Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(003)-1339/2021 02.04.2021 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Zaur Müzəffər oğlunun sədrliyi, Eyvazlı Məhəmməd Asəf oğlunun katibliyi, İddiaçı Qulamov Elnur Aflatun oğlunun, Cavabdeh Əhmədov Elxan Sərvər oğlunun iştirakları ilə İddiaçı Qulamov Elnur Aflatun oğlunun cavabdeh Əhmədov Elxan Sərvər oğluna qarşı maddi zərərin ödənilməsi tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Qulamov Elnur Aflatun oğlu cavabdeh Əhmədov Elxan Sərvər oğluna qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, yol qəza hadisəsi nəticəsində ona məxsus nəqliyyat vasitəsinə vurulmuş 4020 ( dörd min iyirmi) manat məbləğində zərərin cavabdeh Əhmədov Elxan Sabit oğlundan tutularaq ona ödənməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, 06 yanvar 2021-ci il tarixində saat 23 radələrində A.Cəlilov küçəsi ilə şəhər istiqamətində VAZ 2107 markalı, ** BL *** dövlət qeydiyyat nişanlı maşınıı ilə işıqforun yaşıl işığı yandıqdan sonra hərəkət edərkən qəflətən şəhər istiqamətində Y.Səfərov küçəsi ilə hərəkət edən Əhmədov Elxan Sərvər oğlu etibarnamə əsasında idarə etdiyi “Toyota pirius” markalı ** ZL *** qeydiyyat nişanlı minik avtomobili tərəfindən idarə etdiyi avtomobil arxadan vurulmuşdur. Qəza törədən avtomobil onu vurduqdan sonra yolun kənarındakı “ES lampadari” çıl-çıraq mağazasına girərək oranı da dağıtmışdır. Qəza nəticəsində baş vermiş hadisə yol polisi və "xxxx" işçiləri tərəfindən qeydə alınmış və təqsirkar tərəfindən vurulmuş ziyanın məbləği müəyyən edilərək, ona SMS-lə məlumat verilmişdir ki, avtomobilə dəymiş ziyanın məbləğı 3500 (üç min beş yüz) mant təşkil edir. Ümumi sığorta məbləği 5000 (beş min) manat idi. Lakin sığorta idarəsi Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Dövlət Sığorta Nəzarətinin 15 avqust 1996-cı il tarixli 453 saylı əmri ilə təsdiq edilmiş Azərbaycan Respublikası Nəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası haqqında təlimatının 48-ci bəndinə müvafiq olaraq qanunvericilikdə nəzərdə tutulmuş sığorta məbləğini iki və və daha artıq şəxsin əmlakına vurulan zərər kimi onunla mağaza sahibi arasında mütənasib olaraq bölünmüşdür. Nəticədə ona düşən məbləğ 1480 (min dört yüz səksən) manat dəymiş zərərin heç onda bir hissəsini də təşkil etmədi. Ona görə ki, faktiki olaraq ona məxsus nəqliyyat vasitəsi tamamilə məhv olmuşdu və avtomobilimə dəymiş ziyan bütövlükdə 5500 (beş min beş yüz) mant təşkil edirdi. Sığortadan verilən məbləğə avtomobili bərpa etmək və ya ona uyğun bir nəqliyyat vasitəsi almaq qeyri-mümkündür. Zərərin faktiki məbləği ödənişin məbləğindən artıq olduğuna görə hadisəni törətmiş olan E.S.Əhmədova müraciət etdi və qalan məbləğin ödənilməsini tələb etmişdir. Lakin cavabdeh ona dəymiş qalan zərəri ödəməkdən imtina etmişdir. Məhkəmə iclasında iddiaçı Qulamov Elnur Aflatun oğlu iddia tələbini müdafiə edərək onun təmin olunmasını xahiş etdi və iddia ərizəsinin məzmununa uyğun izahat verdi. Həmçinin bildirdi ki, hadisədən sonra avtomobili qəzalı vəziyyətdə 900 manata satmışdır. Sığrta aktı əsasında maşına dəymiş zərərin 3500 manat olduğu müəyyən edilmişdir. Məhkəmə iclasında cavabdeh Əhmədov Elxan Sərvər oğlu iddia tələbini qismən etiraf edərək, izahatında bildirdi ki, o, hadisə zamanı uşunu itirmişdir. Bunun nəticəsində qəza törətmişdir. Həmin avtomobilə dəymiş zərərlə bağlı onun ustası ilə avtomobilə baxış keçirilmiş və ona dəymiş zərərin təmir xərcinin 1500 manat olduğu bildirilmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş üzrə toplanmış sübutları tədqiq edib, hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan "xxxx" ASC-nin sığorta akından görünür ki, hadisə nəticəsində avtomobilə dəymiş zərərin əvəzi olaraq sığorta şirkəti tərəfindən 1475,05 manat ödəniş edilmişdir. İş materiallarına əlavə edilmiş "xxxx" MMC tərəfindən 13.01.2021-ci il tarixdə verilmiş qiymətləndirmə aktından görünür ki, Qulamov Elnur Aflatun oğluna məxsus “VAZ 21074” markalı avtomobilə dəymiş toplam zərər 3500 manat təşkil edir. İş materiallarına əlavə edilmiş cinayət işinin başlanmasının rədd edilməsi barədə Bakı şəhəri Xətai RPİ-nin 27.01.2021-ci il tarixli qərarından görünür ki, 06.01.2021-ci il tarixində saat 23:41 radələrində Əhmədov Elxan Sərvər oğlu B kateqoryalı, AD 102692 seryalı sürücülük vəsiqəsi ilə, etibarnamə əsasında idarə etdiyi “Toyota Prius minik” markalı 99-ZL384 dövlət qeydiyyat nişanlı avtomobili ilə Bakı şəhəri, Xətai rayonu, Y.Səfərov küçəsi ilə saatda 60 km sürətlə A.Cəlilov küçəsi istiqamətində hərəkətdə olarkən idarəetməni itirdiyindən avtomobilin qabaq hissəsi ilə A.Cəlilov küçəsi ilə düzünə hərəkətdə olan Qulamov Elnur Aflatun oğlunun BC kateqoryalı, AF 016320 seryalı sürücülük vəsiqəsi ilə etibarnamə əsasında idarə etdiyi “Vaz 21074 minik” markalı **-BL- *** dövlət qeydiyyat nişanlı avtomobilinin arxa sağ yan hissəsindən vuraraq özünün və “Vaz 21074” markalı avtomobilin sərnişini Əhmədzadə Ceyhun Əvəz oğlunun xəsarət alması daha sonra avtomobilinin yoldan çıxaraq Y.Səfərov küçəsi 1 A ünvanında fəaliyyət göstərən “Eslampadari” Çıl-Çıraq mağazasına dəyməklə mağazaya maddi ziyan yetirməsi ilə nəticələnən yol nəqliyyat hadisəsi törətmişdir. İş materiallarına əlavə edilmiş cinayət işinin başlanmasının rədd edilməsi barədə Bakı şəhəri Xətai RPİ-nin 27.01.2021-ci il tarixli qərarından görünür ki, “Toyota Prius minik” markalı **-ZL-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Əhmədov Elxan Sərvər oğlu hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərinə uyğunsuzluq olmuşdur. Baş vermiş hadisədə cinayət tərkibi olmadığını nəzərə alaraq toplanmış material üzrə cinayət işi başlanılması rədd edilməsi, yol-nəqliyyat hadisəsini törətmiş sürücü Əhmədov Elxan Sərvər oğlu Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddəsi ilə inzibati qaydada məsuliyyətə cəlb edilməsi üçün qərarın surəti inzibati protokol tərtib edilərək rayon məhkəməsinə göndərilməsi üçün Xətai RPİ-nin DYPŞ-nə göndərilmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 14.2.6-cı maddəsi başqa şəxsə zərər vurulmasını mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından, 386.1-ci maddəsi isə zərər vurulmasını öhdəliyin əmələ gəlməsi əsaslarından biri kimi təsbit edir. Həmin Məcəllənin 1096-cı maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd əməldir. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Məhkəmə qeyd edir ki, sadalanan maddi hüquq normalarına görə zərərin ödənilməsi üçün aşağıdakı hüquqi əsaslar müəyyən edilməlidir: zərərin mövcud olması, zərərin qanunsuz hərəkət və yaxud hərəkətsizlik nəticəsində vurulması, zərərlə qanunsuz hərəkət və yaxud hərəkətsizlik arasında səbəbli əlaqənin olması, zərər vuran şəxsin təqsirli olması. Zərərin əvəzinin ödənilməsinə münasibətdə isə məhkəmə qeyd edir ki, Mülki Məcəllənin 21-ci maddəsi mərkəzi ümumi norma kimi çıxış edərək zərərin əvəzinin ödənilməsi ilə əlaqədar tələbin şərtlərini deyil, yalnız hüquqi nəticələrini tənzimləyir. Zərərin əvəzinin ödənilməsi üçün iddia tələbinin əsasının özü isə digər hüquq sahələrində (məsələn, müqavilə hüququ, delikt hüququ və s.) axtarılmalıdır. Bu mənada, konkret mübahisəyə münasibətdə cavabdeh tərəfindən delikt törədildiyi müəyyən olunduğundan məhkəmə hesab edir ki, zərərin əvəzinin ödənilməsi üçün iddia tələbinin əsası da məhz delikt hüququndan irəli gəlir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097.1-ci maddəsinə əsasən isə mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və ya işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Məhəkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, 06.01.2021-ci il tarixində saat 23:41 radələrində Əhmədov Elxan Sərvər oğlu idarə etdiyi “Toyota Prius minik” markalı 99- ZL384 dövlət qeydiyyat nişanlı avtomobili ilə Bakı şəhəri, Xətai rayonu, Y.Səfərov küçəsi ilə A.Cəlilov küçəsi istiqamətində hərəkətdə olarkən idarəetməni itirdiyindən avtomobilin qabaq hissəsi ilə A.Cəlilov küçəsi ilə düzünə hərəkətdə olan Qulamov Elnur Aflatun oğlunun idarə etdiyi “Vaz 21074 minik” markalı **-BL-*** dövlət qeydiyyat nişanlı avtomobilinin arxa sağ yan hissəsindən vurmuşdur. Hadisə nəticəsində Qulamov Elnur Aflatun oğlunun idarə etdiyi “Vaz 21074 minik” markalı **-BL-*** dövlət qeydiyyat nişanlı avtomobilə zərər dəymişdir. Hazırda iddiaçı onun idarə etdiyi “Vaz 21074 minik” markalı **-BL-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərərin əvəzi olaraq 4020 manat ödənilməli olduğunu iddia edir. İddiaçı ona 4020 manat ödənilməli oğluğunu iddia etsə də, buna dair məhkəməyə hər hansı bir sübut təqdim etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə qeyd edir ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəməyə təqdim edilmiş sübutlar əsasında müəyyən edilmişdir ki, tərtib edilmiş qüsur aktı nəticəsində Qulamov Elnur Aflatun oğlunun idarə etdiyi “Vaz 21074 minik” markalı **-BL-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərər 3500 manat həcmində qiymətləndirilmiş və hadisə nəticəsində digər zərərçəkmişlərin olması ilə əlaqədar sonuncuya dəymiş sığorta hadisəsi nəticəsində 1475,05 manat pul ödənilmişdir. Göründüyü kimi qüsur aktı nəticəsində müəyyən edilmiş zərərin üçüncü şəxslərə də ziyan vurulmuş olduğundan tam olaraq iddiaçıya ödənilməsi mümkün olmamışdır. Belə olan halda iddiaçıya dəymiş zərərin ödənilmiş zərər çıxılmaqla qalıq 2024,95 manat (3500- 1475,05=2024,94) cavabdehdən tutulmalıdır. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara məcmu halında qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, yol qəza hadisəsi nəticəsində iddiaçıya məxsus “Vaz 21074 minik” markalı **-BL-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə vurulmuş 2024,94 manat məbləğində zərərin cavabdeh Əhmədov Elxan Sabit oğlundan tutularaq iddiaçı Qulamov Elnur Aflatun oğluna ödənilməlidir. İddia qalan hissədə rədd edilməlidir. Qeyd olunanlara əsasən, Azərbaycan Respublikası MPM-in 216-220 və 360-cı maddələrini rəhbər tutub, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh Əhmədov Elxan Sərvər oğlundan 2024,95 manat məbləğində (yol qəza hadisəsi nəticəsində dəymiş maddi zərər) pul tutularaq iddiaçı Qulamov Elnur Aflatun oğluna ödənilsin. İddia qalan hissədə rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Zaur Tağıyev
Məhkəmə qərarları › İş №2(003)-1339/2021
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №2(003)-1339/2021
02.04.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver