Məhkəmə qərarları › İş №2(003)-1394/2023

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №2(003)-1394/2023

13.04.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(003)-1394/2023 13.04.2023 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin hakimi Cəfərzadə İlham Nizami oğlu, iddiaçı "xxxx" KB ASC-nin Cavabdeh qarşı borcun ödənilməsi tələbinə dair kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında baxaraq, müəyyən etdi: İddiaçı "xxxx" KB ASC kiçik iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehvərəsə Cavabdeh 199,53 manat məbləğində borcun və 30,40 manat məbləğində ödənilmiş dövlət rüsumunun tutularaq "xxxx" KB ASC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırmışdır ki, "xxxx" KB ASC ilə borclu X3 arasında bağlanmış xx.xx.2019-cu il tarixli kredit xətti müqaviləsinə əsasən ona istehlak məqsədləri üçün 84 ay müddətinə illik 29% ödəmək şərtilə 594,53 manat məbləğində kredit verilmişdir. X1 ölməsi müəyyən olunduğundan ondan miras qalmış əmlaka dair vərəsəlik işinin açılıb-açılmaması haqqında məlumat verilməsi ilə bağlı Bakı şəhəri 14 saylı Notariat ofisinə olunmuş müraciətə verilmiş cavab məktubundan onun vərəsəsi Cavabdeh olduğu və ona qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi müəyyən edilmişdir. Nəticədə cavabdehin kredit müqaviləsi üzrə xx.xx.2023-cü il tarixinə "xxxx" KB ASC-yə 199,53 manat əsas borcu yaranmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.1-ci maddəsinə uyğun olaraq cavabdehə rəsmi qaydada bildiriş göndərilmiş, poçt vasitəsi ilə verilmiş zərfin üzərinə “ünvan tapılmadı” qeydi ilə geri qaytarılmışdır. Məhkəmə iş materiallarını araşdırıb, sübutlara məcmu halda obyektiv, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarında olan xx.xx.2019-cu il tarixli 7781sMDK/19 saylı kredit müqaviləsindən görünür ki, həmin müqavilə "xxxx" KB ASC ilə X3 arasında 84 ay müddətinə illik 29 faiz ödəmək şərtilə 10000 manat məbləğinədək kredit limitinin ayrılması haqqında bağlanmışdır. İş materiallarından görünür ki, qeyd olunan müqavilə əsasında iddiaçı bank tərəfindən X2 84 ay müddətində illik 29 %-lə 300 manat kredit xətti açılmışdır. İş materiallarında olan maliyyə arayışından görünür ki, X1 xx.xx.2023-cü il tarixinə "xxxx" KB ASC-yə 199,53 manat əsas borcu vardır. İş materiallarında olan AZ-İİ 208998 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X3 xx.xx.2021-ci il tarixdə ölmüşdür. İş materiallarında olan ünvan ünvanladığı xx.xx.2023-cü il tarixli məktubunun surətindən görünür ki, notariat ofisində xx.xx.2021-ci il tarixdə ölmüş X1 adına vərəsəlik işi açılmış və onun vərəsəsi Cavabdeh qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. Miras qalmış əmlak “Vaz 21074” minik markalı avtomobildən, "xxxx" QSC tərəfindən ödəniləcək 2110,84 manatdan və Bakı şəhəri Xəzər rayonu Şağan qəsəbəsi M.C.Bağırzadə küçəsində yerləşən 18 saylı fərdi yaşayış evindən ibarət olmuşdur. İş materiallarında olan xx.xx.2023-cü il tarixli ödəniş qəbzdən görünür ki, iddiaçı tərəfindən 30 manat məbləğində dövlət rüsumu və 0,40 manat bank xidmət haqqı ödənilmişdir. İş materialları ilə müəyyən olunur ki, iddiaçı ilə X3 arasında bağlanmış xx.xx.2019-cu il tarixli 7781sMDK/19 saylı kredit müqaviləsi əsasında sonuncuya 84 ay müddətində illik 29 %-lə 300 manat kredit xətti açılmışdır. Kreditalan X3 xx.xx.2021-ci il tarixdə ölmüş və Cavabdeh, onun qanun üzrə vərəsəsidir. Ayrılmış kredit xətti üzrə kreditalanın 199,53 manat əsas borcu yaranmış, həmin borc hazırda onun vərəsəsindən tələb olunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Həmin Məcəllənin 1306.1-ci maddəsinə əsasən vərəsələr miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam ödəməyə borcludurlar. Həmin Məcəllənin 1309-cu maddəsinə əsasən vərəsələr, əgər ölənin borcları onlara məlumdursa, mirasın açılması barədə miras qoyanın kreditorlarına məlumat verməyə borcludurlar. Sadalanan qanunvericilik normalarının tələblərinə və işin müəyyən edilmiş hallarına əsaslanaraq hesab edir ki, Cavabdeh, mirasqoyan X1 vərəsəsi olduğundan və o, iddiaçı qarşısında mirasqoyanın əvəzinə qəbul edilmiş miras əmlaka mütənasib olaraq borcun qaytarılması barədə məsuliyyət daşıdığından məhkəmə hesab edir ki, iddiaçı, yaranmış borcun qanun üzrə vərəsədən (Cavabdeh) tələb etməkdə haqlı olmuşdur. Odur ki, məhkəmə hesab edir ki, iddia tələbi əsaslıdır və təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən kiçik iddialara dair ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Həmin Məcəllənin 284-6.1-ci maddəsinə əsasən işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Beləliklə, məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli, Cavabdeh 199,53 manat məbləğində borc, ödənilmiş dövlət rüsumuna görə 30 manat və 0,40 manat bank xidmət haqqı alınaraq iddiaçı "xxxx" KB ASC-nin xeyrinə ödənilməlidir. Qeyd olanlara əsasən və Mülki Prosessual Məcəlləsinin 216-230, 284-6-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh 199,53 manat məbləğində borc, ödənilmiş dövlət rüsumuna görə 30 manat və 0,40 manat bank xidmət haqqı alınaraq iddiaçı "xxxx" KB ASC-yə xeyrinə ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə (elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim İlham Cəfərzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar