Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(003)-120/2024 22.02.2024 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Rüstəmov Emin Şahin oğlunun sədrliyi, Şükürlü Murad Şahin oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “maddi zərərin ödənilməsi” tələbinə dair mülki işə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdeh qarşı “maddi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 34000 manat məbləğində pulun və ödənilmiş dövlət rüsumunun tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia ərizəsini müdafiə edərək təmin edilməsini xahiş etdi və izahatında göstərdi ki, o, anadangəlmə üst göz qapağının plotuz xəstəliyindən əziyyət çəkir. xx.xx.2019-cu il tarixdə Bakı şəhəri Nərimanov rayonu X7 11B-də yerləşən “X2” 2 klinikasında olan həkim Cavabdeh onu əməliyyat etməyi öz üzərinə götürmüş və əməliyyat məbləği olaraq ondan 2500 manat pul almışdır. Lakin, əməliyyatdan 3-4 ay keçdikdən sonra, yəni 2020-ci ilin əvvəlləri gözündə fəsadlar əmələ gəlmişdir. Daha sonra həkim Cavabdeh qəbuluna getmişdir. Cavabdeh ödədiyi 2500 manatı ona qaytarmışdır. Özü də etiraf etmişdir ki, əməliyyatı düzgün etmədiyinə görə pulu qaytarır. Əməliyyatdan sonra üz nahiyəsində çirkinləşmə yaranmış və görmə qabiliyyəti məhdudlaşmışdır. Dəfələrlə həkimin qəbulunda olsa da, həkim bu əməliyyatı edə bilməyəcəyini bildirmişdir. Çoxsaylı axtarışlar nəticəsində onun dəqiq müayinə və müalicəsinin İran İslam Respublikasında olacağı bildirilmişdir. Həmin müalicə məsrəfləri 34000 manat pul tutur. Onun isə həkimin səriştəsiz etdiyi əməliyyatdan sonra səhhətinin daha da pisləşməsi ilə əlaqədar görmə qabiliyyəti daha da ağırlaşmışdır. Ona görə də, vaxt itirmədən həmin əməliyyatın təcili olunması üçün həkimdən tələb etdiyi məbləğ tutularaq ona ödənilməlidir. Məhkəmə iclasının vaxtı və yeri barəsində lazımi qaydada məlumat göndərilməsinə baxmayaraq iş üzrə Cavabdeh məhkəmə iclasına gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Cavabdeh nümayəndəsi və vəkili Vəkil məhkəməyə mülahizə ünvanlayaraq bildirmişdir ki, İddiaçı Cavabdeh qarşı iddia qaldıraraq maddi ziyanın ödənilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmənin xx.xx.2023-cü il tarixli, 2(003)-2148/2023 saylı qərardadına əsasən məhkəmə tibbi ekspertizası təyin olunmuş və ekspert qarşısında iddianın predmetini əhatə edən suallar qoyulmuşdur. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə Tibbi Ekspertiza və X3” X5 797/KEŞ nömrəli rəyinə əsasən əməliyyat texniki və taktiki cəhətdən düzgün yerinə yetirilmişdir və əməliyyatdan sonrakı dövr fəsadsız keçmişdir. Yəni iddiaçının iddia ərizəsində qeyd etdiyi kimi həkimin hansısa səhv hərəkətinə görə ona heç bir ziyan dəyməmişdir. Ekspert rəyinə əsasən hesab edirlər ki, iddia tələbi əsassızdır və heç bir hüquqi əsası yoxdur. Məhkəmə iddiaçının izahatını dinləyib, cavabdeh tərəfin mövqeyini tədqiq edərək, iş materiallarına nəzər yetirib, sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia ərizəsi təmin edilməməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - xx.xx.2019-cu il tarixli ******* saylı epikrizin surətindən görünür ki, müayinə zamanı xəstəyə “üst göz qapağının ptozu” diaqnozu qoyulmuşdur. Həmin tarixdə xəstəyə “blefaroplastika” əməliyyatı icra edilmişdir. Əməliyyatdan sonrakı dövr fəsadsız keçmiş, xəstəyə ağrıkəsicilər, antibiotiklər təyin edilmişdir. Həmin tarixdə xəstə sonrakı ambulator müalicə üçün kafi vəziyyətdə evə yazılmışdır. - xx.xx.2020-ci il tarixli 374/20 saylı xəstənin ambulator kartasından çıxarışın surətindən görünür ki, xəstəyə “əməliyyat sonrası çapıq toxuması” diaqnozu ilə “çapıq toxumasının ləğvi” əməliyyatı icra edilmişdir. - Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə Tibbi Ekspertiza və X4” publik hüquqi şəxsin xx.xx.2023-cü il tarixli 797/KEŞ saylı rəyindən görünür ki, “X2”-də İddiaçı adına tərtib edilmiş tibbi sənədlərdə göstərilənlərə əsasən, o, xx.xx.2019-cu il tarixdə klinikaya daxil olmuş və aparılmış müvafiq müayinələrdən sonra ona “Üst göz qapağının ptozu” diaqnozu təyin edilmişdir. Təyin edilmiş diaqnoza uyğun olaraq həmin tarixdə xəstənin üzərində “blefaroplastika” əməliyyatı icra edilmiş, əməliyyatdan sonrakı dövr fəsadsız keçmiş və xx.xx.2019-cu il tarixdə xəstə üçün kafi vəziyyətdə evə yazılmışdır. “X2”-də İddiaçı adına tərtib edilmiş tibbi sənədlərdə göstərilənlərə əsasən, o, xx.xx.2020-ci il tarixdə “əməliyyat sonrası çapıq toxuması” diaqnozu ilə klinikaya daxil olmuş, həmin tarixdə üzərində “çapıq toxumasının ləğvi” cərrahiyyə əməliyyatı icra edilmişdir. Əməliyyat taktiki və texniki cəhətdən düzgün yerinə yetirilmişdir. İddiaçı mütəxəssis müayinəsi zamanı hazırda onda hər iki göz üstü nahiyədə blefaroplastikadan sonra çapıq toxumasının olduğu və əməliyyatdan sonrakı hər hansı bir ağırlaşmanın olmadığı müəyyən edilmişdir. - Həmin rəydə göstərilmişdir ki, İddiaçı xx.xx.2023-cü il tarixdə X1 şöbəsində məhkəmə-tibbi müayinəsi keçirildi. Deməsinə görə, 2019-cu ildə sağ gözdə olan yırtıq ilə əlaqədar “X2”də cərrahiyyə əməliyyatı olunmuşdur. Bundan sonra sağ gözdə çapıqlar və sap qaldığı üçün 6 ay sonra yenidən cərrahiyyə əməliyyatı olunmuşdur. Bundan sonra sağ gözdə şişkinlik, hər iki göz qapaqlarının tam bağlanmaması, görmə qabiliyyətinin zəifləməsi, sağ gözdən çirk xaric olması, sulanma yaranmışdır. Məhkəmə-tibbi müayinəsi zamanı şikayətləri hər iki gözdə olan zəiflikdən, sağ gözdən çirk xaric olmasından, şişkinlikdən, göz qapaqlarında çapıq toxumasının olmasından və üzdə şişkinlikdəndir. İddiaçı mütəxəssis müayinəsinə göndərilmişdir. İddiaçı xx.xx.2023-cü il tarixdə “X6”nin plastik cərrahı, t.ü.f.d Rəşad Babayev tərəfindən müayinə olunmuş və müayinə zamanı hər iki göz üstü nahiyədə blefaroplastikadan sonra çapıq toxuması vardır. Gözlərin açılma və yumulmasında bu çapıq toxumaları maneə törətmir. Əməliyyatdan sonrakı ağırlaşma qeyd olunmur, təkrar cərrahi əməliyyata göstəriş yoxdur. Azərbaycan Respubikasının Konstitusiyasının 60-cı maddəsinin İ bəndinə əsasən hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1 və 21.2-ci maddələrinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Məhkəmə qeyd edir ki, mülki qanunvericilik mülki hüquq pozuntusunu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaraq təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməli (hərərəti və ya hərəkətsizliyi) tanıyır. Hüquq pozuntusu üçün şəxsin (və ya şəxslərin) təqsirli davranışı olmalıdır. Yalnız təqsirli davranış hüquq pozuntusu kimi ola bilər. Əgər şəxs təqsirli davranışa yolu verməmişdirsə, onda hüquq pozuntusunun yaranmasından söhbət gedə bilməz. Başqa sözlə, hüquqa zidd hərəkətin edilməsində şəxsin yalnız təqsirli olduqda həmin hərəkət hüquq pozuntusu sayılır. Bundan əlavə, hüquq pozuntusu hüquqi məsuliyyətə səbəb olmalıdır. Hüquqi məsuliyyətə səbəb olmayan hüquqa zidd davranış, hüquqa zidd əməl hüquqla qadağa edilmiş hərəkət və hərəkətsizlik formasında ola bilər. Vacib amillərdən biri sayılan hüquq pozuntusunun obyektiv cəhəti hüquqla tənzimlənən və mühafizə olunan ictimai münasibətlərə ziyan vuran, hüquqa zidd əməl (hərəkət və ya hərəkətsizlik), habelə zidd əməllə onun ictimai-təhlükəli nəticəsinin müəyyən edilməsi səbəbli əlaqə təşkil edir. Hüquq pozuntusunun tərkibini təşkil edən elementlərdən hər hansı birinin (məsələn təqsirin) mövcud olması onun hüquq pozuntusu hesab edilməsinə gətirib çıxarır və qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olmur. Məhkəmə onu da qeyd edir ki, Mülki Məcəllənin qeyd edilən maddələrinin tələblərinə görə zərərin ödənilməsi üçün aşağıdakı hüquqi əsaslar müəyyən edilməlidir: zərərin mövcud olması, zərərin qanunsuz hərəkət və yaxud hərəkətsizlik nəticəsində vurulması, zərərlə qanunsuz hərəkət və yaxud hərəkətsizlik arasında səbəbli əlaqənin olması, zərər vuran şəxsin təqsirli olması. Bu əsaslar müəyyən olunmadan cavabdehin üzərinə zərərin ödənilməsi öhdəliyi qoyula bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 101.7-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. Məhkəmə iclasında, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Tibbi Ekspertiza və X4 publik hüquqi şəxsi tərəfindən aparılmış ekspertiza tədqiqatı (ekspert rəyi) iş üzrə digər sübutlarla yanaşı qiymətləndirilərək hesab edilmişdir ki, cavabdehin etdiyi əməliyyatla iddiaçının səhhətinə hər hansı zərərin dəyməməsi ekspert rəyi ilə də təsdiq edilir. Bu səbəbdən həmin ekspert rəyi iş üzrə sübut qismində qiymətləndirilməlidir. İddiaçının, “X2”-nin həkiminin onun gözünə yanlış diaqnoz qoyması iş üzrə təyin olunmuş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə-Tibbi Ekspertiza və X4” publik hüquqi şəxsin xx.xx.2023-cü il tarixli, 797/KEŞ saylı rəyi ilə öz təsdiqini tapmır. Bu baxımdan məhkəmə qeyd etməyi zəruri hesab edir ki, iddiaçı cavabdeh tərəfindən hüquqi nəticə etibarı ilə ona qarşı mülki hüquq pozuntusunun (deliktin) törədildiyini və nəticədə ona maddi ziyanın vurulduğunu iddia etsə də, zərərin cavabdehin qanunsuz hərəkəti nəticəsində vurulması müəyyən edilməmişdir. Məhkəmə baxışı zamanı cavabdehin iddiaçıya qarşı hər hansı təqsirli, hüquqa zidd əməlin törədilməsi müəyyən edilməmişdir. Bu səbəbdən məhkəmə hesab edir ki, iddiaçının “maddi ziyanın tutulması” tələbi əsasızdır və rədd edilməlidir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 77-ci maddəsi (hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir) sübutetmə vəzifəsinin bölüşdürülməsinin ümumi qaydasını, sübutetmə prosesində məhkəmənin mövqeyini müəyyənləşdirir və mülki prosesin çəkişmə xarakteri daşımasını təsbit edir. Sübutetmə vəzifəsinin ümumi qaydalara əsasən işdə iştirak edən tərəflərin üzərinə qoyulması mülki məhkəmə icraatında çəkişmə və tərəflərin bərabərliyi prinsipindən doğur. Çəkişmə prinsipi tərəflərin öz hüquqi mövqeyini müdafiə etmək üçün irəli sürdükləri tələb və etirazların əsaslarını sübut etmək vəzifələrini, bunun üçün sübutlar təqdim etmək, vəsatətlər vermək və başqa zəruri prosessual hərəkətləri etmək imkanını müəyyən edir. Çəkişmə prinsipi müəyyən edilmiş sübutetmə qaydasıdır. Bu qaydaya uyğun olaraq işdə iştirak edən hər bir şəxs öz tələb və etirazlarını əsaslandırdığı halları sübut edir. məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. İddiaçının tələbi bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu halda, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. «Mahmudov Rusiya Federasiyasına qarşı» iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər (§ 68). Avropa Məhkəməsinin «Qavazov Bolqarıstana» qarşı 06 mart 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir (§ 93). Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, irəli sürülmüş iddia tələbi yalnız iddiaçının formal və heç bir dəlilə, sübuta əsaslanmayan mülahizəsindən ibarət olduğundan İddiaçı Cavabdeh qarşı “maddi zərərin ödənilməsi” tələbinə dair iddiası qanunla müəyyən olunmuş qaydada sübuta yetirilmədiyindən təmin edilə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: -14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; -77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; -217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddiaçı Cavabdeh qarşı “maddi zərərin ödənilməsi” tələbinə dair iddia ərizəsi təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Emin Rüstəmov
Məhkəmə qərarları › İş №2(003)-120/2024
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №2(003)-120/2024
22.02.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver