Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(003)-103/2022 18.01.2022 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Xəzri Ramilə Həşim qızının sədrliyi, Mehdiyeva Nigar Namizəd qızının katibliyi, İddiaçının nümayəndəsi X1, Cavabdehlər Cavabdeh1 və Cavabdeh3 iştirakı ilə İddiaçı Bank "xxxx" ASC-nın cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı borc tələbi və tələbin ipoteka predmetinə məhkəmə qaydasında yönəldilməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: İddiaçı Bank "xxxx" ASC cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı iddia ərizəsi ilə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinə müraciət edərək, iddiaçı Bank "xxxx" ASC ilə Cavabdeh1 arasında bağlanmış 18.09.2019-cu il tarixli, XDEN-00002-04/19A saylı kredit müqaviləsindən irəli gələn 03.06.2021-ci il tarixinə olan 44815.15 manat əsas borc, 11633.95 manat faiz borcu, 4072.97 manat dəbbə borcu ümumilikdə 60522.07 manat məbləğində borcun, iddia qaldırılması üçün ödənilmiş 30 manat dövlət rüsumu və 0.40 manat bank xidməti haqqının cavabdehlər Cavabdeh1 və Cavabdeh3 müştərək qaydada iddiaçının xeyrinə tutulması, iddiaçı Bank "xxxx" ASC ilə Cavabdeh2 arasında bağlanmış 18.09.2019-cu il tarixli XDENG-00002-04/19A saylı ipoteka müqaviləsi əsasında tam mülkiyyət hüququ ilə Cavabdeh2 məxsus olan ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə tutmanın yönəldilməsi, həmin əmlakın açıq hərracda satılması, ipoteka predmetinin açıq hərracda satışından əldə edilmiş pul vəsaiti hesabına ödənilməsi, sonrakı ipoteka predmeti olan əmlak satıldıqdan sonra əldə edilən vəsait kredit borcunu ödəməzsə qalan məbləğin cavabdehlər Cavabdeh1 və Cavabdeh3 tutulması və ipoteka predmeti ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin boşaldılması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı Bank "xxxx" ASC iddia tələbini onunla əsaslandırmışdır ki, iddiaçı Bank "xxxx" ASC-nin “Ticarət” filialı ilə Cavabdeh1 arasında bağlanmış 18.09.2019-cu il tarixli XDEN- 00002- 04/19A saylı kredit müqaviləsinə əsasən, bank tərəfindən cavabdehə şəxsi istifadə məqsədi ilə 36 (otuz altı) ay müddətinə, illik 23 (iyirmi üç) faiz ödəmək şərti ilə 50000 (əlli min) manat məbləğində, aylıq əsasla qaytarılmaq şərti ilə kredit verilmişdir. Kreditin təminatı qismində Cavabdeh2 18.12.2019-cu il tarixdə iddiaçıyla XDENG-00002-04/19A saylı sonrakı ipoteka müqaviləsi bağlayaraq xüsusi mülkiyyət hüququ ilə özünə məxsus olan ünvan 1 ünvanında "xxxx" ASC ilə Cavabdeh1 arasında Bakı şəhərində bağlanmış 18.09.2019-cu il tarixli XDEN-00002-04/19A saylı kredit müqaviləsi üzrə ipoteka qoyanın öhdəliklərinin icrasının təmin edilməsi üçün Bank "xxxx" ASC ilə Cavabdeh2 arasında bağlanmış 18.09.2019-cu il tarixli XDENG-00002-04/19A saylı ipoteka müqaviləsinə əsasən Bank "xxxx" ASC-yə ipotekaya qoyulmuşdur. ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin tutmanın yönəldilməsi haqqında bildiriş Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən qeydiyyata alınmışdır. 2019-cu ildə Cavabdeh2 məxsus Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, 4-181 saylı ev "xxxx" MMC tərəfindən qiymətləndirlimiş real bazar dəyəri 87000 manat, likvid dəyəri 78000 manat müəyyən edilmişdir. Cavabdeh3 18.12.2019-cu ildə iddiaçı ilə XDENZ-00002-04/19A saylı zaminlik müqaviləsi bağlayaraq Cavabdeh1 həmin kreditinə zamin durmuşdur. 28 aprel 2020-ci il tarixdə Bank "xxxx" ASC-nin “Sənaye” filialı ilə Cavabdeh1 arasında XDEN-00002-04/19A saylı 18.09.2019-cu il tarixli kredit müqaviləsinə,Cavabdeh2 arasında XDENG-00002-04/19A saylı 18.09.2019-cu il tarixli ipoteka müqaviləsinə və Cavabdeh3 arasında XDENZ-00002-04/19A saylı 18.09.2019-cu il tarixli zaminlik müqaviləsinə 1 saylı əlavə bağlanmışdır. Cavabdeh1 kredit müqaviləsinin müddəti ərzində öz öhdəliklərini pozaraq ödəniş müddətlərini dəfələrlə ötürmüşdür və kredit müqaviləsi üzrə borc öhdəliklərini yerinə yetirməmişdir. Dəfələrlə şifahi, telefon bağlantısı və rəsmi bildirişlər ilə edilən xəbərdarlıqlara baxmayaraq, cavabdeh XDEN-00002-04/19A saylı kredit müqaviləsi üzrə öhdəliklərini icra etməyərək 90 gündən artıq gecikməyə səbəb olmuşdur. Nəticədə iddiaçı cavabdehlə arasında olan kredit müqaviləsinin 4.4-cü və ipoteka müqaviləsinin 5.4-cü bəndlərinə əsasən məhkəməyə müraciət etməyə məcbur olmuşdur. Cavabdehlərin 03.06.2021-ci il tarixinə hesablanmış və ödənilməmiş əsas borcunun məbləği 44815 (qırx dörd min səkkiz yüz on beş) manat 15 (on beş) qəpik, faiz borcun məbləği 11633 (on bir min altı yüz ötuz üç) manat 95 (doxsan beş) qəpik, dəbbə borcun məbləği 4072 (dörd min yetmiş iki) manat 97 (doxsan yeddi) qəpik, təşkil edir. Beləliklə cavabdehlərin 03.06.2021ci il tarixinə ümumi borcu 60522 (altmış min beş yüz iyirmi iki) manat 07 (yeddi) qəpik təşkil edir. Qeyd olunanlara əsasən, iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçının nümayəndəsi X2 məhkəmə iclasında iddia tələbini müdafiə edərək, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh3 iddia tələbini qismən qəbul etmiş və izahatını onunla əsaslandırmışdır ki, faiz və cərimə məbləği yüksək hesablanmışdır. Qeyd olunanlara əsasən, iddia tələbinin qismən təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh1 iddia tələbini qismən qəbul etmiş və izahatını onunla əsaslandırmışdır ki, faiz və cərimə məbləği yüksək hesablanmışdır. Qeyd olunanlara əsasən, iddia tələbinin qismən təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş Cavabdeh2 məhkəməyə gəlməmişdir. Məhkəmə Mülki Prosessual Məcəllənin 185-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, proses iştirakçılarının izahatını dinləyib, iş üzrə toplanmış materialları tədqiq edib, araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 739.1. və 739.2. maddələrindən görünür ki, kredit müqaviləsinə əsasən borc verən pula mülkiyyət hüququnu borc alana keçirməyi, borc alan isə aldıqlarını müvafiq olaraq pul şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. İş materiallarından görünür ki, iddiaçı Bank "xxxx" ASC ilə Cavabdeh1 arasında 18 sentyabr 2019-cu il tarixdə XDEN-00002-04/19A №-li kredit müqaviləsi bağlanmış və həmin müqaviləyə əsasən iddiaçı tərəfindən sonuncuya illik 23 % hesabı ilə 36 ay müddətinə 50000 manat məbləğində kredit verilmişdir. Qeyd edilən müqaviləyə əlavə edilmiş ödəniş cədvəlindən görünür ki, Cavabdeh1 borcunu 18.10.2019-cu il tarixdən başlayaraq hər ay banka 1936 manat ödəməklə qaytarmağı öhdəsinə götürmüşdür. Məhkəmə hesab edir ki, iddiaçı Bank "xxxx" ASC ilə Cavabdeh1 arasında 18 sentyabr 2019-cu il tarixdə XDEN-00002-04/19A №-li kredit müqaviləsi bağlanarkən qanunun tələblərinə əməl edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsində göstərilir ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkət etməli və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasının tələb etmək hüququ vardır. Həmin Məcəllənin 425.1. maddəsində göstərilir ki, tərəflərdən hər biri öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 449.4-cü maddəsinin tələbinə görə, özgə vəsaitindən istifadə üçün faizlər, əgər müqavilədə faizlərin hesablanması üçün daha qısa müddət müəyyənləşdirilməyibsə, həmin vəsait məbləğinin kreditora ödənildiyi günə qədər tutulur. Kredit müqaviləsinin şərtlərindən, iddiaçının nümayəndəsinin məhkəməyə verdiyi izahatından və iş materiallarında olan 03.06.2021-ci il tarixli arayışdan görünür ki, Cavabdeh1 kredit müqaviləsi üzrə öhdəliklərini lazımınca yerinə yetirməmiş, nəticədə onun iddiaçıya olan əsas borcu 44815.15 manat, faiz borcu 11633.95 manat və cərimə 4072.97 manat olmaqla, cəmi borc 60522.07 manat təşkil etmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 443.1. maddəsində göstərilir ki, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 448.1. və 448.2. maddələrində göstərilir ki, əgər qanunla və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar və öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. Həmin Məcəllənin 462.1. maddəsinə görə, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 427.3. maddəsinin tələbinə əsasən öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Həmin Məcəllənin 741 və 742.1. maddələrinin mənasından görünür ki, əgər tərəflər arasındakı müqavilədə borcun qaytarılmasına dair müddət nəzərdə tutulmuşdursa, borclu aldığı kredit məbləğini faizləri ilə birlikdə həmin müddət bitənədək qaytarmalıdır. Həmin Məcəllənin 428.4. və 743-cü maddələrinin tələbindən görünür ki, əgər borclu ödəniş qabiliyyətini itirərsə və ya şərtləşdirilmiş təminatı azaldarsa, yaxud ümumiyyətlə, belə təminat verə bilməzsə, kreditor dərhal icranı tələb edə bilər. İş materialları ilə müəyyən edilmişdir ki, Cavabdeh1 Bank "xxxx" ASC qarşısındakı öhdəliyi digər borclu olan Cavabdeh3 zaminliyi ilə təmin edilmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 470.1-ci maddəsinin tələbinə görə, zaminlik müqaviləsi üzrə zamin başqa kreditor qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Həmin Məcəllənin 472.1-ci maddəsinə əsasən, borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Həmin Məcəllənin 472.2. maddəsinə əsasən, əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Qanunvericiliyin qeyd edilən müddəalarına əsasən məhkəmə hesab edir ki, Cavabdeh3 digər Cavabdeh1 ilə birgə bank qarşısında məsuliyyət daşıyırlar. Beləliklə, işin müəyyən edilən hallarına əsasən cavabdeh həmin müqavilə üzrə öhdəliklərini lazımınca yerinə yetirməmişdir. Nəticədə isə, iddiaçı müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olmuşdur. İş materiallarında olan, iddiaçı Bank "xxxx" ASC ilə Cavabdeh1 və Cavabdeh2 arasında bağlanmış 18 sentyabr 2019-cu il tarixli ipoteka müqaviləsindən və işdə olan sənədlərdən görünür ki, Cavabdeh2 məxsus olan ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi Bank "xxxx" ASC qarşısında ipoteka ilə yüklü edilmişdir. İş materiallarında olan, Daşınmaz Əmlakın Dövlət Reyestrindən 19.09.2019-cu il tarixli çıxarışın surətindən görünür ki, həmin mənzilin Bank "xxxx" ASC qarşısında ipoteka ilə yüklü edilməsi rəsmi dövlət qeydiyyatına alınmışdır . İş materiallarına əlavə edilmiş bildirişdən, həmçinin işin digər materiallarından görünür ki, Cavabdeh1 borcun ödənilməsi barədə xəbərdarlıq edilmiş, lakin müqavilə öhdəlikləri yerinə yetirilmədiyindən iddiaçı tərəfindən «İpoteka haqqında» Azərbaycan Respublikasının Qanununun 36.3. maddəsinin tələb etdiyi qaydada tutmanın ipotekaya yönəldilməsinə dair bildirişin dövlət qeydiyyatına alınması üçün ərizə verilmiş və bildiriş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhəri Ərazi İdarəsində qeydə alınmışdır. “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununun 39.3.3-cü maddəsinə əsasən, məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən, qərarda ipoteka predmetinin ilkin satış qiymətini göstərməlidir. İlkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir. İşdə olan məhkəmə tərəfindən qiymətləndirməni aparması həvalə edilmiş "xxxx" MMC tərəfindən tərtib edilən H/01-PLS №-li 04 noyabr 2021-ci il tarixli rəydə, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin real bazar dəyərinin 60000 manat, likvid dəyərinin 50.000 manat təşkil etdiyi müəyyən edilmişdir. Məhkəmə, əmlakın dəyərini müəyyən etmiş birliyin qiymətləndirmə sahəsində xüsusi biliyi olduğunu nəzərə alaraq, əmlakın dəyəri barədəki rəylə razılaşır. «İpoteka haqqında» Azərbaycan Respublikasının Qanununun 39.1. maddəsində göstərilir ki, ipoteka saxlayan ipoteka müqaviləsi üzrə tələbinin ödənilməsi üçün iddia ilə məhkəməyə müraciət edə bilər. Həmin Qanunun 33-cü maddəsinə əsasən borclu əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayanın tələbinin ödənilməsi üçün ipoteka predmetinə tutma yönəldilə bilər. Qeyd edilən Qanunun 34.1.3. maddəsinə əsasən ipoteka müqaviləsində nəzərdə tutulmuş və ipoteka saxlayana ipotekaya tutma yönəltmək hüququ verən şərtinin yerinə yetirilməməsi ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranması anıdır. Həmçinin, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 317.1. maddəsinə əsasən borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər və həmin Məcəllənin 319.1. maddəsinin tələbinə əsasən, əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir və həmin Məcəllənin 319.6. maddəsinin tələbinə əsasən əgər satışdan götürülən və ya əldə edilən məbləğ ipoteka saxlayanın tələblərindən artıqdırsa, artıq məbləğ borcluya qaytarılmalı, çatışmayan məbləğ borclu tərəfindən ipoteka saxlayana ödənilməlidir. Məhkəmə araşdırmaları zamanı iddiaçı tərəf iddia tələbinin əsası kimi istinad etdiyi halları təqdim etdiyi sənədlərlə sübuta yetirmiş və məhkəmə iclasında müəyyən olunmuşdur ki, Cavabdeh1 iddiaçı Bank "xxxx" ASC-yə ödənilməmiş 44815.15 manat əsas və 11633.95 manat faiz borcu vardır və cavabdeh həmin borcunu iddiaçıya ödəməlidir. Eyni zamanda, yuxarıda qeyd edildiyi kimi, kredit müqaviləsi üzrə öhdəliklərin vaxtında icra olunmaması 4072.97 manat məbləğində cərimənin hesablanması ilə nəticələnmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 442-ci maddəsinin tələbinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Həmin Məcəllənin 443.1. maddəsində göstərilir ki, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 448.1. və 448.2. maddələrində göstərilir ki, əgər qanunla və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar və öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. Bununla belə, məhkəmə, işin hallarını, eyni zamanda, cavabdehin iddiaçıya olan ödənilməmiş borcunun məbləğini nəzərə alaraq hesab edir ki, müqavilə üzrə tənasübsüz olaraq yüksək miqdarda cərimə tətbiq edilmişdir və bu, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 467-ci maddəsinin tələbinə müvafiq olaraq tərəflərin qarşılıqlı mənafeyinə uyğun gəlmir. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin qeyd olunan maddəsində göstərilir ki, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Qanunun tələbini nəzərə alaraq məhkəmə hesab edir ki, kredit müqaviləsi üzrə tətbiq olunmuş cərimənin azaldılaraq 400 manat həddində saxlanılması tərəflərin əmlak vəziyyətlərinə uyğun hesab edilməlidir. Eyni zamanda, iddia tələbindən görünür ki, ipoteka predmeti olan fərdi yaşayış evinin boşaldılması xahiş olunmuşdur. Bununla bağlı məhkəmə qeyd edir ki, “İpoteka haqqında» Azərbaycan Respublikasının Qanununun qeyd olunan maddəsinin tələbinə əsasən yaşayış evi və ya mənzil ipoteka müqaviləsi üzrə kreditin qaytarılması üçün ipoteka qoyulmuşdursa, ipoteka qoyulmuş yaşayış evinə tutma yönəldildikdə və o satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməlidirlər. Qanunun tələbindən göründüyü kimi, ipoteka qoyan şəxsin yaşayış sahəsini tərk etməsi tutmanın ipoteka predmetinə yönəlməsi və ipoteka predmetinin satılması ilə şərtləndirilmişdir. Hazırki vəziyyətdə məhkəmə, ipoteka predmeti olan əmlakın boşaldılmasını işin hallarına uyğun saymır və hesab edir ki, iddia tələbi həmin hissədə təmin edilməməlidir. İş materiallarından görünür ki, iddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət etdiyi zaman 30 manat məbləğində dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1. maddəsinin tələbinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Qanunun qeyd olunan tələbinə əsasən məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edildiyindən, ödənilmiş dövlət rüsumunun 28 manatı cavabdehə aid edilməli və ondan alınaraq iddiaçının xeyrinə ödənilməlidir. Həmçinin ekspertiza tədqiqatının dəyəri olan 300 manat pulun 280 manatı cavabdehdən, 20 manat məbləği iddiaçıdan tutularaq, "xxxx" MMC-nin hesabına ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 217.4. maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə, məhkəmə iclasında tədqiq edilən sübutları qiymətləndirərək hesab edir ki, iddia tələbi qismən təmin edilməli, cavabdehlər Cavabdeh1 və Cavabdeh3 müştərək qaydada iddiaçı Bank "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xeyrinə 44815.15 manat əsas borc, 11633.95 manat faiz borcu, 400 manat cərimə, cəmi 56849.1 manat məbləğində borc və iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumuna görə 15 manat məbləğində pul vəsaiti tutulmalı, tutma ipoteka ilə yüklü edilmiş Cavabdeh2 mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə yönəldilməli, həmin ev 50.000 manat ilkin satış qiyməti ilə açıq hərracda satılmalı, satışdan əldə olunmuş pul vəsaiti hesabına iddiaçıya ümumilikdə 56849.1 manat məbləğində borc və dövlət rüsumuna görə 28 manat məbləğində pul vəsaiti ödənilməli, əldə edilən vəsait kredit borcunu ödəməzsə, qalan məbləğ Cavabdeh1 və Cavabdeh3 müştərək qaydada tutulmalı, ekspertiza tədqiqatının dəyəri olan 300 manat məbləğində pul vəsaitinin 280 manat məbləği cavabdehlər Cavabdeh1 və Cavabdeh3, 20 manat məbləği iddiaçı Bank "xxxx" Açıq Səhmdar Cəmiyyətindən tutularaq "xxxx" MMC-nin hesabına ödənilməli, iddia tələbi qalan hissədə rədd edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: İddia tələbi qismən təmin edilsin. İddiaçı Bank "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xeyrinə, cavabdehlər Cavabdeh1 və Cavabdeh3 müştərək qaydada 44815.15 manat əsas borc, 11633.95 manat faiz borcu, 400 manat cərimə, cəmi 56849.1 (əlli altı min səkkiz yüz qırx doqquz manat on qəpik) manat məbləğində borc və iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumuna görə 15 (on beş) manat məbləğində pul vəsaiti tutulsun. Tutma ipoteka ilə yüklü edilmiş Cavabdeh2 mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə yönəldilsin, həmin ev 50.000 manat ilkin satış qiyməti ilə açıq hərracda satılsın, satışdan əldə olunmuş pul vəsaiti hesabına iddiaçı Bank "xxxx" Açıq Səhmdar Cəmiyyətinə ümumilikdə 56849.1 manat məbləğində borc və dövlət rüsumuna görə 15 (on beş) manat məbləğində pul vəsaiti ödənilsin. Əldə edilən vəsait kredit borcunu ödəməzsə, qalan məbləğ Cavabdeh1 və Cavabdeh3 müştərək qaydada tutulsun. Ekspertiza tədqiqatının dəyəri olan 300 manat məbləğində pul vəsaitinin 280 manat məbləği cavabdehlər Cavabdeh1 və Cavabdeh3, 20 manat məbləği iddiaçı Bank "xxxx" Açıq Səhmdar Cəmiyyətindən tutularaq "xxxx" MMC-nin hesabına (Adı: "xxxx" MMC, VÖENİ: **********, hesablaşma hesabı: “Unibank” KB-nin 11 saylı Dərnəgül filialı, filialın kodu: 502058, SWİFT kodu: UBAZAZ22, H/h: AZ46NABZ********************) ödənilsin. İddia tələbi qalan hissədə rədd edilsin. Qətnamədən onun rəsmi təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Ramilə Xəzri
Məhkəmə qərarları › İş №2(003)-103/2022
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №2(003)-103/2022
18.01.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver