Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(003)-1174/2023 19.04.2023 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Rüstəmov Emin Şahin oğlunun sədrliyi, Şükürlü Murad Şahin oğlunun katibliyi, İddiaçı QSC BOKT-un nümayəndəsi X1, Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iştirakları ilə, İddiaçı QSC BOKT-un Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “kredit müqaviləsi üzrə borc” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ İddiaçı QSC BOKT cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “kredit müqaviləsi üzrə borc” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada İddiaçı QSC BOKT-un xeyrinə 4814,46 manat məbləğində əsas borc, 129,42 manat məbləğində faiz borcu olmaqla, ümumilikdə cəmi 4943,88 manat məbləğində borcun və ödənilmiş 69,44 manat məbləğində dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı QSC BOKT-un nümayəndəsi X2 iddia ərizəsini müdafiə edərək izahatında göstərmişdir ki, "xxxx" ASC-nin dövlətə məxsus səhmlərinin özəlləşdirilməyə hazırlanması ilə bağlı sağlamlaşdırılma tədbirləri” haqqında Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 15 iyul tarixli 570 saylı fərmanına əsasən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 194-cü maddəsinə uyğun olaraq "xxxx" ASC ilə İddiaçı QSC arasında bağlanmış tələb hüququnun güzəşt edilməsinə dair xx.xx.2015-ci il tarixli müqaviləyə görə "xxxx" ASC-nin problemli aktivlərinin tələb hüququ İddiaçı QSC-yə keçmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2017-ci il tarixli 101S saylı sərəncamının icrası ilə əlaqədar İddiaçı QSC tərəfindən "xxxx" ASC-dən borclu şəxs Cavabdeh1 dair sənədlər S-FK-494 saylı xx.xx.2017-ci il tarixli təhvil-təslim aktına əsasən İddiaçı QSC-yə verilmişdir. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2019-cu il tarixli fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında fərmanına əsasən Cavabdeh1 ilə İddiaçı ASC arasında xx.xx.2019-cu il tarixli 1 nömrəli “Güzəştli Kredit” müqaviləsi imzalanmışdır. Müqaviləyə əsasən cavabdehə illik 1 faiz olmaqla 60 ay müddətinə 4814,46 manat məbləğində qalıq kredit borcu restrukturizasiya edilmişdir. Kredit vəsaitinin təminatı olaraq zamin Cavabdeh2 ilə xx.xx.2019-cu il tarixli 1 nömrəli zaminlik müqaviləsi bağlanmışdır. Zamin Cavabdeh2 cavabdehin öhdəliyini icra etməsi üçün məsuliyyəti öz üzərinə götürərək iddiaçı qarşısında cavabdehlə birgə məsuliyyət daşımağı öhdəsinə götürmüşdür. Cavabdeh iddiaçı qarşısındakı öhdəliklərini bu günə kimi lazımınca yerinə yetirməmişdir. Onun banka hazırda olan borcu əsas borc üzrə 4814,46 manat, faiz borcu üzrə 129,42 manat olmaqla cəmi 4943,88 manat təşkil edir. İddiaçı tərəfindən cavabdehlərə dəfələrlə şifahi formada , o cümlədən yazılı bildirişlərin göndərilməsi yolu ilə xəbərdarlıqlar edilmiş və ona banka olan borcu barədə məlumat verilmiş və borcun ödənilməsi cavabdeh qarşısında tələb kimi qoyulmuşdur. Lakin qeyd olunan öhdəlik bu günə qədər yerinə yetirilməmişdir. Məhkəmədən iddia ərizəsinin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında Cavabdeh1 iddia tələbini etiraf edərək izahatında göstərmişdir ki, o, İddiaçı QSC ilə xx.xx.2019-cu il tarixli 1 saylı güzəştli kredit müqaviləsi bağlamış, həmin müqaviləyə əsasən bank ona illik 1 faiz dərəcəsi olmaqla 60 ay müddətinə hissə hissə qaytarmaq şərti ilə kredit vermişdir. Lakin kreditin məbləği 4814,46 manat deyil, 4807,44 manat olmuşdur. Cavabdeh2 da bank qarşısında ona zamin durmuşdur. O, öhdəliklərini maddi imkanı pisləşdiyindən icra edə bilməmişdir. Hazırda o, bankın tələbi ilə razıdır. Həmin müqavilə üzrə hesablanan əsas və faiz borcunu hissə-hissə banka qaytaracaqdır. Məhkəmə iclasında Cavabdeh2 iddia tələbini etiraf edərək izahatında göstərmişdir ki, Cavabdeh1 İddiaçı QSC ilə xx.xx.2019-cu il tarixli 1 saylı güzəştli kredit müqaviləsi bağlamış, həmin müqaviləyə əsasən bank ona illik 1 faiz dərəcəsi olmaqla 60 ay müddətinə hissə hissə qaytarmaq şərti ilə kredit vermişdir. Lakin kreditin məbləği 4814,46 manat deyil, 4807,44 manat olmuşdur. O, Cavabdeh1 kredit müqaviləsi üzrə öhdəlikləri üçün bank qarşısında zamin qismində öhdəlik götürmüşdür. Məhkəmə tərəflərin izahatını dinləyib, məhkəməyə təqdim edilmiş sübutları tədqiq edib hesab edir ki, iddia ərizəsi qismən təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.1.-ci maddəsinə əsasən müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur. Həmin Məcəllənin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. İddiaçı QSC BOKT ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2019-cu il tarixli 1 saylı güzəştli kredit müqaviləsindən müəyyən olunur ki, bank borcalana restrukturizasiya olunmuş borc üzrə kredit borcunun qalıq məbləğinin ödənilməsi məqsədi ilə 4807.44 manatı illik 1 faiz olmaqla, 60 ay müddətinə 1 il güzəşt müddəti ilə kredit alana verməyi, kredit alan isə krediti və faizi ödəniş planına uyğun olaraq banka qaytarmağı öhdəsinə götürmüşdür. Kredit müqaviləsinin 2.2-ci bəndinə əsasən kredit ödənişləri borclu ilə razılaşdırılmış ödəniş cədvəli üzrə icra olunmadıqda kreditor bu müqaviləni vaxtından əvvəl ləğv etmək və qalıq kredit borcunun vaxtından əvvəl ödənilməsini borcludan tələb etmək hüququna malikdir. Kredit müqaviləsinin 5.2-ci bəndinə əsasən, borclu öhdəliyini icra etmədiyi və ya lazımınca icra etmədiyi halında bu müqavilə üzrə restrukturizasiya edilən kredit borcunu gecikdirilmiş əsas məbləği üzrə 5 il müddətinə 0,1 faizindən çox olmamaqla dəbbə pulunu təqvim üzrə hər yubanma günü üçün ödəməyi borclu öhdəsinə götürür. İddiaçı QSC BOKT ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2019-cu il tarixli 1 saylı güzəştli kredit müqaviləsi üzrə ödəniş planından müəyyən olunur ki, borcalan xx.xx.2020ci il tarixdən xx.xx.2024-cü il tarixədək olan dövr ərzində əsas borca görə 4807,44 manat, faiz borcuna görə 146,87 manat olmaqla cəmi 4954,31 manat borcu hissə-hissə qaytarmağı öhdəsinə götürmüşdür. Kredit verən İddiaçı QSC BOKT ilə zamin Cavabdeh2 arasında bağlanmış xx.xx.2019-cu il tarixli 1 saylı zaminlik müqaviləsindən müəyyən olunur ki, zamin Cavabdeh2 borcalan Cavabdeh1 məbləği 4807,44 manat, müddəti 60 ay olan xx.xx.2019cu il tarixli 1 saylı güzəştli kredit müqaviləsindən irəli gələn öhdəlikləri ilə bağlı bank qarşısında birgə məsuliyyət daşımağı öhdəsinə götürmüşdür. Zaminlik müqaviləsinin 3.1-ci bəndindən müəyyən olunur ki, zamin kredit təşkilatı qarşısında borcalanın xx.xx.2019-cu il tarixli 01 saylı kredit müqaviləsi üzrə kredit təşkilatına olan kredit və faizləri məbləğində, həmçinin bu kreditlə əlaqədar yaranan və yarana biləcək hər cür zərər, komisyon, dəbbə pulu, məhkəmə xərcləri və s. üçün məsuliyyət daşıyır. Zaminlik müqaviləsinin 6.1-ci bəndindən görünür ki, bu müqavilənin qüvvədə olma müddəti borcalanın xx.xx.2019-cu il tarixli 01 saylı kredit müqaviləsindən irəli gələn öhdəliklərinin kredit təşkilatı qarşısında qüvvədə olma müddəti ilə üst-üstə düşür. İddiaçı QSC BOKT-un xx.xx.2023-cü il tarixli 13-7/2-3-11/600/2023 saylı maliyyə arayışından müəyyən olunur ki, borcalan Cavabdeh1 xx.xx.2019-cu il tarixli 1 saylı güzəştli kredit müqaviləsi üzrə xx.xx.2022-ci il tarixə əsas borca görə 4814,46 manat, faiz borcuna görə 129,42 manat olmaqla cəmi 4943,88 manat borcu vardır. İddiaçı QSC-nin Cavabdeh1 və Cavabdeh2 ünvanladığı xx.xx.2022-ci il tarixli və xx.xx.2023-cü il tarixli bildirişlərdən müəyyən olunur ki, bank birgə borclulara borc qaytarılmadığı halda borcun tam həcmdə tələb edilməsi üçün məhkəməyə müraciət ediləcəyi bildirilmişdir. Məhkəmə qeyd edir ki, müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər Mülki Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür. Tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Əgər tərəflər müqavilənin əhəmiyyətli dərəcədə dəyişmiş şəraitə uyğunlaşdırılması və ya ləğv edilməsi barədə razılığa gəlməsələr müqavilə maraqlı tərəfin tələbi ilə məhkəmə tərəfindən ləğv edilə bilər. (MM-nin 421.1.,421.2.,422.2.-ci mad.) Azərbaycan Respublikası Mülki Məcəlləsinin 425.1-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Həmin Məcəllənin 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 191.3-cü maddəsinə əsasən cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. İşin cavabdehlərin də etiraf etdiyi mübahisəsiz hallarından görünür ki, İddiaçı QSC BOKT ilə Cavabdeh1 arasında xx.xx.2019-cu il tarixli müqavilə bağlanmış və sonuncuya restrukturizasiya olunmuş borc üzrə kredit borcunun qalıq məbləğinin ödənilməsi məqsədi ilə 4807.44 manat məbləğində kredit verilmişdir. Lakin borclu öhdəliklərini icra etmədiyindən onun banka əsas borca görə 4807,44 manat, faiz borcuna görə 129,42 manat borcu yaranmışdır. Məhkəmə iddia tələbinin 4814,46 manat əsas borc hissəsinə münasibətdə qeyd edir ki, xx.xx.2019-cu il tarixli müqaviləyə əsasən Cavabdeh1 restrukturizasiya olunmuş borc üzrə kredit borcunun qalıq məbləğinin ödənilməsi məqsədi ilə 4807.44 manat məbləğində kredit verilmişdir. Bu səbəbdən iddiaçının qeyd etdiyi 4814,46 manat əsassızdır və iddia tələbi bu hissədə qismən təmin edilməlidir. Beləliklə, məhkəmə araşdırması zamanı tədqiq olunmuş sübutlarla birgə borclular olan cavabdehlərin müqavilə öhdəliklərini icra etməmələri nəticəsində borc verənə əsas borca görə 4807,44 manat, faiz borcuna görə 129,42 manat borclarının yaranması öz təsdiqini tapdığından məhkəmə birgə borclulardan müştərək qaydada əsas borca görə 4807,44 manat, faiz borcuna görə 129,42 manat tutulmalıdır. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş iddia tələbinin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edildiyindən, məhkəmə hesab edir ki, iş üzrə məhkəmə xərcləri cavabdehlərə aid edilməlidir. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmış və öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırmışdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ İddia ərizəsi qismən təmin edilsin. Cavabdeh1 və Cavabdeh2 xx.xx.2019-cu il tarixli 1 saylı güzəştli kredit müqaviləsi üzrə müştərək qaydada əsas borca görə 4807,44 manat, faiz borcuna görə 129,42 manat və dövlət rüsumuna görə 69,44 manat olmaqla ümumilikdə cəmi 5006,30 (beş min altı manat, otuz qəpik) İddiaçı QSC BOKT-un xeyrinə tutulsun. İddia ərizəsi qalan hissədə təmin edilməsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Emin Rüstəmov
Məhkəmə qərarları › İş №2(003)-1174/2023
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №2(003)-1174/2023
19.04.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver