Məhkəmə qərarları › İş №2(003)-1362/2024

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №2(003)-1362/2024

08.05.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(003)-1362/2024 08.05.2024 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Zaur Müzəffər oğlunun sədrliyi, Eyvazlı Məhəmməd Asəf oğlunun katibliyi, İddiaçı vəkili və nümayəndəsi Nümayəndə, Cavabdeh iştirakı ilə İddiaçı Cavabdeh qarşı alimentin miqdarının artırılması tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh Xəzər Rayon Məhkəməsinin 2(003)-3688/2018 saylı, 22 oktyabr 2018-ci il tarixli qətnaməsi ilə xx.xx.2006-cı il təvəllüdlü X3, xx.xx.2009-cu il təvəllüdlü X4 və xx.xx.2010-cu il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay hər uşaq üçün 110 manat, cəmi 330 manat sabit pul məbləğində tutulan alimentin məbləği artırılaraq hər ay hər uşaq üçün 235 manat, cəmi 705 manat və xx.xx.2006-cı il təvəllüdlü X3 xəstəliyi ilə bağlı hər ay 50 manat məbləğində əlavə xərcin məbləği arıtırılaraq 100 manat məbləğində müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırmışdır ki, o, Xəzər Rayon Məhkəməsinin 22 oktyabr 2018-ci il tarixli qətnaməsi ilə Cavabdeh xx.xx.2006-cı il təvəllüdlü X3, xx.xx.2009-cu il təvəllüdlü X4 və xx.xx.2010-cu il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay hər uşaq üçün 110 manat, cəmi 330 manat sabit pul məbləğində alimentin və xx.xx.2006-cı il təvəllüdlü X3 xəstəliyi ilə bağlı hər ay 50 manat məbləğində əlavə xərcin İddiaçı xeyrinə tutulması qət edilmişdir. Ərizəyə əlavə olunan Bakı 11 saylı Mediasiya Təşkilatının 26 yanvar 2024-cü il tarixli arayışından görünür ki, ilkin mediasiya sessiyasından sonra prosesin davam etdirilməsi mümkün olmamışdır. Bu barədə müvafiq arayış verilmişdir. Nəzərə almaq lazımdır ki, aliment məbləğinin və əlavə xərcin müəyyən edildiyi 2018-ci il tarixdən bu yana istehlak qiymətləri artmış, uşaqlar böyümüş və onların maddi tələbatının həcmi də artmışdır. Daha sonra İddiaçı vəkili və nümayəndəsi Nümayəndə iddia tələbinin həcminin artırılması barədə ərizə təqdim edərək, bildirmişdir ki, iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh Xəzər Rayon Məhkəməsinin 2(003)-3688/2018 saylı, 22 oktyabr 2018-ci il tarixli qətnaməsi ilə xx.xx.2006-cı il təvəllüdlü X3, xx.xx.2009-cu il təvəllüdlü X4 və xx.xx.2010-cu il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay hər uşaq üçün 110 manat, cəmi 330 manat sabit pul məbləğində tutulan aliment məbləğinin artırılaraq hər ay hər uşaq üçün 235 manat, cəmi 705 manat və xx.xx.2006-cı il təvəllüdlü X3 xəstəliyi ilə bağlı hər ay 50 manat məbləğində əlavə xərcin məbləği arıtırılaraq 100 manat məbləğində müəyyən edilməsini xahiş etmiş, əlavə olunan sənədlərdən görünür ki, bundan başqa xx.xx.2010-cu il təvəllüdlü X6 da baş beynin xəstəliyindən əziyyət çəkir və ona hər ay dərmanlar alınmalıdır. Ona görə də MPM-nin 53cü maddəsinə əsasən iddia tələbinin həcmini artıraraq Xəzər Rayon Məhkəməsinin 2(003)-3688/2018 saylı, 22 oktyabr 2018-ci il tarixli qətnaməsi ilə müəyyən edilmiş aliment məbləğinin artırılaraq hər ay hər uşaq üçün 235 manat, cəmi 705 manat və xx.xx.2006-cı il təvəllüdlü X3 xəstəliyi ilə bağlı əlavə xərcin məbləği artırılaraq hər ay 100 manat məbləğində müəyyən edilməsi, xx.xx.2010-cu il təvəllüdlü X5 xəstəliyi ilə bağlı hər ay 100 manat məbləğində əlavə xərc məbləğinin cavabdehdən tutularaq ona ödənilməsini xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı vəkili və nümayəndəsi Nümayəndə iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddia tələbinin təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında Cavabdeh iddia tələbini qismən etiraf edərək bildirdi ki, o, işləyir və aylıq əmək haqqısı 1268 manat təşkil edir, lakin vergiyə çıxıldıqdan sonra əlində 1005- 1010 manat qalır. Oğlu Mansur epilepsiya xəstəsidir. Ona daimi dərman yazılmış, həmin dərmanın qiyməti təxminən 15 manat təşkil edir. Digər övladı yıxılmış və bununla bağlı 2020-2022-ci illərdə müalicə almış, həmin müalicə bitmişdir. O, alimentin həmin məbləğdə artırılması ilə razı deyil. Aylıq əmək haqqısının 50%-nin tutulmasına etiraz etmir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatını dinləyib, iş materiallarını nəzərdən keçirib, hesab edir ki, iddia qismən təmin edilməlidir. İş materiallarından olan Bakı 11 saylı Mediasiya təşkilatının MŞB/11/2024-00022 saylı xx.xx.2024-cü il tarixli İMS-də iştirak edilməməsi barədə arayışdan görünür ki, Cavabdeh İMS-də iştirak etməmişdir. İş materiallarından olan Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli 2(003)-3688/2018 saylı qətnaməsi ilə, iddia qismən təmin edilmiş, xx.xx.2018-ci il tarixdən başlayaraq 05 iyul 2006-cı il təvəllüdlü X3, 05 mart 2009-cu il təvəllüdlü X4 və 28 sentyabr 2010-cu il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh hər ay hər uşaq üçün 110 (bir yüz on) manat, cəmi 330 (üç yüz otuz) manat sabit pul məbləğində aliment tutulub X2 verilməsi, xx.xx.2018-ci il tarixdən başlayaraq 05 iyul 2006cı il təvəlltdlü X3 xəstəliyi ilə bağlı Cavabdeh hər ay 50 (əlli) manat məbləğində əlavə xərc X1 xeyrinə tutulması, Cavabdeh 30 (otuz) manat məbləğində dövlət rüsumu dövlət gəlirinə tutulması qət edilmişdir. İş materiallarından olan 07 saylı, xx.xx.2024-cü il tarixli arayışdan görünür ki, Cavabdeh 15 yanvar 2009-cu il tarixdən etibarən “X8 Kompani S.A." şirkətinin Azərbaycan Respublikasındakı Nümayəndəliyində işləyir. Hal hazırda o, idarənin Baş energetik, Energetika xidmətində elektrik avadanlıqlarının təmiri və xidmət üzrə elektrik montyoru vəzifəsində çalışır və orta aylıq əmək haqqı 1268 manat təşkil edir. Məhkəmə qeyd edir ki, hazırki iddia tələbi əvvəllər məhkəmə tərəfindən müəyyən edilmiş alimentin miqdarının dəyişdirilməsinə (artırılmasına) dairdir. Alimentin miqdarının dəyişdirilməsinin həlli qaydası Ailə Məcəlləsinin 112.1-ci maddəsi ilə tənzimlənir. Həmin maddəyə görə aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Beləliklə, qanunverici prinsip etibarı ilə məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra onun miqdarının dəyişdirilməsinin (artırılmasını və ya azaldılması) və ya aliment ödəməkdən ümumiyyətlə azad edilmənin mümkünlüyünü nəzərdə tutur. Lakin bunun ən əsas şərti məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olduğunun sübuta yetirilməsidir. Hazırkı mübahisə üzrə iddiaçı cavabdehlə birgə nikahdan doğulmuş iki uşağının müəyyən olunmuş alimentin miqdarının artırılmasını əvvəllər müəyyən olunmuş aliment məbləğinin uşağın saxlanılmasının təminatı üçün kifayət etmədiyinə əsaslanmaqla tələb edir. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinə əsasən, uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamağa borcludurlar. «Uşaq hüquqları haqqında» Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinə əsasən, dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar. Həmin Qanunun 13-cü maddəsinə əsasən isə uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Beləliklə, qanunvericiliyin sadalanan müddəaları alimentin məbləğinin müəyyənləşdirilməsi zamanı əsas meyar kimi uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanmasını müəyyən etmişdir. Lakin bu zaman tərəflərin maddi və ailə vəziyyətləri, eləcə də hər bir konkret hal üzrə müəyyən olunmuş digər diqqətəlayiq hallar da nəzərə alınmalıdır. Ölkə üzrə uşaqlar üçün müəyyən olunmuş yaşayış minimumu isə özlüyündə müəyyən meyar kimi çıxış etsə də, minimum təminat səviyyəsini nəzərdə tutur. Məhkəmə hesab edir ki, iddiaçı alimentin miqdarının artırılmasını tələb etməkdə haqlıdır. Belə ki, onun aldığı aliment məbləğinin müəyyən olunduğu tarixdən istehlak qiymətləri və.s dəyişmiş, uşaq böyüməkdə davam etməklə onun müvafiq olaraq tələbatları da artmışdır. Yuxarıda iddiaçıya münasibətdə qeyd edilən hallarla yanaşı qeyd olunan normaların məzmunundan göründüyü kimi, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa dəyişə bilər. Bu dəyişiklilər özünü tərəflərin birinin ailə vəziyyəti, gəlirlərin miqdarı və sair ilə bağlıdır. Hazırkı halda isə əvvəlki qətnamə ilə sonuncu dəfə alimentin miqdarının müəyyən edildiyi vaxtdan hal-hazıradək cavabdehin maddi vəziyyətində yaxşılaşmağa doğru hər hansı dəyişikliyin baş verməsi iddiaçı tərəfindən sübuta yetirilmədiyindən aliment ödəməli olan şəxsin, yəni cavabdehin diqqətəlayiq maraqları baxımından aliment məbləğinin iddia tələbində qeyd edilən məbləğdə artırılması qanuni və əsaslı hesab edilə bilməz. Beləliklə, məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli 2(003)-3688/2018 saylı qətnaməsi ilə Cavabdeh İddiaçı xeyrinə tutulan alimentin miqdarı artırılmalı, xx.xx.2006-cı il təvəllüdlü X3, xx.xx.2009-cu il təvəllüdlü X4 və xx.xx.2010-cu il təvəllüdlü X5 yekinlik yaşına çatanadək saxlanılmaları üçün Cavabdeh İddiaçı xeyrinə hər ay hər uşağa görə 190 manat olmaqla ümumilikdə 570 manat sabit pul məbləğində aliment tutulmalı, iddia qalan hissədə rədd edilməlidir. Alimentin tutulma müddəti ilə bağlı məhkəmə hesab edir ki, cavabdehdən qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi əsasında aliment tutulduğundan, alimentin tutulma müddəti Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən iddia ərizəsinin məhkəməyə verildiyi tarixdən, yəni mövcud iddia tələbi ilə məhkəməyə müraciət etdiyi vaxtdan deyil, mövcud məhkəmə qətnaməsinin qanuni qüvvəsini aldığı vaxtdan başlanmalıdır. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərindən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Ali Məhkəmənin Plenumunun 28 mart 2016-cı il tarixli 8-2 №-li Qərarının 8.14-cü bəndində də qeyd olunmuşdur ki, məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs alimenti ödəməkdən azad edilir. «Dövlət rüsumu haqqında» Azərbaycan Respublikası Qanununun 8.1.2-ci maddəsinin tələbinə görə iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda, 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faiz dövlət rüsumu ödənilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 112.1.3-cü maddəsinin tələbinə görə iddianın qiyməti aliment alınması haqqındakı iddialarda bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. Həmin Məcəllənin 124.1-ci maddəsinə əsasən, işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. Məhkəmə cavabdehdən dövlət rüsumunun alınması məsələsinə qiymət verərək hesab edir ki, hazırki iddia tələbi üzrə əvvəki qətnamə ilə müəyyən edilmiş alimentin məbləği 80 manat miqdarında artırıldığından və həmin məbləğlə bir il ərzində ödəmənin məcmusu 2880 manat (80x3x12=2880) müəyyən edildilməklə iddianın qiyməti 1000 manatdan çox olduğundan cavabdehdən dövlət mədaxilinə 48,80 manat məbləğində dövlət rüsumu alınmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli 2(003)-3688/2018 saylı qətnaməsi ilə Cavabdeh İddiaçı xeyrinə tutulan alimentin miqdarı artırılsın. Hazırkı qətnamə qanuni qüvvəyə mindiyi tarixdən başlayaraq xx.xx.2006-cı il təvəllüdlü X3, xx.xx.2009-cu il təvəllüdlü X4 və xx.xx.2010-cu il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh İddiaçı xeyrinə, hər ay hər uşağa görə 190 (bir yüz doxsan) manat olmaqla, cəmi 570 (beş yüz yetmiş) manat sabit pul məbləğində aliment tutulsun. Cavabdeh 48,80 manat dövlət rüsumu alınaraq Azərbaycan Respublikasının dövlət büdcəsinə ödənilsin. İddia qalan hissədə rədd edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən Zaur Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar