördüncü mərtəbəsində - Bakı şəhəri Qaradağ rayonu Lökbatan qəsəbəsi B.Niftəliyev küçəsi 41 saylı evin 17 saylı mənzilində Cavabdeh2 yaşayırlar. Cavabdeh1 və Cavabdeh2 birlikdə öz mənzillərinin kanalizasiya xətlərini dəyişmişlər. Kanalizasiya xəttini dəyişərkən cavabdehlər xəttə sellofan salmışlar. Həmin sellofan isə binanın birinci mərtəbəsi ilə ikinci mərtəbəsinin arasında tıxanıb qalmış, onun mənzili üzərindəki ikinci mərtəbəni tamamilə su basmışdır. İkinci mərtəbədə yaşayış olmadığı üçün həmin su onların evinə axaraq, evlərinə ciddi ziyan dəymişdir. Belə ki, mənzilin dəhlizində, qoqan otağında, mətbəxdə və hamam və sanitar qovşağa su axmış, divarın özü və divar kağızları tamamilə sıradan çıxmışdır. Halbuki, binanın əsas kanalizasiya xəttinin dəyişməyə cavabdehlərin ixtiyarları yoxdur və bunu mənzil istismar sahəsinin işçiləri də bilmiş, lakin onlar heç bir tədbir görməmişlər. O, bu barədə 152 saylı MKİS-ə məlumat vermiş, MKİS-in əməkdaşları gəlib baxış keçirmiş və mənzilə ziyan dəydiyini təsdiq etməklə, akt tərtib etmişlər. Mövcud vəziyyətin aradan qaldırılması üçün üzərlərinə düşən vəzifəni icra etdiklərini bildirsələr də, heç bir tədbir görülməmişdir. Kanalizasiyanın əsas xəttinə müdaxilə etməyə nə cavabdehlər olan üst mərtəbələrdəki qonşuların, nə də 152 saylı MKİS-in səlahiyyətləri yoxdur. Əsas kanalizasiya xətti "xxxx"ya məxsusdur. Xəttə müdaxiləni yalnız "xxxx" edə bilər. Lakin heç bir əsas olmadan Cavabdeh1 və Cavabdeh2 qanunsuz müdaxilə etmiş və 152 saylı MKİS də buna göz yummuşdur. Cavabdehlərin təqsiri üzündən onun mənzilinə 3.000 manatdan çox ziyan dəymişdir. İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə etdi, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 məhkəməyə iddiaya etiraz təqdim edərək göstərmişlər ki, onlar yaşadıqları binanın onların mənzillərindən keçən əsas kanalizasiya xəttini dəyişməmiş və bununla bağlı heç bir təmir işləri aparmamışlar. Əksinə, kanalizasiya xətti nasaz olduğundan "xxxx" MMC-yə və ərazi üzrə 152 saylı MKİS-ə müraciət etmişlər ki, kanalizasiya xəttində problem var, ona görə də təmir olunmalıdır. Xahişlərinə əsasən 152 saylı MKİS-in rəisi soyadını bilmədikləri Asəf adlı şəxs Qalib və Novruz adlı 2 nəfər işçisini nasazlığı aradan qaldırmaq üçün xx.xx.2022-ci il tarixdə saat təxminən 09.45-də əraziyə göndərmiş və həmin şəxslər də 100 mm.-lik kanalizasiya xəttini söküb çıxararaq, yenisi ilə əvəz etmişlər. Həmin gün saat 17:30-da təmir işini başa çatdırıb getmişlər. Bunu şahid kimi qonşuları da təsdiq edə bilərlər. Beləliklə, onlar əsas kanalizasiya xəttinə müdaxilə etməmiş və mənzillərində heç bir təmir işi görməmişlər. Əsas kanalizasiya xəttini 152 saylı MKİS dəyişdirmişdir. Belə olan halda, cavabdehliyi MKİS daşıyır. İddiaçı ziyanın məhz onlar tərəfindən vurulmasına dair sübutları məhkəməyə təqdim etməmişdir. Onlara dair hissədə iddianı qəbul etmirlər və iddianın onlara aid hissədə rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş edirlər. Cavabdeh1 məhkəmə iclasında iddianı qəbul etmədi, iddiaya etirazın məzmununa uyğun izahat verdi və məhkəmədən iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh İddiaçı məhkəmə iclasında iddianı qəbul etmədi, iddiaya etirazın məzmununa uyğun izahat verdi və məhkəmədən iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh Bakı şəhəri Qaradağ rayon Mənzil Kommunal Təsərrüfat Birliyinə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, cavabdeh MKTB-nin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmiş və məhkəmə iclasının təxirə salınmasını xahiş etməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən mülki işə cavabdeh Bakı şəhəri Qaradağ rayon Mənzil Kommunal Təsərrüfat Birliyinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iddiaçının, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 izahatlarını, şahid ifadəsini dinləyib, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, şahid X1 ifadəsində bildirdi ki, o, 152 saylı MKTB-də fəhlə işləyir. Novruz adlı şəxslə birlikdə Nüsrətə məxsus mənzildəki borunu dəyişmişlər. Dəqiq tarixi yadında qalmayıb. Bununla bağlı onlar cavabdeh Nüsrətdən 100 manat pul istəmişlər. Lakin Nüsrət imkanı olmadığından onlara ödəniş kimi 60 manat pul vermişdir. Ödənişlə bağlı heç bir akt tərtib edilməmişdir. Borunu dəyişdikdən sonra ora sellofan qoymamışlar. İş materiallarına əlavə olunmuş sənədlərdən görünür ki, Bakı şəhəri Qaradağ rayonu Lökbatan qəsəbəsi B.Niftəliyev küçəsində yerləşən 41 saylı evin 11 saylı mənzili İddiaçı mülkiyyətində, Bakı şəhəri Qaradağ rayonu Lökbatan qəsəbəsi B.Niftəliyev küçəsi 41 saylı evin 15 saylı mənzili Cavabdeh1, Bakı şəhəri Qaradağ rayonu Lökbatan qəsəbəsi B.Niftəliyev küçəsi 41 saylı evin 17 saylı mənzili Cavabdeh2 mülkiyyətindədir. 152 saylı MKİS-in işçiləri tərəfindən tərtib olunmuş 04 avqust 2022-ci il tarixli aktdan göründüyü kimi, İddiaçı şikayətinə əsasən 11 saylı mənzilə baxış keçirilmişdir. Baxış zamanı məlum olmuşdur ki, binanın kanalizasiya xəttində nasazlıq baş vermiş, həmin səbəbdən 1-ci mərtəbədə yaşayan sakinin mənzilinə ziyan dəymişdir. Şahid olmuşlar ki, mənzilin dəhlizində və yataq otağının tavan hissəsində boya divar kağızları korlanmışdır. MKİS olaraq mövcud problemin aradan qaldırılması üçün, üzərlərinə düşən vəzifəni icra etdiklərini göstərmişlər. İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 08 may 2023-cü il tarixli 10/994 saylı ekspert rəyindən görünür ki, rəyin tədqiqat hissəsində göstərilənləri, o cümlədən tədqiq olunan 11 saylı mənzilin yaşayış otağı, mətbəx və dəhliz tikilisinin konstruktiv elementlərində (tavan, divar və s.) qüsurlar əmələ gəldiyini, həmin qüsurların su sızmaya xaraketerik olduğunu, həmçinin mülki iş materiallarına əlavə edilmiş məlumatları nəzərə alaraq, Bakı şəhəri Qaradağ rayonu Lökbatan qəsəbəsi B.Niftəliyev küçəsində yerləşən 41 saylı evin 11 saylı mənzilinə həmin mənzilin yerləşdiyi binanın ümumi su-kanalizasiya xəttlərində yaranmış nasazlıq səbəbindən su axdığı və nəticədə 11 saylı mənzilin yaşayış otaqları, mətbəx və dəhliz tikililərinə ziyan vurulduğu müəyyən olunmuşdur. Bakı şəhəri Qaradağ rayonu Lökbatan qəsəbəsi B.Niftəliyev küçəsində yerləşən 41 saylı evin 11 saylı mənzilinə su sızması nəticəsində yaranan qüsurların aradan qaldırılması üçün yerinə yetiriləcək təmir-tikinti işlərinin orta bazar qiymətlərinə uyğun dəyəri təqribən 2.314 manat məbləğində müəyyən olunur. Rəyə 1 vərəqdən ibarət smeta əlavə olunmuşdur. Aparılmış tədqiqatın dəyəri 50 manat təşkil edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra Mülki Məcəllənin) 21.1ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Mülki Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Mülki Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərər vuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Məhkəmə iclasında toplanmış və tədqiq edilmiş sübutlardan göründüyü kimi, cavabdehlərə məxsus olan mənzillərin kanalizasiya xəttində yaranmış problem onların tapşırığına əsasən aradan qaldırılarkən, həmin kanalizasiya xəttinin üzərinə sellofan material yerləşdirilmiş, kanalizasiya xəttini təmir edən şəxslər cavabdehlərdən pis qoxu gəlməsin deyə, kanalizasiya xəttinin giriş hissəsinə qapaq almalarını tövsiyə etmiş, sonradan həmin sellofan torba kanalizasiya xəttinin içinə düşərək tıxac yaratmış, bu səbəbdən iddiaçının mənzilinə su sızması halı baş vermiş, nəticədə iddiaçının mənzilinə 2.314 manat məbləğində ziyan dəymişdir. Ziyan məhz cavabdehlər Cavabdeh1 və Cavabdeh2 mənzillərində kanalizasiya xəttinin təmir edilməsi, Cavabdeh2 mənzilində olan kanalizasiya xəttinə pis qoxu gəlməməsi üçün sellofan material qoyulması, həmin materialın kanalizasiya xəttinə düşməsi və tıxac əmələ gətirməsi səbəbindən dəymişdir. Bu səbəbdən, vurulmuş zərər məhz onlardan tutulmalıdır. Beləliklə, iddia qismən təmin edilməli, qeyd olunan maddi ziyan qanunvericiliyə əsasən cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutularaq İddiaçı ödənilməlidir. Ödəniş qəbzindən görünür ki, məhkəməyə iddia ərizəsi təqdim edilməsi üçün 50 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, vurulmuş maddi zərərə görə 2.314 manat və ödənilmiş 50 manat dövlət rüsumu cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutularaq İddiaçı ödənilməlidir. Aparılmış ekspertiza tədqiqatlarının dəyəri olan 50 manat cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin təqdim etdiyi hesab üzrə ödənilməlidir. İddia qalan hissədə təmin edilə bilməz. Belə ki, iddiaçı ona daha artıq məbləğdə maddi zərər vurulmasına dair sübutları məhkəməyə təqdim etməmişdir. Bundan başqa, MKTB-nin hər hansı təqsirli hərəkət, yaxud hərəkətsizliyi nəticəsində iddiaçıya ziyan vurulmadığından, Bakı şəhəri Qaradağ rayon MKTB-yə münasibətdə iddia təmin edilə bilməz. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Vurulmuş maddi zərərə görə 2.314 manat və ödənilmiş 50 manat dövlət rüsumu cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutularaq İddiaçı ödənilsin. Aparılmış ekspertiza tədqiqatının dəyəri olan 50 manat cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin təqdim etdiyi hesab üzrə ödənilsin. İddia qalan hissədə rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Qaradağ rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Kamran Əsədov
Məhkəmə qərarları › İş №2(002)-97/2023
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qətnamə — İş №2(002)-97/2023
05.06.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver