Məhkəmə qərarları › İş №2(003)-1071/2023

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №2(003)-1071/2023

07.11.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(003)-1071/2023 07.11.2023 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Rüstəmov Emin Şahin oğlunun sədrliyi, Şükürlü Murad Şahin oğlunun katibliyi, İddiaçı, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “maddi ziyanın ödənilməsi” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı Cavabdeh qarşı “maddi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən vurulmuş maddi zərərin əvəzi kimi- 2477 manat, eyni zamanda məhkəməyə müraciət edərkən ödənilmiş 46 manat dövlət rüsumunun cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia ərizəsini müdafiə edərək onun təmin edilməsini xahiş etdi və izahatında göstərdi ki, o, 2022-ci ildən başlayaraq mülkiyyət hüququ üzrə ona məxsus torpaq sahəsində ev tikməyə başlamışdır. Ev iki mərtəbədən ibarətdir. Bununla əlaqədar birinci mərtəbə və ikinci mərtəbənin arasında pilləkən tikilməli idi. Pilləkənin tikilməsi məqsədi ilə o, Cavabdeh müraciət etmişdir. Aralarında olan qarşılıqlı razılaşmaya əsasən pilləkən qısa müddətdə hazır olmalı və Rusiya istehsalı olan materialla birlikdə 1500 manata başa gəlməli idi. Lakin, cavabdeh onu aldatmışdır. Bu günə qədər pilləkənin tikilməsi üçün ondan 1700 manat alıb, amma işini keyfiyyətli görməmişdir. Bir neçə dəfə pilləkəni yenidən düzəltməyə ona tapşırıq verməyə məcbur olmuşdur. Pilləkənin tikintisi zamanı pilləkənlərin hündürlüyünə düzgün riayət olmamışdır. Belə ki, cavabdeh bu pilləkəndə hərəkətin təhlükəsizliyini təmin edən pilləkənlərin tikintisi zamanı tikinti normalarına əməl etməmişdir. Bu gün evin içərisində olan pilləkən qəzalı vəziyyətdədir və təhlükəlidir. Bundan başqa, Cavabdeh ilə aralarında olan qarşılıqlı razılaşmaya əsasən evinin pəncərələrinə dəmir qəfəs düzəldib quraşdırmalı idi. Lakin o, keyfiyyətsiz, standartlara cavab verməyən pəncərənin qəfəsini düzəltmişdir. O, cavabdehə pəncərənin qəfəsinin hazırlanmasına görə 600 manat ödəmiş və indi ondan həmin məbləği geri tələb edir. Bundan başqa, Cavabdeh dəmir qiriş qapısını və qapı qəfəsini quraşdırmalı idi. Lakin, qapı keyfiyyətsiz çıxdı və o, cavabdehə həmin qapını geri qaytartmışdır. Cavabdeh qapının qəfəsini qəbul etmədi və qapının qəfəsi üçün onun tərəfindən ödənilmiş 150 manat məbləğində pulu ona geri qaytarmamışdır. Cavabdeh qapının pulundan 450 manat geri qaytarmışdır. Ümumi Cavabdeh tərəfindən ona dəymiş maddi ziyanın məbləği 2477 (iki min dörd yüz yetmiş yeddi) manat təşkil edir. Cavabdeh öz hərəkətləri ilə ona maddi ziyan vurmuşdur. Məhkəmə iclasında Cavabdeh 2477 manat pul tələbinə dair iddianı qəbul edərək onun təmin edilməsinə etiraz etmədiyini bildirdi və izahatında göstərdi ki, o, iddiaçı ilə razılaşaraq onun evində pilləkan tikmişdir. Daha sonra həmin pilləkanı 2 dəfə sökərək yenidən düzəltmişdir. Hər dəfə pilləkanı söküb yenidən düzəltdikdə əlavə materiallara ehtiyac yaranmışdır. Pilləkənin qiyməti ucuz olduğundan keyfiyyəti də aşağı səviyyədə çıxmışdır. Qapının pulundan 450 manat geri qaytarmışdır. İddiada olan məbləği qəbul edir. Hissə-hissə həmin məbləği ödəyəcəkdir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, iddia ərizəsini və iş materiallarını tədqiq edib hesab edir ki, iddia ərizəsi təmin edilməlidir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli 10/2551 saylı ekspert rəyindən görünür ki, İddiaçı məxsus olan evdə Cavabdeh tərəfindən evin birinci və ikinci mərtəbələri arasında pilləkənin quraşdırılması zamanı tikinti norma və qaydalarına əməl olunmamışdır. Belə ki, pilləkənin maillik hündürlüyü normalara əsasən 1.2 nisbətdə olmalı halda, — faktiki maillik hündürlüyü 1.48 (3.3 uzunu/2.22hündürlüyü) nisbətdədir. Həmçinin quraşdırılmış pilləkənin təmir olunmasının mümkün olmadığı, həmin pilləkənin sökülüb yenidən qurulmalı olduğu müəyyən edilir. Pilləkənin qurulma xərci razılaşmaya əsasən 1700 manat təşkil edir. Mülkiyyət hüququ ilə İddiaçı məxsus olan evdə Cavabdeh tərəfindən quraşdırlmış pilləkən yarımçıq şəkildə olduğundan, eləcə də alınmış materiallara dair qaimə xərcləri iş materiallarında olmadığından tikintisi zaman istifadə edilən materialların və inşa olunma xərcinin 2022-ci il mart-iyun aylarına olan bazar qiymətinin nə qədər təşkil etməsini dəqiqliklə müəyyən etmək mümkün olmamışdır. İddiaçı məxsus olan evdə Cavabdeh tərəfindən quraşdırılmış qapı və pəncərə qəfəslərinin materialları, barmaqlıqların arası keyfiyyətsiz qurulmuşdur. Lakin, istifadə olunmuş materiallara dair qaimə sənədləri iş materiallarında olmadığından və quraşdırılmış qəfəslər keyfiyyət standartlara cavab vermədiyi üçün 2022-ci il mart-iyun aylarına olan bazar qiymətini əvvəlki vəziyyətə gətirilməsi üçün nə qədər vəsait tələb olunmasını müəyyən etmək mümkün olmamışdır. İşin araşdırılmış hallarından müəyyən edilir ki, iş üzrə Cavabdeh tərəfindən iddiaçıya məxsus evdə pilləkan, qapı və pəncərə qəfəsləri quraşdırılmışdır. Lakin, cavabdeh tikinti işləri zamanı tikinti norma və standartlarına əməl etməmiş, bununla da iddiaçıya maddi ziyan dəymişdir. Eyni zamanda, cavabdeh tərəfindən iddia tələbi etiraf olunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.2-ci maddəsinin tələbinə görə, zərər dedikdə, hüquqi pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış dayda) başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14.2.6-cı maddəsi başqa şəxsə zərər vurulmasını mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından, 386.1-ci maddəsi isə zərər vurulmasını öhdəliyin əmələ gəlməsi əsaslarından biri kimi təsbit edir. Həmin Məcəllənin 1096-cı maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd əməldir. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Zərərin əvəzinin ödənilməsinə münasibətdə isə məhkəmə qeyd edir ki, Mülki Məcəllənin 21-ci maddəsi ümumi norma kimi çıxış edərək zərərin əvəzinin ödənilməsi ilə əlaqədar tələbin şərtlərini deyil, yalnız hüquqi nəticələrini tənzimləyir. Zərərin əvəzinin ödənilməsi üçün iddia tələbinin əsasının özü isə digər hüquq sahələrində (məsələn, müqavilə hüququ, delikt hüququ və s.) axtarılmalıdır. Hazırki halda məhkəmə hesab edir ki, tərəflər arasında podrat müqaviləsi üzrə münasibətlər yaranmışdır. Mülki Məcəllənin 752.1-ci maddəsinə əsasən podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 762.1-ci maddəsinə əsasən podratçı sifarişçi üçün podratı elə icra etməlidir ki, podratın nəticəsi qüsurlardan, üçüncü şəxslərin hüquqlarından və ya iddialarından azad olsun. Həmin Məcəllənin 762.2-ci maddəsinə əsasən podratın nəticəsi şərtləşdirilmiş keyfiyyətə uyğun gəlirsə, qüsurlardan azad sayılır. Keyfiyyət şərtləşdirilmədikdə podratın nəticəsi müqaviləyə uyğun istifadə və ya adi istifadə üçün yararlı olduğu halda qüsurlardan azad sayılır. Həmin Məcəllənin 765-ci maddəsinə əsasən məmulatın qüsuru nəticəsində, əgər müqavilənin əlavə icrası üçün müəyyənləşdirilmiş müddət qurtardıqdan sonra həmin qüsur tamamilə aradan qaldırılmazsa, sifarişçi müqavilədən imtina edə bilər. Bu halda podratçı müqavilə ilə bağlı xərclərin əvəzini sifarişçiyə ödəməyə borcludur Beləliklə də müəyyən olunmuşdur ki, tərəflər arasında podrat müqaviləsi bağlanmış, İddiaçı sifarişçi olaraq razılaşdırılmış muzdu ödəsə də, cavabdeh razılaşdırılmış şərtləri lazımi qaydada yerinə yetirməmiş və bu səbəbdəndə podratın nəticələri qüsurlu olmuşdur. Bu səbəbdən də iddiaçı (sifarişçi) müqavilədən imtina etməkdə və xərclərin əvəzinin ödənməsini tələb etməkdə haqlı olmuşdur. Məhkəmə yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddiaçıya dəymiş maddi ziyan məhkəmə araşdırması zamanı öz təsdiqini tapdığından və iddia tələbi cavabdeh tərəfindən etiraf edildiyindən iddia ərizəsi təmin edilməli, Cavabdeh 2477 manat məbləğində pul və ödənilmiş dövlət rüsumuna görə 46 manat məbləğində pul İddiaçı xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 115.0.1-ci maddəsinə əsasən şahidlərə, ekspertlərə, mütəxəssislərə, tərcüməçilərə verilməli olan məbləğlər işə baxılması ilə əlaqədar məsrəflərə aiddir. Həmin Məcəllənin 119.1-ci maddəsinin tələbinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə, iş üzrə aparılmış ekspertiza tədqiqatının dəyərinin ödənilməsi məsələsinə qiymət verərək hesab edir ki, 100 manat ekspertiza xərci cavabdehdən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: -14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; -77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; -217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunanlara əsasən, Azərbaycan Respublikası MPM-in 216-220 və 360-cı maddələrini rəhbər tutub, məhkəmə qət etdi: İddia ərizəsi təmin edilsin. Cavabdeh 2477 (iki min dörd yüz yetmiş yeddi) manat məbləğində pul və ödənilmiş dövlət rüsumuna görə 46 (qırx altı) manat məbləğində pul İddiaçı xeyrinə tutulsun. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 100 (bir yüz) manat məbləğində pul Cavabdeh alınaraq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına ödənilsin (VÖEN **********, Hesab AZ34CTRE********************). Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Emin Rüstəmov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar