Məhkəmə qərarları › İş №2(003)-1322/2021

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №2(003)-1322/2021

25.05.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(003)-1322/2021 25.05.2021 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Bəhrəmzadə Sabit Xanlar oğlunun sədrliyi, Süleymanov Bəxtiyar Zeynal oğlunun katibliyi, “xxxx” ASC-nin nümayəndəsi X1, Cavabdeh iştirakı ilə İddiaçı «xxxx» ASC-nin Cavabdeh qarşı borc tələbinə dair ilk, Cavabdeh «xxxx» ASC-yə qarşı alqı-satqı müqaviləsinin bağlanılması, maddi və mənəvi ziyanın ödənilməsi, sayğacın göstəricilərinin etibarsız hesab edilməsi və sayğacın əvəzlənməsi tələbinə dair qarşılıqlı iddia ərizələri üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı «xxxx» ASC Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh tərəfindən elektrik enerjisindən istifadəyə görə hesablanmış 5117.93 məbləğində borcun, həmçinin 30 dövlət rüsumu,olmaqla pulun Cavabdeh məcburi qaydada tutularaq “Azəriqaz” barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Prezidentinin 10.02.2015-ci il tarixli sərəncamı ilə təsis edilmi “xxxx” ASC istehlakçıları elektrik enerjisi ilə təmin edən yeganə təchizatçıdır. İstehlakçılara verilən elektrik enerjisi sayğac vasitəsilə ölçülür və Tarif Şurasının qərarı ilə müəyyən olunmuş tarif qiyməti əsasında istehlakçı tərəfindən ödənilir. İddia ərizəsinə əlavə edilmiş arayışdan və abunə haqqında bildirişlərdən göründüyü kimi, abonent kodu **********17A01 olan Cavabdeh elektrik enerjisindən istifadə etməsi ilə bağlı iddiaçı “xxxx” ASC-yə cəmi 5117,93 manat borcu yaranmışdır. Həmin borcun ödənilməsi ilə bağlı Cavabdeh dəfələrlə müraciət olunmuş, lakin cavabdeh müxtəlif bəhanələrlə istifadə etdiyi elekrik enerjisinin haqqı olan 5117,93 manat borcu bu günə qədər ödəməyərək “xxxx” ASC-yə zərər vurmuşdur. “xxxx” ASC-nin əməkdaşları hər ay Cavabdeh ünvanına gələrək, sayğacın göstəricisini götürməklə ona borcu haqqında bildiriş xəbərdarlıq (hesab-faktura) təqdim etməsini tələbin irəli sürülməsi və cavabdeh tərəfindən isə vaxtaşırı müəyyən miqdarda ödənişlərin edilməsi onun öz öhdəliklərini etiraf etməsi kimi qiymətləndirilməlidir. Cavabdeh «xxxx» ASC-yə qarşı qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, «xxxx» ASC-nin iddiasının ləğv edilməsi, «xxxx» ASC-dən müqavilə bağlanması üçün çəkdiyi xərclər: 10807.15 manat, maddi ziyana görə 2600 manat və dövlət rüsumuna görə 30 manat, cəmi 13437.15 manatın tutulması, onunla «xxxx» ASC arasında məcburi surətdə elektrik enerjisinin alqı-satqısı müqaviləsinin bağlanılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Qarşılıqlı iddia tələbi onunla əsaslandırılmışdır ki, 5 il müddətində “xxxx” ASC-nin Xəzər rayon Enerji Təchizatı və satışı idarəsi onunla müqavilə bağlamaq məsələsini yaxın buraxmamış, ayda bir dəfə qanunsuz olaraq elektrik xətlərini kəsmiş və bərpası üçün ondan 100 manat tələb olunmuşdur. 19.03.2013-cü ildə növbəti dəfə evinə gələn elektrik xətləri kəsilmişdir. Müxtəlif dövlət orqanlarına ünvanladığı şikayət ərizələrinin nəticəsi olaraq, 19.04.2013-cü ildə (1 ay zülmətdə qaldıqdan sonra) “İdarəyə” çağırılmış, alqısatqı müqaviləsinin bağlanmasına zəmin yaradılması və kəsilmiş elektrik xətlərinin bərpası üçün Razılaşma Protokolunda göstərilən şəxsləri qəbul etməsi və imzası ilə təsdiq etməsi hökmlü surətdə ona çatdırılmışdır. 19.01.2013-cü il tarixli 0049 nömrəli Razılaşma Protokolunun fomrası qanunla müəyyən olunmamışdır. 09.07.2008-ci il tarixində istismara buraxılmış AMPY markalı 5219A-GTB tipli 3x220/380V 5(125) hesablaşma elektrik sayğacının istismar müddəti 09.07.2011-ci il tarixində bitmişdir. Vaxtaşırı idarədən alqı-satqı müqaviləsinin bağlanmasını tələb edərək, enerji təchizatı üçün 7681 manat pul köçürmüşdür. 2017-ci ilin aprel ayından hər ay elektrik xətlərinin kəsilməsi başlanılmış və o, bərpa üçün 100 manat ödəməyə məcbur olmuşdur. Bu hal 2019-cu ilin oktyabr ayınadək, 31 ay davam etmişdir. Məbləğ 3100 manat təşkil etmişdir. 31 ay ərzində qanunsuz kəsintilər nəticəsində 2600 manatlıq ərzaq məhsulları zay olmuşdur. “İdarə” tərəfindən ona qarşı törədilən hüquqazid əməllər barəsində 23.07.2020ci il tarixində Azərbaycan Respublikasının Baş prokuroruna və Xəzər rayon prokuroruna, 27.07.2020-ci il tarixində isə Azərbaycan Respublikasının Prezidentinə teleqramlarla müraciət etmiş və teleqramlara görə 26.15 manat pul ödəmişdir. Daha sonra ərizə ilə məhkəməyə müraciət edərək, istismar müddətini 09.07.2011-ci il tarixdə başa vurmuş A440723984M59994 nömrəli, AMPY markalı 5219A-GTB tipli sayğacın göstəricisinin etibarsız hesab edilməsi, həmin elektrik sayğacı, avtomatlaşdırılmış təhlükəsizlik və tənzimləmə vasitələrinə malik olan smartkart tipli elektrik sayğacı ilə əvəzlənməsi, “MPM”-nin 120-ci maddəsini rəhbər tutaraq, “xxxx” ASCdən onun xeyrinə məbləğin tutulması, “MPM”-nin 232-ci maddəsini rəhbər tutaraq “xxxx” ASC-dən tələb etdiyi məbləğ indeksləşdirilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Daha sonra iddia tələbinin həcmini artırılması barədə ərizə ilə məhkəməyə müraciət edərək, “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanunun 8, 12, 26-cı maddələrini rəhbər tutaraq ona dəymiş mənəvi zərərə görə kompensasiyanın məbləğinin müəyyən edilərək “xxxx” tərəfindən ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında «xxxx» ASC-nin nümayəndəsi X2 qarşılıqlı iddia tələbini etiraf etməyərək, ilk iddia tələbini müdafiə edərək ilk iddia ərizəsinin məzmununa uyğun izahat verdi. Həmçinin bildirmişdir ki, Cavabdeh uzun müddətdir ki, istifadə etdiyi elektrik enerjisi üçün ödənişlər aparmamışdır. Bu məqsədilə 2017-ci ildə onun ünvanına gedən elektrik xətti kəsilmiş, bundan sonra o, özbaşına olaraq elektrik şəbəkəsinə qoşulmuş və halhazıradək elektrik enerjisindən istifadə edir. Ünvanına qurlaşdırılmış elektrik sayğacını isə dəmir qutu ilə əhatə etmiş və qıfılllamışdır. «xxxx» ASC-nin yerli əməkdaşlarına isə sayğaca baxış keçirməyə icazə vermir. Bundan başqa Cavabdeh onunla xxxx» ASC arasında dəfələrlə elektirk enerjisinin alğı-satqı müqaviləsinin bağlanması təklif olunmuş, sonuncu dəfə hazırki mülki işin gedişatı zamanı həmin təklif ona edilmiş, alqı-satqı müqaviləsinin bağlanması üçün «xxxx» ASC-yə dəvət olnmuşdur. Lakin Cavabdeh könüllü olaraq özü elektirk enerjisinin alğı-satqı müqaviləsinin bağlanmasından imtina edir. Hazırda ilkin iddia tələbi üzrə ondan tələb olunan məbləğ istifadə olunmuş elektrik enerjisi üçün yaranmış borc məbləğidir. Cavabdeh mövcüd borcun silinəcəyi təqdirdə elektrik enerjisinin alğı-satqısına dair müqavilənin bağlanması barədə fikirləşəcəyini bildirir. Qeyd olunanlara əsasən ilkin iddia tələbinin təmin, qarşılıqlı iddia tələbinin isə əsassız hesab edilməklə rədd olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Cavabdeh ilk iddia tələbini etiraf etməyək, qarşılıqlı iddia tələbini müdafiə edərək qarşılıqlı idda ərizəsinin məzmununa uyğun izahat verdir. İzahatında əlavə olaraq bildirmişdir ki, onun «xxxx» ASC-yə borcu yoxdur. Belə ki, borc öhdəlikləri, müqavilə öhdəliklərini yerinə yetirmədikdə əmələ gəlir. Onlar arasında isə müvafiq müqavilə mövcüd deyil. Onun tərəfindən aparılmış ödənişlər isə gələcəkdə “xxxx” ASC ilə onun arasında müqavilənin bağlanması ümidi ilə edilmiş ödənişlərdən ibarətdir. Onun ilə «xxxx» ASC arasında müqavilənin bağlanması ilə bağlı ona təkliflər olmuşdur. O isə həmin müqavilənin mərhələli şəkildə, yəni birinci yeni standardlara uyğun sayğacın quraşdırılması, sonra həmin sayğac sınaqdan keçəndən sonra müvafiq sertifikatın verilməsindən sonra müqavilənin bağlanmasına etirazının olmayacağını bildirmişdir. Hazırki ünvanında olan sayğaca 2008-ci ilin iyun ayının 9-da quraşdırılmış, həmin sayğaca isə sonuncu dəfə 2021-ci ilin fevral ayında “xxxx” ASC-nin əməkdaşları tərəfindən baxış keçirilmişdir. Lakin sayğacın qutusunun qapısı sındırıldığından məcbur olub kilidləmişdir. Elektirik energisinin istifadə etməsi üçün onun tərəfindən 7681 manat rəsmi qaydada ödənişlər olmuş, hazırda o, həmin borc məbləğinin, bundan başqa elektrik xəttinin dəfələrlə kəsilməsi səbəbindən yenidən xəttin onun evinə çəkilməsi məqsədilə “xxxx” ASC-nin əməkdaşlarına verdiyi bir dəfə üçün 100 manat, cəmi 3100 manat məbləğində pulunun, bundan başqa “xxxx” ASC-yə qarşı teleqram vasitəsilə etdiyi şikayətlər üçün tərəfindən ödənilmiş 26.15 manatın, həmçinin elektrik xətlərinin kəsilməsi səbəbindən onun evində olan qida məhsullarının xarab olması səbəbindən 2600 manat məbləğində dəymiş ziyanın, qarşılıqlı iddia ərizəsinin verilməsi üçün ödədiyi 30 manat dövlət rüsumu olmaqla, ümumilikdə 13437 manat pul tələb edir. Həmçinin elektrik xətlərinin “xxxx” ASCnin nəzarətçiləri tərəfindən bayram günlərində kəsilməsi səbəbindən o və onun ailə üzvləri psixi-nevroloji sarsıntılar keçirmişlər. Bunun nəticəsində ona mənəvi zərər dəymiş, həmin zərərin kompensasiya məbləğinin məhkəmə tərəfindən müəyyən edilərək “xxxx” ASC-dən tutulmasını tələb edir. Qeyd olunanlara əsasən ilkin iddia tələbinin rədd, qarşılıqlı iddia tələbinin təmin olunmasına dair qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, ilk və qarşılıqlı iddia tələbləri təmin edilməməlidir. İş materiallarına əlavə Cavabdeh adına olan abunə haqqında çıxarışdan və maliyyə arayışdan görünür ki, onun tərəfindən 2020-ci ilədək 7681 manat məbləğində ödənişlər aparılmış və onun həmin tarixə 5117,93 manat məbləğində borcu mövcüddur. İş materiallarına əlavə edilmiş “xxxx” ASC tərəfindən Cavabdeh ünvanlanmış 09.09.2020-ci il tarixli məktubdan görünür ki, onun müraciəti araşdılmış və “xxxx” ASC-nin informasiya məlumat bazasında **********17A01 saylı kod altında qeydiyyatda olan ona məxsus fərdi yaşayış evi elektrik sayğacı üzrə istifadə edilən elektrik enerisinin alqı-satqısı barədə olan müqavilə 07.01.2020-ci il tarixində eneritəchizatı müəssisəsi tərəfindən yeniləndiyi, Xəzər rayon Eneri Təchizatı və Satışı İdarəsi tərəfindən müqaviləni imzalamaq üçün dəfələrlə dəvət olunmasına baxmayaraq, o, idarəyə gəlmədiyi bildirilmişdir. İş materiallarına əlavə edilmiş “xxxx” ASC tərəfindən Cavabdeh ünvanlanmış pretenziya məktubunun surətindən görünür ki, ona elektrik enerjisindən istifadəyə görə 23.12.2020-ci il tarixinə “xxxx” ASC-yə 5117,93 manat məbləğində borcun yarandığı bildirilmiş, həmin məbləğin 7 gün ərzində ödənilmədiyi təqdirdə məhkəməyə müraciət olunacağı barədə xəbərdarlıq edilmişdir. Qarşılıqlı iddia ərizəsinə əlavə edilmiş “İstifadə edilmiş elektrik enerji haqqının hissə-hissə ödənilməsi” barədə 0049 saylı 19.04.2013-cü il tarixli Razılaşma protokolunun surətindən görünür ki, 04.04.2013-cü il tarixə yaranmış 3859, 82 manat borcun, 300 manat ilkin olaraq ödənilməklə qalan məbləğin hissə-hissə ödənilməsi barədə razılıq imzalanmışdır. İş materiallarına əlavə edilmiş 07.08.2020-ci il tarixli cinayət işinin başlanılmasının rədd edilməsi barədə qərarın surətindən görünür ki, Cavabdeh müraciəti əsasında toplanmış C-307/20 saylı material üzrə cinayət işinin başlanılmasının rədd edilməsi qərara alınmışdır. İş materiallarına əlavə edilmiş 15.04.2021-ci il, 19.04.2021-ci il, 20.04.2021-ci il, 21.04.2021-ci il, 22.04.2021-ci il, 23.04.2021-ci il, 26.04.2021-ci il tarixli xidməti məlumatdan görünür ki, abonent Cavabdeh sayğacın qutusunu bağlayaraq sayğacın göstəricisini kompüter bazasına daxil edilməsinə maneçilik törədir. Odur ki, sayğacın göstəricisini oxumaq mümkün olmamışdır. Məhkəmə iclasında araşdırılmış hallarla və iş materiallarında olan sənədlərlə müəyyən edilmişdir ki, tərəflər arasında elektrik enerjisinin alğı-satqısı barədə müqavilə mövcüd olmamış, ilkin və qarşılıqlı iddia tələbləri elektrik enerjisinin istifadəsi nəticəsində yaranmış borc tələbindən və müqavilənin bağlanması öhdəliyinin qoyulmasından, istifadə edilmiş elektrik enerjisinin ödənilmiş dəyərinin geri qaytarılması, dəymiş maddi və mənəvi zərərin tutulmasından ibarətdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsin əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02 fevral 2005-ci il tarixli 18 saylı qərarı ilə təsdiq olunmuş «Elektrik enerjisindən istifadə qaydaları»nın 1.1-ci bəndinə əsasən enerjitəchizatı müəssisəsi - xüsusi icazə əsasında əhalinin və digər istehlakçıların elektrik enerjisi ilə təchizatına təminat verən hüquqi şəxsdir, elektrik enerjisi istehlakçısı müqavilə əsasında elektrik enerjisini satın alan və ondan elektrikqəbulediciləri vasitəsilə istifadə edən hüquqi və ya fiziki şəxsdir, abonent (əsas istehlakçı) - elektrik qurğuları enerjitəchizatı müəssisəsinin şəbəkələrinə qoşulmuş və elektrik enerjisinin alqı-satqı müqaviləsini enerjitəchizatı müəssisəsi ilə bağlayan istehlakçıdır. Həmin Qaydaların 4.1-ci bəndinə əsasən Enerjitəchizatı müəssisəsi tərəfindən bütün istehlakçılara, o cümlədən məişət abonentlərinə elektrik enerjisinin verilməsi bu Qaydalara uyğun tərtib edilmiş elektrik enerjisinin alqı-satqı müqaviləsinə əsasən həyata keçirilir. Həmin Qaydaların 8.1-ci bəndinə əsasən dövlət elektroenergetika müəssisəsindən enerjitəchizatı müəssisəsinə, enerjitəchizatı müəssisəsindən abonentə, abonentdən subabonentə elektrik enerjisinin verilişi yalnız müvafiq olaraq tərəflər arasında bağlanmış elektrik enerjisinin alqı-satqı müqaviləsinə əsasən və onlar üçün təyin olunmuş elektrik enerjisinin tariflərinə uyğun aparılır. Həmin Qaydaların 8.2-ci bəndinə əsasən elektrik enerjisinə görə hesablaşmalar uçot cihazlarının hesablaşma dövründəki göstərişlərinə əsasən aparılır. Bir qayda olaraq, hesablaşma dövrü 1 ay qəbul olunur. Enerji təchizatı müəssisəsi istehlakçıya verdiyi elektrik enerjisinin dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalı və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən elektrik enerjisinin hesabı tam ödənildikdən sonra, enerji təchizatı müəssisəsi tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış elektrik enerjisinin dəyərini enerji təchizatı müəssisəsi istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Həmin Qaydaların 9.13.2 və 9.13.4-cü bəndlərinə əsasən enerji təchizatı müəssisəsinin istehlakçıya verdiyi elektrik enerjisinin sayğacla müəyyənləşən hesabı istehlakçıya enerji təchizatı müəssisəsi tərəfindən təqdim edildikdən (göndərildikdən) sonra bir ay müddətində tam məbləğdə ödənilmədikdə, enerji təchizatı müəssisəsi ilə müvafiq müqavilə bağlanmadıqda enerji təchizatı müəssisəsi istehlakçıya elektrik enerjisinin verilməsini dayandıra bilər. Yuxarıda qeyd olunan qanunvericiliyin tələblərini nəzərə alaraq məhkəmə, ilkin iddia tələbinə qiymət verərək qeyd edir ki, enerjitəchizatı müəssisəsi tərəfindən bütün istehlakçılara elektrik enerjisinin verilməsi «Elektrik enerjisindən istifadə qaydaları»na uyğun tərtib edilmiş elektrik enerjisinin alqı-satqı müqaviləsi əsasında həyata keçirilməsi, elektrik enerjisindən istifadəyə görə hesablaşmalar yalnız müvafiq olaraq tərəflər arasında bağlanmış elektrik enerjisinin alqı-satqı müqaviləsinə əsasən və onlar üçün təyin olunmuş elektrik enerjisinin tariflərinə uyğun aparılması nəzərdə tutulduğundan, hazırda isə iş üzrə tərəflər arasında elektrik enerjisinin alğı-satqısına dair müqavilə olmadığından, tərəflər arasında vəzifə və öhdəliklər yaranmamışdır. Vəzifə və öhdəliklərin yaranması üçün yalnız tərəflər arasında bağlanmış elektrik enerjisinin alqı-satqı müqaviləsi nəzərdə tutulduğundan, elektrik enerjisinin istifadəsinə görə yaranmış borcun Cavabdeh tələb olunmasının hüquqi əsası müəyyən edilmədiyindən məhkəmə, ilkin iddia tələbini əsaslı hesab etmir. Ona görə də məhkəmə hesab edir ki, ilkin iddia tələbi əsassızdır və təmin edilməməlidir. Qarşılıqlı iddia tələbinə qiymət verərək məhkəmə qeyd edir, qarşılıqlı iddia tələbləri aşağıdakı qeyd olunanlara əsasən təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 324.1-ci maddəsinə əsasən əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Məhkəmə, elektrik energisinin alğı-satqı müqaviləsinin bağlanması tələbi hissəsinə qiymət verərək qeyd edir ki, hazırki halda Cavabdeh “xxxx” ASC tərəfindən elektrik energisinin alğı-satqı müqaviləsinin bağlanılmasından imtina etməsi halı müəyyən edilmədiyindən, onunla “xxxx” ASC arasında məcburi qaydada elektrik energisinin alğısatqı müqaviləsinin bağlanması öhdəliyinin “xxxx” ASC-nin üzərinə qoyulması tələbini əsaslı hesab etmir. Məhkəmə, qarşılqlı iddia tələbinin “xxxx” ASC ilə müqavilənin bağlanması üçün çəkilmiş cəmi 10807.15 manat məbləğində pulun tutulması hissəsinə qiymət verərək qeyd edir ki, həmin məbləğin bir hissəsi olan 7681 manat məbləğində pulun elektrik enerjisinin istifadəsinə görə onun tərəfindən könüllü olaraq ödənilmiş pul məbləği olduğundan (məcburi qaydada ödənilməsinin tələb olunması halı müəyyən edilmədiydən, əksinə ünvanına quraşdırılmış sayğac vasitəsilə elektrik enerjisindən istifadə etməsi halı müəyyən edildiyindən), digər hissəsi isə (3100 manat və 26.15 manat) kəsilmiş elektrik xətlərin yenidən bərpa edilməsi üçün onun tərəfindən ödənilməsi və həmin pul məbləğinin əsassız olaraq ondan tələb olunması, teleqram vasitəsilə göndərdiyi şikayətlər üçün ödədiyi 26.15 manat pulun qarşı tərəfinin qanunsuz əməllər nəticəsində baş vermiş xərc olması sübuta yetirilmədiyindən həmin hissədə də qaşırlıqlı iddia tələbi təmin edilməməlidir. Həmçinin məhkəmə hesab edir ki, evinə gedən elektrik xətlərinin kəsilməsi səbəbindən evində olan 2600 manat məbləğində ərzaqların xarab olması nəticəsində ona dəymiş 2600 manat məbləğində ziyanın “xxxx” ASC-dən tutulması hissəsində də qarşılıqlı iddia tələbi təmin edilməməlidir. Belə ki, bununla bağlı hər hansı bir sübut məhkəməyə təqdim olunmamışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02 fevral 2005-ci il tarixli 18 saylı qərarı ilə təsdiq olunmuş «Elektrik enerjisindən istifadə qaydaları»nın 5.1-ci bəndinə əsasən dövlət elektroenergetika müəssisəsilə enerjitəchizatı müəssisəsi arasında, dövlət elektroenergetika müəssisəsilə müstəqil enerji istehsalçısı arasında, enerjitəchizatı müəssisəsilə müstəqil enerji istehsalçısı arasında, enerjitəchizatı müəssisəsilə abonent arasında, abonent ilə subabonent arasında elektrik qurğularının texniki vəziyyətinə və onlara xidmətə görə cavabdehlik sərhədi bu qurğuların balans mənsubiyyətilə müəyyənləşdirilir və elektrik enerjisinin alqı-satqı müqaviləsinə əlavə edilən elektrik şəbəkələrinin balans mənsubiyyəti sərhədi və tərəflərin istismar məsuliyyəti aktında qeyd olunur. Həmin Qaydaların 7.1-ci bəndinə əsasən dövlət elektroenergetika müəssisəsi ilə enerjitəchizatı müəssisəsi arasında, dövlət elektroenergetika müəssisəsilə müstəqil enerji istehsalçısı arasında, enerjitəchizatı müəssisəsilə müstəqil enerji istehsalçısı arasında, enerjitəchizatı müəssisəsilə abonent arasında və abonent ilə subabonent arasında elektrik enerjisi sərfinə görə hesablaşmaq üçün elektrik qurğuları lazımi uçot cihazları ilə təmin olunmalıdır. Həmin Qaydaların 7.2-ci bəndinə əsasən dövlət elektroenergetika müəssisəsinin, enerjitəchizatı müəssisəsinin, müstəqil enerji istehsalçısının, abonentin və subabonentin şəbəkələrinə elektrik enerjisinə görə hesablaşma uçot cihazları olmayan elektrik qurğularının qoşulmasına yol verilmir. Həmin Qaydaların 7.6-cı bəndinə əsasən enerjitəchizatı müəssisəsi ilə istehlakçı, o cümlədən məişət abonenti arasında elektrik enerjisinə görə hesablaşma aparılması üçün enerji ötürən hər bir elektrik qurğusu hesablaşma elektrik sayğacları ilə, həmçinin elektrik enerjisinin uçotunun digər vasitələri - cəmləşdirici qurğularla, avtomatlaşdırılmış uçot və nəzarət sistemlərilə və s. qanunvericilikdə nəzərdə tutulmuş qaydada təchiz olunur və balans mənsubiyyətinin sərhəd nöqtələrində quraşdırılır, onlar enerjitəchizatı müəssisəsi tərəfindən standartların müəyyən etdiyi müddətlərdə plan üzrə dəyişdirilir və istismar edilir. İstehlakçının, o cümlədən məişət abonentinin təqsirindən hesablaşma elektrik sayğacları zədələndikdə və ya qoşulma sxemi pozulduqda təmir, əvəzetmə və dövlət yoxlanışı onun hesabına yerinə yetirilir. Hesablaşma elektrik sayğacının zədələnməsinin laboratoriya şəraitində araşdınlması tələb olunduqda, enerjitəchizatı müəssisəsi tərəfindən istehlakçının, o cümlədən məişət abonentinin iştirakı ilə araşdırma aparılır və ikitərəfli aktla sənədləşdirilir. İstehlakçının, o cümlədən məişət abonentinin təqsirindən zədələnmiş və ya itmiş hesablaşma elektrik sayğacının əvəzinə enerjitəchizatı müəssisəsi ondan istismara yararlı yeni elektrik sayğacı və ya onun dəyərini tələb etmək hüququna malikdir. Həmin Qaydaların 7.7-cı bəndinə əsasən bu Qaydaların 7.4-cü, 7.5-ci və 7.6-cı (məişət abonenti istisna ol-maqla) bəndlərində göstərilən hesablaşma elektrik sayğaclarının, həmçinin hesablaşma elektrik sayğaclarını (ölçü transformatorları vasitəsilə qoşulduqda) qidalandıran ikinci dövrələrin və ölçü transformatorlarının qorunmasına və işçi vəziyyətdə saxlanılmasına görə cavabdehlik onların quraşdırıldığı elektrik qurğusunun (elektrik naqilinin) mülkiyyətçisinin üzərinə düşür. Yuxarıda qeyd olunan Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02 fevral 2005-ci il tarixli 18 saylı qərarı ilə təsdiq olunmuş «Elektrik enerjisindən istifadə qaydaları»nın bəndlərinin, həmçinin həmin Qaydaların 4.1 və 8.1-ci bəndlərinin tələblərindən göründüyü kimi, enerjitəchizatı müəssisəsi tərəfindən bütün istehlakçılara elektrik enerjisinin verilməsi müvafiq alğı-satqı müqaviləsi əsasında həyata keçirilməsi, həmin müqaviləyə əsasən elektrik enerjisindən istifadəyə görə hesablaşmaların aparılması üçün müvafiq uçot cihazların (sayğacların) həmin Qaydalarda nəzərdə tutulmuş qaydada quraşdırılması nəzərdə tutulduğundan məhkəmə hesab edir ki, qarşılıqlı iddia tələbinin sayğacın istismar müddətinin 09.07.2011-ci il tarixdə bitməsi ilə əlaqədar olaraq həmin sayğacın göstəricilərinin etibarsız hesab edilməsi və quraşdırılmış sayğacın “smart-kart” tipli elektrik sayğacı ilə əvəzlənməsi hissəsi də təmin edilməməlidir. Belə ki, hesablaşma uçot cihazının (sayğacın) quraşdırılmasının hüquqi əsasını təşkil edən iş üzrə tərəflər arasında elektrik enerjisinin verilməsinə dair müvafiq alğı-satqı müqaviləsi mövcüd deyil və həmin alğı-satqı müqaviləsinin bağlanmaması qarşı tərəfin təqsiri səbəbindən baş verməsi müəyyən edilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 120-ci maddəsinə əsasən məhkəmə, vicdansızcasına əsassız iddia vermiş və ya iddiaya qarşı mübahisə etmiş, yaxud işə düzgün və tezliklə baxılmasına və onun həll edilməsinə ardıcıl surətdə maneçilik törətmiş tərəfdən, iş vaxtının itirilməsi üçün digər tərəfin və ya dövlətin xeyrinə məbləğ tuta bilər. Həmin məbləğ məhkəmə tərəfindən konkret hallar nəzərə alınmaqla ağlabatan miqdarda müəyyən edilir. Həmin Məcəllənin 232.1-ci maddələrinə əsasən tərəflərin ərizəsi üzrə işə baxmış məhkəmə qətnamənin icrası zamanı tutulmalı pul məbləğlərinin müvafiq indeksasiyasını həyata keçirə bilər. Məhkəmə, qarşılıqlı iddia tələbinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 120-ci və 232-ci maddələrini rəhbər tuturaq “xxxx” ASC-dən pulun tutulması və xeyrinə tutulmuş məbləğin indeksasiyası edilməsi hissəsini əsassız hesab etməklə qeyd edir ki, ilkin iddia tələbi üzrə iddiaçı “xxxx” ASC tərəfindən ona qarşı vicdansızcasına əsassız iddia qaldırmaqla işə düzgün və tezliklə baxılmasına və onun həll edilməsinə ardıcıl surətdə maneçilik törətməsi halları müəyyən edilmədiyindən, həmçinin hazırki mülki mübahisə üzrə pul tutulmadığından məhkəmə qətnaməsinin icrası zamanı tutulmalı pul məbləğlərinin müvafiq indeksasiyasının həyata keçirilməsi ilə bağlı hissədə də təmin edilməməlidir. «İstehlakçıların hüquqlarının müdafiəsi haqqında» Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinə əsasən bazarda hökmran mövqe tutan istehsalçı və ya icraçı (onun nizamnamə fəaliyyətindən, yaxud istehsal imkanlarından kənara çıxdığını sübut etdiyi hallar istisna olmaqla) istehlakçı ilə işlərin icra edilməsi və xidmət göstərilməsi üçün qeyri-bərabər şərt təklif etmədən müqavilə bağlamağa borcludur. Bu halda o, öz istehsalat, yaxud digər təsərrüfat fəaliyyətini elə təşkil etməlidir ki, əhalinin ehtiyacları lazımi səviyyədə və fasiləsiz təmin edilsin. İcraçının əsassız olaraq, müqavilə bağlamaqdan imtina etməsi nəticəsində o, işlərin yerinə yetirilməsindən və xidmətlərin göstərilməməsindən istehlakçıya dəyən ziyanın əvəzini ödəməyə borcludur. Həmin Qanunun 12-ci maddəsinə əsasən istehlakçıların bu Qanunda nəzərdə tutulan hüquqları istehsalçı (icraçı, satıcı) tərəfindən pozularsa, istehlakçıya dəyən mənəvi ziyan günahkar tərəfindən ödənilməlidir. Ödənilən ziyanın dəyəri, qanunla başqa hal nəzərdə tutulmayıbsa, məhkəmə tərəfindən müəyyən edilir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Kostitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli Qərarına əsasən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinin müddəaları yalnız real zərərin, habelə əldən çıxmış faydanın ödənilməsini nəzərdə tutur. Həmin Məcəllənin 23-cü maddəsində nəzərdə tutulmuş zərər dedikdə şərəfin, ləyaqətin və işgüzar nüfuzun ləkələnməsi ilə bağlı şəxsə dəymiş mənəvi zərər (fiziki və mənəvi iztirablar) və maddi zərər başa düşülür. Həmin Qərarda qeyd olunur ki, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri - əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri – maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri - əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O həm vurulmuş əmlak zərəri ilə birlikdə, yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır. "Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 noyabr 2008-ci il tarixli 7 saylı qərarında göstərilir ki, "mənəvi zərər" anlayışı anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqların, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə, ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Qeyd olunan qanunvericiliyin tələblərini rəhbər tutaraq məhkəmə hesab edir ki, “xxxx” ASC tərəfindən imtina edilməsi səbəbindən, “xxxx” ASC ilə Cavabdeh arasında elektrik enerjisinə dair alğı-satqı müqaviləsinin bağlanmaması halı müəyyən edilmədiyindən Cavabdeh dəymiş ziyanın onun hüquqlarına zidd törədilmiş “xxxx” ASCnin hansı əməlləri əsasında olması, ziyanın (mənəvi ziyanın) dəyməsinin nədə ifadə olunması müəyyən olunmadığından qarşılqlı iddia mənəvi zərərin tutulması hissəsində də təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə yuxarıda qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, ilk və qarşılıqlı iddia tələbləri təmin edilməməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 238, 241 və 244-cü maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: «xxxx» ASC-nin Cavabdeh qarşı borc tələbinə dair iddia tələbi təmin edilməsin. Cavabdeh «xxxx» ASC-yə qarşı alqı-satqı müqaviləsinin məcburi bağlanılması, maddi və mənəvi ziyanın ödənilməsi, sayğacın göstəricilərinin etibarsız hesab edilməsi və sayğacın əvəzlənməsi tələbinə dair qarşılıqlı iddia tələbi təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Sabit Bəhrəmzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar