Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(003)-1103/2022 06.09.2022 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Bəhrəmzadə Sabit Xanlar oğlunun sədrliyi, Tağıyev Emil Ağaveys oğlunun katibliyi, İddiaçının nümayəndəsi X1, Cavabdeh2 iştirakı ilə İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı kredit borcun tutulması tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı kredit borcun tutulması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər müştərək qaydada 29 may 2014 il tarixli kredit müqaviləsi üzrə 12306,3 ABŞ dolları əsas borc, 4500,06 ABŞ dolları faiz borcu, 143.5625 ABŞ dolları cərimə və kredit müqaviləsi üzrə 29 sentyabr 2018 il tarixdən, 28 yanvar 2022 il tarixədək geckdirilmiş vaxt üçün ilik 5 (beş) faizlə hesablanmış 2091,05 ABŞ dolları məbləğində əldən çıxmış fayda olmaqla ümumilikdə cəmi 19040.9725 ABŞ dolları borcun və 187.11 manat ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh1 29 may 2014 il tarixli kredit müqaviləsinə əsasən "xxxx" İKB ASC-dən illik 26 faizlə 24 ay müddətinə 19000 ABŞ dolları kredit götürmüşdür. xx.xx.2015-ci il tarixli Əlavə Sazişə əsasən kreditin müddəti xx.xx.2018-ci il tarixədək təyin edilmiş. Borcun təminatı olaraq Cavabdeh2 və Cavabdeh3 ilə 29 may 2014 il tarixli zaminlik müqaviləsi bağlanmışdır. 28 yanvar 2022-dək Cavabdeh1 banka 29 may 2014-cü il tarixli kredit müqaviləsi üzrə 12306,3 ABŞ dolları əsas borc, 4500,06 ABŞ dolları faiz borcu, 574,25 ABŞ dolları cərimə və kredit müqaviləsi üzrə 29 sentyabr 2018-ci il tarixdən 28 yanvar 2022-ci il tarixədək geckdirilmiş vaxt üçün ilik 5 faizlə hesablanmış 2091,05 ABŞ dolları məbləğində əldən çıxmış fayda olmaqla ümumilikdə cəmi 19471,66 ABŞ dolları borcu vardır. Cavabdeh1 29 may 2014-cü il tarixli kredit müqaviləsi üzrə banka olan cərimə borcu 574.25 ABŞ dolları təşkil etməsinə baxmayaraq, cərimə məbləği kredit müqaviləsində nəzərdə tutulmuş və təqdim olunan maliyyə arayışı üzrə ümumi cərimə məbləğinin 25 %-i miqdarında olmaqla, yəni 143,5625 ABŞ dolları məbləğində tələb olunur. Xəbərdarlıq edilməsinə baxmayaraq cavabdeh borcu ödəməkdən boyun qaçırmışdır. Məhkəmə iclasında iddiaçının nümayəndəsi X2 iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddia tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında Cavabdeh2 iddia tələbini etiraf etməyərək izahatında bildirdi ki, iddiaçı tərəfindən qanunvericiliklə müəyyən edilmiş 3 illik iddia müddəti ötürülmüşdür. Ona görə də iddiaçı "xxxx" ASC-nin ona və digər cavabdehlər Cavabdeh3 və Cavabdeh1 qarş kredit müqaviləsi üzrə borcun tutulması tələbinə dair iddia ərizəsinin iddia müddəti tətbiq edilməklə də rədd edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədə xahiş etdi və bu barədə məhkəməyə ərizə təqdim etdi. Cavabdehlər Cavabdeh1 və Cavabdeh3 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmişlər, məhkəmə, Azərbaycan Respublikasının 185.5-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatını dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, iddia tələbi təmin olunmamalıdır. İş materiallarında olan "xxxx" İKB (İddiaçı) ASC ilə Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 arasında bağlanmış xx.xx.2014-cü il tarixli 22-M-1-0-808-14 nömrəli bank hesabı, kredit və zaminlik müqaviləsindən görünür ki, həmin müqavilə borcalan Cavabdeh1 24 ay müddətinə illik 28 faiz olmaqla 19000 ABŞ dolları məbləğində kredit verilməsi və zaminlər Cavabdeh2 və Cavabdeh3 tərəfindən bu müqavilə üzrə borc öhdəliklərin yerinə yetiriməməsinə görə və ya lazımi qaydada yerinə yetirilməməsinə görə banka dəymiş ziyan və borc tələbi ilə bağlı məhkəmə xərcləri də daxil olmaqla borcalanla eyni həcmdə bank qarşısında birgə cavabdeh olması haqqında bağlanmışdır. İş materiallarında olan kassa məxaric orderindən görünür ki, iddiaçı tərəfindən Cavabdeh1 19000 ABŞ dolları məbləğində pul verilmişdir. İş materiallarında olan xx.xx.2014-cü il tarixli 22-M-1-0-808-14 nömrəli bank hesabı, kredit və zaminlik müqaviləsinə xx.xx.2015-ci il tarixli əlavədən görünür ki, "xxxx" İKB (İddiaçı) ASC ilə Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 arasında kreditin verilməsi haqqında qeyd olunan müqaviləyə dəyişiklik edilməsi, kreditin 30 ay 18 gün müddətinə, yəni xx.xx.2016-cı il tarixədək verilməsi haqqında razılıq əldə edilmişdir. İş materiallarında olan xx.xx.2014-cü il tarixli 22-M-1-0-808-14 nömrəli bank hesabı, kredit və zaminlik müqaviləsinə xx.xx.2015-ci il tarixli əlavələrdən görünür ki, "xxxx" İKB (İddiaçı) ASC ilə Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 arasında kreditin verilməsi haqqında qeyd olunan müqaviləyə dəyişiklik edilməsi, kreditin 52 ay müddətinə, yəni xx.xx.2018-ci il tarixədək verilməsi, kreditin illik 26 % dərəcəsi ilə verilməsi haqqında razılıq əldə edilmişdir. İş materiallarında olan ödəniş cədvəlindən görünür ki, Cavabdeh1 22-M-1-0-808-14 nömrəli bank hesabı, kredit və zaminlik müqaviləsi üzrə üzərinə düşən öhdəliyi xx.xx.2015-ci il tarixdən xx.xx.2018-ci il tarixədək hər ay 494,84 ABŞ dolları, sonuncu ay isə 488,45 ABŞ dolları məbləğində ödəniş etməklə yerinə yetirməlidir. İş materiallarında olan maliyyə arayışından görünür ki, cavabdehlərin xx.xx.2022-ci il tarixə 12306,3 ABŞ dolları əsas, 4500,06 ABŞ dolları faiz borcu və 574,25 ABŞ dolları məbləğində cərimə, əldən çıxmış fayda kimi 2091,05 ABŞ dolları faiz borcu olmaqla cəmi 19471,66 ABŞ dolları məbləğində borcu mövcuddur. İş materiallarında olan qəbzdən görünür ki, iddiaçı tərəfindən 187,11 manat məbləğində dövlət rüsumu ödənilmişdir. İş materiallarında olan cavabdehlərə ünvanlanmış xx.xx.2022-ci il tarixli xəbərdarlıq məktubundan görünür ki, iddiaçı tərəfindən cavabdehlərdən 5 gün müddətində yaranmış borcun ödənilməsi tələb olunmuş, əks təqdirdə məhkəməyə müraciət olunacağı barədə xəbərdarlıq edilmişdir. İş üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli 9/3217 nömrəli məhkəmə-mühasibatlıq ekspertiza tədqiqatına dair ekspert rəyindən görünür ki, iş üzrə cavabdehlərin xx.xx.2014-cü il tarixli 22-M-1-0-808-14 nömrəli bank hesabı, kredit və zaminlik müqaviləsinin bitmə müddətinə, yəni xx.xx.2018-ci il tarixədək 11682,12 ABŞ dolları məbləğində əsas, 2417,40 ABŞ dolları məbləğində faiz borcu, cəmi 14099,52 ABŞ dolları, tələb olunan tarixə yəni xx.xx.2022-ci il tarixədək 11682,12 ABŞ dolları məbləğində əsas, 2417,40 ABŞ dolları məbləğində faiz borcu, kredit müqaviləsi üzrə gecikdirilmiş vaxt üçün illik 5 faizlə hesablanmış 1716,72 ABŞ dolları olmaqla cəmi 15816,24 ABŞ dolları məbləğində borcun mövcüd olması müəyyən edilmişdir. Ekspertiza xərclərinə dair bildirişdən görünür ki, aparılmış tədqiqatın dəyəri 100 manat təşkil etmişdir. Həmçinin iş materiallarında olan hesabdan çıxarışdan görünür ki, tərəflər arasında kredit müqaviləsinin müddətinin bitməsindən sonra borc üzrə 05.01.22, 09.02.22 və 11.03.22-ci il tarixlərində ödənişlər aparılmışdır. İşin araşdırılmış hallarından görünür ki, iş üzrə tərəflər arasında bank hesabı, kredit və zaminlik müqaviləsi bağlanmış, həmin müqavilə əsasında Cavabdeh1 24 ay müddətinə illik 28 faiz olmaqla 19000 ABŞ dolları məbləğində kredit verilmiş, iş üzrə cavabdehlər Cavabdeh2 və Cavabdeh3 isə həmin müqavilə əsasında borcalana zamin durmaqla məmin müqavilə üzrə borc öhdəliklərin yerinə yetiriməməsinə görə birgə məsuliyyət daşıyıcı olmuşlar. Daha sonra tərəflər arasında bağlanmış kredit müqaviləsinə əlavələlərə əsasən kreditin 52 ay müddətinə, yəni xx.xx.2018-ci il tarixədək, kreditin illik 26 % dərəcəsi ilə verilməsi haqqında razılıq əldə edilmişdir. İş üzrə cavabdehlər kredit müqaviləsi üzrə üzərinə götürdükləri öhdəliklərini yerinə yetirməmişlər və iş üzrə verilmiş ekspert rəyindən görünür ki, cavabdehlərin iddiaçı qarşısında 11682,12 ABŞ dolları məbləğində əsas, 2417,40 ABŞ dolları məbləğində faiz borcu, kredit müqaviləsi üzrə gecikdirilmiş vaxt üçün illik 5 faizlə hesablanmış 1716,72 ABŞ dolları olmaqla cəmi 15816,24 ABŞ dolları məbləğində borcu yaranmışdır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385, 425, 427, 439, 442, 448, 462, 739, 470 və 472-ci maddələrinin göstərişlərinə əsaslanaraq məhkəmə hesab edir ki, iddia tələbi əsaslıdır. Lakin, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 372-ci maddəsinə əsasən başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. Hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır. Həmin Məcəllənin 373.2-ci maddəsinə əsasən müqavilə tələbləri üzrə iddia müddəti üç ildir. Həmin Məcəllənin 375.2-ci maddəsin əsasən məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Həmin Məcəllənin 377.1 və 377.2-ci maddələrinə əsasən iddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Bu qaydadan istisnalar bu Məcəllə ilə müəyyənləşdirilir. İcra müddəti müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı icra müddəti bitdikdə başlanır. Həmin Məcəllənin 380-ci maddəsinə əsasən müəyyənləşdirilmiş qaydada iddia irəli sürüldükdə, habelə borclu şəxs borcu etiraf etməsini göstərən hərəkətlər etdikdə iddia müddətinin axımı kəsilir. Fasilədən sonra iddia müddəti yenidən başlanır. Fasiləyə qədər keçmiş vaxt yeni müddətə daxil edilmir. Həmin Məcəllənin 383-cü maddəsinə əsasən borclu və ya digər mükəlləfiyyətli şəxs vəzifəsini iddia müddəti bitdikdən sonra icra etmişsə, icra zamanı icra müddətinin bitdiyini bilməmiş olsa da, icra etdiyini geri tələb edə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2001-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsində göstərilən iddia müddətləri 2000-ci il sentyabrın 1-dən sonra yaranan hüquq münasibətlərindən irəli gələn tələblərə tətbiq edilir. Həmin iddia müddətləri Mülki Məcəllənin 7-ci maddəsinin müddəaları nəzərə alınmaqla bundan əvvəl əmələ gəlmiş hüquq münasibətlərindən irəli gələn tələblərə də tətbiq oluna bilər. Həmçinin həmin qərarda göstərilmişdir ki, iddia müddətinin əhəmiyyəti hüquq münasibətləri iştirakçılarını intizamlandırılmasından, onları öz hüquqlarını vaxtında müdafiə etməyə məcbur etməsindən müqavilə və maliyyə intizamının nizamlanmasına kömək etməsindən ibarətdir. Həmçinin iddia müddəti institutu mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyri-sabitliyin aradan qaldırılmasına xidmət göstərir, iddia müddəti tərəflərə üzərindən çox vaxt ötmüş mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun xx.xx.2013-cü il tarixli qərarında göstərilir ki, kredit münasibətlərindən yaranan mübahisələrə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2-ci maddəsində nəzərdə tutulan üç illik iddia müddəti tətbiq edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 377.2-ci maddələrinin mənasına görə kredit müqaviləsində başqa hal nəzərdə tutulmayıbsa, iddia müddətinin axımı bu müqavilədə müəyyənləşdirilmiş bütün öhdəliklər üzrə icra müddəti bitdikdə başlanır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 375.2-ci və “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 48.1.2-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 11 fevral 2022-ci il tarixli qərarında göstərilmişdir ki, Mülki Məcəllənin 372-ci maddəsinə əsasən, başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. Hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır. Göründüyü kimi, iddia müddəti institutu tələb haqlarına şamil olunmaqla mülki münasibət iştirakçılarına pozulmuş hüquqlarının məhkəmə vasitəsi ilə müdafiəsi (borclunun öhdəliyini icra etməyə məcbur edilməsi) imkanının müəyyən müddətlə (zaman kəsiyi) məhdudlaşdırılmasını nəzərdə tutur. İş üzrə cavabdeh tərəfindən müqavilə tələbləri üzrə 3 illik iddia müddətinin tətbiq edilməsinə dair verilmiş ərizəni nəzərə almaqla, məhkəmə, tərəflər arasında yaranmış münasibətlərin aralarında bağlanmış kredit müqaviləsi əsasında yerinə yetirilməmiş öhdəliklər üzrə irəli gəlməsini nəzərə alaraq qeyd edir ki, iddiaçı tərəfindən cavabdehə qarşı hazırki iddia tələbinin irəli sürülməsi üçün qanunvericilikdə nəzərdə tutulmuş 3 illik iddia müddəti ötürülmüşdür. Belə ki, tərəflər arasında bağlanmış kredit müqaviləsinin bitmə müddətinin xx.xx.2018-ci il tarix olmaqla iddia müddətinin axımı həmin tarixdən, yəni öhdəliklərə dair icra müddəti bitdikdən sonra başlanmış, iddiaçı tərəfindən müqavilə üzrə cavabdehlərin üzərinə götürdüyü öhdəliyin icra etməyə məcbur edilməsi üçün qanunvericilikdə nəzərdə tutulmuş iddia müddəti xx.xx.2021-ci il tarixdə bitmiş, iddia isə məhkəməyə xx.xx.2022-ci il tarixdə təqdim edilmişdir. Bununla da müəyyən olunur ki, iddiaçı tərəfindən müqavilə üzrə borcun tələb edilməsi üçün qanunvericilikdə nəzərdə tutulmuş 3 illik iddia müddəti ötürülmüşdür. Eyni zamanda məhkəmə, kredit müqaviləsinin müddətindən bitməsindən sonra aparılmış ödənişlərə münasibətdə həmçinin qeyd edir ki, həmin ödənişlər qanunla iddianın verilməsi üçün nəzərdə tutulmuş 3 illik iddia müddəti bitdikən sonra aparıldığından bu halın iddia müddətinin axımının kəsilməsi kimi qəbul edilməsi, müddətin yenidən hesablanması üçün əsas kimi qəbul edilməsi yolverilməzdir və qanuna uyğun deyil. Həmçinin həmin pul məbləğlərinin cavabdehlər tərəfindən geri tələb edilməsi də qanunla nəzərdə tutulmamışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəlləsinin 217.4-ci maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddiaçı tərəfindən üç illik iddia müddətini ötürüldüyündən iddia təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia tələbinin təmin edilməməsini nəzərə alaraq məhkəmə hesab edir ki, iddiaçı tərəfindən ödənilmiş 187,11 manat məbləğində dövlət rüsumu onun özünə aid edilməli və iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 100 manat İddiaçı ASC-dən alınaraq Məhkəmə Ekspertiza Mərkəzinin hesabına ödənilməlidir. Qeyd olunanlara və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220, 227, 233 və 360-cı maddələrinə əsasən, məhkəmə qət etdi: İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı kredit borcun tutulması tələbinə dair iddiası təmin edilməsin. İddiaçı ASC tərəfindən ödənilmiş 187,11 manat məbləğində dövlət rüsumu onun özünə aid edilsin. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 100 manat İddiaçı ASC-dən alınaraq Məhkəmə Ekspertiza Mərkəzinin hesabına ödənilsin (VÖEN **********, Hesab AZ34CTRE********************). Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Sabit Bəhrəmzadə
Məhkəmə qərarları › İş №2(003)-1103/2022
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №2(003)-1103/2022
06.09.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver