Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(003)-1466/2021 25.11.2021 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Xəzri Ramilə Həşim qızının sədrliyi, Mehdiyeva Nigar Namizəd qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Nümayəndə, Cavabdeh və onun vəkili X2 iştirakı ilə İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi barədə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinə müraciət edərək, cavabdehdən ona borclu olduğu 70000 manat məbləğində pulun və ödədiyi 30 manat dövlət rüsumunun alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, cavabdeh təxminən 2018-ci ilin yanvar ayında ondan 70000 manat məbləğində borca pul götürmüşdür. Lakin borcunu dəfələrlə tələb etsə də, cavabdeh borcu qaytarmamışdır. 18 oktyabr 2018-ci il tarixdə cavabdeh borcunun etirafı olaraq ona yazılı qəbz verərək həqiqətən ondan 70000 manat məbləğində borc aldığını etiraf etmiş və 15 gün ərzində borcunu qaytaracağına söz vermişdir. Lakin dəfələrlə tələb etsə də, bu günə kimi borcunu qaytarmamışdır. Qeyd olunanlara əsasən, cavabdehdən ona borclu olduğu 70000 manat məbləğində pulun və ödədiyi 30 manat dövlət rüsumunun alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Nümayəndə iddia tələbini müdafiə edərək, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh iddia tələbini qəbul etməmiş və etirazını onunla əsaslandırmışdır ki, İddiaçı torpaq sahəsi alıb, həmin torpaq sahələrinin üzərində çoxmərtəbəli binalar inşa etdirməklə məşğul olurdu. O da həmin torpaq sahəsinin sənədlərinin rəsmiləşdirilməsində iddiaçıya köməklik edirdi. İddia ərizəsində qeyd olunan iddiaçının ona 70.000 manat pulu borc verməsi tamamilə yalandır. İddiaçı 70.000 manat məbləğində pulu ona aldığı torpaq sahəsinin sənədlərini rəsmiləşdirməyi üçün vermişdir. Sonradan onlara məlum olub ki, torpaq sahələrini satan şəxslər iddiaçını aldadıb, həmin sahə dövlət əmlakıdır, həmin ərazini özəlləşdirmək mümkün deyil. Bundan sonra o, həmin 70.000 manat məbləğində pulu iddiaçının özünə hissə-hissə qaytarmışdır. Belə ki, 40.000 manatı pulu X3 vasitəsilə, 30.000 min manat pulu isə özü şəxsən iddiaçıya qaytarmışdır və pulu qaytaran zaman iddiaçının səsini telefona yazaraq diskə köçürmüşdür və həmin disk məhkəməyə təqdim olunmuşdur. Mülki iş materiallarında olan onun adından yazılmış və imzalanmış qəbzdə olan imza ona məxsus deyil. Qeyd olunanlara əsasən, iddia tələbinin rədd edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh vəkili X4 iddia tələbini qəbul etməmiş və iddia tələbinin rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində iştirak edən X5 ifadəsində göstərmişdir ki, o, Kamilin sürücüsü olmuşdur. 2018-ci ilin dekabr ayında Kamil ona 40.000 manat pul verərək Şəmsəddinə çatdırmağını bildirib. O, Şəmsəddinlə əlaqə saxlayaraq “Baku Mall” da görüş təyin etmişdir. Şəmsəddin həmin yerə ağ cipdə gəldi, ucaboy, ağ saçlı kişi idi. Onlar görüşüb “Baku Mall” da yerləşən kafedə əyləşmişlər və o, 40.000 manat pulu Şəmsəddinə verib Kamilə öz telefonu ilə zəng edib pulu verdiyini bildirmişdir. Sonra telefonu Şəmsəddinə vermişdir ki, o, özü də pulu aldığını Kamilə bildirsin. Şəmsəddin Kamilə 40.000 manat pulu aldığını deyib ona olan borcun bağlandığını bildirib sağollaşmışdır, telefonu ona vermiş və o da Şəmsəddinlə ilə sağollaşaraq Malldan çıxıb getmişdir. Şəmsəddin Kamilə onun yanında brocun bağlandığını bildirdi. O, həmin söhbətdən belə başa düşmüşdür ki, Kamilin Şəmsəddinə borcu qalmayıb. Məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş iddiaçı məhkəməyə gəlməmişdir. Məhkəmə, Mülki Prosessual Məcəllənin 185-ci maddəsinə əsasən, işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərəflərin izahatlarını, şahid ifadəsini dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi aşağıdakı əsaslara görə təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. İddia tələbindən və işin məhkəmə tərəfindən araşdırılan hallarından görünür ki, iddiaçı cavabdehdən vermiş olduğu 70000 manat vəsaitinin alınmasını xahiş etmiş, iddia tələbinin sübutu kimi cavabdeh tərəfindən yazılmış əl yazısını təqdim etmişdir. İş materiallarına əlavə edilmiş əl yazısı ilə 18.10.2018-ci il tarixdə yazılmış qeydlərdə göstərilmişdir ki, Cavabdeh İddiaçı təxminən 9-10 ay əvvəl 70000 manat borc aldığını, həmin borcu 15 gün müddətində qaytaracağını bildirmişdir. Cavabdeh həmin əl yazısının onun tərəfindən yazılmadığını bildirmişdir. Məhkəmə, iş üzrə sübut kimi təqdim olunmuş əl yazısının cavabdeh tərəfindən yazılıbyazılmadığının müəyyən edilməsi üçün məhkəmə-xəttşünaslıq ekspertizası təyin etmiş, ekspertizanın keçirilməsi Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinə həvalə edilmişdir. İş üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin əlyazmaların və səslərin ekspertizası şöbəsindən verilmiş 10 iyun 2021-ci il tarixli 5/445 nömrəli rəydən görünür ki, mülki işdə olan mətndəki yazıların, tarix göstəricisinin və imzanın rəngləyici maddələri kimyəvi tərkibinə görə diyircəkli qələmlərdə ifadə olunan mürəkkəblərə aiddir və öz aralarında eynidirlər. Həmin yazıların Cavabdeh tərəfindən yazılıb-yazılmamasına gəldikdə isə, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzindən daxil olmuş 22.06.2021 və 07.09.2021-ci il tarixli məktublardan görünür ki, sərbəst xətt və imza nümunələri, eksperimental xətt nümunələri təqdim olunmamış və bu səbəbdən ekspertizanın keçirilməsi mümkün olmamışdır. Həmçinin, iş materiallarında olan bildirişlərdən və telefonoqramalardan görünür ki, cavabdeh ekspertizanın keçirilməsi üçün sərbəst xətt, sərbəst imza və ekspertimental xətt nümunələrinin təqdim edilməsinə dair rəsmi qaydada xəbərdar edilmişdir. Belə ki, cavabdeh dəfələrlə xəbərdar edilməsinə baxmayaraq ekspertizanın keçirilməsi üçün zəruri olan nümunələri məhkəməyə, yaxud ekspertizaya təqdim etməmiş, bununla da ekspertizanın keçirilməsindən yayınaraq, ekspertizanın keçirilməsinə mane olmuşdur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 97.5. maddəsinə əsasən tərəf ekspertizanın keçirilməsində iştirak etməkdən imtina edirsə və ya onun keçirilməsinə mane olursa (ekspertizaya gəlmir, zəruri tədqiqat predmetlərini ekspertə təqdim etmir, ekspertizanın aparılması üçün tələb olunan xərcləri ödəmir və s.) və işin hallarına görə bu tərəfin iştirakı olmadan ekspertizanı keçirmək mümkün deyilsə, məhkəmə hansı tərəfin iştirak etməkdən imtina etməsindən, habelə bunun onun üçün hansı əhəmiyyət kəsb etməsindən asılı olaraq, ekspertiza təyin edilən faktı, onun hüquqi nəticələrini əsaslandırmaqla təsdiq olunmuş və yaxud rədd edilmiş hesab edə bilər. Bundan əlavə, cavabdeh izahatında 70.000 manat məbləğində pulun iddiaçı tərəfindən ona aldığı torpaq sahəsinin sənədlərini rəsmiləşdirməyi üçün verildiyini, lakin pulun iddiaçının özünə hissə-hissə qaytarıldığını bildirmiş, pul vəsaitinin iddiaçıya qaytarıldığına dair öz dəlilini əsaslandıran hər hansı əsaslı və mötəbər sübutu məhkəməyə təqdim edə bilməmişdir. Onun bu dəlilini dəlilini yalnız məhkəmə iclasında şahid qismində dindirilmiş sürücüsü təsdiq etmiş, lakin məhkəmə işin tədqiq olunan halları ilə uyğunlaşmayan, cavabdehin maraq və mənafeyinə uyğun verilən şahid ifadəsini inandırıcı və kifayət saymamışdır. Məhkəmə qanunvericiliyin yuxarıda qeyd edilən tələbini, həmçinin məhkəmə iclasında araşdırılan sübutların məcmusunu nəzərə alaraq, Cavabdeh İddiaçı 70000 manat pul vəsaitini borc aldığını və həmin borcu qaytarmadığını təsdiq olunmuş hesab edir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür (maddə 21.2). Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır (maddə 1096). Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 425.1. maddəsində göstərilir ki, tərəflərdən hər biri öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 427.3. maddəsində göstərilir ki, öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 442-ci maddəsinin tələbinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən, borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Məhkəmə xərcləri ilə bağlı məhkəmə qeyd edir ki, Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia tələbi təmin edildiyindən, ödənilmiş 30 manat dövlət rüsumu cavabdehdən tutularaq iddiaçıya, ekspertiza tədqiqatının dəyəri olan 80 manat isə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinə ödənilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217-ci maddəsinin tələbinə görə, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə məhkəmə iş üzrə tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilərək, Cavabdeh İddiaçı xeyrinə borca görə 70000 manat və ödənilmiş dövlət rüsumuna görə 30 manat pul vəsaiti tutulmalı, iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olaraq 80 manat Cavabdeh tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. Şərh olunanları nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. Cavabdeh İddiaçı xeyrinə borca görə 70000 (yetmiş min) manat və ödənilmiş dövlət rüsumuna görə 30 (otuz) manat pul vəsaiti tutulsun. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olaraq 80 manat Cavabdeh tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin (büdcə təsnifatının kodu 142319, büdcə səviyyəsinin kodu 3, ekspertiza xərci, SAP (XİİS) hesabı, X1, KOD 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ**********0000003944, SFİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, Hesab AZ34CTRE********************) hesabına keçirilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən sonra 1 (bir) ay müddətində Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. SƏDRLİK EDƏN: Ramilə Xəzri
Məhkəmə qərarları › İş №2(003)-1466/2021
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №2(003)-1466/2021
25.11.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver