Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(003)-1029/2021 01.04.2021 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Bəhrəmzadə Sabit Xanlar oğlunun sədrliyi, Süleymanov Bəxtiyar Zeynal oğlunun katibliyi, İddiaçı, Cavabdeh iştirakı ilə İddiaçı Cavabdeh oğluna qarşı yol-nəqliyyat hadisəsi nəticəsində dəymiş zərərin əvəzinin ödənilməsi tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 2600 manat, hadisənin baş verdiyi tarixdən iddia ərizəsinin məhkəməyə verildiyi tarixədək gündəlik əldən çıxmış 25 manat qazanca görə 1025 manat, ödənilmiş 30 manat dövlət rüsumu, cəmi 3655 manat məbləğində pulun tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, xx.xx.2020-ci il tarixdə X1 idarə etdiyi 99SO307 nömrəli KİA RİO markalı maşınla yol hərəkət qaydalarını pozaraq, onun istifadəsində olan Honda İnsight markalı 99US653 nömrəli maşını vurmuşdur. Hadisə yerinə gəlmiş AR DİN Bakı şəhər DYP patrul xidməti baş inspektoru polis baş leytenantı X2 tərəfindən İXP ******* saylı inzibati xəta haqqında protokol tərtib edilmişdir. Həmin protokola əsasən cavabdeh X1 baş vermiş yol nəqliyyat hadisəsində təqsirli olduğu müəyyən edilmişdir. Hadisə nəticəsində avtomobilinə 6477 AZN məbləğində maddi ziyan dəymişdir. O, taksi sürücüsü kimi həmin maşınla fəaliyyət göstərmişdir, işlədiyi vaxtlarda gündəlik ən az 25 manat pul qazanmışdır. Cavabdehin məsuliyyətsiz hüquqa zidd hərəkətinə görə, ona dəymiş ziyanı ödəməməsinə görə bu günədək maşını təmir edilməyib və o, buna görə də işləyə bilmir. Ona işləmədiyinə görə gündəlik ən az 25 manat ziyan dəyir, o, həmin pul məbləğində gəlirdən məhrum olur. İndiyədək ona 1025 manat (hadisə 41 gün əvvəl törədilib, gündəlik 25 manat o'maqla, cəmi 1025 manat) əldən çıxmış qazanc kimi zərər dəyib. Bundan sonra da, cavabdeh ona dəymiş ziyanı ödəməkdən imtina etdiyi müddət ərzində avtomobilim təmir edilənədək o, qazancından məhrum olacaqdır. Qanunvericiliyə əsasən cavabdeh R.Ağamaliyev öz əməlinə görə maddi məsuliyyət daşıyır və ona dəymiş ziyanı könüllü olaraq ödəyə bilərdi. Lakin, cavabdeh qanuları saymır, ondan vurduğu ziyanı tələb edəndə isə, ona məhkəməyə müraciət etməsini tövsiyyə etmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək, onun təmin olunmasını xahiş etdi və iddia ərizəsinin məzmununa uyğun izahat verdi. Məhkəmə iclasında Cavabdeh iddia tələbini qismən etiraf etməklə izahatında bildirdi ki, iddianın 2600 manat məbləğində pulun ondan tutulması hissəsini qəbul edir qalan hissədə isə rədd olunmasını xahiş edir. Həmçinin qeyd etdi ki, tələb olunan pulu hissəhissə ödəyə bilər. Məhkəmə tərəflərin izahatını dinləyib, iş üzrə toplanmış sübutları tədqiq edib, hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. İş materiallarında olan xx.xx.2020-ci il tarixli İXP ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, Cavabdeh xx.xx.2020-ci il tarixində saat 14:00-da Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törətmişdir. İş materiallarında olan Avto servis tərəfindən verilmiş avtomobilin qüsur aktından görünür ki, Honda İnsight markalı ** US *** dövlət qeydiyyat nişanlı avtomobilə 6477 manat ziyan dəymişdir. İş materiallarından görünür ki, sığorta hadisəsi səbəbindən İddiaçı 6477 manat zərər dəymiş, sığorta şirkəti tərəfindən 3893.83 manat sığorta ödənişi edilmişdir. İşdə olan qəbzdən görünür ki, iddiaçı tərəfindən 30 manat dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.2-ci maddəsinin tələbinə görə, zərər dedikdə, hüquqi pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış dayda) başa düşülür. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 14.2.6-cı maddəsi başqa şəxsə zərər vurulmasını mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından, 386.1-ci maddəsi isə zərər vurulmasını öhdəliyin əmələ gəlməsi əsaslarından biri kimi təsbit edir. Həmin Məcəllənin 1096-cı maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd əməldir. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Mülki qanunvericiliyin yuxarıda sadalanmış müddəalarının mənasından göründüyü kimi mülki hüquq pozuntusu – deliktə görə məsuliyyətin yaranması dispozisiya şərti kimi üç əsas ünsürün məcmu halda mövcudluğundan asılıdır: 1) əməl (hərəkət və ya hərəkətsizlik); 2) həmin əməlin hüquqa və ya qanuna zidd olması və 3) təqsir (qəsd və ya ehtiyatsızlıq). Ona görə də, deliktə əsaslanan zərərin əvəzinin ödənilməsi ilə bağlı iddia tələbləri məhz qeyd edilən dispozisiya şərtləri baxımından yoxlanılmalı və iddia tələbinin qanuni əsasının qeyd edilən dispozisiya şərtlərinin mövcudluğu halında irəli sürülən tələb təmin olunmalıdır. İşin müəyyən olunmuş və tərəflərin mübahisələndirmədiyi halları ondan ibarətdir ki, Cavabdeh baş vermiş yol-nəqliyyat hadisəsinə görə təqsirli olduğu sübuta yetirildiyindən (yol-nəqliyyat hadisəsinə görə təqsirli olduğu qanuni qüvvədə olan inzibati xəta haqqında qərarda var) həmin hadisə nəticəsində iddiaçının əmlakına vurulmuş zərərə görə də onun mülki hüquqi məsuliyyəti yaranmışdır. Zərərin əvəzinin ödənilməsinə münasibətdə isə məhkəmə qeyd edir ki, Mülki Məcəllənin 21-ci maddəsi mərkəzi ümumi norma kimi çıxış edərək zərərin əvəzinin ödənilməsi ilə əlaqədar tələbin şərtlərini deyil, yalnız hüquqi nəticələrini tənzimləyir. Zərərin əvəzinin ödənilməsi üçün iddia tələbinin əsasının özü isə digər hüquq sahələrində (məsələn, müqavilə hüququ, delikt hüququ və s.) axtarılmalıdır. Bu mənada, konkret mübahisəyə münasibətdə cavabdeh tərəfindən delikt törədildiyi müəyyən olunduğundan məhkəmə hesab edir ki, zərərin əvəzinin ödənilməsi üçün iddia tələbinin əsası da məhz delikt hüququndan irəli gəlir. Belə ki, Mülki Məcəllənin 1097.1-ci maddəsinə görə mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Həmin Məcəllənin 1108.1 və 1108.2-ci maddələrində isə təsbit edilmişdir ki, ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. İddia tələbindən göründüyü kimi, iddiaçı yol-nəqliyyat hadisəsinin baş verməsi nəticəsində əmlakına vurulmuş zərərin, yəni cavabdeh tərəfindən həmin avtomobildə onun tərəfindən aparılmış təmir işlərinin qüsurlu olmasını və avtomobilin əvvəlki vəziyyətinə gətirilməsi üçün əlavə görülməli işlərə görə vəsaitin ödənilməsini tələb edir və həmin zərərin həcmini 6477 manat məbləğində qiymətləndirir. İddiaçının tutulmalı zərərin həcminin məhz qeyd olunan məbləğdə olması ilə bağlı təqdim etdiyi sübutları Avtoservis tərəfindən verilmiş qüsur aktıdır. Cavabdeh tərəf isə vurulmuş zərərin 2600 manatını etiraf edir. Məhkəmə iş üzrə toplanmış sübutların məcmusuna qiymət verməklə belə qənaətə gəlir ki, ümumi dəymiş zərərdən (6477) edilən sığorta ödənişi (3893.83) çıxılmaqla qalan məbləğ (6477-3893.83=2583.17) cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Məhkəmə iddia tələbinin 1025 manat məbləğində əldən çıxmış faydanın cavabdehdən alınaraq ona ödənilməsi barədə hissəsinə dair hesab edir ki, həmin hissədə iddia tələbi təmin edilməməldir. Belə ki, iddiaçı həmin hissədə tələb etdiyi məbləğin ona münasibətdə əldən çıxmış fayda kimi qiymətləndirməklə, hər gün üçün əldə etdiyi gəlirin məhz 25 manat olmasını əsas gətirməklə tələb etsə də, işin bu halını təsdiq edəcək hər hansı sübutu məhkəməyə təqdim edə bilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra MPM) 77.1ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası MPM-in 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinin tələbinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə iddia tələbinin ödənilmiş 30 manat dövlət rüsumunun da cavabdehdən tutulması hissəsinə qiymət verərək hesab edir ki, məhkəmə xərcləri iddianın təmin edilmiş hissələrinə müvafiq olaraq tərəflərə aid edilməli olduğundan, iddiaçı tərəfindən ödənilmiş 30 manat dövlət rüsumunun 15 manatı cavabdehdən alınaraq iddiaçıya ödənilməli, qalan 15 manat isə iddiaçının özünə aid edilməlidir. Qeyd olunanlara əsasən, Azərbaycan Respublikası MPM-in 216-220 və 360-cı maddələrini rəhbər tutub, məhkəmə qət etdi: İddia tələbi qismən təmin edilsin. Cavabdeh 2583.17 manat məbləğində dəymiş maddi zərər və ödənilmiş 15 manat məbləğində dövlət rüsumu, cəmi 2598.17 (iki min beş yüz doxsan səkkiz manat on yeddi qəpik) manat alınaraq İddiaçı verilsin. Ödənilmiş dövlət rüsumunun qalan 15 manatı iddiaçının özünə aid edilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən Sabit Bəhrəmzadə
Məhkəmə qərarları › İş №2(003)-1029/2021
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №2(003)-1029/2021
01.04.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver