Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(003)-12/2022 28.06.2022 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Əkbərov Tərlan Xanəli oğlunun sədrliyi, Qasımova Leyla Nurəddin qızının katibliyi, İddiaçı X2 nümayəndəsi və vəkili X3, Cavabdeh1 nümayəndəsi və vəkili X7 iştirakı ilə İddiaçı Süleymanlı Bilal (Çingiz) Süleyman oğlunun cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 və X8 qarşı istifadə hüququnun itirilmiş hesab edilməsi, real və əldən çıxmış fayda ilə bağlı maddi və mənəvi zərərin ödənilməsi, evdən və torpaq sahəsindən çıxarılma tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: İddiaçı Süleymanlı Bilal (Çingiz) Süleyman oğlu iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 və X5 ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evindən qeydiyyatdan çıxarılmaları məqsədilə onların həmin evə dair istifadə hüquqlarının itirilmiş hesab edilməsi, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən sındırılmış qapının təmiri və bərpası ilə bağlı 500 (beş yüz) manat miqdarında real maddi zərərin ödənilməsi, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən əldə çıxmış fayda ilə bağlı 2500 (iki min beş yüz) manat miqdarında maddi zərərin ödənilməsi, mənəvi zərərlə əlaqədar isə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən 10000 (on min) manat dəyərində pul vəsaitinin ödənilməsi, Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 və X5 ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evindən və torpaq sahəsindən çıxarılmaları barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, X14 ilə onun arasında 11 avqust 2016-cı il tarixdə bağlanmış AN-İ seriyalı ******* №-li alqı-satqı müqaviləsinə əsasən X14 ünvan 2 ünvanında yerləşən, ümumi sahəsi 378.8 kv.m olan fərdi yaşayış evini 30.000 manata ona satmış, Daşınmaz Əmlakın Dövlət Reyestri tərəfindən 17 avqust 2016-cı il tarixdə verilmiş RX seriyalı ******* №-li çıxarışa əsasən həmin fərdi yaşayış evinə dair mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmışdır. Bakı şəhəri Xəzər Rayon Polis İdarəsinin xx.xx.2018-ci il tarixli məktubuna əsasən mülki iş üzrə cavabdehlər Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 sözügedən ünvandakı fərdi yaşayış evinə müvafiq ardıcıllıqla xx.xx.2016-cı il, xx.xx.2018-ci il və xx.xx.2016-cı il tarixlərdə qeydiyyata alınmışlar. O cümlədən, xx.xx.2008-ci il təvəllüdlü X11 da həmin ünvanda qeydiyyatdadır. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-5754/2016 №-li 25 oktyabr 2016-cı il tarixli qətnaməsinə əsasən Cavabdeh1 ilə X14 arasında olan rəsmi nikah qeydiyyatının pozulması, onların övladları Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 və X5 Cavabdeh1 ilə birlikdə qalmaları qət edilmişdir. 26 may 2018-ci il tarixdə iş üzrə cavabdehlərin onun mülkiyyətində olan evə daxil olmalarına dair məlumat alan kimi bu barədə dərhal Daxili İşlər Nazirliyinin 102 xidmətinə məlumat vermişdir. Faktla bağlı Bakı şəhəri Xəzər Rayon Polis İdarəsinin İstintaq Şöbəsində HK-1/993 sayda qeydə alınmış ərizəsi əsasında 20 iyul 2018-ci il tarixli qərara əsasən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 322-ci maddəsi ilə cinayət işi başlanmışdır. 20 iyul 2018-ci il tarixli qərara əsasən ********* №-li cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır. Belə ki, evin açarlarının halhazırda onda olmasına baxmayaraq, o, evə daxil ola bilmir, evə dair mülkiyyət hüquqlarını həyata keçirməkdən məhrum olmuşdur. Qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinin olması barədə məlumatlı olduqları halda, Cavabdeh1, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 və Cavabdeh2 iradəsinə zidd olaraq və qapını sındırmaqla evinə daxil olmuşlar. 29 avqust 2018-ci il tarixdə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 322.1-ci maddəsi ilə istintaqı aparılan ********* №-li cinayət işinin icraatına xitam verilməsi barədə qərar qəbul edilsə də, sözügedən qərardan məhkəmə nəzarəti qaydasında verilmiş şikayətə əsasən Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 19 sentyabr 2018-ci il tarixli qərarı ilə ********* №-li cinayət işinin icraatına xitam verilməsi haqqında 29 avqust 2018-ci il tarixli qərar qanunsuz və əsassız olması səbəbilə ləğv edilmişdir. Sözügedən şəxslərin hərəkətləri nəticəsində ona maddi ziyanla yanaşı mənəvi zərər də vurulmuşdur. Belə ki, cavabdehlərin onu qanunsuz olaraq mülkiyyət hüququndan məhrum etməsi, məsələ ilə bağlı polis idarəsində olması, hüquqlarının müdafiə və təmsil olunması üçün vəkil tutması, eləcə də göstərilənlərlə əlaqədar olaraq mənəvi iztirablar, əsəb, sarsıntılar keçirməsi cavabdehlər tərəfindən ona mənəvi ziyan vurulmasına dəlalət edir. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qanunsuz hərəkətləri nəticəsində sındırılmış qapının təmiri və bərpası ilə bağlı ona 500 (beş yüz) manat, mənəvi ziyanla əlaqədar isə 10000 (on min) manat zərər dəymişdir. Eləcə də, mühüm məqamlardan biri də əldən çıxmış fayda ilə bağlıdır. Belə ki, yay mövsümü ilə əlaqədar olaraq həmin fərdi yaşayış evinin yerləşdiyi ərazi həm də əlverişli turistik-rekreasiya imkanlarına malik olduğundan bir neçə ay müddətinə mülkiyyətində olan həmin fərdi yaşayış evini 500 manat məbləğində kirayə haqqı ödənilməklə digər şəxslərin müvəqqəti əvəzli istifadəsinə vermək niyyətində olmuşdur. Lakin qeyd edilən səbəblərdən bu mümkün olmamış, 5 ay (yəni may, iyun, iyul, avqust və sentyabr ayları) üçün 2500 manat miqdarında fayda əldən çıxmışdır. Bununla da real zərərdən əlavə həm də əldən çıxmış fayda ilə əlaqədar zərər dəymişdir. X1 arvadı Cavabdeh1 X12 və ona qarşı Mərdəkan qəsəbəsi H.Z.Tağıyev küçəsi döngə 8 ev 5C ünvanında yerləşən fərdi yaşayış evinə dair bağışlama və alqı-satqı müqavilələrinin etibarsız hesab edilməsi və evə köçürülmə tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinə müraciət edərək, həmin yaşayış evinin ona qaytarılmaqla mülkiyyət hüququnun bərpa edilməsi və uşaqları ilə birlikdə sözügedən mənzilə köçürülməsini xahiş etmişdir. Məhkəmənin 2(003)-5499/2016 №-li 26 oktyabr 2016-cı il tarixli qətnaməsinə əsasən iddia tələbinin rədd edilməsi qət edilmişdir. Qeyd edilən qətnamədən yuxarı instansiya məhkəmələrinə verilmiş şikayətlər nəticə etibarilə təmin edilməmiş, məhkəmənin 2(003)-5499/2016 №-li 26 oktyabr 2016-cı il tarixli qətnaməsi qanuni qüvvəsini almışdır. ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 378.8 kv.m olan fərdi yaşayış evinə mülkiyyət hüququnun və həmin hüququn tərkib hissələrindən biri olan istifadə hüququnun bağışlama müqaviləsi ilə X12, daha sonra AN-İ seriyalı ******* №-li alqı-satqı müqaviləsinə əsasən ona keçməsi Cavabdeh1 övladları ilə birlikdə həmin evə köçürülmə tələbini Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 228.4-cü maddəsinin tələbləri baxımından istisna etmişdir. Cavabdehlərin hazırda ünvan 1 ünvanında qeydiyyatda olmaları onların istifadə hüququna dəlalət etmir və bu baxımdan heç bir hüquqi nəticəyə səbəb olmamalıdır. Odur ki, cavabdehlərin sözügedən yaşayış evindən qeydiyyatdan çıxarılmaları üçün onların istifadə hüququnun məhkəmə tərəfindən xitam verilmiş hesab edilməsi zəruridir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili X10 iddia tələbini müdafiə edərək iddia ərizəsinin məzmununa uyğun izahat verdi və əlavə olaraq bildirdi ki, Cavabdeh1 ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 378.8 kv.m olan fərdi yaşayış evinə dair bağışlama müqaviləsinin ləğv edilməsi və alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş, bu səbəbdən həmin işə baxılıb yekun məhkəmə qərarı qanuni qüvvəyə minənədək hazırkı mülki iş üzrə icraat dayandırılmışdır. Cavabdeh1 iddiası rədd edilmiş və yekun məhkəmə qərarı qanuni qüvvəyə minnmişdir. Qeyd olunanlara əsasən iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Cavabdeh1 nümayəndəsi və vəkili X13 məhkəmə iclasında iddia tələbini etiraf etmədi və izahatında bildirdi ki, Cavabdeh1 ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 378.8 kv.m olan fərdi yaşayış evinə dair bağışlama müqaviləsinin ləğv edilməsi və alqısatqı müqaviləsinin etibarsız hesab edilməsinə dair iddiasının rədd edilməsinə dair məhkəmə qərarları qanunsuz və əsassızdır. Bu səbəbdən Cavabdeh1 pozulmuş hüquqlarının bərpası məqsədi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)- 2294/2022 №-li 20 aprel 2022-ci il tarixli qərarından Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinə konstitusiya şikayəti verilmişdir. Şikayətin məhkəməyə daxil olması barədə xəbərnamə vardır. Belə olan halda hazırkı mülki işə baxılması qeyri-mümkündür. Odur ki, iddia tələbinin rədd edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Cavabdehlər Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 və X11 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, proses iştirakçılarını dinləyib, iddia ərizəsini, mülki işin materiallarını və ona əlavə olunmuş sənədləri nəzərdən keçirib hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. İş materiallarında olan 11 avqust 2016-cı il tarixli AN-İ ******* №-li daşınmaz əmlakın alqı-satqı müqaviləsinin surətindən görünür ki, X14 mülkiyyətində olan ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 378,8 kv.m olan fərdi yaşayış evini 30.000 (otuz min) manata Süleymanlı Bilal (Çingiz) Süleyman oğluna satmışdır. Zərərçəkmiş şəxs qismində tanınma haqqında 20 iyul 2018-ci il tarixli qərardan görünür ki, Süleymanlı Bilal (Çingiz) Süleyman oğlu ********* №-li cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-5499/2016 №-li 26 oktyabr 2016-cı il tarixli qətnaməsindən görünür ki, iddiaçı Cavabdeh1 cavabdehlər Süleymanlı Bilal (Çingiz) Süleyman oğluna və X12 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onunla X14 arasında 06 iyun 2016-cı il tarixdə bağlanmış və Bakı şəhəri 7 saylı Notariat Kontorunun notariusu tərəfindən təsdiq edilmiş ünvan 5 ünvanında yerləşən ümumi sahəsi 378,8 kv.m olan evin və ünvan 6 ünvanında yerləşən 114,2 kv.m qeyri-yaşayış sahəsinin X12 bağışlanmasına dair Daşınmaz əmlakın bağışlama müqavilələrinin, X14 ilə Süleymanlı Bilal (Çingiz) Süleyman oğlu arasında 11 avqust 2016-cı il tarixdə bağlanmış və Bakı şəhəri 7 saylı Notariat Kontorunun notariusu tərəfindən təsdiq edilmiş ünvan 5 ünvanında yerləşən ümumi sahəsi 378,8 kv.m olan fərdi yaşayış evinə və ünvan 6 ünvanında yerləşən 114,2 kv.m qeyri-yaşayış sahəsinə dair AN-İ ******* №-li və AN-İ ******* №-li alqı-satqı müqavilələrinin etibarsız hesab edilməsi, həmin evin və qeyri-yaşayış sahəsinin ona qaytarılmaqla üzərində mülkiyyət hüququnun bərpa edilməsi və azyaşlı uşaqları ilə birlikdə həmin evə köçürülməsini məhkəmədən xahiş etmiş, həmin qətnamə ilə iddia tələbi rədd edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-1691/2017 №-li 14 fevral 2017-ci il tarixli qətnaməsi ilə Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-5499/2016 №-li 26 oktyabr 2016-cı il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2(102)-4560/2017 №-li 13 iyul 2017-ci il tarixli qərarına əsasən iddiaçı Cavabdeh1 kassasiya şikayəti təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-1691/2017 №-li 14 fevral 2017-ci il tarixli qətnaməsi ləğv edilərək, iş yenidən baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə qaytarılmışdır. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-10279/2017 №-li 06 noyabr 2017-ci il tarixli qətnaməsi ilə iddiaçı Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-5499/2016 №-li 26 oktyabr 2016-cı il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2(102)-2105/2018 №-li 03 aprel 2018-ci il tarixli qərarına əsasən iddiaçı Cavabdeh1 kassasiya şikayəti təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-10279/2017 №-li 06 noyabr 2017-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Bakı şəhəri Xəzər Rayon Polis İdarəsi tərəfindən iddiaçının vəkili X6 ünvanlanmış 05525057-1218 №-li 20 sentyabr 2018-ci il tarixli məktubdan görünür ki, Cavabdeh3 xx.xx.2016-cı il, Cavabdeh4 xx.xx.2018-ci il, Cavabdeh5 xx.xx.2016-cı il tarixdən ünvan 1 ünvanına qeydiyyata alınmışlar. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-15/2021 №-li 25 iyun 2021-ci il tarixli qətnaməsinə əsasən iddiaçı Cavabdeh1 cavabdehlər Süleymanlı Bilal (Çingiz) Süleyman oğluna, X12 və Bakı şəhəri 7 saylı Notariat Ofisinə qarşı ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 378,8 kv.m olan fərdi yaşayış evinə və ünvan 9 ünvanında yerləşən ümümi sahəsi 114,2 kv.m olan qeyri-yaşayış sahəsinə dair X14 ilə Süleymanlı Bilal (Çingiz) Süleyman oğlu arasında bağlanmış 11 avqust 2016-cı il tarixli AN-İ ******* №-li və 11 avqust 2016-cı il tarixli AN-İ ******* №-li alqı-satqı müqavilələrinin etibarsız hesab edilməsi tələbinə dair iddiasının rədd edilməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-10173/2021 №-li 07 dekabr 2021-ci il tarixli qətnaməsi ilə iddiaçı Cavabdeh1 apellyasiya şikayətlərinin təmin edilməməsi, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-2273/2018 №-li 19 iyul 2018ci il tarixli və 2(003)-15/2021 №-li 25 iyun 2021-ci il tarixli qətnamələrinin dəyişdirilmədən saxlanılması qət edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)-2294/2022 №-li 20 aprel 2022ci il tarixli qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)- 10173/2021 №-li 07 dekabr 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. 17 avqust 2016-cı il tarixdə verilmiş RX seriyalı ******* №-li çıxarışa əsasən ünvan 2 ünvanında yerləşən, ümumi sahəsi 378,8 kv.m olan fərdi yaşayış evi Süleymanlı Bilal (Çingiz) Süleyman oğlunun mülkiyyətindədir. 17 aprel 2021-ci il tarixdə verilmiş AZ-İ seriyalı 007024 №-li adın, ata adının və soyadın dəyişdirilməsi haqqında şəhadətnamənin surətindən görünür ki, İddiaçı adını Çingizdən Bilala dəyişdirmişdir. Məhkəmə hesab edir ki, cavabdehlər Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 və X5 ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evindən istifadə hüquqlarının itirilmiş hesab edilməsinin mümkünlüyü məsələsinə qiymət verilməzdən əvvəl, onların həmin yaşayış sahəsinə münasibətdə istifadə hüquqlarının mövcud olub-olmaması məsələsi araşdırılmalıdır. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 228.1. maddəsinə əsasən yaşayış binasının tərkib hissəsi mülkiyyətçisinin ailə üzvləri və digər şəxslər yaşayış binasından istifadə hüququna bu şərtlə malikdirlər ki, həmin hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydə alınsın. Həmin Məcəllənin 228.2. maddəsinə əsasən yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər. Qanunvericiliyin qeyd edilən müddəalarından göründüyü kimi, yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun yaranması üçün mülkiyyətçi ilə yazılı razılaşmanın bağlanılması, həmin razılaşmanın notariat qaydasında təsdiq edilməsi, istifadə hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması kimi mütləq şərtlərin yerinə yetirilməsi tələb olunur və bu Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə dair” 27 may 2008-ci il tarixli qərarında da öz əksini tapmışdır. Bundan başqa, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin bəzi müddəalarının şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 24 sentyabr 2020-ci il tarixli qərarında formalaşdırılmış hüquqi mövqeyə əsasən “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30cu və “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinin mənası baxımından şəxsin yaşayış yeri üzrə qeydiyyatı onun yaşadığı yerin dövlət tərəfindən rəsmi qaydada qeydə alınmasını təmin edən vasitə olmaqla məhdud əşya hüququ mənasında istifadə hüququnu ehtiva etmir. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 9-cu maddəsinin birinci hissəsinin 5-ci bəndinə əsasən şəxs yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında müvafiq icra hakimiyyəti orqanları tərəfindən yaşayış yeri üzrə qeydiyyatdan çıxarılır. Yaşayış sahəsindən çıxarılma barədə qətnamə məhkəmələr tərəfindən şəxsin yaşayış sahəsindən istifadə hüququnun olmaması müəyyən edildikdə qəbul edilir. Belə ki, yaşayış sahəsinin mülkiyyətçisi həmin yaşayış sahəsi üzrə qeydiyyatda olub orada yaşayan şəxsin qeydiyyatdan çıxarılması üçün məhkəmədə sonuncunun yaşayış sahəsindən çıxarılması haqqında iddia qaldırmalıdır. Bu halda şəxsin yaşayış sahəsindən çıxarılması haqqında məhkəmə qətnaməsi şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması üçün əsas kimi çıxış edir. Yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi barədə qətnamələr şəxsin yaşayış sahəsindən istifadə hüququ mövcud olduğu hallarda belə iddialara baxılması ilə əlaqədardır. Bu zaman şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması onun həmin yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi ilə baş verir. Eyni zamanda nəzərə alınmalıdır ki, sözügedən Qanunun 9-cu maddəsinin birinci hissəsinin 5-ci bəndinə əsasən məhkəmənin yaşayış sahəsindən çıxarılma və ya istifadə hüququna xitam verilməsi haqqında qətnaməsi şəxsin yaşayış sahəsi üzrə qeydiyyatdan çıxarılması üçün kifayət edir. Bu isə məhkəmə qətnaməsi ilə yaşayış sahəsindən istifadə hüququna xitam verilmiş və ya yaşayış sahəsindən çıxarılmış şəxslərin qeydiyyatdan çıxarılması üçün mülkiyyətçinin yenidən iddia qaldırmasının qarşısını almaqla, prosessual qənaət prinsipinin təmin edilməsinə də xidmət etmiş olur”. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 13.7. maddəsinin tələbinə görə Azərbaycan Respublikası Konstitusiyasının və qanunlarının şərhi məhkəmə üçün o halda məcburidir ki, bu şərh Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin qərarında verilmiş olsun. Məhkəmə, Konstitusiya Məhkəməsinin qeyd olunan qərarlarındakı hüquqi mövqeyinin məcburi hüquqi qüvvəsini rəhbər tutaraq və hazırkı iş üzrə aparılan məhkəmə araşdırmasına əsasən qeyd edir ki, cavabdehlər Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 və X11 iddiaçıya məxsus ünvan 1 ünvanında qeydiyyatda olmaqla orada yaşasalar da, həmin evdən istifadə hüquqları barədə onlarla evin mülkiyyətçisi-iddiaçı arasında notariat qaydasında təsdiq edilmiş yazılı razılaşma bağlanılmamış, cavabdehlərin həmin evdən istifadə hüquqları daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmamış və ona görə də onların mübahisəli evdən istifadə hüquqları əmələ gəlməmişdir. Cavabdehlər Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 və X5 ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evindən istifadə hüquqlarının mövcud olmamasını nəzərə alaraq məhkəmə belə qənaətə gəlir ki, onların mübahisəli evdən istifadə hüquqlarının itirilmiş hesab edilməsi məsələsindən də söhbət gedə bilməz və bunun üçün qanuni əsaslar mövcud deyildir. Odur ki, iddia tələbi cavabdehlər Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 və X5 ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evindən istifadə hüquqlarının itirilmiş hesab edilməsi hissəsində rədd edilməlidir. Eyni zamanda, cavabdehlər Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 və X5 ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evindən istifadə hüquqlarının olmaması müəyyən edildiyindən, onlar həmin fərdi yaşayış evindən və torpaq sahəsindən çıxarılmalı və bu qətnamənin cavabdehlər Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 və X5 ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evindən qeydiyyatdan çıxmaları üçün əsas olması nəzərə çatdırılmalıdır. Bundan başqa, məhkəmə iclasında müəyyən edilmişdir ki, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 heç bir hüquqi əsas olmadan iddiaçının mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evində yaşayırlar. Bunun nəticəsində iddiaçı mülkiyyət hüquqlarından tam şəkildə istifadə edə bilmir, onun bu hüquqdan istifadə imkanı məhdudlaşdırılmış və o, mülkiyyət hüququndan məhrum edilməsə də, həmin hüquqların tam həyata keçirilməsinə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 həmin fərdi yaşayış evindən və torpaq sahəsindən çıxmamaları maneçilik törədir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.1. maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 152.5. maddəsinin tələbinə görə mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Həmin Məcəllənin 157.4. maddəsinin mahiyyətindən görünür ki, əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Eyni zamanda, İnsan Hüquqlarının və X4 haqqında Avropa Konvensiyasına dair 1 saylı Protokolun 1-ci maddəsində göstərilmişdir ki, hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə etmək hüququna malikdir. Beləliklə, işin hallarına əsasən Süleymanlı Bilal (Çingiz) Süleyman oğlunun ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi üzərində davamlı şəkildə maneəsiz mülkiyyət hüquqlarını həyata keçirmək imkanının məhdudlaşdırılmasına Konvensiyanın 1 saylı protokolunun 1-ci maddəsinin pozulması kimi də baxıla bilər. İnsan hüquqları üzrə Avropa Məhkəməsinin presedent hüquq baxımından, “Loizidu Türkiyəyə qarşı” işi üzrə məhkəmə qeyd etdi ki, mülkiyyətə “müdaxilə şübhəsiz ki, öz əmlakından maneəsiz istifadə hüququna müdaxilə kimi 1 №-li Protokolun 1-ci maddəsinin birinci cümləsində yer alan normanın qüvvəsi altına düşür. Bununla əlaqədar olaraq Məhkəmə hesab edir ki, hüquqi xarakterli maneə kimi, bu hüququn həyata keçirilməsinin faktiki qeyri-mümkünlüyü də Konvensiyanın pozulmasına səbəb ola bilər” (Loizidou v.Turkey, xx.xx.1996, § İİ, B, h63.) Beləliklə, Məhkəmə qeyd etmişdir ki, mülkiyyətdən maneəsiz istifadə hüququnun faktiki qeyri-mümkünlüyü də Konvensiyanın pozulmasına səbəb ola bilər. Məhkəmə, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən sındırılmış qapının təmiri və bərpası ilə bağlı 500 (beş yüz) manat miqdarında real maddi zərərin, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən əldə çıxmış fayda ilə bağlı 2500 (iki min beş yüz) manat miqdarında maddi zərərin, eyni zamanda, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən mənəvi zərərə görə 10000 (on min) manat dəyərində pul vəsaitinin iddiaçıya ödənilməsi hissəsində iddia tələbini əsassız hesab edir. Belə ki, iddiaçı öz tələbinin qeyd olunan hissədə əsası kimi istinad etdiyi halları Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1. maddəsinə müvafiq qaydada sübut edə bilməmiş, bu barədə müvafiq sübutları məhkəməyə təqdim etməmiş, işin tədqiq olunan hallarına əsasən iddia tələbi həmin hissədə öz təsdiqini tapmamışdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin qeyd olunan maddəsinin tələbinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2. maddəsində göstərilir ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Beləliklə, məhkəmə, şərh olunanları, işin məhkəmə iclasında tədqiq olunan hallarını, qanunvericiliyin tələblərini nəzərə alaraq belə nəticəyə gəlir ki, iddia tələbi qismən təmin edilməli, cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 və X11 ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evindən və torpaq sahəsindən çıxarılmalı, bu qətnamənin cavabdehlər Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 və X5 ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evindən qeydiyyatdan çıxarılmaları üçün əsas olması nəzərə çatdırılmalı, iddia tələbi qalan hissədə rədd edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.3. maddəsində göstərilir ki, qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4. maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia tələbi qismən təmin edilsin. Cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 və X11 ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evindən və torpaq sahəsindən çıxarılsınlar. Bu qətnamə, cavabdehlər Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 və X5 ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evindən qeydiyyatdan çıxarılmaları üçün əsasdır. İddia tələbi qalan hissədə rədd edilsin. Qətnamədən onun rəsmi təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti vermək olar. Sədrlik edən: Tərlan Əkbərov
Məhkəmə qərarları › İş №2(003)-12/2022
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №2(003)-12/2022
28.06.2022 · Mənzil mübahisələri - Mənzildən çıxarılma - Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver