Məhkəmə qərarları › İş №2(003)-1443/2022

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №2(003)-1443/2022

19.09.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(003)-1443/2022 19.09.2022 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Xəzri Ramilə Həşim qızının sədrliyi, Mehdiyeva Nigar Namizəd qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil1, Cavabdehin nümayəndəsi və vəkili Vəkil2 iştirakı ilə İddiaçı Cavabdeh “mənzil və ya pul tələbi”nə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “mənzil və ya pul tələbi”nə dair iddia ərizəsi ilə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinə müraciət edərək, ünvan 1 ünvanında yerləşən 93 nömrəli mənzilin onun istifadəsinə verilməsinə və mənzilə dair istifadə və sahiblik hüquqlarının tanınmasına, bu mümkün olmadıqda isə ona vurulmuş maddi zərərin əvəzi olaraq (həmin mənzilə görə tərəfindən ödənilmiş) 120000.0 (bir yüz iyirmi min) manat pulun Cavabdeh alınaraq ona verilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh dələduzluq edərək onu aldatmış, etibarından sui-istifadə edərək ona 120000 ABŞ dolları məbləğində külli miqdarda zərər vurmuşdur. Onun dələduz hərəkətləri barədə polis orqanlarına da şikayət yazmış, lakin məhkəməyə müraciət etmək tövsiyə olunmuşdur. Qeyd edir ki, 2010-cu ildə qohumu X8 demişdir ki, o, iş ortağı ilə kreditə şərikli ev alıblar, lakin ilkin 12000.0 ABŞ dolları ödəniş etdikdən sonra qalan ödənişi edə bilmirlər, bu səbəbdən indi həmin evi 140.000,0 ABŞ dollarına satırlar. Deyilən mənzil ünvan 2 ünvanında yerləşirdi. Gedib Ramiz ona evi göstərmiş, bəyənmiş, evin sənədini də göstərmişdir, ev həqiqətən onun dostu Cavabdeh adına idi. Həmçinin sənədlərlə ev Nikoyl Bankda girovda idi. Razılaşıblar ki, evin kreditini o, ödəyəcək və sonda mənzili onun adına sənədləşdirəcəklər. Onların ödədikləri ilkin ödəniş olan 12000 ABŞ dollarını onlara ödəmişdir. Mənzilin açarlarını ona təhvil vermişlər və o, ailəsi ilə köçüb həmin mənzildə yaşamağa başlamışdır. Kredit Cavabdeh adına olsa da, hər ay evin ipotekası üzrə ödənişləri mütəmadi olaraq o, həyata keçirmiş, təxminən 8-9 ay hər ay 1800 ABŞ dolları ödəmiş, 2012-ci ildə isə krediti tam bağlamışdır. Evin banka olan kredit borcunu tam o, ödədiyi üçün hesab edir ki, artıq ev də avtomatik onun adına rəsmiləşəcək. Beləcə 2021-ci ilin mart ayına kimi onun ailəsi 3 övladı ilə birgə həmin mənzildə yaşayıblar. Bu müddət ərzində nə bir dəfə kimsə qapılarına gəlib deməyib ki, ev bizimdir çıxın burdan, nə də Rasim və ya onun arvadı bir dəfə də gəlib soruşmayıblar ki, siz nə gəzirsiniz burada. 2021-ci ilin mart ayında ilk dəfə Rasimin arvadı Həsənova Səidə gəlib onun ailəsinin evdən çıxmasını, bu mənzilin onlara məxsus olmasını bildirmişdir. Aralarında baş verən mübahisə ilə bağlı polisə şikayət vermişdir. Həsənova Səidə polisə verdiyi şikayətdə bildirib ki, guya onun arvadı X5 onlara məxsus Bakı şəhəri, Nizami rayonu, B.Nuriyev küçəsi 26, mənzil 93-ü qanunsuz zəbt edib, açarları dəyişib, mənzildəki əşyaları isə oğurlayıb. Qəribədir ki, mənzili ona satan Cavabdeh özü qalıb bir tərəfdə, arvadını irəli verib vicdanlı insanlara şər atırlar. Soruşan lazımdır ki, mənzil sizin idisə, 10 ildir harada idiz, məgər adamın 10 il ərzində öz mənzilindən xəbəri olmazmı? Üstəlik hələ dediklərinə görə mənzil boş deyilmiş, guya mebelləri var imiş orada. Kim inanar ki, bu müddət ərzində mənzildə kimlərin və hansı hüquqla yaşamasından sizin xəbəriniz olmayıb. Hələ mənzil qalsın bir yana, həmin mənzilə görə banka olan kredit borcunun bəs haradan ödənməsini düşünürmüş bu adamlar? Hesab ediblərmiş ki, bank bağışlayıb onlara bu borcu?! Nə yaxşı mənzilin 120000.0 manat kredit borcunu ödəyəndə yada düşmürdü, soruşan yox idi sən kimsən, 10 ildən sonra hazıra nazir mənzil tələb edirlər. Nizami RPİ-də yuxarıda qeyd edilən şikayət üzrə araşdırma aparılmışdır və cavabdehin arvadı X6 verdiyi şikayət təsdiqini tapmamışdır. Belə ki, həm özünün, həm də əri (hazırki iş üzrə cavabdeh) Cavabdeh verdiyi izahatlarda yalan danışdıqları məlum olmuşdur. Eyni zamanda polisdə aparılan araşdırma zamanı müəyyən edilmişdir ki, həqiqətən həmin mənzil onlara təhvil verilmiş, mənzili öz əmlakı kimi qəbul edərək 2011-ci ildən fasiləsiz və etirazsız həmin mənzildə yaşamışlar, mənzili təmir etmişlər, mənzilə görə banka olan ipoteka borcunu tam ödəmişlər. Onları cinayət məsuliyyəti ilə qorxudaraq mənzildən çıxarmışlar. Lakin haqq ədalət var. Əgər o, mənzilin dəyərini tam ödəmişsə, mənzil ona məxsus olmalıdır və onun istifadəsinə verilməlidir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili X9 iddia ərizəsinin məzmununa uyğun izahat vermiş və təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında cavabdehin nümayəndəsi və vəkili Vəkil2 iddia tələbinə etirazla məhkəməyə müraciət etmiş iddia tələbini qəbul etmədiyini bildirirərək etirazını onunla əsaslandırmışdır ki, iddiaçının bu tələbi qanunsuz və əsassız olduğundan rədd edilməlidir. Bildirir ki, o, İddiaçı adlı şəxsi nə əvvəllər, nə də sonralar heç vaxt tanımamış və aralarında hər hansı münasibət olmamışdır. İddiaçı iddia ərizəsində ünvan 1 ünvanında yerləşən 93 nömrəli mənzilini yaxın qohumu X8 adlı şəxsdən aldığını və buna görə Nikoyl banka pul ödədiyini bildirmişdir. Onun ailəsinin uzun müddət bu mənzildə yaşadığını nəzərə alaraq mənzilin onların istifadəsinə verilməsini, bu mümkün olmadıqda isə onun banka ödədiyi pulların qaytarılmasını xahiş edir. Qeyd edir ki, ünvan 1 ünvanında yerləşən 93 nömrəli mənzili X15 reystri Xidmətinin Bakı şəhər Ərazi İdarəsinin verdiyi ********** qeydiyyat nömrəli, xx.xx.2007-ci il tarixli çıxarışına əsasən onun xüsusi mülkiyyətindədir. (Çıxarışın surəti əlavə edilir). Mənzil “NİKOYL” Kommersiya bankında ipoteka altında olmuş, 31 may 2012-ci il tarixində kredit borcu tam bağlandığından təhvil-təslim aktı imzalanaraq sənədlər ona təhvil verilmiş, bu barədə akt tərtib edilmiş və bank qarşısında hər hansı öhdəliyinin olmaması barədə arayış da təqdim edilmişdir. (Akt və arayışın surəti əlavə edilir). Mənzilin açarlarının İddiaçı arvadı X1 əlinə keçməsi və onların həmin mənzilə daxil olması epizodu ilə bağlı bildirir ki, onlar nəinki İddiaçı, həm də onun arvadı X2 bu hadisəyə qədər tanımamışlar. Onların qohumu X4 tanımışlar. Onu da belə tanımış ki, o, boşandığını və qalmağa yeri olmadığını bildirmiş, ona görə evin açarlarını və evin çıxarışının surətini də ona vermişlər ki, evin kommunal xidmətlərinin haqqını ödəyə bilsin. Ona mənzillə bağlı heç etibarnamə də verilməmişdir. 2020-ci ildə həyat yoldaşı X11 anası ilə həmin mənzilə baxmağa getmiş, görmüşdür ki, açarla mənzilin qapısını açmaq mümkün deyil, mənzilin açarlarını dəyişiblər. O. ərazi üzrə sahə müvəkkilinə və MİS-ə məlumat vermiş. Araşdırma zamanı məlum olmuşdur ki, evdə yaşayan Gədəbəy rayonundan Səmədova Validə adlı şəxsdir. Polis bildirib ki, bir-iki həftəyə bu qadın Bakıya gələcək, gözlə. Nəhayət Validə gəlmiş demişdir ki, guya bu evi Ramiz onlara satıb, yoldaşı mənzilin çıxarışını təqdim edib, Validənin izahatı alınıb və 3 gündən sonra açarların təhvil veriləcəyini bildirmişlər. Həyat yoldaşı tələb edib ki, evə birlikdə baxaq və onu təhvil-təslim edək. Həyat yoldaşı iki polis işçisi və iki nəfər qonşunun iştirakı ilə mənzilə baxış keçirilib və məlum olub ki, mənzil tam dağıdılıb, içindəki əşyalar isə oğurlanıb, bu barədə akt tərtib olunub. Lakin 24-cü Polis bölməsinin təhqiqatçısı sonda cinayət işinin başlanılmasını rədd etmiş, ondan Nizami rayon prokuroruna şikayət olunmuş, nəhayət iş Nizami rayon Polis İdarəsinin müstəntiqi Vüsal Rzayevin icraatına verilmiş, onun tərəfindən də cinayət işinin başlanılmasının rədd edilməsi barədə 04 mart 2021-ci il tarixində qərar qəbul edilmiş, lakin bu qərar onlara təqdim edilməmişdir. Onlar bu qərarı bu məhkəmə icraatı vaxtı məhkəmədən əldə etmişlər. 17 may 2022-ci il tarixində həmin qararla bağlı Nizami rayon prokuroruna şikayət edilmiş, mənzilə qanunsuz daxil olan şəxslərin AR-sı CM-nin 157-ci maddəsi ilə və eyni zamanda oradan oğurluq edən şəxslərin CM-ni 177-ci maddəsilə cəzalandırılması xahiş edilmişdir. Qeyd olunanlara əsasən iddianın təmin edilməməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə proses iştirakçılarının izahatını dinləyib, məhkəmə iclasında tədqiq edilən sübutlara hüquqi qiymət verərək hesab edir ki, aşağıdakı əsaslara görə iddia tələbi rədd edilməlidir. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 184.2. maddəsinin mahiyyətinə əsasən hakim işə əlavə edilmiş sübutlar və işdə olan mövcud materiallar əsasında işə baxmağa haqlıdır. Həmin Məcəllənin 14.2. maddəsində göstərilir ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. İş materiallarına əlavə olunmuş Nizami RPİ-nin İŞ-nin baş müstəntiqi, polis mayoru X13 tərəfindən qəbul edilmiş 04 mart 2021-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarın surətindən aydın olur ki, X6 ərizəsi əsasında toplanmış 1877/20 nömrəli material üzrə cinayət işinin başlanması rədd edilmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestri tərəfindən verilmiş ********** qeydiyyat nömrəli xx.xx.2007-ci il tarixli Çıxarışın surətindən görünür ki, ünvan 1 ünvanında yerləşən 93 nömrəli mənzil xüsusi mülkiyyət hüququ üzrə Cavabdeh adına qeydiyyatdan keçmişdir. İş materiallarına əlavə edilmiş “Nikoyl” İnvestisiya Kommersiya bankının (indiki Yeloban) xx.xx.2012-ci il tarixli Cavabdeh ünvanlanmış məktubunda deyilir: ”Sizə “Nikoil Bank”ın 2 saylı filialı ilə bağlanmış 017-İP (USD-01) saylı kredit müqaviləsinə əsasən xx.xx.2007-ci il tarixində 119000 ABŞ dolları məbləğində kredit pul vəsaiti verilmişdir. Tərəfinizdən kredit müqaviləsi üzrə bank qarşısında olan öhdəlikləriniz yerinə yetirilmişdir. Bu günə “Nikoil Bank”ın 2 saylı filialı qarşısında 017-İP (USD-01) saylı kredit müqaviləsi üzrə heç bir öhdəliyiniz yoxdur.” İş materiallarına əlavə edilmiş xx.xx.2012-ci il tarixli təhvil-təslim aktından görünür ki, “Biz, komissiyanın üzvləri: “Nikoyl” İKB-nin 2 saylı filialının müdir əvəzi A.Ç.Qarayev və filialın administrasiya qrupunun aparıcı mütəxəssisi S.S.Əliyeva həmin filialda borclu olmuş fiziki şəxs Cavabdeh məxsus Bakı şəhəri, Nizami rayonu, B.Nuriyev küçəsində istifadədə olan 0,2864 ha torpaq sahəsində yerləşən 26 nömrəli, 5 mərtəbəli binada 99,4 kv.m ümumi, 75,3 kv.m yaşayıış sahəsindən ibarət 5 otaqlı 93 nömrəli mənzilə aid mülkiyyət hüququnu təsdiq edən MH №0107482 seriyalı Qeydiyyat çıxarışını və MH №0099559 seriyalı ipoteka Yüklüyü haqqında çıxarışını, krediti Cavabdeh tam olaraq bağladığı səbəbdən yuxarıda qeyd olunan mənzilin sənədlərini mülkiyyətçi Cavabdeh təhvil verdik. Cavabdeh (AZE ********) sənədləri yoxlayaraq təhvil aldı. Təhvil verdi: 2 saylı filialının müdir əvəzi A.Ç.Qarayev (imza var), administrasiya qrupunun aparıcı mütəxəssisi S.S.Əliyeva (imza var), təhvil aldı: mülkiyyətçi R.R. Ələsgərov. İş materiallarına əlavə edilmiş "xxxx" ASC-nin Bakı şəhəri Xəzər Rayon Məhkəməsinə ünvanladığı xx.xx.2022-ci il tarixli, 5-21/3725-22 saylı məktubunda deyilir: “Bank ilə Cavabdeh arasında bağlanmış xx.xx.2007-ci il tarixli, 017-İP(USD-01) saylı İpoteka müqaviləsinə əsasən Borcalana 239 ay müddətinə, illik 16% olmaqla 119,000 USD məbləğində kredit verilmişdir. Bildiririk ki, Cavabdeh xx.xx.2007-ci il tarixli, 017- İP(USD-01) saylı İpoteka müqaviləsi üzrə borc öhdəliyi xx.xx.2012-ci il tarixində tam ödənilmişdir. İş materiallarına əlavə edilmiş X3 Bakı şəhəri Nizami RPİ-nin İstintaq şöbəsinə ünvanlanmış ərizəsindən görünür ki, o, 2007-ci ildə ünvan 1 ünvanında yerləşən 93 nömrəli mənzili ipoteka ilə tanışı Cavabdeh adına Nikoyl Bankdan almışdır. 2010-cu ildə maddi vəziyyətinin pisləşməsi səbəbindən bu evi dayısı İddiaçı satmışdır. İddiaçı onunla razılaşmış və bank qarşısında borcunu tam ödəmişdir. İddiaçı ailəsi ilə birlikdə həmin mənzilə köçmüşdür. Lakin Rasim dayısı İddiaçı heç bir qarışacağı olmayan, onunla Rasim arasında olan narazılığa görə bu evi dayısının adına keçirməkdən imtina edir. Rasim evin onun adına olmasından istifadə edərək arvadı ilə birlikdə polisə etdiyi şikayət nəticəsində dayısı İddiaçı və onun ailəsini sözügedən mənzildən çıxarmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş X7 ifadəsində bildirmişdir ki, İddiaçı onun əridir. Onlar rayondan Bakı şəhərinə 2012-ci ildə gəlmişlər. O, Cavabdeh baldızının oğlu Ramiz Məmmədovun vasitəsilə tanımışdır. Belə ki, 2010-cu ildə Cavabdeh öz ailəsi ilə birlikdə onların rayondakı evlərində qonaq olmuşlar. Cavabdeh baldızının oğlu Ramiz ilə yaxın dost olublar. Onun baldızının oğlu Ramiz öz adına sənədləşdirmə apara bilmədiyindən ipoteka ilə dostu Cavabdeh adına ev almış, lakin sonradan evin ipoteka borcunu banka ödəyə bilmədiyindən dayısı, yəni onun əri İddiaçı həmin evi almağı və banka olan borcları ödəməyi təklif etmişdir. Bakı şəhəri ünvan 2 Cavabdeh adına da rəsmiləşdirilsə də, bankda təxminən 140000 ABŞ dolları məbləğində girovda olmuş, əri İddiaçı tərəfindən girov ödənilmişdir. Odur ki, həmin mənzildə 2011-ci ildən ailəvi yaşamışlar. Ramiz özü də bu mənzildə yaşamışdır. Əri İddiaçı işi ilə əlaqədar Rusiya Federasiyasında yaşadığından hər ay mübahisəli evin pulunu onlara göndərmiş və həmin pulu ya baldızının oğlu, ya da qaynının oğlu banka ödəmişdir. Bu mənzil Cavabdeh adına olduğu üçün onlar pulu onun adından banka ödəmişlər. Onlar evə köçəndə ev təmirsiz idi, sonradan onlar həmin evi təmir etdirmişlər. 2020-ci ildə onların evinə polis əməkdaşı gəlmiş və evi boşaltmaqlarını tələb etmişdir. O, bu barədə Rusiya Federasiyasında yaşayan əri İddiaçı məlumat vermiş, sonuncu ona evi boşaltmağı və bu məsələni özünün həll edəcəyini bildirmişdir. Buna görə onlar evdən çıxmışlar. Məhkəmə iclasında şahid qismində dindirilmiş X10 ifadəsində bildirmişdir ki, İddiaçı onun dayısı, Ramiz Məmmədov isə onun doğma qardaşıdır. Cavabdeh qardaşı Ramiz Məmmədovla həm dost, həm də iş birliyi olmuş, həmçinin onun dayısı İddiaçı rayondakı evində də qonaq olmuşdur. Bakı şəhəri ünvan 2 Cavabdeh adına da rəsmiləşdirilsə də, həmin ev onun qardaşı Ramiz Məmmədov tərəfindən bankdan ipoteka ilə alınmışdır. Lakin qardaşı həmin vaxt evi öz adına sənədləşdirə bilmədiyindən dostu Cavabdeh adına da rəsmiləşdirmişdir. Lakin qardaşı Ramiz Məmmədov sonradan evin pulunu banka ödəyə bilmədiyindən onu dayısı İddiaçı satmışdır. Evin banka olan borcunu dayısı İddiaçı ödəmiş və onun ailəsi orada yaşamağa başlamışdır. 2020-ci ildə Cavabdeh və onu n arvadının şikayəti əsasında dayısı İddiaçı ailəsini polis yaşadıqları həmin evdən çıxarmışdır. Hazırda dayısının ailəsi kirayədə yaşayır.. Məhkəmə iclasında şahid qismində dindirilmiş X12 ifadəsində bildirmişdir ki, İddiaçı onun əmisi, Ramiz Məmmədov onun bibisi oğludur. Onun atası Rəşid Səmədovla əmisi İddiaçı birlikdə Rusiya Federasiyasında işləyirdi. Ramiz Məmmədov Bakı şəhəri Nizami rayonu, B.Nuriyev küçəsi, ev 26, 93 saylı mənzili bankdan ipoteka ilə dostu Cavabdeh adına almışdır. X20 həmin vaxt evi öz adına sənədləşdirə bilmədiyindən dostu Cavabdeh adına da rəsmiləşdirmişdir. Lakin qardaşı Ramiz Məmmədov sonradan evin pulunu banka ödəyə bilmədiyindən onu əmisi İddiaçı satmışdır. İddiaçı Rusiya Federasiyasında yaşadığından hər ay mübahisəli evin pulunu onlara göndərmiş və həmin pulu ya o özü, ya da onun qardaşı banka ödəmişdir. Əmisi İddiaçı ailəsi uzun müddət həmin evdə yaşamışlar, o özü də həmin evə gedib gəlmişdir. Lakin sonradan eşitmişdir ki, Əmisi İddiaçı ailəsini polis həmin evdən çıxarmışdır. İşin məhkəmə iclasında araşdırılan hallarına əsasən iddiaçı ünvan 1 ünvanında yerləşən 93 nömrəli mənzilin onun və ailəsinin istifadəsində olduğunu bildirərək, mübahisəli evin alınması üçün bütün ödənişlərin onun tərəfindən banka ödənilməsi ilə əsaslandırmış, lakin iddia tələbinin əsası kimi istinad etdiyi yuxarıda göstərilən halları təsdiq edən əsaslı və mötəbər sübutları məhkəməyə təqdim etməmiş, eləcə də həmin halları məhkəmə baxışı zamanı sübuta yetirə bilməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 152.2-ci maddəsinə əsasən, sahiblik hüququ - əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. Qeyd edilən Məcəllənin 152.3-cü maddəsinə əsasən, istifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. Göstərilən Məcəllənin 157.2-ci maddəsinə əsasən, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını tələb edə bilər. Avropa İnsan Hüquqları Məhkəməsi «Mahmudov Rusiya Federasiyasına qarşı» iş üzrə 26 iyul 2007-ci il tarixli Qərarında göstərmişdir ki, «konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq affirmanti, non neganti, incumbit probatio (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər». İddiaçı Bakı şəhəri Xəzər Rayon Məhkəməsinə müraciət edərək, ünvan 1 ünvanında yerləşən 93 nömrəli mənzilin onun istifadəsinə verilməsini və mənzilə dair istifadə və sahiblik hüquqlarının tanınmasını, bu mümkün olmadıqda isə ona vurulmuş maddi zərərin əvəzi olaraq (həmin mənzilə görə tərəfindən ödənilmiş) 120000.0 (bir yüz iyirmi min) manat pulun Cavabdeh alınaraq ona verilməsini məhkəmədən xahiş etmişdir. İşin müəyyən edilmiş hallarından görünür ki, iddiaçı ilə cavabdeh arasında mənzilə istifadə hüququnun yaranması ilə bağlı notarial qaydada təsdiq olunmuş razılaşma yoxdur. Eyni zamanda iddiaçı mübahisəli mənzilin qanun və ya müqavilə əsasında onun sahibliyinə keçməsinə dair sübut təqdim etməmişdir. İddiaçı həmin mənzilin dəyərini tərəfindən ödənildiyini iddia etsə də, bununla bağlı məhkəməyə mötəbər sübut təqdim edə bilməmişdir. Onun bu barədə bildirdiklərini yalnız Ramiz Məmmədovun məhkəməyə ünvanladığı ərizəsində və məhkəməyə dəvət etdiyi şahidlərin ifadəsində təsdiqləmişdir. Məhkəmə həmin ərizəyə və şahidlərin ifadələrinə tənqidi yanaşır. Həmin ərizədə göstərilənlər və şahidlərin ifadələri iddiaçının maraq və mənafeyinə uyğun qeyd edilməklə, yanaşı yoxlanılmış hər hansı bir sübutla təsdiq olunmamışdır. Belə ki, 04 mart 2021-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarın surətindən də göründüyü kimi, mübahisəli mənzilin mülkiyyətçisi Cavabdeh İddiaçı tanımadığını, sözügedən mənzili Ramiz Məmmədova müvəqqəti yaşamaq üçün verdiyini bildirmişdir. İddiaçı mübahisəli mənzilin ona Ramiz Məmmədov tərəfindən satıldığını iddia etsə də, yanaşı yoxlanılmış sübutlardan görünür ki, həmin mənzil Ramiz Məmmədovun deyil, Cavabdeh mülkiyyətindədir. Belə olan halda Ramiz Məmmədov həmin mənzilə münasibətdə səlahiyyətsiz şəxs olmuş və onun həmin mənzillə bağlı hər hansı əqdi hüquqi nəticələrə səbəb olmamaqla, etibarsız olmuşdur. Bundan başqa İddiaçı Ramiz Məmmədov ilə də arasında mənzilə dair müqavilə bağlanmasına dair sübutu təqdim etməmişdir. Bunu yalnız şifahi olaraq bildirmişdir. Beləliklə, məhkəmə, işin məhkəmə iclasında tədqiq olunan hallarını, qanunvericiliyin tələblərini nəzərə almış və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1. maddəsinə müvafiq olaraq belə nəticəyə gəlmişdir ki, iddiaçı öz tələbinin əsası kimi istinad etdiyi halları sübut edə bilmədiyindən iddia tələbi əsassız hesab olunaraq rədd edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1. maddəsindən görünür ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.3-cü maddəsində göstərilir ki, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, İddiaçı Cavabdeh qarşı ünvan 1 ünvanında yerləşən 93 nömrəli mənzilin onun istifadəsinə verilməsinə və mənzilə dair istifadə və sahiblik hüquqlarının tanınmasına, bu mümkün olmadıqda isə ona vurulmuş maddi zərərin əvəzi olaraq (həmin mənzilə görə tərəfindən ödənilmiş) 120000.0 (bir yüz iyirmi min) manat pulun Cavabdeh alınaraq ona verilməsi tələbinə dair iddia ərizəsi təmin edilməməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə, Qətetdi: İddiaçı Cavabdeh qarşı ünvan 1 ünvanında yerləşən 93 nömrəli mənzilin onun istifadəsinə verilməsinə və mənzilə dair istifadə və sahiblik hüquqlarının tanınmasına, bu mümkün olmadıqda isə ona vurulmuş maddi zərərin əvəzi olaraq (həmin mənzilə görə tərəfindən ödənilmiş) 120000.0 (bir yüz iyirmi min) manat pulun Cavabdeh alınaraq ona verilməsi tələbinə dair iddia ərizəsi təmin edilməsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Ramilə Xəzri

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar