Məhkəmə qərarları › İş №2(003)-1014/2022

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №2(003)-1014/2022

12.05.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(003)-1014/2022 12.05.2022 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Xəzri Ramilə Həşim qızının sədrliyi, Mehdiyeva Nigar Namizəd qızının katibliyi, İddiaçının nümayəndəsi X1, Cavabdeh iştirakı ilə İddiaçı «X4 Olmayan Kredit Təşkilatı» Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh qarşı borcun tutulması barədə iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən e t d i: İddiaçı "xxxx" MMC borclu Cavabdeh qarşı ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehdən 1363.44 manat əsas borc, 32.56 manat faiz borcu, cəmi 1396 manat borcun və dövlət rüsumu olaraq ödənilmiş 34 manat məbləğində pul vəsaitinin "xxxx" MMC-nin xeyrinə tutulmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı «X4 Olmayan Kredit Təşkilatı» Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi X2 məhkəmə iclasında iddia tələbini onunla əsaslandırmışdır ki, cavabdehlə arasında bağlanmış 01 oktyabr 2021-ci il tarixli 899/SM-21 saylı kredit və eyni tarixli girov müqaviləsinə əsasən Cavabdeh 24 ay müddətinə 7600 manat məbləğində kredit verilmişdir. Cavabdeh kredit öhdəliyini vaxtında və lazımi şəkildə icra etməmiş, nəticədə 1363.44 manat əsas, 32.56 manat faiz borcu yaranmışdır. Cavabdehə pretenziya göndərilməsinə baxmayaraq, buna məhəl qoymamış, öhdəliklərini icra etməməyə davam etmişdir. Qeyd olunanlara əsasən, cavabdehdən 1363.44 manat əsas borc, 32.56 manat faiz borcu, cəmi 1396 manat borcun və dövlət rüsumu olaraq ödənilmiş 34 manat məbləğində pul vəsaitinin "xxxx" MMC-nin xeyrinə tutulmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddia tələbini qəbul etməmiş və etirazını onunla əsaslandırmışdır ki, o, pulu qohumu üçün öz adından götürüb. O, həmin tanışına məxsus qızılları girov qoyub. Qızıllar 12000 manatlıq idi, ona 7600 manat kredit vermişlər. Qeyd olunanlara əsasən, iddia tələbinin rədd edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə, tərəflərin izahatını dinləyib, iddia ərizəsini, işə əlavə edilmiş sənədləri nəzərdən keçirib və məhkəmə iclasında tədqiq edilən sübutlara hüquqi qiymət verərək belə hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 739.1. və 739.2. maddələrindən görünür ki, kredit müqaviləsinə əsasən borc verən pula mülkiyyət hüququnu borc alana keçirməyi, borc alan isə aldıqlarını müvafiq olaraq pul şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. İş materiallarından görünür ki, "xxxx" MMC ilə Cavabdeh arasında 01 oktyabr 2021-ci il tarixli, 899/SM-21 saylı kredit müqaviləsi bağlanmış, həmin müqaviləyə əsasən, "xxxx" MMC tərəfindən Cavabdeh 24 ay müddətinə 7600 manat məbləğində kredit verilmişdir. Eyni tarixli girov müqaviləsindən görünür ki, cəmi 4757 manat məbləğində qiymətləndirilən qızıl-zinət əşyaları "xxxx" MMC-nin borcalana verdiyi 7600 manat məbləğində kreditin təminatı olmuşdur. Məhkəmə hesab edir ki, iddiaçı "xxxx" MMC ilə Cavabdeh arasında 01 oktyabr 2021-ci il tarixli kredit müqaviləsi və girov müqaviləsi bağlanarkən qanunun tələblərinə tam əməl edilmişdir. İş materiallarında olan "xxxx" MMC tərəfindən ünvanlanmış 13.10.2021-ci il tarixli bildirişin surətindən görünür ki, Cavabdeh 01.10.2021-ci il tarixli kredit və girov müqavilələri üzrə 17 dekabr 2021-ci il tarixə yaranmış 8014.94 manat məbləğində olan kredit borcunu ödəməmişdir. Borcun ödənilməsi ilə bağlı xəbərdarlıq və girov predmetinin satılacağı barədə hərrac bildirişi göndərilməsinə baxmayaraq, kredit borcu ödənilmədiyindən, girov predmeti satılmış, satışdan əldə edilmiş 6651.50 manat məbləğində pul vəsaiti borcun ödənilməsinə yönəldilmiş, lakin borca kifayət etməmişdir. Artıq qalan 1371.59 manat borcun 10 gün ərzində tam ödənilməsi tələb olunmuş, əks təqdirdə borc məbləğinin borcludan tutulması üçün məhkəməyə müraciət ediləcəyi bildirilmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 425.1. maddəsində göstərilir ki, tərəflərdən hər biri öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 427.3. maddəsində göstərilir ki, öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Həmin Məcəllənin 741 və 742.1. maddələrinin mənasından görünür ki, əgər tərəflər arasındakı müqavilədə borcun qaytarılmasına dair müddət nəzərdə tutulmuşdursa, borclu aldığı kredit məbləğini faizləri ilə birlikdə həmin müddət bitənədək qaytarmalıdır. Həmin Məcəllənin 449.4-cü maddəsinin tələbinə görə, özgə vəsaitindən istifadə üçün faizlər, əgər müqavilədə faizlərin hesablanması üçün daha qısa müddət müəyyənləşdirilməyibsə, həmin vəsait məbləğinin kreditora ödənildiyi günə qədər tutulur. Həmin Məcəllənin 460.1-ci maddəsinə əsasən, öhdəliklərin icrası girov, dəbbə pulu, borclunun əmlakının saxlanması, zaminlik, qarantiya, beh ilə və bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər üsullarla təmin edilə bilər. İşin məhkəmə iclasında araşdırılan hallarından və iş materiallarında olan arayışdan görünür ki, Cavabdeh müqavilə şərtlərinə əməl etməyərək üzərinə düşən öhdəlikləri lazımınca yerinə yetirməmiş, nəticədə onun iddiaçıya olan əsas borcu 1363.44 manat, faiz borcu 32.56 manat olmaqla, cəmi 1396 manat təşkil etmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 442-ci maddəsinin tələbinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən, borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Beləliklə, işin müəyyən edilən hallarına əsasən cavabdeh kredit müqaviləsi üzrə öhdəliklərini lazımınca yerinə yetirməmiş, nəticədə isə iddiaçı müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olmuşdur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 428.4. və 743-cü maddələrinin tələbindən görünür ki, əgər borclu ödəniş qabiliyyətini itirərsə və ya şərtləşdirilmiş təminatı azaldarsa, yaxud ümumiyyətlə, belə təminat verə bilməzsə, kreditor dərhal icranı tələb edə bilər. İş materiallarından görünür ki, iddiaçı tərəfindən iddia ərizəsinin verilməsi üçün 34 manat məbləğində dövlət rüsumu ödənilmişdir. «Dövlət rüsumu haqqında» Azərbaycan Respublikasının Qanununun 8.1.2. maddəsinin tələbinə əsasən iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda, məhkəməyə verilən iddia ərizələrindən 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi məbləğində dövlət rüsumu tutulur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1. maddəsinin tələbinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin qeyd olunan maddəsinin tələbini nəzərə alaraq hesab edir ki, iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmiş 34 manat məbləğində dövlət rüsumu cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 217.4. maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə, yuxarıda göstərilənləri ümumiləşdirib məhkəmə iclasında tədqiq edilən sübutları qiymətləndirərək hesab edir ki, iddia tələbi təmin edilməli, iddiaçı «X4 Olmayan Kredit Təşkilatı» Məhdud Məsuliyyətli Cəmiyyətinın xeyrinə Cavabdeh 1363.44 manat əsas borc, 32.56 manat faiz borcu olmaqla, cəmi 1396 manat məbləğində pul vəsaiti və ödənilmiş dövlət rüsumunun 34 manat məbləği tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q ə t e t d i: İddia tələbi təmin edilsin. İddiaçı «X4 Olmayan Kredit Təşkilatı» Məhdud Məsuliyyətli Cəmiyyətinın xeyrinə Cavabdeh 1363.44 manat əsas borc, 32.56 manat faiz borcu olmaqla, cəmi 1396 (bir min üç yüz doxsan altı) manat məbləğində pul vəsaiti və ödənilmiş dövlət rüsumunun 34 (otuz dörd) manat məbləği tutulsun. Qətnamədən onun rəsmi təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Ramilə Xəzri

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar