Məhkəmə qərarları › İş №2(003)-1211/2024

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №2(003)-1211/2024

01.05.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(003)-1211/2024 01.05.2024 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Qəhrəmanov Əkrəm Sabir oğlunun sədrliyi, Musazadə Xanım Yaşar qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı "pul" tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin 1(007)-503/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərarı ilə aşağıdakı fakt müəyyən edilmişdir: Cavabdeh etibardan sui-istifadə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədilə heç bir səlahiyyəti olmadığı halda İddiaçı məxsus ünvan 1 ünvanında yerləşən torpaq sahəsində ev tikintisi üçün icazə alacağına dair yalan vəd verib aldadaraq etibarından sui istifadə etməklə bu adla İddiaçı 2021-ci ilin iyul ayının sonlarında ünvan 1 ünvanında 2.000 manat, sonuncu dəfə 02 avqust 2021-ci il tarixdə ünvan 2 ünvanında yerləşən velosiped təmiri sexinin qarşısında 3.000 manat, ümumilikdə 5000 manat nağd pul vəsaitini vahid niyyətlə əhatə olunan qəsdlə alıb ələ keçirərək zərərçəkmiş şəxs İddiaçı maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin 1(007)-503/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərarı ilə Cavabdeh Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.1- ci maddəsi ilə təqsirli bilinmiş, cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdiyindən cinayət məsuliyyətindən azad edilmiş və cinayət işi üzrə icraata xitam verilmişdir. İddiaçı Cavabdeh qarşı "pul" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh 3000 manat məbləğində pulun və ödədiyi 50 manat məbləğində dövlət rüsumunun əvəzinin alınaraq ona verilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak etmiş İddiaçı iddia tələbini müdafiə edərək iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq cavabdeh məhkəmə iclasında iştirak etməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, aşağıdakılara əsasən iddia təmin edilməlidir. İş materiallarında olan: Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin 1(007)-503/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərarında əks olunmuş İddiaçı Elman oğlunun ifadəsindən və iddia ərizəsindən görünür ki, İddiaçı Elman oğlu Cavabdeh qayınatası İlqar vasitəsilə ona 2000 manatı qaytardığını, 3000 manatı qaytarmadığını bildirmişdir. "xxxx" ASC-nin 4464 nömrəli, xx.xx.2024-cü il tarixli qəbzindən görünür ki, İddiaçı tərəfindən 50 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 82.4-cü maddəsinin tələbinə əsasən məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və iqtisadi mübahisəyə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 1091.1-ci maddəsinə görə əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. 1091.2-ci maddəsinə əsasən əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. 1092.1-ci maddəsinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Qaytarma vəzifəsi aşağıdakılara da şamil edilir: bu Məcəllənin 157.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla, əldə edilənlərdən götürülən faydaya; əldə edən şəxsin əldə etdiklərinə əsasən və ya onlar üçün kompensasiya kimi əldə etdiyinə və ya qəsdən əldə etmədiyinə. 1092.2-ci maddəsinə əsasən əldə edilənləri vermək mümkün olmadıqda, onların dəyəri ödənilir. 1092.3-cü maddəsinə əsasən varlanmış şəxs qaytarmanın tələb olunduğu anda daha özünün varlı olmadığını sübut edərsə, bu Məcəllənin 1092.1 və 1092.2-ci maddələrinə uyğun iddiaların irəli sürülməsi istisna edilir. Varlanmadan əvvəl və ya bilavasitə varlanma zamanı bunun üçün hüquqi əsasın olmadığını bilən varlanmış şəxsə bu qayda şamil edilmir. 1096-ci maddəsinə görə mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. 1097.1-ci maddəsinin tələbinə görə, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Beləliklə aparılmış məhkəmə araşdırması zamanı müəyyən edildi ki, Cavabdeh etibardan sui-istifadə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədilə heç bir səlahiyyəti olmadığı halda İddiaçı məxsus ünvan 1 ünvanında yerləşən torpaq sahəsində ev tikintisi üçün icazə alacağına dair yalan vəd verib aldadaraq etibarından sui istifadə etməklə bu adla İddiaçı 2021-ci ilin iyul ayının sonlarında ünvan 1 ünvanında 2.000 manat, sonuncu dəfə 02 avqust 2021-ci il tarixdə ünvan 2 ünvanında yerləşən velosiped təmiri sexinin qarşısında 3.000 manat, ümumilikdə 5000 manat nağd pul vəsaitini vahid niyyətlə əhatə olunan qəsdlə alıb ələ keçirərək zərərçəkmiş şəxs İddiaçı maddi ziyan vurmaqla dələduzluq etmişdir. Cavabdeh 2000 manat pul məbləğini qaytarmışdır. İddiaçı qalan 3000 manat pul məbləğini və məhkəməyə müraciət etmək üçün ödənilmiş dövlət rüsumunu tələb edir. Məhkəmə, qanunvericiliyin tələbini nəzərə alıb, qeyd olunanları və iş üzrə məhkəmə iclasında tədqiq olunan sübutları qiymətləndirərək belə hesab edir ki, Cavabdeh törətdiyi cinayət əməli nəticəsində İddiaçı 5000 manat məbləğində maddi zərər yetirilməsində təqsirlidir. Cavabdeh 2000 manat məbləği İddiaçı ödəmişdir. Cavabdeh 3000 manat məbləğin Cavabdeh alınaraq ona verilməsini tələb edir. Ona görə də 3000 manat məbləğ cavabdehdən tutularaq iddiaçının xeyrinə ödənilməlidir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.2-ci madəsinə əsasən məhkəməyə verilən iddia ərizələrindən iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi məbləğində dövlət rüsumu tutulur. Məhkəmə hesab edir ki, dövlət rüsumu üçün ödənilmiş 50 manat məbləğində pul iddiaçının xeyrinə cavabdehdən tutulmalıdır. Beləliklə, məhkəmə hesab edir ki, iddia təmin edilməli, Cavabdeh 3000 manat məbləğində maddi zərər və dövlət rüsumu üçün ödənilmiş 50 manat, cəmi 3050 (üç min əlli) manat məbləğində pul alınaraq İddiaçı verilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh 3000 manat məbləğində maddi zərər və dövlət rüsumu üçün ödənilmiş 50 manat, cəmi 3050 (üç min əlli) manat məbləğində pul alınaraq İddiaçı verilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Əkrəm Qəhrəmanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar