Məhkəmə qərarları › İş №2(003)-1284/2020

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №2(003)-1284/2020

01.10.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(003)-1284/2020 01.10.2020 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Bəhrəmzadə Sabit Xanlar oğlunun sədrliyi, Süleymanov Bəxtiyar Zeynal oğlunun katibliyi, İddiaçının nümayəndəsi X1 iştirakı ilə İddiaçı «xxxxxxxxxxxxxxxxxxxxxxx» ASC-nin cavabdeh X3 qarşı pul tələbi barədə iddiasına dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı «xxxxxxxxxxxxxxxxxxxxxxx» ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 12364 manat əsas borc, Azərbaycan Respublikasının MB-nin uçot dərəcəsinə əsasən 4224.37 manat zərərin, cəmi 16580.37 manat və 30 manat ödənilmiş dövlət rüsumunun cavabdeh X2 alınaraq «xxxxxxxxxxxxxxxxxxxxxxx» Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdehlə «xxxxxxxxxxxxxxxxxxxxxxx» ASC arasında bağlanmış xx.xx.2016-cı il tarixli 17 saylı müqaviləyə uyğun olaraq xx.xx.2016-cı il tarixdə ümumi dəyəri 12864 manat olan 38 ədəd müxtəlif çeşidli məişət soyuducularını satmaq üçün təhvil almışdır. xx.xx.2019-cu il tarixdə borcun ödənilməsinə dair xəbərdarlıq məktubu göndərilmişdir. Cavabdeh Y.Hümbətov xx.xx.2019-cu il tarixdə borclu olduğu məbləğdən yalnız 500 manatı ödəmiş, qalan məbləği müxtəlif bəhanələrlə ödəməkdən yayınmışdır. Məhkəmədə iddiaçının nümayəndəsi iddia tələbini müdafiə edərək, onun təmin olunmasını xahiş etdi və iddia ərizəsinin məzmununa uyğun izahat verdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barəsində lazımı qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin o, məhkəmə iclasına gəlməmiş məhkəmənin əvvəlki iclasında iştirak etmiş cavabdeh 12364 manat borcu qəbul etməklə onun ödənilməsinə etiraz etmədiyini bildirmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyərək, işin materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarından görünür ki, satıcı «xxxxxxxxxxxxxxxxxxxxxxx» ASC xx.xx.2016-cı il tarixli 17 saylı müqaviləyə əsasən dəyəri 362 manat olan 100 ədəd “Çinar- 111 metal”, dəyəri 352 manat olan 100 ədəd “Çinar-111”, dəyəri 302 manat olan 100 ədəd “Çinar-427 metal”, dəyəri 292 manat olan 100 ədəd “Çinar 427”, dəyəri 340 manat olan 100 ədəd “Çinar 7ms metal”, dəyəri 330 manat olan 100 ədəd “Çinar 7ms” X3 verməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan qaimə-fakturadan görünür ki, 352 manat olan 7 ədəd “Çinar- 111”,dəyəri 362 manat olan 8 ədəd “Çinar-111 metal”,dəyəri 292 manat olan 5 ədəd “Çinar 427”,dəyəri 302 manat olan 4 ədəd “Çinar-427 metal”,dəyəri 332 manat olan 6 ədəd “Çinar 7ms”dəyəri 342 manat olan 7 ədəd “Çinar 7ms”,dəyəri 450 manat olan 1 ədəd “Çinar 7ms metal” ümumi dəyəri 12864 manatlıq mal Cavabdeh təhvil verilmişdir. İş materiallarında olan maliyyə arayışından görünür ki, cavabdehin xx.xx.2020-ci il tarixə 12364 manat ödənilməmiş borcu mövcuddur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən, alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 600.4-cü maddəsinə görə əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, «xxxxxxxxxxxxxxxxxxxxxxx» Məhdud Məsuliyyətli Cəmiyyəti ilə X4 arasında bağlanmış müqavilələyə əsasən soyuducu almış və alğı-satqı müqaviləsi üzrə dövri ödənişlər etməyi öhdəsinə götürmüş, lakin müqavilə üzrə üzərinə düşən öhdəliyi lazımınca icra etməməklə müqavilənin şərtlərini pozmuşdur. Eyni zamanda cavabdeh həmin hissədə iddia tələbini qəbul etməklə 12364 manat borcun mövcudluğunu etiraf etmişdir. Buna görə də, iddiaçı göstərilən müqavilələrin şərtlərinin icrasını və ödənilməmiş məbləğin qaytarılmasını tələb etməkdə haqlıdır. Belə olan halda məhkəmə hesab edir ki, 12364 manat borcun cavabdehdən tutulması hissəsində iddia tələbi təmin edilməlidir. Məhkəmə iddia tələbinin 12364 manat pulun bank uçot dərcəsilə hesablanmaqla faiz olaraq 4224.37 manatın cavabdehdən alınaraq iddiaçıya verilməsinə hissəsinə qiymət verərək hesab edir ki, iddia qeyd edilən hissədə təmin edilməməlidir. İddiaçının həmin hissədə tələbin hüquqi əsası kimi Mülki Məcəllənin 449-cu maddəsinə istinad etməsi ilə bağlı nəzərə alınmalıdır ki, həmin maddə özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun iddia ərizəsində istinad olunan xx xxxx 2009-cu il tarixli qərarında ifadə olunmuş hüquqi mövqeyə görə Mülki Məcəllənin 449-cu maddəsinin «ondan faydalanmağa görə» müddəası özgəsinin vəsaitinin qanunsuz saxlanılması, onun qaytarılmasından boyun qaçırılması, onun ödənilməsinin digər şəkildə gecikdirilməsi və ya başqa şəxsin hesabına pul vəsaitinin əsassız əldə edilməsi və ya toplanılması nəticəsində Mülki Məcəllənin 152.3-cü maddəsində göstərilmiş gəlirin, artımın, bəhərin və ya sair maddi xeyirin əmələ gəlməsini nəzərdə tutur. Məcəllənin 449.3-cü və 449.4-cü maddələrinin müvafiq olaraq «pul vəsaitindən qanunsuz istifadə» və «özgə vəsaitindən istifadə» müddəaları həmin Məcəllənin 449.1-ci maddəsində göstərilmiş halların mövcud olmasını nəzərdə tutur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarında müəyyən olunmuş hüquqi mövqeyə uyğun olaraq hazırki iş üzrə cavabdehin borc münasibətlərinə əsasən ödəməli olduğu 12364 manat borcun ödənilməməsinə görə Mülki Məcəllənin 449cu maddəsinə əsasən əlavə mülki məsuliyyətinin yaranması üçün müqavilə üzrə üzərinə düşən vəzifələrin icrasından qərəzli olaraq boyun qaçırması halının sübuta yetirilməsi tələb olunur. İş materiallarında isə cavabdeh tərəfindən belə qərəzli hərəkətlər edildiyinə dəlalət edən və borclunun həmin pulu özündə saxlamaqla faydalanması hər hansı mötəbər sübutlar yoxdur. Nəzərə almaq lazımdır ki, bu halda, sübutetmə yükünün bölüşdürülməsinə uyğun olaraq buna dair sübutları təqdim etmək vəzifəsi iddiaçı tərəfin üzərinə düşür. İddiaçı tərəf isə belə bir sübutu məhkəməyə təqdim etməmişdir. Əksinə məhkəmə iclası zamanı iddiaçının nümayəndəsi və vəkili keçən müddət ərzində borc məbləğinin ödənilməməsi səbəbi ilə təmsil etdiyi şəxsin hüquqlarının pozulduğunu və həmin puldan yararlanmaq imkanının məhdudlaşmasını qeyd etmişdir. Eyni zamanda cavabdeh də borc məbləğini geri qaytara bilməməsinə əsas kimi maddi durumunun olduqca pis olmasını bildimişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun yuxarıda qeyd edilən qərarının mövqeyini əsas götürməklə məhkəmə hesab edir ki, borc məbləği üzrə cavabdehin borcu ödəmək iqtidarında olmaması, onun iddiaçının pul vəsaitini qanunsuz saxlaması, onu qaytarmaqdan boyun qaçırması, onun ödənilməsini digər şəkildə gecikdirməsi və ya iddiaçının hesabına pul vəsaitini əsassız əldə etməklə özündə saxlamaqla varlanmaq niyyətinin olması kimi qiymətləndirilə bilməz. Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilən qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, məhkəmə xərcləri iddianın təmin edilmiş hissələrinə müvafiq olaraq tərəflərə aid edilməli olduğundan, məhkəmə xərcinə daxil olan dövlət rüsumu cavabdehə aid edilməli və buna görə də, iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Beləliklə, məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia tələbi qismən təmin edilməli, «xxxxxxxxxxxxxxxxxxxxxxx» ASC ilə X4 arasında bağlanmış müqaviləyə əsasən 12364 manat və 30 manat məbləğində ödənilmiş dövlət rüsumu X2 alınaraq «xxxxxxxxxxxxxxxxxxxxxxx» ASC-yə ödənilməli, iddia tələbi qalan hissədə təmin edilməməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi qismən təmin edilsin. Cavabdeh X2 12364 manat və dövlət rüsumuna görə ödənilmiş 30 manat, cəmi 12394 (on iki min üç yüz doxsan dörd) manat alınaraq iddiaçı «xxxxxxxxxxxxxxxxxxxxxxx» ASC-yə ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Sabit Bəhrəmzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar