Məhkəmə qərarları › İş №2(003)-1460/2021

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №2(003)-1460/2021

07.05.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(003)-1460/2021 07.05.2021 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Bəhrəmzadə Sabit Xanlar oğlunun sədrliyi, Süleymanov Bəxtiyar Zeynal oğlunun katibliyi, Cavabdeh1 iştirakı ilə İddiaçı MMC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı müqavilənin ləğv edilməsi və borcun ödənilməsi tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı MMC cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, müqavilə üzrə edilməmiş ödənişlər üzrə 2574.34 manat, əmlakın dəyərinin qalığı üzrə 1170.9 manat, cərimə üzrə 1126.71 manat, cəmi 4871.95 manat və ödənilmiş 30 manat dövlət rüsumunun cavabdehlərdən birgə qaydada tutularaq İddiaçı MMC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC ilə Cavabdeh1 arasında bağlanmış 19.12.2019-cu il tarixli, 01/562/19-AQV saylı Nisyə Alqı-satqı Müqaviləsinə əsasən İddiaçı MMC təsviri bu müqavilədə göstərilən və ümumi dəyəri 4215.24 manat olan 1 ədəd 2019-cu il buraxılışlı avtomatik qapı sistemini sənəd və ləvazimatları ilə birlikdə cavabdehə təhvil vermiş, cavabdeh isə bunun müqabilində müaviləyə əlavə olan ödəniş qrafikinə müvafiq olaraq hər ay ödəniş etməyi öhdəsin götürmüşdür. Daha sonra iddiaçı ərizə ilə məhkəməyə müraciət edərək, İddiaçı MMC ilə Cavabdeh1 arasında bağlanmış 19.12.2019-cu il tarixli, 01/562/19-AQV saylı Nisyə Alqısatqı Müqaviləsinin ləğv edilməsi, müqavilə üzrə 3745.24 manat, dəbbə pulu üzrə 1126.71 manat, cəmi 4871.95 manat borcun və 30 manat dövlət rüsumunun tutulmasını xahiş etdi. İddiaçının nümayəndəsi ərizə ilə məhkəməyə müraciət edərək, məhkəmə iclasının onun iştirakı olmadan keçirilməklə iddianın təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh1 iddia tələbini qismən etiraf edərək, əsas borcu qəbul etdiyini bildirdi və cərimə borcunun silinməsini xahiş etdi. Cavabdeh2 məhkəmə iclasının yeri və vaxtı barəsində lazımı qaydada xəbərdar edilsə də, o, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat daxil olmamışdır. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən, işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə cavabdehin izahatını dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan İddiaçı MMC ilə Cavabdeh1 arasında bağlanmış 19.12.2019-cu il tarixli 01/562/19-AQV №-li nisyə alqı-satqı müqaviləsinin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, həmin müqaviləyə əsasən Cavabdeh1 18 ay müddətinə ümumilikdə dəyəri 4215.24 manat olan-1 ədəd avqomatik qapı sistemi verilmişdir. İş materiallarında olan İddiaçı MMC ilə Cavabdeh1 və zamin Cavabdeh2 arasında bağlanmış 19.12.2019-cu il tarixli zaminlik müqaviləsinin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, zamin Cavabdeh2 satıcı və alıcı arasında bağlanmış 19.12.2019-cu il tarixli 01/562/19-AQV saylı müqavilə üzrə satıcı qarşısında məsuliyyət daşımasını öhdəsinə götürmüşdür. İş materiallarında olan 07.01.2020-ci il tarixli təhvil-təslim aktının surətindən görünür ki, yuxarıda adı çəkilən müqavilədə göstərilən avtomatik qapı sistemi Cavabdeh1 təhvil verilmişdir. İş materiallarında olan arayışdan görünür ki, Cavabdeh1 02.02.2021-ci il tarixə 4871.95 manat borcu vardır. İş materiallarında olan sonuncu xəbərdarlıqların surətindən görünür ki, yaranmış borcla əlaqədar İddiaçı MMC tərəfindən cavabdehlərə xəbərdarlıq edilmiş və ödənilməsi tələb edilmiş, eyni zamanda öhdəliklərini icra etmədiyi təqdirdə məhkəməyə müraciət ediləcəyi və müqaviləyə birtərəfli qaydada xitam veriləcəyi bildirilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən, alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 600.4-cü maddəsinə görə əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, İddiaçı ilə Cavabdeh1 arasında bağlanmış nisyə alğı-satqı müqaviləsinə əsasən avtomatik qapı sistemi almış və alğı-satqı müqaviləsi üzrə dövri ödənişlər etməyi öhdəsinə götürmüş, lakin müqavilə üzrə üzərinə düşən öhdəliyi lazımınca icra etməməklə müqavilənin şərtlərini pozmuşdur. Buna görə də, iddiaçı göstərilən müqavilələrin şərtlərinin icrasını və ödənilməmiş əsas məbləğin qaytarılmasını tələb etməkdə haqlıdır. Belə olan halda məhkəmə hesab edir ki, 3745.24 manat əsas borcun cavabdehlərdən tutulması hissəsində iddia tələbi təmin edilməlidir. İddia tələbinin dəbbə pulu hissəsinə münasibətdə məhkəmə nəzərə alır ki, Mülki Məcəllənin 466-cı maddəsinə müvafiq olaraq əgər öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi üçün dəbbə pulu müəyyənləşdirilmişsə, zərərin dəbbə pulu çatmamış hissəsinin əvəzi ödənilir. Qanunda və ya müqavilədə aşağıdakı hallar nəzərdə tutula bilər: zərərin deyil, yalnız dəbbə pulunun tutulmasına yol verilə bilər; dəbbə pulundan artıq zərər tam məbləğdə tutula bilər; kreditorun seçiminə uyğun, ya dəbbə pulu, ya da zərər tutula bilər. Mülki Məcəllənin 467-ci maddəsinə əsasən isə məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Hər bir konkret iş üzrə dəbbə pulunun azaldılması meyarları kimi dəbbə pulunun qeyri-mütənasib olması, öhdəliyin pozulması nəticəsində yarana biləcək mümkün zərərin həcmindən əhəmiyyətli dərəcədə artıq olması, öhdəliklərin yerinə yetirilməsindən yayınma müddətləri və s. çıxış edə bilər. Məhkəmə nəzərə alır ki, dəbbə pulunun göstərilən həcmdə tutulması cavabdehin əmlak mənafelərinə xələl gətirə bilər. Dəbbə pulunun məbləğinin azaldılması kreditorun əmlak mənafelərinə əsaslı təsir etmir. Belə ki, dəbbə pulunu əldə edəcəyi gözlənilən qazanc kimi deyil, öhdəliyin icrasının təminatı üsulu kimi nəzərdə tutmuşdur. Qeyd edilənləri rəhbər tutmaqla məhkəmə belə qənaətə gəlir ki, 3745.24 manat məbləğində əsas borca münasibətdə Cavabdeh1 1126.71 manat dəbbə (cərimə) pulunun tutulması əsaslı hesab edilə bilməz və tənasübsüz yüksək olduğundan azaldılmalıdır. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, Cavabdeh1 və Cavabdeh2 iddiaçının xeyrinə 50 manat dəbbə (cərimə) pulu tutulmalıdır. Məhkəmə digər cavabdehin (zaminin) mülki məsuliyyətini araşdıraraq qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472.1-ci maddəsinə əsasən, borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Həmin Məcəllənin 472.2-ci maddəsinə əsasən, əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Məhkəmə xərcləri ilə bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, iddiaçı tərəfindən ödənilmiş 30 (otuz) manat dövlət rüsumu cavabdehlərdən alınaraq İddiaçı MMC-nin xeyrinə tutulmalıdır. Belə ki, Azərbaycan Respublikası MPM-in 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməli, İddiaçı MMC ilə Cavabdeh1 arasında bağlanmış 19.12.2019-cu il tarixli 01/562/19-AQV saylı Nisyə Alqı- Satqı Müqaviləsi ləğv edilməli, cavabdehlərdən birgə qaydada 3745.24 manat əsas borc, 50 manat cərimə borcu, cəmi 3795.24 manat və ödənilmiş 30 manat dövlət rüsumu, cəmi 3825.24 manat alınaraq İddiaçı MMC-yə ödənilməlidir. Qeyd olunanlara və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi təmin edilsin. İddiaçı MMC ilə Cavabdeh1 arasında bağlanmış 19.12.2019-cu il tarixli 01/562/19- AQV saylı Nisyə Alqı-Satqı Müqaviləsi ləğv edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 birgə qaydada 3745.24 manat əsas borc, 50 manat cərimə borcu, cəmi 3795.24 manat və ödənilmiş 30 manat dövlət rüsumu, cəmi 3825.24 manat alınaraq İddiaçı MMC-yə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Sabit Bəhrəmzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar