Məhkəmə qərarları › İş №2(003)-1472/2021

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №2(003)-1472/2021

15.04.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(003)-1472/2021 15.04.2021 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Zaur Müzəffər oğlunun sədrliyi, Eyvazlı Məhəmməd Asəf oğlunun katibliyi ilə, İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1, Cavabdeh2 qarşı kredit müqaviləsi üzrə borcun tutulması tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı QSC cavabdehlər Cavabdeh1, Cavabdeh2 müştərək qaydada İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin xeyrinə 21R********** saylı kredit razılaşması üzrə 2064.14 manat məbləğində kredit borcu, 367.35 manat məbləğində faiz borcu və 775.71 manat məbləğində cərimə borcu olmaqla, ümumilikdə cəmi 3187 (üç min yüz səksən yeddi) manat 71 (yetmiş bir) qəpik məbləğində borcun, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh1 İddiaçı QSC ilə bağladığı 30.05.2019-cu il tarixli 021L**********37 saylı uzunmüddətli kredit müqaviləsinə əsasən 120 (yüz iyirmi) ay müddətinə 50000 (əlli min) manat məbləğində kredit xətti açılmışdır. Bu müqaviləyə əsasən cavabdehə veriləcək məbləğ və müddət ayrıca olaraq Kredit razılaşması ilə müəyyən olunur. Uzunmüddətli kredit müqaviləsi üzrə Cavabdeh1 İddiaçı QSC ilə bağladığı 10.09.2019-cu il tarixli 021R********** saylı kredit razılaşması əsasında 15 ay müddətinə, aylıq faiz dərəcəsi 2.25% olmaqla, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 2500 (iki min beş yüz) manat məbləğində kredit götürmüşdür. Cavabdeh1 kredit razılaşmasının 1.2-ci bəndinin tələbini pozaraq kredit razılaşması üzrə ödəmələri dəfələrlə yubatmış, kredit borcu və faiz borcundan ibarət olmaqla ödəməli olduğu vəsaitləri 10.01.2020-ci il tarixdən banka qaytarmamışdır. Cavabdeh1 götürdüyü kredit borcundan 435.86 manat ödəmiş, onun 2064.14 manat məbləğində kredit borcu qalmışdır. Kredit razılaşmasının 2.3-cü bəndinə əsasən faiz qaytarılmalı kredit məbləği üzrə hər gün üçün bank tərəfindən kreditin verildiyi tarixdən onun tam qaytarılmasınadək hesablanır. Bir gün üçün faiz bu kredit razılaşmasının 1.1 bəndi ilə müəyyən olunmuş aylıq faizin 1/30 hissəsi kimi hesablanır. Qeyd edilənlərə əsasən bildiririk ki, Cavabdeh1 kredit borcu və faiz borcundan ibarət olmaqla ödəməli olduğu vəsaitləri kreditora qaytarmadığı üçün 12.01.2021-ci il tarixə 368 gün üçün hesablanmış faiz borcu 367.35 manat təşkil edir. Kredit razılaşmasının 4.2.2-ci bəndinə uyğun olaraq borclu ödəniş planı üzrə krediti və ona hesablanmış faizi vaxtında qaytarmadıqda hər gecikdirilən gün üçün kredit qalığının 0.5 ”o məbləğində cərimə ödəməlidir. 12.01.2021-ci il tarixə 368 gün üçün hesablanmış cərimə 755.71 manat təşkil edir. Uzunmüddətli kredit müqaviləsinin 3.1.2-ci bəndinin cap yarımbəndinə əsasən kredit alan müvafiq olaraq krediti və faizi ödəniş planına uyğun olaraq qaytara bilmədikdə Kreditor müqaviləyə vaxtından əvvəl xitam vermək, qalan kredit məbləğini, faiz borcunu və müqavilə üzrə hesablanmış cəriməni tələb etmək hüququrr malikdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilmələrinə baxmayaraq, mülki iş üzrə tərəflər məhkəmə iclasında iştirak etməmişlər. Həmçinin İddiaçı QSC-nin nümayəndəsi məhkəməyə teleqram ünvanlayaraq işə onların iştiakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.4-cü və 185.5-ci maddəsinə əsasən işə iddiaçının nümayəndəsinin və cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə mülki iş materiallarını tədqiq edərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan 021L**********37 saylı, 30.05.2019-cu il tarixli uzunmüddətli kredit müqaviləsindən görünür ki, Cavabdeh1 İddiaçı QSC 120 (yüz iyirmi) ay müddətinə 50000 (əlli min) manat məbləğində kredit xətti açmışdır. İş materiallarında olan 10.09.2019-cu il tarixli 021R********** saylı kredit müqaviləsindən görünür ki, həmin müqavilə Cavabdeh1 ilə İddiaçı QSC arasında 15 ay müddətinə aylıq faiz dərəcəsi 2,25 % olmaqla, ödəniş planı üzrə qaytarmaq şərti ilə 2500 manat məbləğində kredit verilməsi haqqında bağlanmışdır. İş materiallarında olan kredit verilməsi barədə köçürmə qəbzindən görünür ki, kredit razılaşması üzrə 2500 manat bank tərəfindən hesaba köçürülmüş və Cavabdeh1 həmin pulu götürmüşdür. İş materiallarında olan Cavabdeh2 ilə İddiaçı QSC arasında bağlanmış 30.05.2019cu il tarixli 021S**********02 saylı zaminlik müqaviləsindən görünür ki, o, 021L**********37 saylı, 30.05.2019-cu il tarixli uzunmüddətli kredit müqaviləsi üzrə öhdəliklərini tam həcmdə yerinə yetirilməsinə görə məsuliyyəti tam olaraq öz üzərinə götürmüşdür. İş materiallarında olan İddiaçı QSC tərəfindən verilmiş maliyyə arayışından görünür ki, Cavabdeh1 10.09.2019-cu il tarixli 021R********** kredit razılaşması üzrə 12.01.2021-ci il tarixə əsas borcu 2064,14 manat, faiz üzrə 367,35 manat, cərimə üzrə borcu 755,71 manat təşkil edir. İş materiallarında olan cavabdehlərə ünvanlanmış xəbərdarlıqdan görünür ki, bank onlara olan borcun qaytarılması barədə xəbərdarlıq etmişdir. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, kreditalan kredit müqaviləsi ilə üzərinə götürdüyü öhdəliyi lazimi qaydada icra etməmiş, ödəniş cədvəlini pozmuşdur. Onun iddiaçı qarşısında yuxarıda göstərilən məbləğində icra edilməmiş pul öhdəliyi vardır. Eyni zamanda zaminlik müqaviləsinə əsasən zamin qeyd edilən müqavilə üzrə borcalan tərəfindən öhdəliklərin icrasının pozulacağı təqdirdə kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşımağı öhdəsinə götürmüşdür. Hazırki iş üzrə iddiaçının təqdim etdiyi sübutlar borcun ödənilməsi barədə tələbin əsaslı olduğunu təsdiq edir. Qeyd edilənlərə əsasən və Mülki Məcəllənin 385-386, 425, 427, 439, 442, 448, 739, 470 və 472-ci maddələrinin göstərişinə əsaslanaraq məhkəmə hesab edir ki, 10.09.2019-cu il tarixli 021R********** saylı kredit razılaşması üzrə 2064,14 manat əsas, 367,35 manat faiz borcu cavabdehlərdən alınaraq iddiaçının xeyrinə tutulmalıdır. İddia tələbinin dəbbə pulu hissəsinə münasibətdə məhkəmə nəzərə alır ki, Mülki Məcəllənin 466-cı maddəsinə müvafiq olaraq əgər öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi üçün dəbbə pulu müəyyənləşdirilmişsə, zərərin dəbbə pulu çatmamış hissəsinin əvəzi ödənilir. Qanunda və ya müqavilədə aşağıdakı hallar nəzərdə tutula bilər: zərərin deyil, yalnız dəbbə pulunun tutulmasına yol verilə bilər; dəbbə pulundan artıq zərər tam məbləğdə tutula bilər; kreditorun seçiminə uyğun, ya dəbbə pulu, ya da zərər tutula bilər. Mülki Məcəllənin 467-ci maddəsinə əsasən isə məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Hər bir konkret iş üzrə dəbbə pulunun azaldılması meyarları kimi dəbbə pulunun qeyri-mütənasib olması, öhdəliyin pozulması nəticəsində yarana biləcək mümkün zərərin həcmindən əhəmiyyətli dərəcədə artıq olması, öhdəliklərin yerinə yetirilməsindən yayınma müddətləri və s. çıxış edə bilər. Məhkəmə nəzərə alır ki, dəbbə pulunun göstərilən həcmdə tutulması cavabdehin əmlak mənafelərinə xələl gətirə bilər. Dəbbə pulunun məbləğinin azaldılması kreditorun əmlak mənafelərinə əsaslı təsir etmir. Belə ki, kreditor borc verərkən dəbbə pulunu əldə edəcəyi gözlənilən qazanc kimi deyil, öhdəliyin icrasının təminatı üsulu kimi nəzərdə tutmuşdur. Lakin yuxarıda qeyd edildiyi kimi hesablanmış dəbbə pulu (cərimə) dəyən zərərin-faiz borcunun həddini aşmışdır. Halbuki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 465.1-ci maddəsinə görə əgər kreditorun icra etməmək nəticəsində dəyən zərərin əvəzinin ödənilməsi hüququ varsa, o, tutulmalı olan cəriməni zərərin minimum məbləği kimi tələb edə bilər. Yəni, hazırki iş üzrə iddiaçı cavabdehlərdən dəbbə pulunu (cəriməni) zərərin (hazırki iş üzrə hesablanmış faizlərin) minimum məbləği kimi tələb edə bilər. Başqa sözlə, dəbbə pulu (cərimə) mümkün zərərin minimum məbləğindən çox ola bilməz. Hazırki halda isə cərimə hesablanmış faiz məbləğində əhəmiyyətli dərəcə də artıq hesablanmışdır. Qeyd edilənləri rəhbər tutmaqla məhkəmə belə qənaətə gəlir ki, 10.09.2019-cu il tarixli 021R********** nömrəli kredit razılaşması üzrə 2064,14 manat əsas borca münasibətdə cavabdehlərdən 755,71 manat dəbbə (cərimə) pulunun tutulması əsaslı hesab edilə bilməz və tənasübsüz yüksək olduğundan azaldılmalıdır. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, cavabdehlərdən iddiaçının xeyrinə tutulmalı olan dəbbənin (cərimə) məbləği 10.09.2019-cu il tarixli 021R********** nömrəli kredit razılaşması üzrə 50 manat müəyyən edilməlidir. Beləliklə, məhkəmə hesab edir ki, cavabdehlər Cavabdeh1, Cavabdeh2 müştərək qaydada 10.09.2019-cu il tarixli 021R********** nömrəli kredit razılaşması üzrə 2064,14 manat əsas, 367,35 manat faiz borcu, 50 manat məbləğində cərimə borcu İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin xeyrinə tutulmalı, iddia qalan hissədə rədd edilməlidir. Məhkəmə iddia tələbinin ödənilmiş 30 manat dövlət rüsumunun tutulması hissəsinə qiymət verərək hesab edir ki, həmin məbləğ cavabdehlərdən müştərək qaydada iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Qeyd olunanlara və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233 və 360-cı maddələrinə əsasən, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdehlər Cavabdeh1, Cavabdeh2 müştərək qaydada 10.09.2019-cu il tarixli 021R********** nömrəli kredit razılaşması üzrə 2064,14 manat məbləğində əsas, 367,35 manat məbləğində faiz borcu, 50 manat məbləğində cərimə borcu olmaqla cəmi 2481,49 manat və dövlət rüsumuna görə ödənilmiş 30 (otuz) manat İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin xeyrinə tutulsun. İddia qalan hissədə rədd edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Zaur Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar