Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(003)-1163/2021 05.03.2021 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Bəhrəmzadə Sabit Xanlar oğlunun sədrliyi, Süleymanov Bəxtiyar Zeynal oğlunun katibliyi, İddiaçı iştirakı ilə İddiaçı Cavabdeh qarşı alimentin miqdarının artırılması və əlavə xərclərə cəlb olunma tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdeh qarşı alimentin miqdarının artırılması və əlavə xərclərə cəlb olunma tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh birgə nikahdan olan xx.xx.2014-cü il təvəllüdlü X7 və xx.xx.2016-cı il təvəllüdlü X2 üçün hər ay hər bir uşağa görə 170 manat, əlavə olaraq Mehdinin xəstəliyinə görə hər ay 200 manat əlavə xərc kimi aliment məbləğinin müəyyən olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Xəzər Rayon Məhkəməsinin 2(003)-2139/2018 saylı xx.xx.2019-cu il tarixli qətnaməsinə əsasən qətnamə qanuni qüvvəyə mindiyi tarixdən başlayaraq Cavabdeh onun xeyrinə xx.xx.2014-cü il təvəllüdlü X7 və xx.xx.2016-cı il təvəllüdlü X1 üçün hər ay 140 manat olmaqla cəmi 280 manat məbləğində alimentin tutulması qət edilmişdir. Məhkəmə tərəfindən xx.xx.2019-cu il tarixində müəyyən edilmiş alimentin miqdarı uşaqların xərclərini ödəməyə kifayət etmir. Belə ki, uşaqlar böyüdükcə onların yaşayış tələbatları artır. Daha sonra iddiaçı Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 53-cü maddəsinə əsasən ərizə ilə məhkəməyə müraciət edərək, Xəzər Rayon Məhkəməsinin 2(003)- 2139/2018 saylı xx.xx.2019-cu il tarixli qətnaməsinə əsasən xx.xx.2014-cü il təvəllüdlü X7 və xx.xx.2016-cı il təvəllüdlü X1 üçün tutulan alimentin miqdarının artırılaraq hər ay hər uşaq üçün 175 manat müəyyən edilməklə cavabdehdən onun xeyrinə tutulmasını, həmçinin xx.xx.2016-cı il təvəllüdlü X5 müalicəsi üçün 200 manat alimentin tutulmasını xahiş etdi. Məhkəmə iclasında iddiaçı iddia tələbini müdafiə edərək onun təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi və iddia ərizəsinin məzmununa uyğun izahat verdi. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq o, məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən mülki işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Cavabdeh məhkəməyə etiraz göndərərək iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, xx.xx.2019-cu il tarixli qətnamənin qanuni qüvvəyə mindiyi tarixdən bugünədək həyat standartları və istehlak qiymətləri dəyişməmişdir. Həmçinin qeyd etmişdir ki, FHN-nin Akademiyasında baş musiqiçi vəzifəsində işləyir. Aylıq əmək haqqı 280 manat məbləğində alimentin ödənilməsi üçün yetərlidir. Başqa gəlir yeri yoxdur. Bir nüçə xəstəlikdən əziyyət çəkir. Həmçinin bankdan götürdüyü kreditin pulunu ödəyir. Odur ki alimentin arıtılmasına etiraz edir. Əlavə xərcə dair də iddia tələbinə heç bir sübut təqdim etməmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını nəzərdən keçirib, hesab edir ki, iddia tələbi təmin edilməməlidir. İş materiallarında olan Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(003)-2139/2019 saylı qətnaməsinə əsasən Lənkəran Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarının artırılması və qətnamənin qanuni qüvvəyə mindiyi gündən hesablanmaqla Cavabdeh iddiaçı X3 xeyrinə xx.xx.2014-cü il təvəllüdlü X7 və xx.xx.2016-cı il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay hər uşaq üçün 140 manat alimentin tutulması qət edilmişdir. İş materiallarında olan Medera Hospital tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli arayışdan görünür ki, 2016-cı il təvəllüdlü limbəyov Mehdi Ramin oğlu həqiqətən Medera Hospital MMC-də həkim terapevt və reabilitoloq tərəfindən “Miopatiya” diaqnozu ilə müalicə alır. Xəstəlik tam sağalmayan xəstəlik olduğu üçün davamlı fizioterapiya və reabilitasiya kursları keçməlidir. Beləliklə, hazırki iddia tələbi əvvəllər məhkəmə tərəfindən müəyyən edilmiş alimentin miqdarının dəyişdirilməsinə (artırılmasına) dairdir. Alimentin miqdarının dəyişdirilməsinin həlli qaydası Ailə Məcəlləsinin 112.1-ci maddəsi ilə tənzimlənir. Həmin maddəyə görə aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Beləliklə, qanunverici prinsip etibarı ilə məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra onun miqdarının dəyişdirilməsinin (artırılmasını və ya azaldılması) və ya aliment ödəməkdən ümumiyyətlə azad edilmənin mümkünlüyünü nəzərdə tutur. Lakin bunun ən əsas şərti məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olduğunun sübuta yetirilməsidir. Hazırki mübahisə üzrə iddiaçı müəyyən olunmuş alimentin miqdarının artırılmasını əvvəllər müəyyən olunmuş aliment məbləğinin uşağın saxlanılmasının təminatı üçün kifayət etmədiyinə əsaslanmaqla tələb edir. “Uşaq hüquqları haqqında” Qanunun 13-cü maddəsinə əsasən isə uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Lakin bu zaman tərəflərin maddi və ailə vəziyyətləri, eləcə də hər bir konkret hal üzrə müəyyən olunmuş digər diqqətəlayiq hallar da nəzərə alınmalıdır. Qeyd olunan normaların məzmunundan göründüyü kimi, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa dəyişə bilər. Bu dəyişiklilər özünü tərəflərin birinin ailə vəziyyəti, gəlirlərin miqdarı və sair ilə bağlıdır. Hazırki halda isə əvvəlki qətnamə ilə sonuncu dəfə alimentin miqdarının müəyyən edildiyi vaxtdan hal-hazıradək cavabdehin maddi vəziyyətində yaxşılaşmağa doğru hər hansı dəyişikliyin baş verməsi iddiaçı tərəfindən sübuta yetirilmədiyindən, aliment ödəməli olan şəxsin, yəni cavabdehin diqqətəlayiq maraqları baxımından aliment məbləğinin artırılması qanuni və əsaslı hesab edilə bilməz. Məhkəmə iddia tələbinin Mehdinin xəstəliyinə görə hər ay 200 manat əlavə xərc kimi aliment məbləğinin müəyyən olunması hissəsinə qiymət verərək hesab edir ki, həmin hissədə iddia qismən əsaslıdır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 81.1-ci maddəsinə əsasən, alimentin tutulması barədə saziş olmadıqda və ya sazişdə müstəsna hallarla (ağır xəstə, şikəst olan uşaqlara, habelə əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan yetkinlik yaşına çatmış övladlara göstərilən kənar xidmətin haqqının ödənilməsi ilə əlaqədar və digər hallarda) əlaqədar yaranmış xərclərin ödənilməsi qaydası müəyyən edilməmişsə, valideynlərdən hər biri məhkəmə tərəfindən əlavə xərclərin ödənilməsinə cəlb oluna bilər. Həmin Məcəllənin 81.2-ci maddəsinə əsasən, valideynlərin əlavə xərclərə cəlb olunması qaydasını məhkəmə müəyyən edir. Bu xərclərin miqdarı məhkəmə tərəfindən valideynlərin və uşaqların ailə və maddi vəziyyəti, eləcə də tərəflərin diqqətəlayiq olan digər maraqları nəzərə alınmaqla, hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən olunur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 80 və 81-ci maddələrinin bəzi müddəalarının şərh edilməsi”nə dair xx xxxxxx 2015-ci il tarixli Qərarında Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi göstərmişdir ki, yetkinlik yaşına çatmamış uşaqlara görə əlavə xərclərin çəkilməsi valideynlər arasında bağlanan sazişlə, əmək qabiliyyəti olmayan yetkinlik yaşına çatmış övladlara görə əlavə xərclərin çəkilməsi isə övladlarla valideynlər arasında bağlanan sazişlə həll edilə bilər. Belə saziş olmadıqda, məhkəmə valideynləri əlavə xərclərin ödənilməsinə cəlb edə bilər. Valideynlər övladlarına görə əlavə xərclərin çəkilməsində könüllü iştirak etmədikdə, onları saxlayan şəxslər – digər valideyn, qəyyum, himayəçi, tərbiyəçi, yetkinlik yaşına çatmış övlad isə özü (o, fəaliyyət qabiliyyətlidirsə) məhkəmədə iddia qaldıra bilər. Bu halda Ailə Məcəlləsinin 81.2-ci maddəsinə uyğun olaraq valideynlərin əlavə xərclərə cəlb olunması qaydasını məhkəmə müəyyən edir. Bu xərclərin miqdarı məhkəmə tərəfindən valideynlərin və uşaqların ailə və maddi vəziyyəti, eləcə də tərəflərin diqqətəlayiq olan digər maraqları nəzərə alınmaqla, hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən olunur. Məhkəmə valideynləri nəinki faktiki çəkilmiş xərclərdə iştiraka, habelə gələcəkdə çəkilməsi zəruri olan xərclərə də cəlb edə bilər (Ailə Məcəlləsinin 81.3-cü maddəsi). Konstitusiya Məhkəməsi yuxarıda qeyd edilən qərarında bu xərclərin miqdarı məhkəmə tərəfindən valideynlərin və uşaqların ailə və maddi vəziyyəti, eləcə də tərəflərin diqqətəlayiq olan digər maraqları nəzərə alınmaqla tutulmasını qeyd etmişdir. Məhkəmə qeyd edir ki, uşağın hazırki vəziyyətin müalicəyə ehtiyacının olması, davamlı fizioterapiya və reabilitasiya kursları keçməli olduğundan cavabdeh bununla bağlı hər ay çəkilməli olan xərcə cəlb edilməlidir. Lakin uşağın müalicəsi ilə əlaqədar çəkilən xərcin məhz 200 manat olması barədə iddiaçı tərəfindən hər hansı sübut təqdim edilmədiyindən, o cümlədən cavabdehin hər ay məhz həmin məbləği verməsi üçün zəruri vəsaitə malik olması sübuta yetirilmədiyindən məhkəmə hesab edir ki, iddia tələbi həmin hissədə qismən təmin edilməli, cavabdeh uşağın müalicəsi ilə əlaqədar hər ay çəkilməli olan xərcə cəlb edilməklə ondan iddiaçının xeyrinə hər ay ödənilməli olan sabit pul məbləğində 50 manat tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutlan araşdırmalı və onlardan istfadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Bundan başqa, məhkəmə alimentin tutulma müddətini araşdıraraq, hesab edir ki, alimentin tutulma müddəti aliment tələbi ilə bağlı ərizə ilə məhkəməyə müraciət etdiyi vaxtdan başlanmalıdır. Belə ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. İş materiallarından görünür ki, iddiaçı mövcud iddia tələbi ilə xx.xx.2021-ci il tarixdə məhkəməyə müraciət etmişdir. Buna görə də, alimentin tutulma müddəti Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən iddia ərizəsinin məhkəməyə verildiyi xx.xx.2021-ci il tarixdən başlanmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 234.2.1-ci maddəsinə əsasən, şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamələr dərhal icra olunur. Beləliklə, məhkəmə qeyd edilənləri nəzərə alaraq hesab edir ki, iddia tələbi qismən təmin edilməli, xx.xx.2021-ci il tarixdən başlayaraq Cavabdeh əlavə xərclərə cəlb edilərək ondan xx.xx.2016-cı il təvəllüdlü X5 müalicəsi üçün hər ay 50 manat tutularaq İddiaçı ödənilməli, iddia qalan hissədə təmin edilməməlidir. «Dövlət rüsumu haqqında» Azərbaycan Respublikası Qanununun 8.1.2-ci maddəsinin tələbinə görə, iddia qiyməti 500 manatdan çox olduqda, 30 manat dövlət rüsumu ödənilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 112.1.3-cü maddəsinin tələbinə görə iddianın qiyməti aliment alınması haqqındakı iddialarda bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. Həmin Məcəllənin 124.1-ci maddəsinə əsasən, işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. Göstərilən qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, iddia tələbi həmçinin alimentin alınması ilə bağlı olduğundan, iddianın qiyməti bu cür iddialarda bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edildiyindən, həmçinin bir il ərzində ödəmənin məcmusu 500 manatdan çox olduğundan, iddiaçı isə müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən qanunla azad edildiyindən, 30 manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi qismən təmin edilsin. xx.xx.2021-ci il tarixdən başlayaraq Cavabdeh əlavə xərclərə cəlb edilərək ondan xx.xx.2016-cı il təvəllüdlü X5 müalicəsi üçün hər ay 50 manat tutularaq İddiaçı ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Cavabdeh 30 (otuz) manat dövlət rüsumu alınaraq Azərbaycan Respublikasının Dövlət Büdcəsinə ödənilsin. Qətnamə dərhal icra edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Sabit Bəhrəmzadə İş № 2(003)-1163/2021 İCRA VƏRƏQƏSİ Bakı şəhər Xəzər Rayon Məhkəməsi xx.xx.2021-ci il Bakı şəhəri Hakim Bəhrəmzadə Sabit Xanlar oğlunun sədrliyi, Süleymanov Bəxtiyar Zeynal oğlunun katibliyi, İddiaçı iştirakı ilə İddiaçı Cavabdeh qarşı alimentin miqdarının artırılması və əlavə xərclərə cəlb olunma tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, QƏT ETDİ xx.xx.2021-ci il tarixdən başlayaraq Cavabdeh əlavə xərclərə cəlb edilərək ondan xx.xx.2016-cı il təvəllüdlü X5 müalicəsi üçün hər ay 50 manat tutularaq İddiaçı ödənilsin. Cavabdeh 30 (otuz) manat dövlət rüsumu alınaraq Azərbaycan Respublikasının Dövlət Büdcəsinə ödənilsin. “İcra Haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinə əsasən Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələbləri Azərbaycan Respublikasının ərazisində bütün orqanlar, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün məcburidir. Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurlarının tələblərini yerinə yetirməyə, onlara həvalə edilmiş vəzifələrin icrasına mane olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar. “İcra Məmurları Haqqında” Azərbaycan Respublikası Qanununun 10-cu maddəsinə əsasən İcra məmurlarının öz səlahiyyətləri hüdudunda irəli sürdükləri tələblər Azərbaycan Respublikası ərazisində bütün fiziki və hüquqi şəxslər üçün məcburidir. İcra məmurlarına öz vəzifəsini həyata keçirmək üçün bütün tələb olunan məlumat, sənəd və onların surətləri ödənişsiz və müəyyən olunmuş vaxtda verilir. İcra məmurlarının qanuni tələblərini yerinə yetirməyən, ona həvalə edilmiş vəzifələrin icrasına mane olan qanunvericilikdə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar.məsuliyyət daşıyırlar. Tələbkarın adı, ünvanı- İddiaçı (xx.xx.1986, Lənkəran Şıxəkəran kəndi) Lənkəran Şıxəkəran kəndi. Tel: (077) 304 51 16. Borclunun adı, ünvanı Cavabdeh (xx.xx.1984, Abşeron rayonu, Xırdalan qəsəbəsi) Bakı şəhəri, Xəzər rayonu, Türkan qəsəbəsi, Dənizkənarı küçəsi, döngə 1, ev 23. Tel: (055) 657 44 21. İcra vərəqəsi xx.xx.2021-ci il tarixdə verilmişdir. Hakim Sabit Bəhrəmzadə AZƏRBAYCAN RESPUBLİKASİ BAKİ ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Az-102940, Bakı şəhəri, Mərdəkan qəsəbəsi, Telman küçəsi 4. Telefon ***-**-** İş № 2(003)-1163/2021 xx.xx.2021-ci il Bakı şəhəri Xəzər rayon icra şöbəsinə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-1163/2021 saylı, xx.xx.2021ci il tarixli qətnaməsi üzrə verilmiş icra vərəqəsi icra edilməsi üçün Sizə göndərilir. Qoşma: qətnamənin surəti – 2 vərəq icra vərəqəsi – 1 vərəq Hakim Sabit Bəhrəmzadə
Məhkəmə qərarları › İş №2(003)-1163/2021
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №2(003)-1163/2021
05.03.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver