Məhkəmə qərarları › İş №2(003)-1173/2023

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №2(003)-1173/2023

07.04.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(003)-1173/2023 07.04.2023 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Cəfərzadə İlham Nizami oğlunun sədrliyi, Qasımova Leyla Nurəddin qızının katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi və vəkili Vəkil iştirakı ilə İddiaçı Cavabdeh qarşı alimentin miqdarının artırılması və əlavə xərc tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı Cavabdeh qarşı alimentin miqdarının artırılması və əlavə xərc tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Xəzər Rayon Məhkəməsinin 2(003)- 2202/2018 saylı, xx.xx.2018-ci il tarixli qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarını artıraraq cavabdehdən onun xeyrinə xx.xx.2015-ci il təvəllüdlü X1 üçün ayda 220 manat sabit pul məbləğində alimentin tutulması, cavabdehdən xx.xx.2015-ci il təvəllüdlü X6 müalicəsi üçün əlavə xərc üzrə hər ay 80 manat tutularaq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, cavabdehlə 18 sentyabr 2014-cü il tarixdə rəsmi nikaha daxil olaraq ailə qurmuş, birgə nikahdan xx.xx.2015-ci il təvəllüdlü X8 adlı uşaqları olmuşdur. Sonradan münasibətləri korlanmış və aralarında bağlanmış nikahın pozulmuşdur. Xəzər Rayon məhkəməsinin 14 dekabr 2016-cı il tarixli qətnaməsi ilə Cavabdeh onun xeyrinə uşağın saxlanması üçün hər ay 117 manat miqdarında aliment tutularaq ona ödənilməsi qət edilmişdir. Xəzər Rayon Məhkəməsinin 03 aprel 2017-ci il tarixli qətnaməsi ilə alimentin miqdarı artırılaraq 136,6 manat, 01 iyun 2018-ci il tarixli qətnaməsi ilə 154 manat sabit pul məbləğində müəyyən edilmişdir. Xəzər Rayon Məhkəməsinin 14 dekabr 2016-ci il tarixli qətnaməsi ilə Cavabdeh uşağın müalicəsi üçün əlavə xərc üzrə hər ay 40 manat tutulması qət edilmişdir. Uşaqları Nigar böyüdükcə onun müalicəsinə çoxlu pul sərf olunur. Bu hal məhkəməyə təqdim etdiyi qəbzlərlə sübut olunur. Uşağın bütün ehtiyaclarını ödəməkdə çətinlik çəkir. Bu səbəbdən yenidən məhkəməyə müraciət etməli olmuşdur. İşin baxılması zamanı iddiaçı ərizə ilə məhkəməyə müraciət edərək iddia tələbinin cavabdehdən əlavə xərclərin tutulması hissəsində dəqiqləşdirərək Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-7667/2016 saylı xx.xx.2016-cı il tarixli qətnaməsinə əsasən əlavə xərclər üçün cavabdehdən tutulan 40 manatın 80 manat məbləğində artırılmasını xahiş etmişdir . Məhkəmə iclasında iddiaçı iddia tələbini müdafiə edərək, onun təmin olunmasını xahiş etdi və iddia ərizəsinin məzmununa uyğun izahat verdi. İzahatında əlavə olaraq bildirdi ki, uşağın ayağında əzələ formalaşmasında problemlər, kəkələmə və allergiya xəstəliyi vardır. Həmçinin uşağın “D” vitamini çatışmazlığı vardır. Ona görə də uşaq daimi müayinə və müalicə alır. Cavabdeh isə öz uşağı ilə maraqlanmır. "xxxx" MMC-də işləyir və 550 manat əmək haqqı alır. Məhkəmə iclasında cavabdehin nümayəndəsi və vəkili Vəkil iddia tələbini etiraf etməyərək izahatında bildirdi ki, cavabdeh 2017-ci ildə ikinci dəfə ailə qurmuş və ikinci ailəsindən iki uşağı vardır. Uşaqları azyaşlı olduğundan arvadı işləmir. Cavabdeh hazırda 2 yerdə işləyir və onun əmək haqqından müvafiq vergi və sayrə ödənişlər çıxıldıqdan sonra cəmi 900 manat maaş alır. Başqa gəlir yeri isə yoxdur. İddiaçı, özü də işləyir və hər iki valideyn uşağının saxlanılmasında borcludur. Azərbaycan Respublikasında isə səhiyyə pulsuzdur və uşağın əgər həqiqətən də səhətində problemlər varsa, həmin problemlər müvafiq poliklinikalarda ödənişsiz əsaslarla müalicə oluna bilər. Qeyd olunanlara əsasən iddianın təmin edilməməsini məhkəmədən xahiş etdi. Məhkəmə, işdə iştirak edən şəxslərin izahatları dinləyib, iş materiallarını nəzərdən keçirib hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. İş materiallarında olan Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-7667/2016 saylı, xx.xx.2016-cı il tarixli qətnaməsinin surətindən görünür ki, Cavabdeh xx.xx.2016-cı il tarixdən başlayaraq həy ay, xx.xx.2015-ci il təvəllüdlü X1 üçün 117 manat sabit pul məbləğində aliment, xx.xx.2016-cı il tarixdən başlayaraq hər ay uşağın müalicəsi üçün əlavə xərc üzrə 40 manat və uşağın üç yaşı tamam olana qədər 40 manat sabit pul məbləğində alimentin tutularaq X2 verilməsi qət edilmişdir. İş materiallarında olan Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-1686/2017 saylı, xx.xx.2017-ci il tarixli qətnaməsinin surətindən görünür ki, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-7667/2016 saylı, xx.xx.2016-cı il tarixli qətnaməsi ilə Cavabdeh tutulan 117 manat sabit pul məbləğində alimentin miqdarı dəyişdirilərək xx.xx.2015-ci il təvəllüdlü X6 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 136,6 manat məbləğində pulun sabit aliment qismində tutularaq X2 ödənilməsi qət edilmişdir. İş materiallarında olan Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-2202/2018 saylı, xx.xx.2018-ci il tarixli qətnaməsinin surətindən görünür ki, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 22(003)-1686/2017 saylı, xx.xx.2017-ci il tarixli qətnaməsi ilə tutulan alimentin miqdarı artırılaraq Cavabdeh xx.xx.2015-ci il təvəllüdlü X6 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 154 manat sabit pul məbləğində alimentin tutularaq X2 ödənilməsi qət edilmişdir. İş materiallarında olan ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə xx.xx.2023-cü il tarixli arayışından görünür ki, alimentin və əlavə xərclərin artırılmasına dair mübahisə üzrə Cavabdeh ilkin mediasiya prosesində iştirak etmədiyindən mediasiya prosesinin keçirilməsi mümkün olmamışdır. İş materiallarında olan AZ-İ seriyalı, 253713 nömrəli nikahın pozulması haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh ilə X7 arasında olan nikah xx.xx.2017ci il tarixdə ləğv edilmişdir. Nikah ləğv olunduqdan sonra arvada “Mayılova” soyadı verilmişdir. İş materiallarında olan AZ-T seriyalı 012617 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, xx.xx.2015-ci il təvəllüdlü X6 atası Cavabdehdur, anası isə X3r. İş materiallarında olan xx.xx.2015-ci il tarixli, xx.xx.2016-cı il tarixli, xx.xx.2017-ci il tarixli və xx.xx.2021-ci il tarixli həkim-nevropatoloq tərəfindən verilmiş müayinə vərəqələrinin surətlərindən və tərəflərin birgə nikahlarından olan xx.xx.2015-ci il təvəllüdlü X8 həmin tarixdə həkim-nevropatoloqun yanında müayinələrdə olmuş və uşağa müəyyən dərmanlar yazılmışdır. İş materiallarrında olan X5 verilmiş arayışdan görünür ki, xx.xx.2015-ci il təvəllüdlü X8 xx.xx.2023-cü il tarixdə pediatriya şöbəsində müayinədə olmuşdur. İş materiallarında olan hospital “Avrasiya” tərəfindən verilmiş arayışlardan görünür ki, xx.xx.2015-ci il təvəllüdlü X8, xx.xx.2022-ci il, xx.xx.2022-ci il, xx.xx.2023-cü il tarixlərdə müayinələrdə olmuş və uşaqda norma daxilindəki Total İGE nəticəsi allergik xəstlik ehtimalını inkar etmir. Klini olaraq allergik xəstəlik şübhəsi yüksək olan xəstələrin spesifik İGE testləri ilə dəyərləndirilməsi məsələhət görülmüşdür. Həmçinin uşaqda vitamin D (25- OH) səviyyəsinin aşağı hədd olması müəyyən edilmişdir. Vitamin-D (25-OH) səviyyələrində cins, yaş, mövsüm, coğrafi enlik və etnik qruplar baxımından fərqli nəticələr ola biləcəyi diqqətə alınması bildirilmişdir. “Elektron Məhkəmə” informasiya sistemindən görünür ki, iş üzrə İddiaçı "xxxx" MMCdə işləyir və 669,71 manat əmək haqqı alır. İş üzrə Cavabdeh isə "xxxx"xxxx"xxxx" MMCdə elektrik işləməklə 545 manat əmək haqqı alır. İş materiallarından görünür ki, iş üzrə Cavabdeh ikinci dəfə xx.xx.2017-ci il tarixdə X4 rəsmi nikaha daxil olmuş və onların birgə nikahlarından xx.xx.2018-ci il təvəllüdlü X9 və xx.xx.2022-ci il təvəllüdlü X10 adlı uşaqları vardır. Beləliklə, hazırki iddia tələbinin bir hissəsi əvvəllər məhkəmə tərəfindən müəyyən edilmiş alimentin miqdarının artırılmasından, ikinci hissəsi isə uşağın saxlanılması üçün tutulan əlavə xərclər üçün məbləğin artırılmasından ibarətdir. Alimentin miqdarının dəyişdirilməsinin həlli qaydası Ailə Məcəlləsinin 112.1-ci maddəsi ilə tənzimlənir. Həmin maddəyə görə aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Beləliklə, qanunverici prinsip etibarı ilə məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra onun miqdarının dəyişdirilməsinin (artırılmasını və ya azaldılması) və ya aliment ödəməkdən ümumiyyətlə azad edilmənin mümkünlüyünü nəzərdə tutur. Lakin, bunun ən əsas şərti məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olduğunun sübuta yetirilməsidir. Hazırki mübahisə üzrə iddiaçı müəyyən olunmuş alimentin miqdarının artırılmasını əvvəllər müəyyən olunmuş aliment məbləğinin uşağın saxlanılmasının təminatı üçün kifayət etmədiyinə əsaslanmaqla tələb edir. Məhkəmə hesab edir ki, iddiaçı alimentin miqdarının artırılmasını tələb etməkdə haqlıdır. Belə ki, onun aldığı aliment məbləğinin müəyyən olunduğu tarixdən bugünədək həyat standartları və istehlak qiymətləri və.s dəyişmişdir. Həmçinin uşaq böyüməkdə davam etməklə onun müvafiq olaraq tələbatları da artmışdır. Bütün bunlar iddiaçının maddi vəziyyətində yaranmış dəyişiklik kimi qəbul edilməlidir. Həmçinin nəzərə alınmalıdır ki, “Azərbaycan Respublikasında 2023-cü il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikası Qanununa görə 2023-cü il üçün yaşayış minimumu uşaqlar üçün 220 manat məbləğində müəyyən edilmişdir. “Uşaq hüquqları haqqında” Qanunun 13-cü maddəsinə əsasən isə uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Beləliklə, qanunvericiliyin sadalanan müddəaları alimentin məbləğinin müəyyənləşdirilməsi zamanı əsas meyar kimi uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanmasını müəyyən etmişdir. Lakin, bu zaman tərəflərin maddi və ailə vəziyyətləri, eləcə də hər bir konkret hal üzrə müəyyən olunmuş digər diqqətəlayiq hallar da nəzərə alınmalıdır. Ölkə üzrə uşaqlar üçün müəyyən olunmuş yaşayış minimumu isə özlüyündə müəyyən meyar kimi çıxış etsə də, minimum təminat səviyyəsini nəzərdə tutur. Cavabdehin ikinci dəfə nikaha daxil olması və həmin nikahdan himayəsində iki uşağının olması, həmçinin qazancının az olması ilə bağlı iddiaya etirazına dair məhkəmə qeyd edir ki, bu hallar onu birinci nikahından olan övladının saxlanılmasında və getdikcə artan tələbatlarının qarşılanmasında iştirak vəzifəsindən azad etmir. Bundan əlavə, “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərindən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Ali Məhkəmənin Plenumunun 28 mart 2016-cı il tarixli qərarında qeyd edilmişdir ki, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır (“Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsi). Uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, qanunvericiliklə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatın aliment kimi digər valideyndən tutulmasına əsas verir. Aliment ödəyən əmək qabiliyyətli valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və qazanca malik olmaması onu uşağı saxlamaq, qanunvericiliklə müəyyən olunmuş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatı ödəmək vəzifəsindən azad etmir. Qeyd olunanlara əsasən məhkəmə, iddia tələbinin cavabdehdən tutulan alimentin miqdarının artırılmasına dair hissəyə qiymət verərək hesab edir ki, iddia tələbi həmin hissədə əsaslıdır və təmin edilməlidir. Məhkəmə iddia tələbinin Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-7667/2016 saylı xx.xx.2016-cı il tarixli qətnaməsinə əsasən əlavə xərclər üçün cavabdehdən tutulan 40 manatın 80 manat məbləğində artırılmasına dair hissəsinə qiymət verərək hesab edir ki, iddia tələbi həmin hissədə təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 80 və 81-ci maddələrinin bəzi müddəalarının şərh edilməsi”nə dair 27 yanvar 2015-ci il tarixli Qərarında Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi göstərmişdir ki, yetkinlik yaşına çatmamış uşaqlara görə əlavə xərclərin çəkilməsi valideynlər arasında bağlanan sazişlə, əmək qabiliyyəti olmayan yetkinlik yaşına çatmış övladlara görə əlavə xərclərin çəkilməsi isə övladlarla valideynlər arasında bağlanan sazişlə həll edilə bilər. Belə saziş olmadıqda, məhkəmə valideynləri əlavə xərclərin ödənilməsinə cəlb edə bilər. Valideynlər övladlarına görə əlavə xərclərin çəkilməsində könüllü iştirak etmədikdə, onları saxlayan şəxslər – digər valideyn, qəyyum, himayəçi, tərbiyəçi, yetkinlik yaşına çatmış övlad isə özü (o, fəaliyyət qabiliyyətlidirsə) məhkəmədə iddia qaldıra bilər. Bu halda Ailə Məcəlləsinin 81.2-ci maddəsinə uyğun olaraq valideynlərin əlavə xərclərə cəlb olunması qaydasını məhkəmə müəyyən edir. Bu xərclərin miqdarı məhkəmə tərəfindən valideynlərin və uşaqların ailə və maddi vəziyyəti, eləcə də tərəflərin diqqətəlayiq olan digər maraqları nəzərə alınmaqla, hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən olunur. Məhkəmə valideynləri nəinki faktiki çəkilmiş xərclərdə iştiraka, habelə gələcəkdə çəkilməsi zəruri olan xərclərə də cəlb edə bilər (Ailə Məcəlləsinin 81.3-cü maddəsi). Bu barədə məhkəməyə müraciət edən şəxs gələcəkdə çəkilməsi zəruri olan xərcləri mötəbər sübutlarla əsaslandırmalıdır. İddiaçı uşağın səhətində olan problemlərlə bağlı müalicə olunmasını və bunun üçün cavabdehdən tutulan məbləğin kifayət etməməsini əsaslansa da və uşağın səhəti ilə bağlı müayinə və müalicə olunmasına dair müəyyən arayışlar məhkəməyə təqdim etsə uşağın səhətində olan problemlərin müalicəsi üçün bu məqsədlə məhkəmə qətnaməsi ilə cavabdehdən tutulan məbləğin kifayət etməməsinə, həmçinin bu məqsədlə cavabdehin yetərli qazanc əldə etməsinə dair mötəbər sübutlar məhkəməyə təqdim etməmişdir. Halbuki, bu xərclərə cəlb edilmə üçün mütləq şəkildə mötəbər sübutların təqdim edilməli olması da yuxarıda qeyd edilən Konstitusiya Məhkəməsinin qərarında əksini tapmışdır. Həmçinin həmin qərardada qeyd edilmişdir ki, bu zaman əsas meyar övladın yardıma ehtiyacının olması və valideynin ona nə dərəcədə yardım etmək iqtidarında olmasıdır. Belə ki, tərəflərin ailə və maddi vəziyyəti alimentin miqdarının müəyyən edilməsi üçün birinci dərəcəli əhəmiyyət kəsb edir. Eyni zamanda Konstitusiya Məhkəməsi qeyd edilən qərarında bu xərclərin miqdarı məhkəmə tərəfindən valideynlərin və uşaqların ailə və maddi vəziyyəti, eləcə də tərəflərin diqqətəlayiq olan digər maraqları nəzərə alınmaqla tutulmasını qeyd etmişdir ki, işin müəyyən edilmiş hallarından görünür ki, cavabdeh iki iş yerində işləməklə, cəmi 1127 manat (hansı həcmdə əmək haqqından vergi və s. çıxılması nəzərə alınmadan) əmək haqqı alır, ikinci dəfə ailə qurmaqla himayəsində iki azyaşlı uşaqları var. Bu hallar ona dəlalət edir ki, cavabdehin maddi durumu ondan tutulan əlavə xərclər görə məbləğin artırılması üçün yetərli deyil. Həmçinin məhkəmə qeyd edir ki, hər iki valideynin uşaqlarının saxlamaqda borclu olmaları nəzərə alınmalıdır. Bütün göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməli, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-2202/2018 saylı, xx.xx.2018-ci il tarixli qətnaməsi ilə Cavabdeh İddiaçı xeyrinə tutulan alimentin miqdarı artırılaraq cavabdehdən 220 manat sabit pul məbləğində aliment tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Alimentin tutulma müddəti ilə bağlı məhkəmə hesab edir ki, cavabdehdən qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi əsasında aliment tutulduğundan, alimentin tutulma müddəti Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən iddia ərizəsinin məhkəməyə verildiyi tarixdən, yəni mövcud iddia tələbi ilə məhkəməyə müraciət etdiyi vaxtdan deyil, mövcud məhkəmə qətnaməsinin qanuni qüvvəsini aldığı vaxtdan başlanmalıdır. Belə ki, “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərindən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Ali Məhkəmənin Plenumunun 28 mart 2016-cı il tarixli 8-2 №-li Qərarının 8.14-cü bəndində də qeyd olunmuşdur ki, məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs alimenti ödəməkdən azad edilir. «Dövlət rüsumu haqqında» Azərbaycan Respublikası Qanununun 8.1.1-ci maddəsinin tələbinə görə, iddia qiyməti 1000 manatadək olduqda, 30 manat dövlət rüsumu ödənilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 112.1.3-cü maddəsinin tələbinə görə iddianın qiyməti aliment alınması haqqındakı iddialarda bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. Həmin Məcəllənin 124.1-ci maddəsinə əsasən, işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. Məhkəmə, dövlət rüsumunun tutulması məsələsinə qiymət verərək qeyd edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin yuxarıda qeyd olunan maddələri nəzərə alınmaqla, iş üzrə dövlət rüsumu cavabdehdən tutulmalıdır. Həmçinin tutulmalı olan dövlət rüsumunun məbləğinə qiymət verərək hesab edir ki, hazırki iddia tələbi üzrə əvvəki qətnamə ilə müəyyən edilmiş alimentin məbləği 66 manat miqdarında artırıldığından və həmin məbləğlə bir il ərzində ödəmənin məcmusu 792 manat (66x12=792) müəyyən edilməklə iddianın qiyməti 1000 manatadək olduğundan cavabdehdən dövlət mədaxilinə 30 manat məbləğində dövlət rüsumu alınmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi qismən təmin edilsin. Bakı şəhəri Xəzər Rayonu Məhkəməsinin xx.xx.2018-ci il tarixli 2(003)-2202/2018 saylı qətnaməsi ilə Cavabdeh İddiaçı xeyrinə tutulan alimentin miqdarı artırılsın. Hazırki qətnamə qanuni qüvvəyə mindiyi tarixdən başlayaraq xx.xx.2015-ci il təvəllüdlü X6 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh İddiaçı xeyrinə hər ay 220 (iki yüz iyirmi) manat sabit pul məbləğində aliment tutulsun. İddia tələbi qalan hissədə təmin edilməsin. Cavabdeh 30 manat dövlət rüsumu alınaraq Azərbaycan Respublikasının Dövlət Büdcəsinə ödənilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə (elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən İlham Cəfərzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar