Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(003)-1194/2024 15.03.2024 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Rüstəmov Emin Şahin oğlunun sədrliyi, Şükürlü Murad Şahin oğlunun katibliyi, İddiaçı, Cavabdeh nümayəndəsi X2 iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “alimentin miqdarının artırılması” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı Cavabdeh qarşı “alimentin miqdarının artırılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2012-ci il təvəllüdlü X4 və xx.xx.2014-cü il təvəllüdlü X3 yetkinlik yaşına çatana qədər saxlanmaları üçün cavabdehdən tutulan alimentin məbləğinin artırılaraq hər ay, hər uşaq üçün 235 manat olmaqla, cəmi 470 manat sabit pul məbləğində müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək təmin edilməsini xahiş etdi və izahatında göstərdi ki, o, Cavabdeh ilə 2011-ci il tarixdə rəsmi nikaha daxil olmuşdur. Birgə nikahlarından xx.xx.2012-ci il təvəllüdlü X6 və xx.xx.2014-cü il təvəllüdlü X5 adlı iki övladları doğulmuşdur. Münasibətləri pis olduğundan o, Lerik Rayon Məhkəməsinə aralarında olan 2011-ci il tarixli nikah qeydiyyatının pozulması və 2 azyaşlı uşaqlarınxx.xx.2012-ci il təvəllüdlü X6 və xx.xx.2014-cü il təvəllüdlü X5 adlı iki uşaqların saxlanması üçün aliment tələbinə dair iddia ərizəsi ilə müraciət etmişdir. Lerik Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(048)-455/2021 saylı qətnaməsi ilə aralarında olan nikah pozulmuş, birgə nikahlarından olan xx.xx.2012-ci il təvəllüdlü X6 və xx.xx.2014-cü il təvəllüdlü X1 üçün cavabdehdən hər ay hər bir uşağa görə xx.xx.2021-ci ildən başlayaraq 120 manat olmaqla, cəmi 240 manat sabit pul məbləğində aliment tutulması və aralarında olan nikahın pozulması qət edilmişdir. Hal-hazırda birgə nikahlarından olan xx.xx.2012-ci il təvəllüdlü X6 və xx.xx.2014-cü il təvəllüdlü X5 onun himayəsində yaşayırlar. Uşaqların tələbatlarını özü ödəyir, cavabdah isə uşaqları ilə heç maraqlanmır. Özü işləmədiyi üçün maddi durumu çox çətindir. Uşaqların tələbatı günü-gündən artır. Maddi ehtiyaclarını ödəyə bilmir. Cavabdeh məhkəməyə etiraz ərizəsi ünvanlayaraq bildirmişdir ki, o, günəmuzd işləyir. Ayda qazancı 250-300 manat məbləğ arası olur. Belə qazanc əldə etməyi iddiaçıya məlumdur. Başqa yerdən gəliri, qazancı yoxdur. Hər uşağa 120 manat belə ödəməyə maddi imkanı yoxdur. Odur ki, Lerik Rayon Məhkəməsinin 2(048)-455/2021 saylı xx.xx.2021-ci il tarixli qətnaməsi ilə hər ay bir uşağa görə 120 manat müəyyən edilmiş aliment miqdarını ödəyə bilməmişdir. Məhkəmə qətnaməsi ilə müəyyən edilmiş aliment məbləğini icra edə bilmədiyinin səbəblərindən biri də avtoqəza nəticəsində kəllə-beyin travması almağıdır. Maddi imkanı olmadığından kəllə-beyin travması ilə bağlı müalicəni davam etdirə bilmir. Səhhəti ağır işlərdə işləməyinə yol vermir, çətinliklər çəkir. Yüngül işlərdə günəmuzd işləməklə özü də az da olsa, qidalanmalı və ikinci nikahdan olan azyaşlı uşağı Ədalətin də yaşamasını təmin etməlidir. Uşaqlarının geyimi, təhsili, sağlamlığı, normal qidalanması, tələb olunan ərzaq, meyvə-tərəvəz, qida məhsulları və sair üçün saxlanılması üçün hər ay müvafiq məbləğdə vəsait xərclənməsi tələb olunur. İddiaçı işləyib gəlir əldə etsə də, uzun müddətdir ki, uşaqların saxlanılması üçün vəsait xərcləmir. Bununla belə, o, utanmadan ondan artırılmış məbləğdə aliment tutulması barədə qətnamə çıxarılmasına nail olmaq, valideyn hüquqlarından sui-istifadə etməklə yalnız yararlanmaq niyyətində olmuşdur. Sadalanan qanun normalarından göründüyü kimi uşaq hüquqları, onların saxlanılması ilə bağlı ata-ana bərabər məsuliyyət daşıyırlar. Qanunla uşaqlar üçün müəyyən edilmiş yaşayış minimumu məbləğin uşaqdan ayrı yaşıyan yalnız ata və ya ana tərəfindən ödənilməsi nəzərdə tutulmamışdır. Uşaqların saxlanması üçün zəruri olan pul vəsaiti ana, həm də ata tərəfindən sərf edilməlidir və uşaqların saxlanılması ilə bağlı xərcləri də bərabərdir. Nəzərə alınsa ki, “Azərbaycan Respublikasında yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən 2023-cü il üçün yaşayış minimumu ölkə üzrə uşaqlar üçün 220 manat, 2024-cü il üçün isə 235 manat məbləgində müəyyən edilmişdir. həmin məbləğlərin yarı hissəsi 110 - 117,5 manat iddiaçı tərəfindən sərf edilməlidir. Bu, vaideynlərin uşaqları ilə bağlı hüquq və vəzifələrinin bərabərliyi prinsipindən irəli gəlir. Uşağın saxlanılması üçün zəruri olan pul vəsaitinin sərf edilməsini valideynlərindən yalnız atanın öhdəsinə qoyan məhkəmə aktı daxilən ziddiyyətli və əsassız olmaqla, həm də qanunsuz və adalətsiz olardı. Belə məhkəmə aktları ilə hüquq və azadlıqların məhkəmədə müdafiəsinə təminat verilmir. Onun maddi vəziyyətində dəyişiklik olduğu, hər bir uşağa görə hər ay 220 -235 manat- cəmi 440 və 470 manat aliment məbləği ödəməyə həqiqətən də maddi imkanı yoxdur. Maddi imkanı olduğu halda uşaqlarına daha çox aliment ödəyər. Hər uşağa 120 manat aliment ödəməyə maddi imkanı olmasa da, atasının köməkliyi - pensiya pulu ilə müəyyən məbləğlərdə uşaqlarına aliment ödəmişdir. Alimentin artırılması gələcəkdə alimenti ödəyə bilməməyi, nəticədə gələcəkdə onun barəsində cinayət işinin başlanmasına və həbs edilməyinə gətirib çıxaracaqdır. Həmçinin, ikinci dəfə ailə həyatı qurmuş, yeni ailəsindən uşaqları var və səhhəti imkan verdiyi qədər günəmuzd işdə çalışır. Göründüyü kimi, əvvəllər müəyyən edilmiş alimentin miqdarı yalnız tərəflərdən birinin ailə və maddi vəziyyətində dəyişiklik olduğu halda mümkündür. Hazırkı iş üzrə iddiaçı Hacıyeva (Həmidova) X7 Rayon Məhkəməsinin 22 iyul 2021-ci il tarixli 2(048)- 455/2021 saylı qətnaməsi ilə aliment məbləği müəyyən edildikdən sonra ötən müddət ərzində müəyyən edilmiş hazırkı aliment məbləğinin artırılması üçün əsas ola biləcək, tərəflərin ailə və maddi vəziyyətində baş vermiş dəyişikliklərlə bağlı sübutlarını məhkəməyə təqdim etməmişdir. Əksinə, Lənkəran RMX PHŞ-nin 28 iyul 2021-ci il tarixli arayışından görünür ki, Cavabdeh “keçirilmiş kəlləbeyin travmasının davamlı qalıqları, Postravmatik ensefalopatiya qıcolma tutmalarla, hipermetik sindrom” diaqnozu ilə nevrololi xəstədir və dispanser qeydiyyatında durur. Bundan başqa, o, yeni ailə qurmuş və yeni övladları var. Bütün bunlarla yanaşı, qeyd etməyi zəruri hesab edir ki, hər ay hər uşağa 120 manat aliment ödəməyə maddi imkanı olmamağı səbəbindən aliment üzrə borcları yaranmışdır, hətta aliment borclarına görə məhkəmədə icra məmurunun təqdimatına baxılmış və inzibatı məsuliyyətə cəlb edilməklə 500 manat cərimə edilmişdir. Hansı ki, uşaqlarının saxlanılması üçün pul tapa bilmir. Lerik Rayon Məhkəməsinin 22 sentyabr 2022-ci il tarixli 2(048)-319/2022 saylı qərarına əsasən Lerik Rayon Məhkəməsinin 22 iyul 2021-ci il tarixli 2(048)-455/2021 saylı icra sənədini icra etmədiyi üçün İnzibati Xətalar Məcəlləsinin 528-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 500 manat miqdarında cərimə edilmişdir. Bu da məhkəmə qətnaməsi ilə müəyyən edilmiş aliment məbləğini yuxarıda göstərilən səbəblərdən icra edə bilmədiyini göstərir. Digər tərəfdən, iddiaçı Sona Hacıyeva eyni əsaslarla aliment miqdarının artırılması barədə bu yaxın vaxtlarda iddia qaldırmış və Lerik Rayon Məhkəməsinin 13 mart 2023-cü il tarixli 2(048)-44/2023 saylı qətnaməsi ilə (hakim Atabəy Kiçibəyov) iddia təmin edilərək, Lerik Rayon Məhkəməsinin 22 iyul 2021-ci il tarixli 2(048)- 455/2021 saylı qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarının artırılaraq xx.xx.2012-ci il tarixdə doğulmuş X6 və xx.xx.2014-cü il tarixdə doğulmuş X3 yetkinlik yaşına çatana kimi saxlanılması üçün Cavabdeh hər ay bir uşağa görə 193 (bir yüz doxsan üç) manat olmaqla, cəmi 386 (üç yüz səksən altı) manat sabit pul məbləğində alimentin tutulub iddiaçı Hacıyeva (Həmidova) Sona İltizam qızına verilməsi və artırılmış alimentin tutulmasına Lerik Rayon Məhkəməsinin 13 mart 2023-cü il tarixli 2(048)-44/2023 saylı qətnaməsinin qanuni qüvvəyə mindiyi vaxtdan başlanılması qət edilmişdir. Həmin qətnamədən apellyasiya şikayəti verərək, onun tamamilə ləğv edilməsini və iddianın təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Şirvan Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli Qətnaməsi ilə onun tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilərək Lerik Rayon Məhkəməsinin 13 mart 2023-cü il tarixli 2(048)- 44/2023 saylı qətnaməsinin ləğv edilməsi, iş üzrə yeni qətnamə qəbul edilməsi, iddiaçı Hacıyeva (Həmidova) Sona İltizam qızının Cavabdeh qarşı alimentin artırılması tələbinə dair iddiasının rədd edilməsi qət edilmişdir. Məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra onun ailə və ya maddi vəziyyətində dəyişiklik olmadığı, əksinə onda “keçirilmiş kəllə-beyin travmasının davamlı qalıqları. Postravmatik ensefalopatiya qıcolma tutmalarla, hipermetik sindrom” diaqnozu ilə nevroloji xəstə olmağı və dispanser qeydiyyatında durmağı, hər ay hər uşağa 120 manat aliment ödəməyə maddi imkanı olmamağı səbəbindən aliment üzrə borclarının yaranması, Lerik Rayon Məhkəməsinin 22 iyul 2021-ci il tarixli 2(048)-455/2021 saylı icra sənədini icra etmədiyi üçün İnzibati Xətalar Məcəlləsinin 528-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 500 manat miqdarında cərimə edilməyi və həmin səbəblərdən məhkəmə qətnaməsi ilə müəyyən edilmiş aliment məbləğini icra edə bilmədiyi kimi işin həqiqi halları Şirvan Apellyasiya Məhkəməsinin qanuni qüvvəsini almış xx.xx.2023-cü il tarixli Qətnaməsi ilə müəyyən edilmişdir. Hazırda da onun maddi durumunda hər hansı bir dəyişiklik olmamışdır. Bu səbəbdən də, iddiaçı onun maddi vəziyyətində dəyişiklik olması barədə məhkəməyə sübut təqdim edə bilməmişdir. Məhkəmə iclasında Cavabdeh nümayəndəsi Ə.M.Hacıyev iddia tələbini qəbul etməyərək rədd edilməsini xahiş etdi və etiraz ərizəsinin məzmununa uyğun izahat verdi. Əlavə olaraq bildirdi ki, cavabdeh heç bir yerdə işləmir. Maddi vəziyyəti yaxşı deyil. Onun iş qabiliyyəti yoxdur. Məhkəmə, işdə iştirak edən şəxslərin izahatını dinləyib, iş materiallarını nəzərdən keçirib, hesab edir ki, iddia ərizəsi qismən təmin edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: -Lerik Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(048)-455/2021 saylı qətnaməsinin surətindən görünür ki, iddia tələbi qismən təmin edilməklə tərəflərin birgə nikahından olan xx.xx.2012-ci il təvəllüdlü X6 və xx.xx.2014-cü il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanmaları üçün xx.xx.2021-ci il tarixdən başlayaraq Cavabdeh hər ay hər uşaq üçün 120 manat, cəmi 240 manat sabit pul məbləğində alimentin tutulması qət edilmişdir. -07 dekabr 2023-cü il tarixli “ilkin mediasiya sessiyasında iştirak edilməməsi” barədə arayışdan görünür ki, Cavabdeh xx.xx.2023-cü il tarixdə, saat 12:45-də keçirilməsi nəzərdə tutulan mediasiya sessiyasında iştirak etməmiş, İddiaçı isə mediasiya sessiyasında iştirak etmiş və 50 manat məbləğində mediasiaya dair xərci ödəmişdir (Mediator: İ.Ə.Cəfərov). -Şirvan Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(106)-1014/2023 saylı qətnaməsindən görünür ki, Cavabdeh apellyasiya şikayəti təmin edilərək Lerik Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(048)-44/2023 saylı qətnaməsinin ləğv edilməsi, iş üzrə yeni qətnamə qəbul edilərək iddiaçı Hacıyeva (Həmidova) Sona İltizam qızının Cavabdeh qarşı alimentin artırılması tələbinə dair iddia ərizəsinin təmin edilməməsi qət edilmişdir. Beləliklə, hazırki iddia tələbi əvvəllər məhkəmə tərəfindən müəyyən edilmiş alimentin miqdarının dəyişdirilməsinə (artırılmasına) dairdir. Alimentin miqdarının dəyişdirilməsinin həlli qaydası Ailə Məcəlləsinin 112.1-ci maddəsi ilə tənzimlənir. Həmin maddəyə görə aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Beləliklə, qanunverici prinsip etibarı ilə məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra onun miqdarının dəyişdirilməsinin (artırılmasını və ya azaldılması) və ya aliment ödəməkdən ümumiyyətlə azad edilmənin mümkünlüyünü nəzərdə tutur. Lakin bunun ən əsas şərti məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olduğunun sübuta yetirilməsidir. Hazırki mübahisə üzrə iddiaçı müəyyən olunmuş alimentin miqdarının artırılmasını əvvəllər müəyyən olunmuş aliment məbləğinin uşaqların saxlanılmasının təminatı üçün kifayət etmədiyinə əsaslanmaqla tələb edir. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinə əsasən, uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamağa borcludurlar. Məhkəmə hesab edir ki, iddiaçı alimentin miqdarının artırılmasını tələb etməkdə haqlıdır. Belə ki, onun aldığı aliment məbləğinin müəyyən olunduğu tarixdən istehlak qiymətləri və sair dəyişmiş, uşaqlar böyüməkdə davam etməklə onların müvafiq olaraq tələbatları da artmışdır. Bütün bunlar iddiaçının maddi vəziyyətində yaranmış dəyişiklik kimi qəbul edilməlidir. Həmçinin nəzərə alınmalıdır ki, “Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikası Qanununa görə 2024-cü il üçün yaşayış minimumu uşaqlar üçün 235 manat məbləğində müəyyən edilmişdir. “Uşaq hüquqları haqqında” Qanunun 13-cü maddəsinə əsasən isə uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Beləliklə, qanunvericiliyin sadalanan müddəaları alimentin məbləğinin müəyyənləşdirilməsi zamanı əsas meyar kimi uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanmasını müəyyən etmişdir. Lakin bu zaman tərəflərin maddi və ailə vəziyyətləri, eləcə də hər bir konkret hal üzrə müəyyən olunmuş digər diqqətəlayiq hallar da nəzərə alınmalıdır. Ölkə üzrə uşaqlar üçün müəyyən olunmuş yaşayış minimumu isə özlüyündə müəyyən meyar kimi çıxış etsə də, minimum təminat səviyyəsini nəzərdə tutur. Yuxarıda iddiaçıya münasibətdə qeyd edilən hallarla yanaşı qeyd olunan normaların məzmunundan göründüyü kimi, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa dəyişə bilər. Bu dəyişiklilər özünü tərəflərin birinin ailə vəziyyəti, gəlirlərin miqdarı və sair ilə bağlıdır. Hazırki halda isə əvvəlki qətnamə ilə sonuncu dəfə alimentin miqdarının müəyyən edildiyi vaxtdan hal-hazıradək cavabdehin maddi vəziyyətində yaxşılaşmağa doğru hər hansı dəyişikliyin baş verməsi iddiaçı tərəfindən sübuta yetirilmədiyindən aliment ödəməli olan şəxsin, yəni cavabdehin diqqətəlayiq maraqları baxımından aliment məbləğinin iddia tələbində qeyd edilən məbləğdə artırılması qanuni və əsaslı hesab edilə bilməz. Lakin buna baxmayaraq göstərilən hal, cavabdehin övladının saxlanılmasında və getdikcə artan tələbatlarının qarşılanmasında iştirak vəzifəsindən azad etmir. Bu baxımdan ananın yanında saxlanılan uşaqların gündəlik tələbatlarını, ölkədə olan istehlak qiymətləri və s. dəyişməsini, uşaqların böyüməkdə davam etməklə hər keçən müddətdə onların müvafiq olaraq tələbatlarının da artmasını, eləcə də ölkə üzrə uşaqlar üçün müəyyən edilmiş yaşayış minimumunu nəzərə almaqla məhkəmə hesab edir ki, əvvəlki qətnamə ilə birgə nikahdan olan xx.xx.2012-ci il təvəllüdlü X6 və xx.xx.2014-cü il təvəllüdlü X3 yetkinlik yaşınadək saxlanılmaları üçün müəyyən edilmiş alimentin miqdarının artıraraq hər ay, hər uşaq üçün 170 manat olmaqla, cəmi 340 manat sabit pul məbləğində aliment müəyyən edilməsi qanuni və ağlabatandır. Məhkəmə həmçinin cavabdehin rəsmi olaraq heç bir yerdə işləməməsini, nevroloji xəstəliyinin olmasını, gəlirlərinin qeyri-stabil olmasını, məhkəmə qətnaməsi ilə aliment tutulmayan digər övladının olmasını nəzərə alır. Alimentin tutulma müddəti ilə bağlı məhkəmə hesab edir ki, cavabdehdən qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi əsasında aliment tutulduğundan, mövcud məhkəmə qətnaməsinin qanuni qüvvəsini aldığı vaxtdan başlanmalıdır. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərindən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Ali Məhkəmənin Plenumunun 28 mart 2016-cı il tarixli 8-2 №-li Qərarının 8.14-cü bəndində də qeyd olunmuşdur ki, məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs alimenti ödəməkdən azad edilir. «X10» Azərbaycan Respublikası Qanununun 8.1.2-ci maddəsinin tələbinə görə, iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi məbləğində dövlət rüsumu ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 112.1.3-cü maddəsinin tələbinə görə iddianın qiyməti aliment alınması haqqındakı iddialarda bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. Həmin Məcəllənin 124.1-ci maddəsinə əsasən, işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. Belə ki, iddiaçı tərəfindən iddia tələbində tələb edilən alimentin cəmi məcmusu 1380 manat təşkil edir (235-120=115 manat, 115x12=1380 manat). Bu halda “X10” Azərbaycan Respublikası Qanununun 8.1.2-ci maddəsinə əsasən iddiaçının ödəməkdən azad olunduğu dövlət rüsumu 33,8 manat təşkil edir. Bu səbəbdən cavabdehdən dövlət mədaxilinə 33,8 manat məbləğində dövlət rüsumu alınmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia ərizəsi qismən təmin edilsin. Lerik Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(048)-455/2021 saylı qətnaməsi ilə tutulan alimentin miqdarı artırılmaqla hazırkı qətnamə qanuni qüvvəyə mindiyi tarixdən başlayaraq xx.xx.2012-ci il təvəllüdlü X6 və xx.xx.2014-cü il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün Cavabdeh İddiaçı xeyrinə hər ay hər uşaq üçün 170 manat olmaqla, cəmi 340 manat sabit pul məbləğində aliment tutulsun. İddia ərizəsi qalan hissədə təmin edilməsin. Cavabdeh dövlət rüsumuna görə 33,8 manat məbləğində pul alınaraq dövlət nəfinə keçirilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi tarixdən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Emin Rüstəmov
Məhkəmə qərarları › İş №2(003)-1194/2024
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №2(003)-1194/2024
15.03.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver