Məhkəmə qərarları › İş №2(003)-1073/2021

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №2(003)-1073/2021

26.02.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(003)-1073/2021 26.02.2021 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Emin İlham oğlunun sədrliyi, Nəcəfova Səbinə Aydın qızının katibliyi, İddiaçı qızının, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “alimentin məbləğinin artırılması barədə” iddiası üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdeh qarşı “alimentin məbləğinin artırılması barədə” iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı iddiasını onunla əsaslandırmışdır ki, Bakı şəhəri Xəzər rayon Məhkəməsinin 10 yanvar 2018-ci il tarixli 2(003)-4761/2017 saylı qətnaməsinə əsasən onun iddiası qismən təmin edilmiş, onların nikahları pozulmuş, həmin nikahdan doğulmuş 22 iyul 2004cü il X2, 16 sentyabr 2007-ci il təvəllüdlü X7 və 07 avqust 2012-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün cavabdehdən onun xeyrinə hər uşaq üçün 100 manat olmaqla cəmi 300 manat sabit pul məbləğində aliment tutulması qət edilmişdir. Birgə nikahdan olan uşaqların saxlanılması üçün aliment məbləğinin artırılmasına zərurət yaranmışdır. Qeyd edir ki, onlar arasında nikah Bakı şəhəri Xəzər rayon Məhkəməsinin 22 iyul 2004-cü il tarixli 2(003)-4761/2017 saylı qətnaməsi ilə aralarında olan nikah qeydiyyatı pozulmuşdur. Ona görə də 22 iyul 2004-cü il X2, 16 sentyabr 2007-ci il təvəllüdlü X7 və 07 avqust 2012-ci il təvəllüdlü X1 üçün hər hər uşaq üçün 175 manat olmaqla, cəmi 525 manat aliment tutulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə edərək iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Əlavə olaraq bildirdi ki, alimentin miqdarı müəyyən olunduqdan sonra keçən müddət ərzində böyümüş uşaqların tələbatlarının və xərclərinin artması ilə əlaqədar iddiaçının maddi vəziyyət pisləşmişdir. O, həftənin müəyyən günlərini cavabdehlə birlikdə qalır. Məhkəmə iclasında Cavabdeh iddia tələbini qəbul etməyərək izahatında bildirmişdir ki,hazırda pandemiya dövründə maddi vəziyyəti daha da pisləşmişdir. İddia tələbində göstərilən məbləğdə aliment ödəməyə imkanı çatmayacaq. Həmçinin bildirdi ki, iddiaçı və uşaqları həftənin müəyyən günlərin onunla birlikdə yaşayır. Evin bütün komunal və digər xərclərin o çəkir. İddia tələbinin rədd olunmasını xahiş etdi. Məhkəmə iş materiallarını araşdıraraq və iddiaçının izahatını dinləyərək belə qənaətə gəlir ki, aşağıda qeyd edilənlərə əsasən iddia təmin edilməməlidir. İş materiallarında olan Bakı şəhəri Xəzər rayon Məhkəməsinin 10 yanvar 2018-ci il tarixli 2(003)-4761/2017 saylı qətnaməsindən görünür ki, iddia qismən təmin edilərək X5 ilə Cavabdeh arasında 23 iyul 2007-ci il tarixdə bağlanmış nikah pozulmuş, həmin nikahdan doğulmuş 22 iyul 2004-cü il X2, 16 sentyabr 2007-ci il təvəllüdlü X7 və 07 avqust 2012-ci il təvəllüdlü X3 analarının yanında qalması, həmin nikahdan doğulmuş 22 iyul 2004-cü il X2, 16 sentyabr 2007-ci il təvəllüdlü X7 və 07 avqust 2012-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün cavabdehdən onun xeyrinə hər uşaq üçün 100 manat olmaqla cəmi 300 manat sabit pul məbləğində aliment tutulması qət edilmişdir. İş materiallarında olan nikahın pozulması haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh ilə X5 arasında olan nikah ləğv edilmiş və bu barədə nikahın ləğv edilməsi haqqında akt qeydləri kitabında 23 fevral 2018-ci il tarixdə 46 nömrəli akt qeydi tərtib olunmuşdur. Nikah pozulduqdan sonra qadına İsmayılova soyadı verilmişdir. İş materiallarında olan doğum haqqında şəhadətnamələrin surətindən görünür ki, atası Cavabdeh oğlu, anası İddiaçı olan 22 iyul 2004-cü il təvəllüdlü X6, 16 sentyabr 2007-ci il təvəllüdlü X7 və 07 avqust 2012-ci il təvəllüdlü X8 doğulmuşdur. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə iclasında müəyyən edildi ki, tərəflər 23 iyul 2007-ci il tarixdə nikaha daxil olmuşdur. Həmin nikahdan 22 iyul 2004-cü il təvəllüdlü X6, 16 sentyabr 2007-ci il təvəllüdlü X7 və 07 avqust 2012-ci il təvəllüdlü X8 adlı uşaqları doğulmuşdur. Bakı şəhəri Xəzər rayon Məhkəməsinin 10 yanvar 2018-ci il tarixli 2(003)-4761/2017 saylı qətnaməsi ilə nikah pozulmuş, uşaqların yetkinlik yaşına çatanadək saxlanmaları üçün cavabdehdən hər ay hər uşaq üçün sabit pul məbləğində 100 manat olmaqla cəmi 300 manat aliment tutulması qət edilmişdir. İddiaçı həmin qətnamə qanuni qüvvəyə mindikdən hal-hazıradək olan müddət ərzində özünün maddi vəziyyətində hər hansı bir dəyişikliyin baş verməsi, həmçinin cavabdehin maddi durumunun yaxşılaşması ilə bağlı məhkəməyə sübut təqdim etməmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 112.1-ci maddəsinə əsasən, aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Qanunvericiliyin bu müddəasından görünür ki, alimentin müəyyən olunmuş miqdarının dəyişilməsi tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olması ilə əlaqələndirilmişdir. İddiaçı tərəf aliment məbləğinin artırılmasına dair iddiasını hər ay hər uşağa görə ödənilən 100 manat məbləğin uşaqların saxlanmasına kifayət etməməsi ilə yanaşı həmçinin Azərbaycan Respublikasında 2021-ci il üçün yaşayış minimumu haqqında Azərbaycan Respublikası Qanunu ilə 2021-ci il üçün yaşayış minimumunun ölkə üzrə uşaqlar üçün 175 manat məbləğində müəyyən edilməsi ilə əsaslandırmışdır. Məhkəmə iclasında tərəflərdən hər hansı birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olması ilə bağlı hal müəyyən edilməmişdir. Ölkə üzrə uşaqlar üçün 2021-ci ildə yaşayış minimumunun hər ay 175 manat həddində müəyyən edilməsi ilə bağlı məhkəmə qeyd edir ki, bu məbləğ Azərbaycan Respublikasında bir uşağın saxlanması üçün zəruri olan minimal məbləği ehtiva etməklə, özü-özlüyündə aliment məbləğinin bu həddə və ya daha çox müəyyən edilməsi anlamına gəlmir. Qanunvericilik aliment məbləğinin müəyyən edilməsi zamanı bir sıra halların araşdırılmalı olduğunu tələb edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” 27 iyul 2016-cı il tarixli qərarında göstərilir ki, alimentin miqdarı müəyyən olunarkən məhkəmə, ilk növbədə, Ailə Məcəlləsinin 76.2 və 78.2-ci maddələrinə əsasən tərəflərin maddi və ailə vəziyyətini, diqqətəlayiq digər halları və uşağın əvvəlki təminatının səviyyəsini nəzərə almalıdır. Göstərilən qərarda Məhkəmə qeyd etmişdir ki, alimentin miqdarının dəyişdirilməsi (artırılması və ya azaldılması) barədə tələbə baxarkən məhkəmə bu Qərarda formalaşdırılan hüquqi mövqeyi rəhbər tutaraq alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində hansı dəyişikliyin olduğunu müəyyən etməli və alimentin miqdarının dəyişdiriləcəyi təqdirdə bunun uşağın təminat səviyyəsinə və aliment ödəyənin maddi vəziyyətinə təsirini nəzərə almalıdır. “Yaşayış minimumu haqqında” Qanunun Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrində nəzərdə tutulmuş aliment münasibətlərinə aid edilməsinin mümkünlüyünə gəldikdə Konstitusiya Məhkəməsinin Plenumu qeyd etmişdir ki, nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, yaşayış minimumunu müəyyən edən qanunvericilik aktlarında göstərilən minimum dolanacaq xərclərinə yaxın məbləğin aliment kimi digər valideyndən tutulmasına əsas olar bilər. Belə ki, aliment ödəyən valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və ya qazanca malik olmaması onu uşağı saxlamaq və maddi təminatı ödəmək vəzifəsindən azad etmir. Göstərilənləri nəzərə alaraq Konstitusiya Məhkəməsi belə qərara gəlmişdir ki, aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76.2 və 78.2-ci maddələrinə, bu Qərarda formalaşmış hüquqi mövqeyə uyğun olaraq, hər iki tərəfin maddi və ailə vəziyyəti və diqqətə layiq digər hallarla yanaşı, uşağın əvvəlki təminatının səviyyəsinə də qiymət verməlidir. Bu Qərarın 1-ci bəndində göstərilən hallara qiymət verərkən məhkəmə həmçinin nəzərə almalıdır ki, “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13cü maddəsinə uyğun olaraq, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Konstitusiya Məhkəməsinin qeyd edilən qərarı ilə müəyyən edilir ki, alimentin məbləği məhkəmələr tərəfindən müəyyən edilərkən konkret iş üzrə hər iki tərəfin maddi və ailə vəziyyəti və diqqətəlayiq digər hallarla yanaşı, uşağın əvvəlki təminatının səviyyəsinə də qiymət verilməli, bu hallara qiymət verərkən uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququnun olması nəzərə alınmalıdır. Göründüyü kimi, bu qərarında Konstitusiya Məhkəməsi uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququnun olması hüququnu tanımaqla yanaşı, alimentin “Yaşayış minimumu haqda” qanunla müəyyən edilmiş dəqiq məbləğin deyil, qanunvericilik aktlarında göstərilən minimum dolanacaq xərclərinə yaxın məbləğin aliment kimi digər valideyndən tutulmasını müəyyən etmişdir. Həmçinin, qeyd edilən qərarda Konstitusiya məhkəməsi “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə uyğun olaraq, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququnun təmin edilməsinin bütünlüklə aliment ödəyən valideynin vəzifəsi olduğunu birmənalı olaraq müəyyən etməmişdir. Belə ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən uşaqların saxlanılması hər iki valideynin borcudur. Konstitusiya məhkəməsinin bu qərarında müəyyən edilmiş “qanunvericilik aktlarında göstərilən minimum dolanacaq xərclərinə yaxın məbləğin aliment kimi digər valideyndən tutulması” müddəasını rəhbər tutaraq, hazırkı mübahisəni həll edərkən məhkəmə nəzərə alır ki, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 21 fevral 2018-ci il tarixli qətnaməsi ilə hər ay hər uşağa görə müəyyən edilmiş 154 manat aliment məbləği “Azərbaycan Respublikasında 2020-ci il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikası Qanununu ilə 2020-ci il üçün yaşayış minimumunun ölkə üzrə uşaqlar üçün müəyyən edilmiş 170 manat məbləğdən az olsa da, həmin məbləğdən əhəmiyyətli dərəcədə fərqlənmir. Həmin qərarda qeyd edilmişdir ki, alimentin miqdarının dəyişdirilməsi (artırılması və ya azaldılması) barədə tələbə baxarkən məhkəmə bu Qərarda formalaşdırılan hüquqi mövqeyi rəhbər tutaraq alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində hansı dəyişikliyin olduğunu müəyyən etməli və alimentin miqdarının dəyişdiriləcəyi təqdirdə bunun uşağın təminat səviyyəsinə və aliment ödəyənin maddi vəziyyətinə təsirini nəzərə almalıdır. Aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76.2 və 78.2-ci maddələrinə, bu Qərarda formalaşmış hüquqi mövqeyə uyğun olaraq, hər iki tərəfin maddi və ailə vəziyyəti və diqqətəlayiq digər hallarla yanaşı, uşağın əvvəlki təminatının səviyyəsinə də qiymət verməlidir. Qeyd olunan qərara əsasən Konstitusiya Məhkəməsi uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququnun olması hüququnu tanımaqla yanaşı, alimentin “Yaşayış minimumu haqda” qanunla müəyyən edilmiş dəqiq məbləğin deyil, qanunvericilik aktlarında göstərilən minimum dolanacaq xərclərinə yaxın məbləğin aliment kimi digər valideyndən tutulmasını müəyyən etmişdir. Belə olan halda məhkəmə qeyd edir ki, hətta alimentin “Azərbaycan Respublikasında 2021-ci il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikası Qanununu ilə 2021-ci il üçün yaşayış minimumunun ölkə üzrə uşaqlar üçün müəyyən edilmiş 175 manat həddində tutulması halında da, cavabdehin alimenti iddia edilən məbləğdə ödəməsi üçün zəruri qazanca malik olması halı sübut edilmir, eyni zamanda uşağın cavabdehlə yanaşı iddiaçıdan da maddi təminat almaq hüququ vardır. Məhkəmə qətnaməsi icra olunması üçün çıxarılır. Qətnamə digər tərəfə sitəm verilməsi üçün deyil, ədalətli balansı bərpa etmək üçündür. Məhkəmə qətnamə çıxararkən tərəflərin əsaslı mənafelərini nəzərə almalıdır. Məhkəmə tərəflərin maddi və ailə vəziyyətlərini, uşağın mənafeyini, eləcə də yuxarıda qeyd olunan dəyərlənməni nəzərə alaraq hesab edir ki, hazırda uşağın saxlanması üçün müəyyən edilmiş alimentin məbləği ədalətlidir və alimentin artırılması üçün əsaslar müəyyən edilməmişdir. Ona görə də məhkəmə hesab edir ki, iddia rədd edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220, 222 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçı Cavabdeh qarşı “alimentin məbləğinin artırılması barədə” iddiası təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Emin Məmmədli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar