Məhkəmə qərarları › İş №2(003)-1268/2022

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №2(003)-1268/2022

28.04.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(003)-1268/2022 28.04.2022 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Bəhrəmzadə Sabit Xanlar oğlunun sədrliyi, Tağıyev Emil Ağaveys oğlunun katibliyi, İddiaçı iştirakı ilə İddiaçı Cavabdeh qarşı alimentin miqdarının artırılması tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdeh qarşı aliment tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Qazax Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli 2(023)-1153/2018 saylı qətnaməsi dəyişdirilərək, Cavabdeh onun xeyrinə iki uşağının yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər ay hər uşağa görə 200 manat cəmi 400 manat məbləğində alimentin tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdehlə 2009-cu ildə ailə həyatı qurmuşlar. Nikahlarını isə xx.xx.2011-ci ildə rəsmiləşdirmişlər. Birgə nikahdan 21 yanvar 2009-cu il tarixdə Ramiz adlı 01 iyul 2011-ci ildə isə Fidan adlı iki övladları doğulmuşdur. Evləndikləri ilk vaxtdan münasibətləri normal oluşdur. Sonradan isə münasibətləri pozulmağa başlamışdır. Bu səbəbdəndə onlar Qazax rayon məhkəməsinin qətnaməsinə əsasən ayrılmışlar. Ayrıldıqdan sonra Qazax rayon məhkəməsinin 13 iyul 2018-ci il 2(023)- 1153/2018 saylı qətnaməsinə əsasən hər uşağa 100 manat olmaqla umimilikdə 200 manat aliment ödənilməsi barədə qətnamə qəbul edilmişdir. Ancaq hər uşağa 100 manat alimentlə uşaqları heç cürə saxlaya bilmir. Bununla bağlı o, Qazax rayonunda yerləşən mediasiya şurasına müraciət etmişdir. Lakin oradada bir nəticə əldə edə bilməmişdir. Cavabdehin maddi imkanı yaxşıdır və uşağına yetərincə köməklik etmir. O, özü heç bir yerdə işləmir. Uşaqları saxlamağa maddi imkanı çatmır. Daha sonra iddiaçı iddia tələbini dəqiqləşdirərək, Qazax Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli 2(023)-1153/2018 saylı qətnaməsini ilə tutulmuş alimentin miqdarının dəyişdirilərək, Cavabdeh onun xeyrinə iki uşağının yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər ay hər uşağa görə 200 manat cəmi 400 manat məbləğində alimentin tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iddiaçı iddia tələbini müdafiə edərək təmin edilməsini xahiş etməklə izahatında bildirdi ki, qətnamə ilə alimentin müəyyən edilməsindən keçən müddət əzində uşaqların tələbtları artmış və müəyyən edilmiş alimentlə onların saxlanılmasını təmin etmək olduqca çətindir. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq o, məhkəmə iclasında iştirak etməmişdir. Etirazla məhkəməyə müraciət edərək bildirmişdir, ümumi xəstəlikdən İİ qrup əlildir, əmək qabiliyyəti yoxdur, ayda 180 manat müavinət alır və heç bir yerdə işləmir. Qazax rayon Məşğulluq Mərkəzində işsiz kimi qeydiyyatdadır, aldığı müavinətdən başqa heç bir gəliri və qazancı yoxdur. Aldığı 180 manat müavinətin də hamısını və valideynlərinin ona etdikləri maddi kömək nəticəsində hər ay 200 manat aliment məbləğini böyük çətinliklə düzəldib alimentə görə iddiaçıya ödəyir və həmin vaxtdan onun maddi vəziyyətində dəyişiklik, heç bir irəliləyiş olmamışdır. O, hal-hazırda valideynlərinin himayəsində yaşayır. X3 qızı heç bir yerdə işləmir, ailənin dolanışığını atası -X4 aldığı pensiya ilə çətinliklə təmin edir, halhazırda isə o, xəstədir, xx.xx.2021-ci il tarixdən ayağı sındığına görə müalicə alır və pensiyasını müalicəsinə xərclədiyinə görə ona da kömək edə bilmir, ona görə də onun ötən aylar üçün aliment borcu yaranmışdır və o, alimenti vaxtında ödəmədiyinə görə Qazax rayon məhkəməsinin xx.xx.2021-ci il tarixli, 3(023)-221/2021 saylı Qərarına əsasən 500 manat məbləğində inzibati qaydada cərimə olunmuşdur və həmin cərimə məbləğini də bu günə kimi ödəyə bilməmişdir. Əgər onun maddi imkanı olsaydı alimenti və aliment üzrə yaranmış borcunu vaxtında ödəyərdi və əlavə olaraq inzibati qaydada cərimə edilməzdir və həmin cərimə məbləğini də ödəyərdi. İddiaçı ondan fərqli olaraq əmək qabiliyyətlidir, hal-hazırda işləyir, normal qazancı vardır. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını və cavabdehin etirazını nəzərdən keçirib, hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. İş materiallarından görünür ki, Qazax Rayon Məhkəməsinin 2(023)-1153/2018 saylı xx.xx.2018-ci il tarixli qətnaməsi ilə Qazax rayon məhkəməsinin 01 iyun 2017-ci il tarixli 2(023)-1096/2017 №-li qətnaməsi ilə nüəyyən edilmiş alimentin miqdarı artırılaraq Cavabdeh qətnamə qanuni qüvvəsini aldıqdan sonra ayda hər uşaq üçün 100 manat, cəmi 200 (iki yüz) nanat aliment tutularaq 21 noyabr 2009-cu ildə anadan olmuş X7 uğlunun və 01 iyul 2011-ci ildə anadan olmuş X1 yetkinlik yaşına çatana kimi saxlanılmaları üçün İddiaçı verilməsi qət edilmişdir. Etiraza əlavə edilmiş arayışdan görünür ki, Cavabdeh ƏƏSMN tabeliyində DSMF PHŞ 1 saylı Qazax-Tovuz Regional filialının Qazax rayon qəbul şöbəsindən hər ay İİ qrup əlilliyə görə 180 manat müavinət alır. Beləliklə, hazırki iddia tələbi əvvəllər məhkəmə tərəfindən müəyyən edilmiş alimentin miqdarının dəyişdirilməsinə (artırılmasına) dairdir. Alimentin miqdarının dəyişdirilməsinin həlli qaydası Ailə Məcəlləsinin 112.1-ci maddəsi ilə tənzimlənir. Həmin maddəyə görə aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Beləliklə, qanunverici prinsip etibarı ilə məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra onun miqdarının dəyişdirilməsinin (artırılmasını və ya azaldılması) və ya aliment ödəməkdən ümumiyyətlə azad edilmənin mümkünlüyünü nəzərdə tutur. Lakin bunun ən əsas şərti məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olduğunun sübuta yetirilməsidir. Hazırki mübahisə üzrə iddiaçı müəyyən olunmuş alimentin miqdarının artırılmasını əvvəllər müəyyən olunmuş aliment məbləğinin uşağın saxlanılmasının təminatı üçün kifayət etmədiyinə əsaslanmaqla tələb edir. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinə əsasən, uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamağa borcludurlar. Məhkəmə hesab edir ki, iddiaçı alimentin miqdarının artırılmasını tələb etməkdə haqlıdır. Belə ki, onun aldığı aliment məbləğinin müəyyən olunduğu tarixdən istehlak qiymətləri və.s dəyişmiş, uşaqlar böyüməkdə davam etməklə onların müvafiq olaraq tələbatları da artmışdır. Bütün bunlar iddiaçının maddi vəziyyətində yaranmış dəyişiklik kimi qəbul edilməlidir. Həmçinin nəzərə alınmalıdır ki, “Azərbaycan Respublikasında 2022-ci il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikası Qanununa görə 2022-ci il üçün yaşayış minimumu uşaqlar üçün 193 manat məbləğində müəyyən edilmişdir. “Uşaq hüquqları haqqında” Qanunun 13-cü maddəsinə əsasən isə uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Beləliklə, qanunvericiliyin sadalanan müddəaları alimentin məbləğinin müəyyənləşdirilməsi zamanı əsas meyar kimi uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanmasını müəyyən etmişdir. Lakin bu zaman tərəflərin maddi və ailə vəziyyətləri, eləcə də hər bir konkret hal üzrə müəyyən olunmuş digər diqqətəlayiq hallar da nəzərə alınmalıdır. Ölkə üzrə uşaqlar üçün müəyyən olunmuş yaşayış minimumu isə özlüyündə müəyyən meyar kimi çıxış etsə də, minimum təminat səviyyəsini nəzərdə tutur. Məhkəmə həmçinin qeyd edir ki, uşaqlar üçün müəyyən olunmuş yaşayış minimumu həddində tutulan aliment heç də uşağın getdikcə artan bütün tələbatlarının qarşılanmasının real əvəzi kimi qəbul edilməməlidir. Eyni zamanda qeyd edilməlidir ki, uşağın valideynlərdən birinin himayəsinə olması, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, qanunvericiliklə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatın aliment kimi digər valideyndən tutulmasına əsas verir. Hətta aliment ödəyən əmək qabiliyyətli valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və qazanca malik olmaması belə onu uşağı saxlamaq, qanunvericiliklə müəyyən olunmuş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatı ödəmək vəzifəsindən azad etmir. Yuxarıda iddiaçıya münasibətdə qeyd edilən hallarla yanaşı qeyd olunan normaların məzmunundan göründüyü kimi, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa dəyişə bilər. Bu dəyişiklilər özünü tərəflərin birinin ailə vəziyyəti, gəlirlərin miqdarı və sair ilə bağlıdır. Hazırki halda isə əvvəlki qətnamə ilə sonuncu dəfə alimentin miqdarının müəyyən edildiyi vaxtdan hal-hazıradək cavabdehin maddi vəziyyətində yaxşılaşmağa doğru hər hansı dəyişikliyin baş verməsi iddiaçı tərəfindən sübuta yetirilmədiyindən aliment ödəməli olan şəxsin, yəni cavabdehin diqqətəlayiq maraqları baxımından aliment məbləğinin iddia tələbində qeyd edilən məbləğdə artırılması qanuni və əsaslı hesab edilə bilməz. Lakin buna baxmayaraq göstərilən hal, o cümlədən cavabdehin hazırda maddi qazancının alimenti ödəmək üçün kifayət etməməsi övladlarının saxlanılmasında və getdikcə artan tələbatlarının qarşılanmasında iştirak vəzifəsindən azad etmir. Bu baxımdan ananın yanında saxlanılan uşağın gündəlik tələbatlarını, ölkədə olan istehlak qiymətləri və.s dəyişməsini, uşaqların böyüməkdə davam etməklə hər keçən müddətdə onun müvafiq olaraq tələbatlarının da artmasını, eləcə də ölkə üzrə uşaqlar üçün müəyyən edilmiş yaşayış minimumunu nəzərə almaqla məhkəmə hesab edir ki, əvvəlki qətnamə ilə xx.xx.2009-cu-ci il təvəllüdlü X2 və xx.xx.2011-ci il təvəllüdlü X1 yetkinlik yaşınadək saxlanılması üçün müəyyən edilmiş alimentin miqdarının artıraraq hər ay hər uşağa görə 140 manat sabit pul məbləğində aliment müəyyən edilməsi qanuni və ağlabatandır. Beləliklə, məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməli, Qazax Rayon Məhkəməsinin 2(023)-1153/2018 saylı xx.xx.2018-ci il tarixli qətnaməsi ilə Cavabdeh İddiaçı xeyrinə tutulan alimentin miqdarı artırılmalı xx.xx.2009-cu-ci il təvəllüdlü X2 və xx.xx.2011-ci il təvəllüdlü X1 yekinlik yaşına çatanadək saxlanılmaları üçün Cavabdeh İddiaçı xeyrinə hər ay hər uşağa görə 140 manat sabit pul məbləğində aliment tutulmalıdır. Alimentin tutulma müddəti ilə bağlı məhkəmə hesab edir ki, cavabdehdən qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi əsasında aliment tutulduğundan, alimentin tutulma müddəti Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən iddia ərizəsinin məhkəməyə verildiyi tarixdən, yəni mövcud iddia tələbi ilə məhkəməyə müraciət etdiyi vaxtdan deyil, mövcud məhkəmə qətnaməsinin qanuni qüvvəsini aldığı vaxtdan başlanmalıdır. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərindən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Ali Məhkəmənin Plenumunun 28 mart 2016-cı il tarixli 8-2 №-li Qərarının 8.14-cü bəndində də qeyd olunmuşdur ki, məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs alimenti ödəməkdən azad edilir. «Dövlət rüsumu haqqında» Azərbaycan Respublikası Qanununun 8.1.1-ci maddəsinin tələbinə görə, iddia qiyməti 1000 manatadək olduqda 30 manat dövlət rüsumu ödənilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 112.1.3-cü maddəsinin tələbinə görə iddianın qiyməti aliment alınması haqqındakı iddialarda bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. Həmin Məcəllənin 124.1-ci maddəsinə əsasən, işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. Məhkəmə cavabdehdən dövlət rüsumunun alınması məsələsinə qiymət verərək hesab edir ki, hazırki iddia tələbi üzrə əvvəki qətnamə ilə müəyyən edilmiş alimentin məbləği 80 manat miqdarında artırıldığından və həmin məbləğlə bir il ərzində ödəmənin məcmusu 960 manat (80x12=960) müəyyən edildilməklə iddianın qiyməti 1000 manatadək olduğundan cavabdehdən dövlət mədaxilinə 30 manat məbləğində dövlət rüsumu alınmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Qazax Rayon Məhkəməsinin 2(023)-1153/2018 saylı xx.xx.2018-ci il tarixli qətnaməsi ilə Cavabdeh İddiaçı xeyrinə tutulan alimentin miqdarı artırılsın. Hazırkı qətnamə qanuni qüvvəyə mindiyi tarixdən başlayaraq xx.xx.2009-cu-ci il təvəllüdlü X2 və xx.xx.2011-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün Cavabdeh İddiaçı xeyrinə hər ay hər uşağa görə 140 manat sabit pul məbləğində aliment tutulsun. İddia tələbi qalan hissədə təmin edilməsin. Cavabdeh 30 manat dövlət rüsumu alınaraq Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin hesabına ödənilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən Sabit Bəhrəmzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar