Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(003)-1385/2022 12.05.2022 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Zaur Müzəffər oğlunun sədrliyi, Eyvazlı Məhəmməd Asəf oğlunun katibliyi, İddiaçı X1 nümayəndəsi X7 iştirakı ilə İddiaçı X1 Cavabdeh qarşı alimentin miqdarının artırılması tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı X1 Cavabdeh qarşı aliment tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-617/2019 saylı 09.01.2019-cu il tarixli qətnaməsi ilə tutulan alimentin miqdarının artırılaraq, Cavabdeh onun xeyrinə uşağının yetkinlik yaşına çatanadək saxlanılması üçün 193 manat sabit pul məbləğində alimentin tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh ilə rəsmi nigahlarından 18.10.2018-ci il təvəllüdlü X9 doğulmuşdur. Cavabdehlə bir müddət normal münasibətlərdə yaşasaqda, sonradan onunla münasibətləri pozulmuş və onlar Xəzər Rayon Məhkəməsinin 2(003)-2185/2018 saylı qətnaməsi ilə ayrılmışlar və övladları onun yanında qalması qət edilmişdir. Həmçinin Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 09 yanvar 2019-cu il tarixli 2(003)-617/2019 saylı qətnaməsi ilə uşağın saxlanması üçün onun xeyrinə cavabdehdən 160 manat məbləğində alimentin tutulması müəyyən edilmişdir. Cavabdehin ödədiyi aliment övladının xərcələrini qarşılamır və nəticədə o ciddi sosial problemlərlə üzləşir. Həmçinin ölkədə yetkinlik yaşma çatmamışlar üçün yaşayış minimumu da dəyişdirilmiş və 2022-ci ildə hər uşaq üçün 193 manat müəyyən edilmişdir. Buna görə də görə “aliment miqdarının artırılması” barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında iddiaçı X1 nümayəndəsi X10 iddia tələbini müdafiə edərək təmin edilməsini xahiş etdi. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə lazıi qaydada məlumat verilməsinə baxmayaraq o, məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmənin 26 aprel 2022-ci il tatixli iclasında iştirak edən Cavabdeh iddianı etiraf etməyərək bildirmişdir ki, o ikinci dəfə ailə qurub, bir uşağı var, hec yerdə işləmir, fəhləlik edərək ailəsini dolandırır, təyin edilmiş 160 manat alimenti ödəməkdə də çətinlik çəkir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarını nəzərdən keçirib, hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. İş materiallarında olan Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-2185/2018 saylı, 21 sentyabr 2018-ci il tarixli qətnaməsi ilə X2 ilə Cavabdeh arasında 06 iyun 2017-ci ildə bağlanmış və 5 saylı Bakı Aan Xidmnət mərkəzi Qeydiyyat şöbəsində nikahın bağlanmsaı haqqında akt qeydləri kitabında 1670 № ilə qeydə alınmış nikah pozulmuşdur. İş materiallarından görünür ki, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)- 617/2019 saylı 09.01.2019-cu il tarixli qətnaməsi ilə İddiaçı ilə Cavabdeh birgə nikahından doğulmuş 18 oktyabr 2018-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh 13 dekabr 2018-ci il tarixdən başlayaraq hər ay 160 (bir yüz altmıs. manat sabit pul məbləğində aliment tutularaq İddiaçı ödənilməsi qət edilmişdir. İşdə olan “nikah haqqında şəhadərtnamədən” görünür ki, Cavabdeh ilə X5 25 yanvar 2021-ci ildə nikaha bağlamışlar. İşdə olan doğum haqqında şəhadətnamədən görünür ki, Cavabdeh ilə X3 birgə nıkahından X12 doğulmuşdur. Beləliklə, hazırki iddia tələbi əvvəllər məhkəmə tərəfindən müəyyən edilmiş alimentin miqdarının dəyişdirilməsinə (artırılmasına) dairdir. Alimentin miqdarının dəyişdirilməsinin həlli qaydası Ailə Məcəlləsinin 112.1-ci maddəsi ilə tənzimlənir. Həmin maddəyə görə aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Beləliklə, qanunverici prinsip etibarı ilə məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra onun miqdarının dəyişdirilməsinin (artırılmasını və ya azaldılması) və ya aliment ödəməkdən ümumiyyətlə azad edilmənin mümkünlüyünü nəzərdə tutur. Lakin bunun ən əsas şərti məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olduğunun sübuta yetirilməsidir. Hazırki mübahisə üzrə iddiaçı müəyyən olunmuş alimentin miqdarının artırılmasını əvvəllər müəyyən olunmuş aliment məbləğinin uşağın saxlanılmasının təminatı üçün kifayət etmədiyinə əsaslanmaqla tələb edir. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinə əsasən, uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamağa borcludurlar. «Uşaq hüquqları haqqında» Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə əsasən isə uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Beləliklə, qanunvericiliyin sadalanan müddəaları alimentin məbləğinin müəyyənləşdirilməsi zamanı əsas meyar kimi uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanmasını müəyyən etmişdir. Lakin bu zaman tərəflərin maddi və ailə vəziyyətləri, eləcə də hər bir konkret hal üzrə müəyyən olunmuş digər diqqətəlayiq hallar da nəzərə alınmalıdır. Ölkə üzrə uşaqlar üçün müəyyən olunmuş yaşayış minimumu isə özlüyündə müəyyən meyar kimi çıxış etsə də, minimum təminat səviyyəsini nəzərdə tutur. Məhkəmə hesab edir ki, iddiaçı alimentin miqdarının artırılmasını tələb etməkdə haqlıdır. Belə ki, onun aldığı aliment məbləğinin müəyyən olunduğu tarixdən istehlak qiymətləri və.s dəyişmiş, uşaqlar böyüməkdə davam etməklə onların müvafiq olaraq tələbatları da artmışdır. Bütün bunlar iddiaçının maddi vəziyyətində yaranmış dəyişiklik kimi qəbul edilməlidir. Yuxarıda iddiaçıya münasibətdə qeyd edilən hallarla yanaşı qeyd olunan normaların məzmunundan göründüyü kimi, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa dəyişə bilər. Bu dəyişiklilər özünü tərəflərin birinin ailə vəziyyəti, gəlirlərin miqdarı və sair ilə bağlıdır. Hazırki halda isə əvvəlki qətnamə ilə sonuncu dəfə alimentin miqdarının müəyyən edildiyi vaxtdan hal-hazıradək cavabdehin maddi vəziyyətində yaxşılaşmağa doğru hər hansı dəyişikliyin baş verməsi iddiaçı tərəfindən sübuta yetirilmədiyindən, habelə cavabdehin himayəsində digər nikahından azyaşlı uşağının olmasından, aliment ödəməli olan şəxsin, yəni cavabdehin diqqətəlayiq maraqları baxımından aliment məbləğinin iddia tələbində qeyd edilən məbləğdə artırılması qanuni və əsaslı hesab edilə bilməz. Lakin buna baxmayaraq göstərilən hal cavabdehin övladlarının saxlanılmasında və getdikcə artan tələbatlarının qarşılanmasında iştirak vəzifəsindən azad etmir. Bu baxımdan ananın yanında saxlanılan uşağın gündəlik tələbatlarını, ölkədə olan istehlak qiymətləri və.s dəyişməsini, uşağın böyüməkdə davam etməklə hər keçən müddətdə onun müvafiq olaraq tələbatlarının da artmasını nəzərə almaqla məhkəmə hesab edir ki, əvvəlki qətnamə ilə 18.10.2018-ci il təvəllüdlü X4 yetkinlik yaşınadək saxlanılması üçün müəyyən edilmiş alimentin miqdarının artıraraq hər ay 180 manat sabit pul məbləğində aliment müəyyən edilməsi qanuni və ağlabatandır. Beləliklə, məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməli, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-617/2019 saylı 09.01.2019-cu il tarixli qətnaməsi ilə Cavabdeh iddiaçı X1 xeyrinə tutulan alimentin miqdarı artırılmalı 18.10.2018-ci il təvəllüdlü X4 yekinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh iddiaçı X1 xeyrinə hər ay 180 manat sabit pul məbləğində aliment tutulmalıdır. Alimentin tutulma müddəti ilə bağlı məhkəmə hesab edir ki, cavabdehdən qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi əsasında aliment tutulduğundan, alimentin tutulma müddəti Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən iddia ərizəsinin məhkəməyə verildiyi tarixdən, yəni mövcud iddia tələbi ilə məhkəməyə müraciət etdiyi vaxtdan deyil, mövcud məhkəmə qətnaməsinin qanuni qüvvəsini aldığı vaxtdan başlanmalıdır. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərindən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Ali Məhkəmənin Plenumunun 28 mart 2016-cı il tarixli 8-2 №-li Qərarının 8.14-cü bəndində də qeyd olunmuşdur ki, məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs alimenti ödəməkdən azad edilir. «Dövlət rüsumu haqqında» Azərbaycan Respublikası Qanununun 8.1.1-ci maddəsinin tələbinə görə, iddia qiyməti 1000 manatadək olduqda 30 manat dövlət rüsumu ödənilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 112.1.3-cü maddəsinin tələbinə görə iddianın qiyməti aliment alınması haqqındakı iddialarda bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. Həmin Məcəllənin 124.1-ci maddəsinə əsasən, işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. Məhkəmə cavabdehdən dövlət rüsumunun alınması məsələsinə qiymət verərək hesab edir ki, hazırki iddia tələbi üzrə əvvəki qətnamə ilə müəyyən edilmiş alimentin məbləği 20 manat miqdarında artırıldığından və həmin məbləğlə bir il ərzində ödəmənin məcmusu 564 manat (20x12=240) müəyyən edildilməklə iddianın qiyməti 1000 manatdan az olduğundan cavabdehdən dövlət mədaxilinə 30 manat məbləğində dövlət rüsumu alınmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-617/2019 saylı 09.01.2019-cu il tarixli qətnaməsi ilə Cavabdeh X8 qızının xeyrinə tutulan alimentin miqdarı artırılsın. Hazırkı qətnamə qanuni qüvvəyə mindiyi tarixdən başlayaraq 18.10.2018-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün Cavabdeh İddiaçı xeyrinə hər ay 180 (bir yüz səksən) manat sabit pul məbləğində aliment tutulsun. İddia tələbi qalan hissədə təmin edilməsin. Cavabdeh 30 (otuz) manat dövlət rüsumu alınaraq Azərbaycan Respublikasının dövlət büdcəsinə ödənilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən Zaur Tağıyev
Məhkəmə qərarları › İş №2(003)-1385/2022
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №2(003)-1385/2022
12.05.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver