Məhkəmə qərarları › İş №2(003)-1441/2023

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №2(003)-1441/2023

06.04.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(003)-1441/2023 06.04.2023 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Emin İlham oğlunun sədrliyi, Nəcəfova Səbinə Aydın qızının katibliyi, İddiaçı, Cavabdeh iştirakı ilə İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh tərəfindən ona dəymiş maddi və mənəvi zərəri 6000 manat ziyanın cavabdehdən alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırılmışdır ki, xx.xx.2021-ci ildə mərhum X6 ilə birlikdə onun adına Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Südçülük sovxozu ərazisindən Cavabdeh ev tikmək üçün 400 kvadrat metr torpaq sahəsi almışlar. Cavabdeh 800 kvadrat metrlik həyətinin yarısında özü ev tikib yaşamış, 400 kvadrat metrini isə onlara satmışdır. Bununla bağlı onlardan əvvəl 11200,0 manat, sonra isə əlavə olaraq 110,0 manat, cəmi 11300,0 manat pul almışdır. Bu barədə onlara yazılı sənəd vermişdir. Mərhum əri torpaq sahəsini alarkən Bakı şəhəri, Enzees qəsəbəsində yaşayan X4 da orada iştirak etmişdir, (tel; ***-***-**-**). Əri torpaq sahəsini alarkən aldıqları həyətdəki dəmir darvaza ilə birlikdə almışlar və Cavabdeh torpaq sahəsi ilə öz torpaq sahələrinin arasında mişar daşı ilə hasar çəkib həyətləri ayırmışlar. X1 iştirakı ilə hasar çəkmək üçün əlavə 1500,0 manat xərc çəkmişlər. X6 19 iyul 2021-ci ildə vəfat etmişdir. Təqribən 3 ay sonra o, X2 demişdir ki, ev tikməyə imkanı çatmaz, torpaq sahəmi sataq. X4 torpaq sahəsini satmağa cəhd göstərsə də ,Cavabdeh buna mane olmuşdur. Bu barədə Xəzər rayonu 3-cü polis bölməsinə də İsayeva Gülabatın məlumat vermişdir. O, Cavabdeh ilə əlaqə yaratmış və cavabdeh ona demişdir ki, torpaq sahəsini özü alar, iki ay vaxt istəmişdir. Vaxt bitəndən sonra bu bir də oğlu Hüseynin toyu ilə bağlı vaxt istədi. Bu vaxt da bitdi. Artıq 2022-ci ilin avqust ayının 17-də torpaq sahəsini özü satmaq qərarına gəlmişdir. O, aldığı torpağın həyətinə girəndə hasarın söküldüyünü görmüşdür. O, bu barədə Xəzər rayonu 3-cü polis bölməsinə ərizə ilə müraciət etmişdir. Avqust ayının 19-da İsayeva Gülabatın ona darvazanın orada olmadığını dedi. xx.xx.2022-ci il tarixində torpaq sahəsinə getmişdir, darvazanın orada olmadığını görmüşdür. O, 102 xidmətinə zəng vurmuşdur. Təqribən 20-25 dəqiqədən sonra Xəzər rayon Polis İdarəsi 3-cü polis şöbəsinin polisləri hadisə yerinə gəlib baxış keçirib və foto şəkillər çəkdilər (telefonla), onu şöbəyə aparıb ərizə və izahatını almışlar. xx.xx.2022-ci ildə torpaq sahəsinə baxış keçirərkən Cavabdeh oğlu Hüseynə məxsus **-FV-*** seriyalı maşın onun həyətindədir. O, Hüseyni çağırmış, anası Sədaqət, bacısı qapıdan çıxdılar. Əvvəl salam vermiş sonra isə bu gündən sonra maşını həyətində saxlamamağını demişdir. Hüseyn evə keçdikdən sonra anası Sədaqət nalayiq sözlərlə onu təhqir etmişdir. Torpaq sahəsinə baxış keçirərkən görmüşdür ki, cavabdeh ona məxsus torpağından 100 kvadrat metr öz torpağına qatıb. Onlar aldıqları torpağa görə bələdiyyəyə vergi də ödəyirlər, (sənədi iddia ərizəsinə əlavə edir). Cavabdeh onun mülki hüququnu pozmuşdur. İddiaçı sonradan tələbinin dəqiqləşdirilməsi barədə ərizə verərək iddia ərizəsində göstərilənləri və əlavə olaraq bildirmişdir ki, maddi ziyan dedikdə xx.xx.2021-ci ildə 400 kv.metr torpaq sahəsini 11200 manat, əlavə 110 manat, hasar çəkmək üçün 1500 manat, cəmi 12710,0 manat xərc çəkmişlər. Etibarnamədə 400 kv. metr torpaq sahəsi olmağına baxmayaraq faktiki 315 kv. metr torpaq sahəsini onlara ayırmışdır. 85 kv. metr az. Etibarnamədə onlara məxsus olan 400 kv.metr torpaq sahəsini 2022-ci ilin noyabr ayında 11500 manata satmışlar. 85 kv.metr torpaq sahəsi isə Cavabdeh yaşadığı evin həyətindədir. O, Cavabdeh törətdiyi əməli əsassız varlanma kimi başa düşür. Mənəvi ziyan dedikdə xx.xx.2022-ci ildə hasarın söküldüyünü, xx.xx.2022-ci ildə dəmir darvazanın oğurlandığını görəndə keçirtdiyi sarsıntılar nəticəsində onda yaranmış qorxu, yuxu pozğunluğu, təziqinin yüksək dərəcədə artması, ürək döyüntüsünün çoxalması, aylarla özünə gəlməməyinə səbəb oldu. O, Lənkəran rayon Mərkəzi xəstəxanasına getmiş, müayinələrdən keçib ambulator şəraitdə müalicələr almışdır. Müainələrin surətini iddia ərizəsinə qoşmuşdur. O, 85 kv. metr torpaq sahəsini az verdiyinə görə 5800 manat hasarın sökülməyi, dəmir darvazanın oğurlanması və səhhətində yaratdığı problemlərə görə 200 manat, cəmi 6000 manat tələb edirəm və Cavabdeh ona qarşı məhkəməyə verdiyi etiraz ərizəsini əsassız hesab edir. Heç bir sübut və faktları olmadığına görə. Qeyd olunanlara əsasən, Cavabdeh tərəfindən ona dəymiş maddi və mənəvi zərəri 6000 manat və dövlət rüsumu 80 manat ziyanın alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmədə İddiaçı iddia tələbini müdafiə edərək təmin edilməsini xahiş etdi. Cavabdeh məhkəmə iclasında iddia tələbini qəbul etmədi və etirazını onunla əsaslandırdı ki, iddia tələbi qanunsuz və əsassız olduğundan təmin edilməməsi barədə qətnamə qəbul edilməlidir. Belə ki, iddiaçının iddia tələbində qeyd etdiyi Abşeron rayonu, Hövsan sovxozu üzrə xx.xx.1993-cü il tarixli 60 saylı əmrdən çıxarışa əsasən torpaq sahəsindən 0.04 ha hissəsini İddiaçı 13 yanvar 2021-ci il tarixli etibarnamə əsasında X8 tərəfindən etibar edilmişdir. Lakin torpaq sahəsinin qeyri-rəsmi alqı-satqısı barədə iddiaçının əri Nurəddinlə aralarında olan razılaşmaya əsasən torpaq sahəsinin ayrılması nəzərdə tutulan hissəsində olan su quyusunun və dəmir darvazanın gələcəkdə ona məxsus torpaq sahəsinə aid hissəsində ona məxsus torpaq sahəsinə qoyulması barədə razılaşma əldə olunmuşdur. Lakin iddiaçı ərinin vəfatından sonra torpaq sahəsinin ona aid hissəsində qalan su quyusuna və darvazaya iddia eləməyə başlamış və bu səbəbdən əsassız iddia ilə məhkəməyə müraciət etmişdir. İddia tələbində qeyd olunan darvaza onun tərəfindən qoyulmuş və iddiaçı tərəfindən həmin darvazanın alınmasına və quraşdırılmasına hər hansı vəsait sərf edilməmişdir. Onun tərəfindən iddiaçıya hər hansı məbləğdə maddi və mənəvi ziyan vurulmamışdır. Hesab edir ki, maddi və mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Hazırkı iş üzrə İddiaçı mənəvi sarsıntı və iztirab keçirməsi inandırıcı deyildir. Çünki, iddiaçı iddia tələbində qeyd etdiklərinə dair məhkəməyə hər hansı bir mötəbər sübut təqdim etməmiş, eləcə də məhkəmə tədqiqi zamanı iddia tələbinin əsası kimi istinad etdiyi halları sübuta yetirə bilməmişdir. Şərh olunanlara əsasən, hesab edir ki, iddiaçı X3 Cavabdeh qarşı "vurulmuş zərərin ödənilməsi" tələbinə dair iddiası təmin edilə bilməz. Məhkəmə iclasında şahid qismində iştirak edən X5 ifadəsində göstərdi ki, iddiaçı onun qohumudur. Sədaqətin oğlu marketdə idi, dedi ki, su quyusu və darvaza ilə birlikdə torpaq satırlar. O, demişdirki, şəklini çək at qohuma göstərəcəm. Onlar razılaşmışlar. İddiaçının mərhum həyat yoldaşı Nurəddin pul göndərmiş, aralarında razılaşmışlar. Hasar çəkilmiş, usta gəlmişdir. Onlar beh verəndə müqavilə imzalamışlar. O da orada iştirak edib. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyib və iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş xx.xx.2021-ci il tarixli etibarnamənin surətindən görünür ki, X8 (səlahiyyətlərini ötürdüyü Cavabdeh vasitəsilə) Abşeron rayon Hövsan sovxozu üzrə xx.xx.1993-cü il tarixli 60 nömrəli Əmrdən çıxarışa əsasən Abşeron rayonu Hövsan südçülük sovxozu ərazisində yerləşən ümumi sahəsi 0.08 ha olan torpaq sahəsindən 0.04 ha torpaq sahəsinə aid sənədlər toplamağı, müvafiq idarə və təşkilatın razılığını almağı, sənədləri ƏMDK yanında DƏDRX-nin ərazi idarəsinə təqdim etməyi, özəlləşdirməyi, reyestrdən çıxarışı, AZ. DTXK-dan kadastr planı almağı və gələcəkdə üzərində sərəncamverməyi, tikinti tikməyi, satmağı, bağışlamağı, dəyişməyi və s. hərəkətlər etməyi İddiaçı etibar etmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2022-ci il tarixli etibarnamənin surətindən görünür ki, X8 (səlahiyyətlərini ötürdüyü İddiaçı vasitəsilə) Abşeron rayon Hövsan sovxozu üzrə xx.xx.1993-cü il tarixli 60 nömrəli Əmrdən çıxarışa əsasən Abşeron rayonu Hövsan südçülük sovxozu ərazisində yerləşən ümumi sahəsi 0.08 ha olan torpaq sahəsindən 0.04 ha torpaq sahəsinə aid sənədlər toplamağı, müvafiq idarə və təşkilatın razılığını almağı, sənədləri ƏMDK yanında DƏDRX-nin ərazi idarəsinə təqdim etməyi, özəlləşdirməyi, reyestrdən çıxarışı, AZ. DTXK-dan kadastr planı almağı və gələcəkdə üzərində sərəncamverməyi, tikinti tikməyi, satmağı, bağışlamağı, dəyişməyi və s. hərəkətlər etməyi cavadova Ruhiyyə Çapar qızına etibar etmişdir. İş materiallarında olan Abşeron rayon Hövsan sovxozu üzrə xx.xx.1993-cü il tarixli 60 nömrəli Əmrdən çıxarışın surətindən görünür ki, X7 0.08 ha torpaq sahəsi ayrılmışdır. İş materiallarında olan Bakı şəhəri Xəzər RPİ 3-cü PŞ-nin xx.xx.2022-ci il tarixli qərarının surətindən görünür ki, ki İddiaçı Abşeron rayonu Xırdalan qəsəbəsi yeni yaşayış massivində darvazanın oğurlanması barədə müraciəti əsasında toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmişdir. İş materiallarında olan Bakı şəhəri Xəzər rayonu Binə Bələdiyyəsinin xx.xx.2021-ci il tarixli arayışından görünür ki, İddiaçı Bakı şəhəri Xəzər rayonu Binə qəsəbəsi Hövsan südçülük sovxozunda özünə məxsus evdə qeydiyyatsız yaşayır. İş materiallarında olan tədiyyə bildirişinin surətindən görünür ki, İddiaçı tərəfindən Binə bələdiyyəsinə torpaq vergisi ödənilmişdir. İş materiallarında olan sadə əl yazısı ilə xx.xx.2020-ci il tarixli “Müqavilə”də qeyd edilmişdir ki, Cavabdeh Abşeron Binə qəsəbəsində yerləşən yaşadığı həyətyanı sahəsindən 4 sot torpağı İddiaçı Əhməd qızına 11200 AZN satır. xx.xx.2020 tarixində 400 AZN beh alır. Həmin vərəqə əlavə olaraq “satdığım torpağın pulundan yenə 10000,0 manat aldım, qalan 800,0 manatı 2021-ci ilin sonuna verəcəklər. İddia tələbindən görünür ki, iddiaçı cavabdehdən maddi və mənəvi zərərə görə cəmi 6000,0 manat pul tutulmasını xahiş edir. İddiaçı öz tələbini onunla əsaslandırmışdır ki, cavabdehdən Binə südçülük sovxozu ərazisində 400 kv.m. torpaq sahəsi almış, lakin torpaq sahəsi 85 kv.m. əskik verildiyinə görə ona 5800,0 manat maddi zərər dəymişdir. Həmçinin, həmin torpaq sahəsində cavabdeh tərəfindən hasarın sökülməsi, darvazanın oğurlanması səhhətində problemlər yaratmaqla ona 200,0 manat mənəvi zərər dəymişdir. O, iddiasının əsası kimi cavabdehlə aralarında yazılı şəkildə tərtib edilmiş, özündə beh verilməsi və sonradan digər ödənişlərin həyata keçirilməsini əks etdirən sənədi göstərmişdir. Məhkəmə, iddiaçının tələblərini araşdıraraq ilk növbədə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 389.1-ci maddsinə əsasən, mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. Həmin Məcəllənin 646 və 647-ci maddələrinə əsasən Daşınmaz əşyaların alğı-satqısı müqaviləsinə görə satıcı torpaq sahəsini, evi, binanı, qurğunu, mənzili və ya digər daşınmaz əşyanı alıcının mülkiyyətinə verməyi öhdəsinə götürür. Əgər bu Məcəllənin bu paraqrafının aşağıdakı müddəalarından ayrı qayda irəli gəlmirsə, daşınmaz əşyaların alğısatqısına əşyaların alğı-satqısı haqqında ümumi müddəalar müvafiq surətdə tətbiq edilir. Alğı-satqı müqaviləsinin notariat qaydasında təsdiqlənməsi və daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması xərclərini alıcı çəkir. Həmin Məcəllənin 491.1 və 491.2-ci maddəsinə əsasən beh müqavilənin bağlanmasını təsdiq etmək və icrasını təmin etmək məqsədilə razılığa gələn tərəflərdən birinin müqavilə üzrə digər tərəfə verəcəyi ödənişlər hesabına verdiyi pul məbləğidir. Behin məbləğindən asılı olmayaraq beh haqqında razılaşma yazılı formada bağlanmalıdır. Beh haqqında razılaşma daşınmaz əmlaka sərəncam verilməsi barədə müqavilənin bağlanması ilə bağlı olduqda, notariat qaydasında təsdiq edilməlidir. İşin məhkəmə tərəfindən müəyyən edilmiş faktiki hallarından görünür ki, tərəflər arasında qanunvericiliyə uyğun olaraq daşınmaz əmlakın alqı-satqı müqaviləsi bağlanılmamışdır. Məhkəmə hesab edir ki, tərəflər arasında sadə yazılı formada bağlanmış torpaq sahəsinin verilməsinə dair əqd qanunvericiliyin müəyyən etdiyi formada, yəni notarial qaydada bağlanmadığından etibarsızdır. Bununla yanaşı, işin hallarından görünür ki, mübahisə predmeti olan torpaq sahəsi daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçməmişdir. Halbuki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Məcəllənin 139.3-cü maddəsinə əsasən, daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. Məcəllənin 146.2-cı maddəsinə əsasən, daşınmaz əmlak üzərində sərəncam vermək hüququ həmin əmlakın daşınmaz əmlakın dövlət reyestrində ərazilər üzrə qeydiyyatı tarixindən əmələ gəlir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, torpaq sahəsi müəyyən edilmiş qaydada dövlət qeydiyyatına alınmadığından, həmçinin tərəflər arasında qanunvericiliklə müəyyən edilmiş qaydada alqı-satqı müqaviləsi bağlanmadığından, iddiaçının torpaq sahəsinin əskik verilməsinə, həmin torpaq sahəsində cavabdeh tərəfindən hasarın sökülməsi, darvazanın oğurlanmasına görə cavabdehdən pul tələb etməyə hüquqi əsası yoxdur. Odur ki, iddia həmin hissədə əsassız hesab edilərək təmin edilməməlidir. İddia həm də ona görə təmin edilməməlidir ki, iddiaçı öz tələbini əsaslandırarkən mülki qanunvericiliyin deliktə dair normalarına istinad etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). İşin məhkəmə tərəfindən araşdırılması zamanı cavabdeh tərəfindən iddiaçıya maddi zərərin vurulmasına dair dəlillər öz təsdiqini tapmamışdır. Belə ki, Mülki Məcəlləyə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür (maddə 21.2). Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır (maddə 1096). Məhkəmə qeyd edir ki, sadalanan maddi hüquq normalarına görə hazırkı mübahisə üzrə zərərin ödənilməsi üçün aşağıdakı hüquqi əsaslar müəyyən edilməlidir: zərərin mövcud olması, zərərin qanunsuz hərəkət və yaxud hərəkətsizlik nəticəsində vurulması, zərər vuran şəxsin təqsirli olması. Bu əsaslar müəyyən olunmadan cavabdehin üzərinə zərərin ödənilməsi öhdəliyi qoyula bilməz. Məhkəmə qeyd edir ki, cavabdeh tərəfindən iddiaçıya zərər vurulmasını təsdiq edən kifayət qədər mötəbər sübutlar məhkəməyə təqdim edilmədiyindən, işdə olan sübutlarla iddiaçıya maddi zərər vurulması ilə cavabdehin hərəkətləri arasında səbəbli əlaqə sübuta yetirilməmişdir. İddiaçı, həmçinin, ona vurulduğunu iddia etdiyi 200,0 manat mənəvi zərərin cavabdehdən tutularaq ona ödənilməsini xahiş edir. Məhkəmə iddia tələbinin bu hissəsini araşdıraraq hesab edir ki, iddianın tələbinin bu hissəsi törəmə hüquq münasibəti olub, cavabdehin alqı-satqı müqaviləsi üzrə iddiaçıya torpaq sahəsini razılaşdırılmış qaydada və ölçüdə verməməsi ilə əlaqədar maddi ziyanın ödənilməsinə dair iddia tələbindən törəndiyindən, iddia tələbləri həmin hissələrdə təmin edilməməli olduğundan, iddia tələbinin göstərilən hissələri də təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qeyd edilən Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Beləliklə, məhkəmə, yuxarıda göstərilənləri ümumiləşdirib qanunvericiliyin tələblərini nəzərə alaraq belə nəticəyə gəlir ki, iddia tələbi təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilən qanunvericilik aktı normalarına əsasən məhkəmə belə qənaətə gəlir ki, iddia tələbi təmin edilmədiyindən, iddiaçının ödəmiş olduğu dövlət rüsumu onun özünə aid edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinə əsasən,“Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir (maddə 14.2). Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır (maddə 217.4). “Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir” (maddə 77.1). Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119, 216-220, 222 və 360-cı maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçı Cavabdeh qarşı maddi və mənəvi ziyan tələbinə dair iddia tələbi təmin edilməsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Emin Məmmədli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar