Məhkəmə qərarları › İş №2(003)-1133/2022

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №2(003)-1133/2022

12.04.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(003)-1133/2022 12.04.2022 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Xəzri Ramilə Həşim qızının sədrliyi, Mehdiyeva Nigar Namizəd qızının katibliyi, İddiaçı, Cavabdeh iştirakı ilə İddiaçı Cavabdeh qarşı aliment təyin edilməsi və artırılması barədə iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinə müraciət edərək, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-3118/2021 saylı 03 avqust 2021-ci il tarixli qətnaməsi əsasında 12 oktyabr 2020-ci il təvəllüdlü X1 üçün müəyyən edilmiş alimentin artırılaraq hər ay 193 manat müəyyən edilməsi, ikinci övladı 23 oktyabr 2021-ci il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanılması üçün cavabdehdən hər ay onun xeyrinə 193 manat məbləğində aliment və uşaqlar üç yaşına çatana qədər hər ay hər uşaq üçün 50 manat məbləğində pulun onun xeyrinə tutulması barədə qətnamə cıxarılmasını xahiş etmişdir. İddiaçı məhkəmə iclasında iddia tələbini onunla əsaslandırmışdır ki, o, Cavabdeh ilə 18 oktyabr 2019-cu il tarixdə rəsmi nikaha daxil olaraq ailə qurmuşdur. Birgə nikahlarından 23 oktyabr 2021-ci il təvəllüdlü X6 və 12 oktyabr 2020-ci il təvəllüdlü X7 olmuşdur. Ailə qurduqdan sonra bir müddət normal yaşasalar da, sonradan münasibətləri pozulmuşdur. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-3118/2021 saylı 03 avqust 2021-ci il tarixli qətnaməsinə əsasən 12 oktyabr 2020-ci il təvəllüdlü X1 üçün 175 manat aliment tutulması qət edilmişdir. Lakin o, hamilə olduğu vaxt onlar qeyri-rəsmi ayrılmışlar və 2021-ci il tarixdə ikinci övladları dünyaya gəlmişdir. Hal-hazırda ikinci uşağa aliment təyin edilməsi və digər uşağın alimentinin artırılması ilə əlaqədar məhkəməyə müraciət edir. Mediasiya sessiyasında iştirak etmişdir. Qeyd olunanlara əsasən, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-3118/2021 saylı 03 avqust 2021-ci il tarixli qətnaməsi əsasında 12 oktyabr 2020-ci il təvəllüdlü X1 üçün müəyyən edilmiş alimentin artırılaraq hər ay 193 manat müəyyən edilməsi, ikinci övladı 23 oktyabr 2021ci il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanılması üçün cavabdehdən hər ay onun xeyrinə 193 manat məbləğində aliment və uşaqlar üç yaşına çatana qədər hər ay hər uşaq üçün 50 manat məbləğində pulun onun xeyrinə tutulması qətnamə cıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh iddia tələbini qismən qəbul etmiş və izahatını onunla əsaslandırmışdır ki, iddiaçı ilə 18 oktyabr 2019-cu il tarixdə rəsmi nikaha daxil olaraq ailə qurmuşdur. Birgə nikahlarından 23 oktyabr 2021-ci il təvəllüdlü X6 və 12 oktyabr 2020-ci il təvəllüdlü X7 olmuşdur. Maddi imkanı yaxşı deyil, tələb olunan alimenti ödəyə bilməyəcəkdir. İki uşağa görə 300 manat ümumi aliment ödəyə bilər. Qeyd olunanlara əsasən, iddia tələbinin qismən təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə proses iştirakçılarını dinləyərək və iş materiallarını araşdıraraq belə qənaətə gəlir ki, aşağıda qeyd edilənlərə əsasən iddia tələbi qismən təmin edilməlidir. Belə ki, işin məhkəmə iclasında araşdırılan halları ilə müəyyən olunmuşdur ki, Cavabdeh ilə İddiaçı birgə nikahından 23 oktyabr 2021-ci il təvəllüdlü X6 və 12 oktyabr 2020-ci il təvəllüdlü X7 doğulmuşdur. İşdə surəti olan Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-3118/2021 saylı 03 avqust 2021-ci il tarixli qətnaməsindən görünür ki, Cavabdeh 05.07.2021-ci il tarixdən başlayaraq 12 oktyabr 2020-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay 175 manat sabit pul məbləğində alimentin İddiaçı xeyrinə tutulması qət edilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. İşin müəyyən edilmiş hallarından görünür ki, iddiaçı, 12 oktyabr 2020-ci il təvəllüdlü X2 üçün müəyyən edilmiş alimentin miqdarının artırılmasını, sonradan dünyaya gəlmiş övladları 23 oktyabr 2021-ci il təvəllüdlü X3 üçün aliment təyin edilməsini və cavabdehdən hər iki uşağa görə uşaqların 3 yaşınadək aliment tutulmasını tələb etsə də, cavabdehin tələb olunan məbləğdə alimenti ödəmək imkanının olmasına dair hər hansı sübutu məhkəməyə təqdim etməmişdir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 112.1-ci maddəsinə əsasən, aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Həmin Məcəllənin 81.1. və 81.2. maddələrinə əsasən alimentin tutulması barədə saziş olmadıqda və ya sazişdə müstəsna hallarla (ağır xəstə, şikəst olan uşaqlara, habelə əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan yetkinlik yaşına çatmış övladlara göstərilən kənar xidmətin haqqının ödənilməsi ilə əlaqədar və digər hallarda) əlaqədar yaranmış xərclərin ödənilməsi qaydası müəyyən edilməmişsə, valideynlərdən hər biri məhkəmə tərəfindən əlavə xərclərin ödənilməsinə cəlb oluna bilər. Valideynlərin əlavə xərclərə cəlb olunması qaydasını məhkəmə müəyyən edir. Bu xərclərin miqdarı məhkəmə tərəfindən valideynlərin və uşaqların ailə və maddi vəziyyəti, eləcə də tərəflərin diqqətəlayiq olan digər maraqları nəzərə alınmaqla, hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən olunur. Qanunvericilik aliment məbləğinin müəyyən edilməsi zamanı bir sıra halların araşdırılmalı olduğunu tələb edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin «Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair» 27 iyul 2016-cı il tarixli qərarında göstərilir ki, alimentin miqdarı müəyyən olunarkən məhkəmə, ilk növbədə, Ailə Məcəlləsinin 76.2 və 78.2-ci maddələrinə əsasən tərəflərin maddi və ailə vəziyyətini, diqqətəlayiq digər halları və uşağın əvvəlki təminatının səviyyəsini nəzərə almalıdır. Göstərilən qərarda Məhkəmə qeyd etmişdir ki, alimentin miqdarının dəyişdirilməsi (artırılması və ya azaldılması) barədə tələbə baxarkən məhkəmə bu Qərarda formalaşdırılan hüquqi mövqeyi rəhbər tutaraq alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində hansı dəyişikliyin olduğunu müəyyən etməli və alimentin miqdarının dəyişdiriləcəyi təqdirdə bunun uşağın təminat səviyyəsinə və aliment ödəyənin maddi vəziyyətinə təsirini nəzərə almalıdır. Eyni zamanda, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən uşaqların saxlanılması hər iki valideynin borcudur. Bundan əlavə, Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 85.1.1-ci maddəsinə əsasən, hamiləlik dövründə və ümumi uşaqlarının doğulduğu gündən 3 il ərzində keçmiş arvad nikah pozulduqdan sonra məhkəmə qaydasında buna zəruri vəsaitə malik olan keçmiş ərdən (arvaddan) aliment ödəməyi tələb etmək hüququna malikdir. Göründüyü kimi, uşaqlarının doğulduğu gündən 3 il ərzində keçmiş arvad keçmiş ərdən aliment ödəməyi tələb edə bilər, lakin hazırkı iş üzrə tərəflər arasında nikah pozulmamışdır. Bununla yanaşı, 23 oktyabr 2021-ci il təvəllüdlü X6 tərəflər arasında nikah pozulduqdan sonra dünyaya gəlmiş, onun saxlanması üçün aliment təyin edilməmişdir. Azərbaycan Respublikasının Konstitusiyasının 34-cü maddəsinin İV bəndinə əsasən uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 75.1. və 75.4. maddələrinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Həmin Məcəllənin 78.1. maddəsinin tələbində göstərilir ki, valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa və ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən edilə bilər. Həmin Məcəllənin 78.2. maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Məhkəmə, qanunun qeyd edilən tələbini rəhbər tutub məhkəmə iclasında tədqiq edilən sübutları qiymətləndirərək, həmçinin, tərəflərin birgə nikahından olan uşağın mənafeyini, o cümlədən, tərəflərin diqqətəlayiq maraqlarını nəzərə alaraq, 23 oktyabr 2021-ci il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanılması üçün cavabdehdən iddiaçının xeyrinə hər ay 175 manat sabit pul məbləğində aliment tutulmasını məqsədəmüvafiq hesab edir. Bundan başqa, məhkəmə, Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 100.2. maddəsinin tələbinə əsasən hesab edir ki, aliment iddiaçının məhkəməyə müraciət etdiyi vaxtdan, yəni 16 fevral 2022-ci il tarixdən başlayaraq tutulmalıdır. Belə ki, Azərbaycan Respublikasının Ailə Məcəlləsinin qeyd olunan maddəsinin göstərişinə əsasən aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 234.2.1-ci maddəsinə əsasən alimentin alınması haqqında qətnamə dərhal icra edilməlidir. Məhkəmə, qanunvericiliyin yuxarıda şərh edilən müddəalarını rəhbər tutaraq, həmçinin işin məhkəmə iclasında müəyyən edilmiş hallarını nəzərə alaraq hesab edir ki, İddiaçı Cavabdeh qarşı aliment miqdarının artırılması və uşaqların 3 yaşınadək aliment təyin edilməsi barədə iddia tələbi təmin edilməməli, Cavabdeh İddiaçı xeyrinə, 23 oktyabr 2021-ci il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanması üçün 16 fevral 2022-ci il tarixdən başlayaraq hər ay 175 (bir yüz yetmiş beş) manat sabit pul məbləğində aliment tutulması barədə qətnamə çıxarılmalıdır. Şərh olununlara əsasən və MPM-in 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi qismən təmin edilsin. İddiaçı Cavabdeh İddiaçı xeyrinə 23 oktyabr 2021-ci il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanması üçün 16 fevral 2022-ci il tarixdən başlayaraq hər ay 175 (bir yüz yetmiş beş) manat sabit pul məbləğində aliment tutulsun. Qətnamə dərhal icra edilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Məhkəmə qətnaməsindən onun rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı Şəhəri Xəzər Rayon məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Ramilə Xəzri

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar