Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(003)-1446/2020 09.10.2020 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Bəhrəmzadə Sabit Xanlar oğlunun sədrliyi, Süleymanov Bəxtiyar Zeynal oğlunun katibliyi, İddiaçı, onun nümayəndəsi və vəkili X4, Cavabdeh, onun nümayəndəsi və vəkili X9 iştirakları ilə İddiaçı Cavabdeh qarşı kredit müqaviləsinin etibarsız hesab edilməsi və pul tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh ilə aralarında notarial qaydada bağlanmış xx.xx.2017-ci il tarixli kredit müqaviləsinin etibarsız hesab edilməsi və cavabdehə verdiyi 40000 manat məbləğində pul vəsaitinin ondan tutulması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, Cavabdeh ilə xx.xx.2017-i ildə Bakı şəhəri 46 saylı notariat kontorunda formal kredit müqaviləsi bağlanmışlar. Qeyd edilən kredit müqaviləsi üzrə cavabdeh ona heç bir vəsait verməmişdir. Cavabdehlə tanışlığı qardaşı X7 barəsində olan Cinayət Məcəlləsinin 307.2-ci maddəsi ilə əlaqədar olmuşdur. Qeyd edir ki, qardaşı Cinayət Məcəlləsinin 307.2-ci maddəsi ilə məhkum olunmuş, sona olaraq Bakı Apelyasiya Məhkəməsinin müvafiq qərarına əsasən cəzasını çəkmiş hesab olunmuşdur. Qardaşı həbsdə olduğu müddətdə onun cavabdehə qarşı hər hansı pul öhdəliyinin olmamasına baxmayaraq, cavabdeh davamlı olaraq ona hədə-qorxu gələrək ondan külli miqdarda pul tələb etmişdir. Nəticədə qardaşı ilə bağlı olduğu üçün özünə məxsus əmlaklarını sataraq ona vermişdir. Hədə-qorxu təsiri altında həmçinin onun gələcəkdə qardaşına qarşı hər hansı şikayəti və tələbinin olmaması müqabilində ondan heç bir vəsait almadan adıçəkilən kredit müqaviləsini bağlamağa məcbur qalmış və sonradan əlavə olaraq cavabdehə 40000 manat məbləğində pul ödəmişdir. Cinayət işinin materiallarına əsasən cavabdeh qardaşı tərəfindən ona dəymiş maddi ziyanının tamamilə ödənildiyini öz ərizəsi ilə təsdiqləmişdir. Digər tərəfdən həmin cinayət işi materiallarına və qanuni qüvvəyə minmiş hökmə əsasən qardaşı dələduzluqla deyil, törədilmiş cinayət barədə xəbər verməyə görə məhkum olunmuşdur. Daha sonra iddiaçı Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 53-cü maddəsinə əsasən iddia ərizəsinin həcminin artırılmasına dair ərizə ilə məhkəməyə müraciət edərək, cavabdeh ilə aralarında notarial qaydada bağlanmış xx.xx.2017-ci il tarixli kredit müqaviləsinin etibarsız hesab edilməsi, cavabdehə verdiyi 40000 manat və 277000 manat məbləğində pul vəsaitinin və ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun, cəmi 317030 manat məbləğində pul vəsaitinin cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. İddia ərizəsinin həcminin artırılmasına dair ərizəni onunla əsaslandırmışdır ki, cavabdeh qardaşı Məhərrəmov Fəhrada da hədə-qorxu gələrək pul tələb etmiş, qardaşı cavabdehə pul vermək məqsədilə xx xxxxxxxx 2015-ci il tarixli əmlakın dəyəri 77.000 manat və xx xxxxxxxx 2015-ci il tarixli əmlakın dəyəri 200.000 manat alğı-satqı müqavilələri bağlayaraq əmlaklarını satmağa məcbur olmuşdur. Bundan sonra cavabdeh 2 saylı Bakı “ASAN xidmət” mərkəzindəki notariat kontorunda qardaşı Tağıyev Fəhradın ona 320.000 ABŞ dolları məbləğində pul vəsaiti verməsini və qardaşına qarşı hər hansı iddia və tələbinin olmamasını xx xxxxxxxx 2015-ci il tarixli ərizəsi ilə təsdiq etmişdir. Göründüyü kimi cavabdeh tərəfindən notarial ərizənin verilmə tarixi onun əmlaklarının satılması ilə eyni vaxta təsadüf edir. Yəni cavabdeh tərəfindən verilən notarial ərizənin faktiki əsasının əsas hissəsini onun əmlaklarının hesabına ona ödənilən və əsassız varlanmasına şərait yaradan pul vəsaitləri təşkil etmişdir. Lakin bütün bunlar kifayət etməmiş, bundan sonra da cavabdeh yaranmış ağır vəziyyətdən sui-istifadə edərək ona qarşı olan təzyiqlərini dayandırmamış, yenidən hədə ilə ondan külli miqdarda pul tələb etmişdir. Nəticədə x xxxxxx 2017-ci il tarixli (əmlakın dəyəri 30.000 manat alğı-satqı müqaviləsi bağlayaraq əmlakını satıb cavabdehə yenidən pul verməyə məcbur olmuşdur. Daha sonra, Cavabdeh ilə xx xxxxxx 2017-ci ildə Bakı şəhəri 46 saylı notariat kontorunda hədə-qorxu təsiri altında cavabdehin gələcəkdə qardaşına qarşı hər hansı şikayəti və tələbinin olmaması müqabilində ondan heç bir vəsait almadan formal kredit müqaviləsi bağlamağa məcbur qalmışdır. Bunun müqabilində isə cavabdeh, ondan pulu tələb etməyəcəyini və qardaşı barəsində şikayət verməyəcəyini vəd etmişdir. Lakin həmin vaxt aralarında hər hansı borc münasibəti olmamışdır. Sadəcə görüntü üçün aralarında müqavilə bağlanmışdır. Müqavilənin bağlanmağına isə məcburiyyət qarşısında qalaraq razılıq vermişdir. Çünki həmin dövrdə onun üçün əsas olan törətmədiyi cinayətə görə ittiham olunan qardaşını xilas etmək olmuşdur. Həmin kredit müqaviləsinin sadəcə görüntü üçün bağlandığını sübut edən hallardan biri də ondan ibarətdir ki, eyni notariat ofisində eyni tarixdə cavabdeh tərəfindən qardaşına qarşı hər hansı şikayətinin olmaması barədə ərizə verilmişdir. Həmin dövrdə kimliyindən asılı olmayaraq istənilən sənədə qol çəkə və istənilən əmlakını qardaşına görə verməyə hazır olmuşdur. Proses bununlada yekunlaşmamış, sonradan əlavə olaraq cavabdehə hədə qorxu təsiri altında 40000 manat məbləğində də pul vermişdir. Lakin cinayət işinin materiallarına əsasən cavabdeh əvvəldən də qardaşı tərəfindən ona dəymiş maddi ziyanın tamamilə ödənildiyini öz ərizəsi ilə təsdiqləmişdir. Digər tərəfdən həmin cinayət işi materiallarına və qanuni qüvvəyə minmiş hökmə əsasən qardaşı dələduzluqla deyil, törədilmiş cinayət barədə xəbər verməməyə görə məhkum olunmuşdur. Həmin cinayət isə ədalət mühakiməsi əleyhinə olan cinayətlər fəslində yer almışdır. Yəni, dolayı yolla həmin cinayətin obyekti ədalət mühakiməsi ilə bağlı olan ictimai münasibətlərdir, hər hansı şəxsin əmlakı ilə bağlı münasibətlər deyil.Bundan sonra da, Cavabdeh təzyiqi altında x xxxxxxxx 2018-ci il tarixli (əmlakların dəyəri 5.000 manat, 5.000 manat və 20.000 manat üç alğı-satqı müqaviləsi bağlayaraq əmlaklarını satıb cavabdehə verməyə məcbur olmuşdur. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək, onun təmin olunmasını xahiş etdi və izahatında əlavə olaraq bildirdi ki, 2015-ci ildə qardaşı Fərhad Tağıyevin iştirakı ilə cinayət işi olmuşdur. Belə ki, bir qrup şəxs Cavabdeh evindən pul götürmüş və qardaşı həmin pulun saxlanılmasında iştirak etmişdir. Həmin cinayət işi ilə bağlı qardaşı tərəfindən Cavabdeh dəymiş ziyan tam şəkildə onun tərəfindən ödənilmişdir. Dəymiş ziyanın ödənilməsi məqsədilə o mülkiyyətində olan avtomobili, torpaq sahələrini və mənzillərini satmışdır. Belə ki, o, mülkiyyətində olan Bakı şəhəri Nizami rayonu Neftçilər metrostansiyasının yaxınlığında yerləşən 10 sot torpaq sahəsini, Bakı şəhəri, Bakıxanov qəsəbəsində yerləşən 3 otaqlı mənzilini, Bakı şəhəri, Kürdəxanı qəsəbəsində yerləşən 20 sot torpaq sahəsini, Beyləqan rayonunda yerləşən pay torpağını satmış, Bakı şəhəri, Bakıxanov qəsəbəsində yerləşən 2 mərtəbəli evi isə 200000 manata Cavabdeh arvadının adına rəsmiləşdirmiş, “Prado” markalı avtomobilini satmışdır. 90000 manata dair kredit müqaviləsi isə onun ilə cavabdeh arasında formal bağlanmış və həmin məbləğdə pul cavabdeh tərəfindən ona verilməmişdir. Belə ki, cavabdeh tərəfindən sonradan qardaşının tutdurulması ilə bağlı hədə-qorxu olduğundan məcbur olmuş həmin kredit müqaviləsini bağlanmışdır. Daha sonra həmin kredit müqaviləsi əsasında icra qeydi verilmiş və həmin icra qeydi Beyləqan rayon icra şöbəsinin icraatında olmuş və o, həmin 90000 manat məbləğində pulun ödənilməsi üçün icra şöbəsinə dəvət olunmuşdur. O, barəsində həbs seçilməsindən qorxduğundan Cavabdeh icra qeydinin ləğv etdirməsini xahiş etmişdir. Cavabdeh etiraz etməmişdir. O da həmin icra qeydinə əsasən birinci 32000 manat, sonra 1000 manat, daha sonra isə 7000 manat olmaqla Cavabdeh ümumilikdə 40000 manat məbləğində pul vermişdir. Həmin 40000 manat məbləğində pulu Cavabdeh aralarında bağlanmış 90000 manata dair olan kredit müqaviləsinə görə vermişdir. Həmçinin bildirmişdir ki, qardaşı tərəfindən cinayət işi ilə əlaqədar Cavabdeh dəymiş ziyanın əvəzi olaraq, 100000 ABŞ dolları məbləğində pul həmin dövrün məzənnəsinə uyğun olaraq 105000 manat pul vermiş, daha sonra isə yenə də 105000 manat məbləğində pul vermişdir. Onu da qeyd etmişdir ki, Nərimanov rayonunda yerləşən mənzil və Bakıxanov qəsəbəsində yerləşən 2 mərtəbəli ev cavabdeh tərəfindən qaytarılmış, həmin mənzil və ev onun tərəfindən satılmış və əldə etdiyi pulu qardaşı tərəfindən cinayət işi üzrə cavabdehə dəymiş ziyanın ödənilməsinə xərclənmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili X10 iddia tələbini müdafiə edərək, onun təmin olunmasını xahiş etdi və izahatında bildirdi ki, İddiaçı Cavabdehla qardaşı X7 barəsində olan cinayət mühakimə icraatı ilə əlaqədar tanış olmuşdur. Belə ki, iddiaçının qardaşı cavabehin zərəçəkən şəxs olduğunu cinayət işinin iştirakçısı olmuş və yekunda iddiaçının qardaşı Cinayət Məcəlləsinin 307.2-ci maddəsi ilə məhkum olunmuşdur. Həmin cinayət işi ilə bağlı iddiaçı qardaşı tərəfindən cavabdehə dəymiş ziyanın ödənilməsi məqsədilə iddiaçı özünə məxsus əmlaklarını satmışdır. Həmin əmlaklardan biri də cavabdehin arvadına satılmışdır. İddiaçının mülkiyyətində olan əmlakların satılmasının tarixləri ilə pulların cavabdehə verilməsi tarixlərinə nəzər yetirləndə müəyyən etmək olar ki, pullar məhz iddia tərəfindən ödənilmişdir. Cavabdeh 2 saylı Bakı “ASAN xidmət” mərkəzində notariat kontorunda təsdiqlənmiş xx.xx.2015-ci il tarixli ərizəsindən görünür ki, X3 ona borclu olduğu 320000 ABŞ dolları məbləğində pul vəsaitini tam şəkildə qaytarmış və ona qarşı heç bir iddia və tələbi yoxdur. Həmçinin iddiaçının qardaşı Fərhad Tağıyev ilə bağlı olan cinayət işi üzrə qəbul edilmiş hökmün tarixindən bir gün əvvəl Cavabdeh Bakı şəhəri 46 saylı notariat kontorunda təsdiqlənmiş xx.xx.2017-ci il tarixli ərizəsindən görünür ki, cinayət işi üzrə təqsirləndiriən şəxs X7 tərəfindən ona dəymiş maddi ziyan tam ödənilmiş və onun Fərhad Tağıyevə qarşı heç bir şikayəti, iddia və tələbi yoxdur, gələcəkdə də olmayacaqdır. Hazırki iş üzrə mübahisə predmetinə daxil olan 90000 manat məbləğində pulun verilməsi ilə bağlı olan kredit müqaviləsi də məhz xx.xx.2020-ci il tarixdə bağlanmışdır. Bununla görsənirki, Cavabdeh tərəfindən iddiaçıya edilmiş hədə-qorxu nəticəsində həmin müqavilə bağlanmış və formal xarakter daşıyır. Belə ki, cavabdeh məhkəmə istintaqı zamanı iddiaçıya onun qardaşının həbs etdirməsi ilə bağlı hədə-qorxu etmiş və iddiaçı məcbur olaraq, onda yaranmış qorxu hissi əsasında həmin kredit müqaviləsini imzalamışdır. Hazırda cavabdeh tərəfindən əsassız olaraq Beyləqan Rayon Məhkəməsində iddiaçıya qarşı 50000 manat məbləğində borcun ödənilməsi ilə bağlı iddia qaldırılmışdır. Onu da qeyd etmişdir ki, cinayət nəticəsində Cavabdeh dəymiş ziyanla bağlı ödənişlər həmin cinayət işinin gedişatı zamanı aparılmış, hədə-qorxu ilə bağlı isə iddiaçı tərəfindən hüquq-mühafizə orqanlarına şikayət olunmamışdır. İddia tələbinin 270000 manatla bağlı hissəsi isə iddiaçıya məxsus mənzillərin satılması ilə bağlı dəymiş ziyan nəticəsində yaranmış məbləğdir. Məhkəmə iclasında Cavabdeh iddia tələbini etiraf etməməklə onun təmin olunmamasını xahiş etdi və izahatında bildirdi ki, bir neçə şəxs tərəfindən dələduzluq yolu ilə onun külli miqdarda pulu əlindən alınmış və bu barədə həmin şəxslərə qarşı cinayət işi açılmışdır. Həmin şəxslərdən də biri İddiaçı qardaşı Fərhad Tağıyev olmuşdur. Həmin cinayət nəticəsində iddiaçının qardaşı tərəfindən ona ümumilikdə 500000 ABŞ dolları məbləğində ziyan vurulmuş, bu barədə iddiaçının qardaşı Fərhad Tağıyev özü istintaq zamanı etiraf etmişdir. Cinayət işinin ibtidai istintaqı zamanı həmin puldan 160000 ABŞ dolları məbləğində hissəsi qaytarılmışdır. Həmin zaman artıq İddiaçılə tanış olmuşlar və aralarında münasibət yaranmışdır. İddiaçının qardaşı Fərhad Tağıyevin ev dustaqlığına buraxılması üçün ona dəymiş ziyanın tam ödənilməsi tələb olduğundan iddiaçıya məxsus Bakıxanov qəsəbəsində yerləşən 2 mərtəbəli evlə bağlı 200000 manat məbləğində satılmasına dair arvadı ilə Fərhad Tağıyev arasında alqı-satqı müqaviləsi bağlanmış, digər Nərimanov rayonunda yerləşən mənzillə bağlı isə onun ilə alqı-satqı müqaviləsi bağlanmışdır. Lakin o, həmin mənzilləri öz adına rəsmiləşdirməmişdir. Bundan sonra o, 2 saylı Bakı “ASAN xidmət” mərkəzində notariat kontorunda xx.xx.2015-ci il tarixdə X3 ona borclu olduğu 320000 ABŞ dolları məbləğində pul vəsaitini tam şəkildə qaytarılması barədə ərizə vermiş və bundan sonra iddiaçının qardaşı ev dustaqlığına buraxılmışdır. Həmin mənzillər ona verilən zaman o, sadəcə onları girov kimi qəbul etmiş və gələcəkdə həmin mənzilləri iddiaçı tərəfindən satılaraq ona dəymiş ziyanın ödənilməsini istəmişdir. Bu səbəbdəndə həmin mənzillərin alğı-satqısı formal olaraq bağlanmış və heç bir məbləğdə pul verilməmişdir. Daha sonra o, Nərimanov rayonunda yerləşən mənzili Tağıyev Fərhadın özünə qaytarmış və Tağıyev Fərhad tərəfindən həmin mənzil satılmış və əldə edilmiş 100000 manat məbləğində pul dəymiş ziyanın bir hissəsinin qaytarılması kimi ona verilmiş, Bakıxanov qəsəbəsində yerləşən 2 mərtəbəli evə dair onun arvadı ilə alqı-satqı müqaviləsi bağlanılmasına baxmayaraq, həmin mənzil də iddiaçının özü tərəfindən 126000 manata satılmış və əldə edilən pul dəymiş zərərin ödənilməsi məqsədilə onaverilmişdir. Daha sonra iddiaçının qardaşının cinayət işi üzrə məhkəmə istintaqı zamanı iddiaçı ona qardaşının cinayət işi üzrə başqa səbəblərə görə 90000 manat məbləğində pul lazım olduğunu bildirmiş və həmin məbləğdə ondan borca pul istəmişdir. O, iddiaçı ilə aralarında yaxşı münasibət yarandığından, hətta qardaşı Fərhad ilə də münasibətləri yaxşılaşdığından, onlara kömək etmək istəmiş, bu səbəbdən də iddiaçıya 90000 manat məbləğində pul borc vermiş, pulu iddiaçının özünə vermiş və bu barədə aralarında kredit müqaviləsi də bağlanmışdır. Həmin pulun ona qaytarılması məqsədilə sonralar notariat orqanı tərəfindən Beyləqan rayon İcra şöbəsinə icra qeydi göndərilmişdir. Bununla bağlı iddiaçı Beyləqan rayon İcra şöbəsinə dəvət olunanda onunla əlaqə saxlamış və icra qeydinin ləğv etdirməsini xahiş etmişdir. O da etiraz etməmiş və icra qeydi geri qaytarılmışdır. Bundan sonra İddiaçı həmin borcdan ona cəmi 40000 manat məbləğində pul qaytarmışdır. Borcun qalan hissəsini qaytarmadığına görə məcbur olub qalan hissəsinin, yəni 50000 manat məbləğində pulun ona qaytarılması ilə bağlı Beyləqan Rayon Məhkəməsinə müvafiq iddia ərizəsi ilə müraciət etmişdir. Hazırda da həmin iş üzrə icraat, hazırki işə görə dayandırılmışdır. Həmçinin onu da qeyd etmişdir ki, iddiaçının qardaşı ilə bağlı cinayət işi üzrə qardaşı tərəfindən dəymiş ziyanın ödənilməsi ilə bağlı verilən bütün pullar istintaq zamanı verilmiş, o isə müvafiq sənədlərə imza etməklə həmin pulları istintaq orqanından almışdır. Ona dəymiş ziyanın qaytarılması ilə bağlı o, nə iddiaçının özündən nə də onun qardaşından pul almamışdır. xx.xx.2017-ci il tarixli ərizəni isə məhkəmə istintaqı zamanı tələb olunduğundan yazmışdır. Məhkəmə iclasında cavabdehin nümayəndəsi və vəkili X13 iddia tələbini etiraf etməməklə onun təmin olunmamasını xahiş etdi və izahatında bildirdi ki, iddia tələbi əsassızdır. Belə ki, iddiaçının qardaşınında iştirak etdiyi cinayət işi nəticəsində Cavabdeh külli miqdarda pulu mənimsənilmişdir. Həmin cinayət işi üzrə iddiaçının qardaşının cinayət əməli nəticəsində Cavabdeh ziyan dəymişdir. İş üzrə tərəflər arasında bağlanmış xx.xx.2017-ci il tarixli kredit müqaviləsinin etibarsız hesab edilməsi üçün heç bir əsas mövcud deyil. Həmin kredit müqaviləsi üzrə Cavabdeh tərəfindən 90000 manat məbləğində İddiaçı borca pul verilmiş, İddiaçı də müqavilə üzrə üzərinə götürdüyü öhdəliyi qismən yerinə yetirərək, hissələr şəklində və fərqli vaxtlarda cəmi 40000 manat ödəniş etmişdir. Kredit müqaviləsi üzrə borc verilmiş pul məbləğinin cinayət işi ilə bağlı Cavabdeh dəymiş ziyanla əlaqəsi olmamış və həmin pul iddiaçıya borc verilmişdir. Cavabdeh tərəfindən yazılmış xx.xx.2017-ci il tarixli ərizə isə məhkəmə tərəfindən tələb olunduğundan yazılmışdır. Mənzillərin satılması isə özləri tərəfindən həyata keçirilmişdir. Ona görə də hesab edirəm ki, iddia tələbi əsassızdır. İş üzrə üçüncü şəxs Bakı şəhəri 46 saylı notariat kontoruna məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, onun nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə iclasında şahid qismində ifadə vermişX7 ifadəsində bildirmişdir ki, qardaşı Malik ilə Tofiq arasında bağlanmış 90000 manata dair kredit müqaviləsi formal bağlanmış və qardaşı tərəfindən Tofiqə həmin məbləğdə pul verilməmişdir. Həmin kredit müqaviləsi bağlanan zamanı o da qardaşı Malik və Tofiqlə birlikdə notariusa getmiş, lakin özünü pis hiss etdiyindən avtomobildə gözləmiş və qardaşı Malik geri qayıdan zamanı əlində pul olmamış, həmin zaman isə Malik ona Tofiq tərəfindən şikayətinin olmaması səbəbindən həmin müqavilənin bağladığını bildirmişdir. Cavabdeh dəymiş ziyanın tam şəkildə onun qardaşı Malik tərəfindən ödənilmiş, həmin müqavilə isə məhz Tofiq tərəfindən onun tutdurulması ilə bağlı sonradan hədə-qorxu olduğundan bağlanmış və həmin kredit müqaviləsinin ona ittiham edilmiş cinayət işi ilə əlaqədar dəymiş ziyanla bağlı əlaqəsi olmamışdır. Həmçinin bildirmişdir ki, onun barəsində olmuş cinayət işinin ibtidai istintaqı zamanı barəsində seçilmiş həbs qətimkan tədbirinin ev dustaqlığına əvəz olunmasına səbəb onun tərəfindən dəymiş ziyanın qardaşı tərəfindən ödənilməsi olmuşdur. Onu da qeyd etmişdir ki, barəsində olan cinayət işinin gedişatı zamanı nə onun nə də qardaşı Malikin Cavabdehla münasibətləri pis olmamış, hətta Cavabdeh ona avtomobil və iş vəd etmiş, onun tutdurulması ilə bağlı hədə-qorxular sonradan olmuşdur. Məhkəmə iclasında şahid qismində ifadə vermişHacıyev Əsgər İzzət oğlu ifadəsində bildirmişdir ki, onun oğlu da Cavabdeh qarşı törədilmiş cinayətdə iştirak etmiş və onun oğlu tərəfindən Cavabdeh 100000 manat məbləğində ziyan yetirilmişdir. Həmin cinayət işinin ibtidai istintaqı zaman 50000 manat məbləğində istinaqa vermiş. Qalan pulun ödənilməsi üçün isə Tofiqdən borca 50000 manat məbləğində pul almış və onunla borc müqaviləsi bağlamışdır. Belə ki, oğlunun ev dustaqlığına buraxılması üçün dəymiş ziyanın tam ödənilməsi tələb olunduğundan onda isə həmin məbləğ olmadığından, Tofiq ilə isə münasibətləri yarandığından Tofiqdən borc almışdır. Daha sonra isə özünə məxsus evi satandan sonra Tofiqə olan borcunu tam bağlanmışdır. Cavabdeh tərəfindən ona qarşı heç bir hədə-qorxu olmamış, İddiaçı də hədə-qorxu etdiyini görməmiş və bilməmiş, əksinə münasibətləri yaxşı olmuş, Malik ona və Tofiqə nar gətirmişdir. Belə ki, Tofiqin pulun əldə edilməsi ilə bağlı cinayət işinin gedişatı zamanı o, Maliklə də tanış olmuş, ibtidai və məhkəmə istintaqı zamanı birlikdə olmuşlar. Bildiyinə görə Tofiq ilə Malik arasında da borc müqaviləsi bağlanmışdır. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını və şahid ifadəsini dinləyib, iş materiallarını nəzərdən keçirib, hesab edir ki, iddia tələbi təmin edilməməlidir. İş materiallarında olan notarial qaydada təsdiq edilmiş Cavabdeh ilə İddiaçı arasında bağlanmış xx.xx.2017-ci il tarixli kredit müqaviləsinin surətindən görünür ki, həmin müqavilə üzrə borc verən Cavabdeh 90000 manat məbləğində pulu borcalan İddiaçı borc vermiş, borclana İddiaçı isə həmin borcu xx.xx.2019-cu il tarixədək hər ilin noyabr ayında 30000 manat olmaqla borcverənə qaytarmaq şərtilə öhdəlik götürmüşdür. İş materiallarında olan AN İ № ******* nömrəli xx.xx.2015-ci il tarixli daşınmaz əmlakın alqısatqı müqaviləsinin surətindən görünür ki, həmin müqavilə X7 ilə X11 arasında, Fərhad Tağıyevin mülkiyyətində olan Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, X16 küçəsi, ev 40 ünvanında olan 0.02 ha torpaq sahəsinin və həmin torpaq sahəsinin üzəridə yerləşən 2 mərtəbəli evin Olya Pançekoya 200000 manat məbləğində qiymətə satılmasına dair bağlanmışdır. İş materiallarında olan AN İ № ******* nömrəli xx.xx.2015-ci il tarixli daşınmaz əmlakın alqısatqı müqaviləsinin surətindən görünür ki, həmin müqavilə X7 ilə X1 arasında, Fərhad Tağıyevin mülkiyyətində olan ünvan 2 ünvanında yerləşən 3 otaqlı mənzilin Kəmaləddin Baxşəliyevə 77000 manat məbləğində qiymətə satılmasına dair bağlanmışdır. İş materiallarında olan AN İ № ******* nömrəli xx.xx.2016-cı il tarixli daşınmaz əmlakın alqısatqı müqaviləsinin surətindən görünür ki, həmin müqavilə X7 ilə X2 arasında, Fərhad Tağıyevin mülkiyyətində olan ünvan 3 ünvanında yerləşən 3 otaqlı mənzilin İsmayıl İskəndərova 100000 manat məbləğində qiymətə satılmasına dair bağlanmışdır. İş materiallarında olan 2 saylı Bakı “ASAN xidmət” mərkəzində notariat kontorunda təsdiqlənmiş Cavabdeh xx.xx.2015-ci il tarixli ərizəsinin surətindən görünür ki, Cavabdeh, X3 ona borclu olduğu 320000 ABŞ dolları məbləğində pul vəsaitini tam şəkildə qaytarmış və ona qarşı heç bir iddia və tələbi yoxdur. İş materiallarında olan Bakı şəhəri 46 saylı notariat kontorunda təsdiqlənmiş Cavabdeh xx.xx.2017-ci il tarixli ərizəsinin surətindən görünür ki, Cavabdeh, cinayət işi üzrə təqsirləndiriən şəxs X7 tərəfindən ona dəymiş maddi ziyan tam ödənilmiş və onun Fərhad Tağıyevə qarşı heç bir şikayəti, iddia və tələbi yoxdur, gələcəkdə də olmayacaqdır. İş materiallarında olan məhkəmə bildirişindən və iddia ərizəsinin surətindən görünür ki, Cavabdeh İddiaçı qarşı borcun ödənilməsi tələbinə dair iddia ərizəsi ilə Beyləqan Rayon Məhkəməsinə müraciət edərək, cavabdehdən 50000 manat məbləğində pulun alınaraq ona verilməsi ilə bağlı qətnamə qəbul edilməsini xahiş etmişdir. İş materiallarında olan xx.xx.2019-cu il tarixli icraata başlamaq haqqında qərardan görünür ki, Beyləqan rayon İcra və Probasiya şöbəsinin böyük icra məmuru X12 tərəfindən xx.xx.2019-cu il tarixdə icraatına daxil olmuş borclu İddiaçı 90000 manat məbləğində pul vəsaitinin tutularaq tələbkar Cavabdeh xeyrinə ödənilməsinə dair Bakı şəhəri 46 saylı Notariat Kontorunun 8i-4594 nömrəli xx.xx.2019-cu il tarixli icra sənədi üzrə icraatın başlanılması və borcluya 10 gün müddətində icranı könüllü olaraq təmin edilməsi, icra könüllü təmin edilmədikdə məcburi icra tədbirlərinin görülməsi barədə qərar qəbul edilmişdir. İş materiallarında olan Bakı Ağır Cinayətlət Məhkəməsinin xx.xx.2017-ci il tarixli 1(101)- 111/2017 saylı hökmündən görünür ki, iddiaçı qardaşı X7 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 307.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 5000 manat cərimə cəzasına məhkum edilmiş, onun xx.xx.2015-ci il tarixdən həbsdə və ev dustaqlığında saxlanıldığı bir il altı ay beş gün müddət ona təyin edilmiş cəzayə daxil edilməklə ona 3000 manat cərimə cəzası təyin edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Həmin Məcəllənin 740-cı maddəsinə əsasən borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. Borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır. Mülki qanunvericiliyin məzmununa görə əqd mülki hüquq münasibətlərinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş, birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Əqdin etibarlı olması üçün qanunda nəzərdə tutulmuş formaya riayət edilməsi zəruridir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 331.1-ci maddəsinə əsasən, yazılı əqd onun məzmununu ifadə edən və əqdi bağlayan şəxs və ya şəxslər və ya onların lazımınca vəkil etdikləri şəxslər tərəfindən imzalanmış sənədin tərtibi yolu ilə bağlanmalıdır. Göründüyü kimi əqdin etibarlı sayılması üçün yuxarıda göstərilən şərtlərin olması mütləqdir. Həmin şərtlərə əməl edilməməsi əqdin etibarlılığını şübhə altına alır. Hazırkı mübahisə üzrə isə qeyd edilən kredit müqaviləsinin etibarlılığını şübhə altına alan belə bir hal da müəyyən edilməmişdir. Bundan başqa, əqdin etibarlılığı üçün onun bağlanmasında iştirak edən şəxslərin səlahiyyətli olması, onların arasında iradə və onun bildirilməsi vahidliyinin mövcudluğu, əqdin forma və məzmununun qanunvericiliyin tələblərinə uyğun olması vacibdir. İşin araşdırılmış hallarından aydın olur ki, tərəflər arasında xx.xx.2017-ci il tarixli kredit müqaviləsi bağlanarkən qanunvericiliyin tələblərinə tam əməl edilmişdir. Bundan əlavə, işin həqiqi halları ilə məhkəmə iclasında müəyyən edilmişdir ki, mübahisə predmeti olan borcun verilməsinə dair əqd bağlanarkən tərəflər səlahiyyətli olmuş, onların iradə ifadəsi və onun bildirilməsinin vahidliyi mövcud olmuş, əqdin forma və məzmunu qanunvericiliyin tələblərinə müvafiq olmuşdur. Eynui zamanda Mülki Məcəllənin 337-ci maddəsinə əsasən Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Həmin Məcəllənin 337.4-cü maddəsinə görə, etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. Məcəllənin 337.5-ci maddəsinə görə, əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir. Qanun tələbindən göründüyü kimi əqd o zaman etibarsız hesab edilə bilər ki, Mülki Məcəllədə nəzərdə tutulmuş şərtləri pozmaqla bağlanmış olsun. İddiaçının, iddia tələbinin onunla Cavabdeh arasında bağlanmış xx.xx.2017-ci il tarixli kredit müqaviləsinin etibarsız hesab edilməsinə dair hissəsinə dəlili ondan ibarətdir ki, o, adıçəkilən müqaviləni cavabdehin hədə-qorxusu altında bağlamağa məcbur olmuşdur. Həmin kredit müqaviləsi formal bağlanmış və ona pul verilməmişdir. Məhkəmə iddianın bu dəlilinə münasibətdə bildirir ki, Mülki Məcəllənin 339.1-ci maddəsinə görə, hakimiyyətdən sui-istifadə, bir tərəfin 5 nümayəndəsinin digər tərəflə pis niyyətlə razılığa gəlməsi nəticəsində bağlanmış, yaxud bu Məcəllənin 49.4-cü maddəsində müəyyən edilmiş hallara səbəb olan əqd, habelə şəxsin ağır vəziyyətə düşməsi və digər tərəfin bundan istifadə etməsi nəticəsində həmin şəxsin özü üçün son dərəcə əlverişsiz şərtlərlə bağlamağa məcbur olduğu əqd (ağır şərtli əqd) zərərçəkən tərəfindən mübahisələndirilə bilər. Həmin Məcəllənin 339.4-cü maddəsinə görə, əqdi bağlayan şəxsi əqdi bağlamağa məcburetmə (zorakılıq və ya hədələmə) ona hüquq verir ki, zorakılığın üçüncü şəxs tərəfindən törədildiyi halda da əqdi mübahisələndirsin. Xaraktercə şəxsə təsir göstərə bilən və ona şəxsən özünü və ya əmlakını real təhlükə gözlədiyini təlqin edə bilən məcburetmə əqdin etibarsızlığına səbəb olur. Məcburetmənin xarakteri qiymətləndirilərkən şəxsin yaşı və cinsi, həyat şəraiti nəzərə alınır. Məcburetmə tərəflərdən birinin arvadına (ərinə), digər ailə üzvlərinə və ya yaxın qohumlarına qarşı yönəldildikdə də əqdin mübahisələndirilməsinə əsas verir. Məcburetmənin məqsədi ilə vasitələrinin bir-birinə uyğun gəlmədiyi hallardan başqa, nə qanuna zidd məqsədlərlə, nə də qanuna zidd vasitələr tətbiq edilməklə həyata keçirilməyən hərəkətlər məcburetmə sayılmır. Qeyd olunan maddi hüquq normalarının tələbindən müəyyən olunur ki, məcburetmənin (zorakılıq və ya hədələmə) həyata keçirilməsi əqdin bilavasitə etibarsız hesab edilməsi üçün əsas deyildir, burada bu halların mövcud olduğunu hesab edən şəxsin əqdi yalnız mübahisələndirmək hüququ yaranır. Odur ki, iddiaçı hazırda cavabdeh tərəfindən ona qarşı hədə-qorxu, zorakılıq və ya hər hansı formada təzyiq göstərilməsi kimi hərəkətlərin həyata keçirildiyini sübuta yetirməyə borcludur. Lakin işin araşdırılmış hallarından görünür ki, iddiaçı, ona qarşı hədə-qorxu gəlinməsi və digər şəkildə təzyiq göstərilməsi kimi hərəkətlərin aradan qaldırılması üçün hüquq-mühafizə orqanlarına müraciət etməmişdir. Sözügedən məcburetmə hallarının mövcudluğunu təsdiq edən hər hansı mötəbər sübut isə iş materiallarında mövcud deyildir. Əksinə məhkəmə iclasında müəyyən edilmişdir ki, iddiaçı, Cavabdeh ilə arasında bağlanmış xx.xx.2017-ci il tarixli kredit müqaviləsi üzrə öhdəliklərinin yerinə yetirilməsi məqsədilə hissələr şəklində və müxtəlif vaxtlarda (birinci 32000 manat, sonra 1000 manat, daha sonra isə 7000 manat olmaqla) Cavabdeh ümumilikdə 40000 manat məbləğində pul vermiş, bununla da cavabdehə borcunun olmasını qəbul etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1 və 14.2-ci maddələrinin mənasına görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməli, məhkəmə isə, yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Bununla da məhkəmə hesab edir ki, iş üzrə tərəflər arasında bağlanmış xx.xx.2017-ci il tarixli kredit müqaviləsinin etibarsız hesab edilməsi üçün heç bir əsas mövcud olmadığından iddia tələbi həmin hissədə təmin edilməməlidir. İddia tələbinin cavabdehdən 277000 manat məbləğində pul vəsaitinin cavabdehdən tələb edilməsinə dair hissəsinə iddiaçının dəlili ondan ibarət olmuşdur ki, ona məxsus əmlakların (mənzillərin) xx.xx.2015-ci il və xx.xx.2015-ci il tarixli daşınmaz əmlakın alqı-satqı müqavilələri əsasında satılması nəticəsində ona ziyan dəymişdir. Belə ki, həmin pulları ona cinayət nəticəsində zərərdən əlavə olaraq cavabdehə vermişdir. Həmin müqavilələrdən görünür ki, həmin mənzillər iddiaçıya yox, bilavasitə onun qardaşı Fərhad Tağıyevə məxsus olmuşdur. Bununla yanaşı, iddiaçı öz izahatında həmin mənzillərin hətta birinin cavabdehin arvadının adına alqı-satqı müqaviləsinə əsasən satılması görünsə də, məhkəmə iclasında mənzili özü real olaraq 126000 manata sataraq cavabdehə verdiyini bildirmişdir. Digər tərəfdən, iddiaçının iş üzrə cavabdehin cinayət işi ilə bağlı hər hansı bir tələbinin olmaması ilə bağlı ərizəsinə istinad etməsinə mübasibətdə isə məhkəmə qeyd edir ki, iş üzrə məhkəmə araşdırması zamanı tərəflərin izahatları ilə müəyyən edildiyi kimi, həmin mənzil cavabdehin arvadının adına alqı-satqı ilə rəsmiləşdirilməsi müqabilində belə bir ərizə verilmişdir. Məhz bunun formal olaraq belə olması iddiaçının 200000 manat müqabilində dəyərləndirilməsinə baxmayaraq özü tərəfindən 126000 manat satılmasını bildirməsi ilə təsdiqini tapır. Belə olan halda məhkəmə hesab edir ki, iddia bu hissədə də təmin edilməməlidir. Eyni zamanda məhkəmə qeyd edir ki, hətta işin bu halının mövcud olması məhkəmə araşdırması zamanı müəyyən edildiyi halda belə iddiaçının mənzillərin satılması ilə bağlı dəymiş ziyanın tələb etməsi qanunla nəzərdə tutulmuş qaydada hər hansı hüququ olmadığı üçün iddiaçının sözügedən iddia tələbini irəli sürməyə imkan verən subyektiv hüququn sahibi kimi qəbul edilməməklə iddia tələbinin həmin hissədə təmin edilməsi də mümkün olmazdı. Belə ki, satılmış mənzillər işin araşdırılmış hallarından müəyyən edilmişdir ki, X5 məxsus olmaqla alqısatqı müqavilələri əsasında satılmışdır. Konstitusiya Məhkəməsi Plenumunun xx xxxx 2008-ci il tarixli qərarında qeyd olunan məsələ ilə bağlı ifadə olunmuş hüquqi mövqelərə görə, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olubolmamasını araşdırmalıdır. Subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Məhkəmə hesab edir ki, iddiaçının qeryd etdiyi mənzillərə dair qanunla nəzərdə tutulmuş qaydada hər hansı hüququ olmadığı üçün iddiaçının iddia tələbinin sözügedən mənzillərə bağlı dəymiş zərər tələbini irəli sürməyə imkan verən subyektiv hüququn sahibi kimi qəbul edilməməklə də iddia tələbi təmin edilməməlidr. Həmçinin, qeyd edilməlidir ki, belə halda hazırki tələbin araşdırılması, hüququ olmayan şəxsin iddiasına qiymət verilməsi mənasına gəlməklə məhkəmə müdafiəsi hüququnun ümumi prinsiplərinə zidd olardı. Beləliklə məhkəmə hesab edir ki, İddiaçı Cavabdeh qarşı kredit müqaviləsinin etibarsız hesab edilməsi və pul barədə iddia tələbi təmin edilməməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçı Cavabdeh qarşı kredit müqaviləsinin etibarsız hesab edilməsi və pul barədə iddia tələbi təmin edilməsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Sabit Bəhrəmzadə
Məhkəmə qərarları › İş №2(003)-1446/2020
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №2(003)-1446/2020
09.10.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver