Məhkəmə qərarları › İş №2(003)-1502/2023

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №2(003)-1502/2023

22.06.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(003)-1502/2023 22.06.2023 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Rüstəmov Emin Şahin oğlunun sədrliyi, Şükürlü Murad Şahin oğlunun katibliyi ilə, İddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı “kredit müqaviləsi üzrə borc” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ İddiaçı "xxxx" ASC Cavabdeh qarşı “kredit müqaviləsi üzrə borc” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsi onunla əsaslandırılır ki, Cavabdeh xx.xx.2022-ci il tarixli kredit müqaviləsinə əsasən "xxxx" ASC-dən illik 26 % ödəmək 120 ay müddətinə qaytarmaq şərti ilə 4500 manat kredit götürmüşdür. Cavabdeh müqavilənin şərtlərini pozaraq dövri olaraq ödəməli olduğu kreditin ödənilməsinə dair öhdəliyi vaxtında və lazımi qaydada icra etməmişdir. xx.xx.2023-cü il tarixinə Cavabdeh əsas borc üzrə 4239,66 manat, faiz borcu üzrə 749,5 manat, cəriməyə görə 31,27 manat borcu mövcuddur. Ona görə də Cavabdeh “X3” ASC-nin xeyrinə xx.xx.2022-ci il tarixli kredit müqaviləsi üzrə əsas borca görə 4239,66 manat, faiz borcu üzrə 749,5 manat, cəriməyə görə 31,27 manat və ödənilmiş dövlət rüsumuna görə 70,64 manatın tutulmasına dair qətnamə çıxarılması xahiş olunur. İddiaçı cəmiyyətin nümayəndəsi X1 məhkəməyə ərizə ilə müraciət edərək işə onların iştirakı olmadan baxılmasını və iddia ərizəsinin təmin edilməsini xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumat verilməsinə, iddia ərizəsinə etiraz və əlavələrinin təqdim olunmasının təklif edilməsinə baxmayaraq cavabdeh məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Eyni zamanda, cavabdeh tərəfindən iddia ərizəsinə etiraz və ya mülahizə daxil olmamışdır. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddia ərizəsini və iş materiallarını araşdıraraq hesab edir ki, iddia ərizəsi təmin edilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 425.1-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Borcverən "xxxx" ASC ilə borcalan Cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli 2571nkMDKb/22 saylı kredit müqaviləsindən müəyyən olunur ki, bank müştəriyə 120 ay müddətinə illik 35 % ödəmək şərti ilə 20000 manatadək krediti borcalana verə bilər. Müqavilənin 2.7-ci bəndindən görünür ki, bank borcalanın bu müqavilə üzrə öhdəliyini vaxtında və lazımi qaydada icra edilməməsi ilə nəticələnə bilən bu bəndin müvafiq yarımbəndlərində qeyd edilmiş hallarda bu müqaviləyə birtərəfli qaydada vaxtından əvvəl xitam verə və kreditin qalıq məbləğini kreditin verildiyi bütün dövr üçün hesablanmış kredit faizinin qalıq məbləği ilə birlikdə qaytarılmasını borcalandan tələb edə bilər. “SMS” mətnlərinin çıxarışından görünür ki, Cavabdeh xx.xx.2025-ci il tarixədək illik 26 faizlə 4500 manat nağd kredit və Albalı Plus kartına illik 28 faizlə 100 manatlıq kredit xətti açmağı təklif etmişdir və həmin məbləğ onun hesabına köçürülmüşdür. "xxxx" ASC-nin xx.xx.2023-cü il tarixli arayışından müəyyən olunur ki, borcalan Cavabdeh 2571nkMDKb/22 saylı kredit müqaviləsi üzrə əsas borca görə 4239,66 manat, faiz borcu üzrə 749,5 manat, cəriməyə görə 31,27 manat olmaqla cəmi 5020,43 manat borcu vardır. Kredit müqaviləsindən müəyyən olunur ki, müştəri müqavilə üzrə borcların ödənilməsini gecikdirdiyi halda hər gecikdirilən gün üçün əsas borc məbləğinin illik 40 faizi miqdarında dəbbə pulu ödəyir. "xxxx" ASC-nin Cavabdeh qızına ünvanladığı xx.xx.2022-ci il tarixli bildirişdən müəyyən olunur ki, bank borcalana müqavilə üzrə borc ödənilmədiyi təqdirdə məhkəməyə müraciət ediləcəyi barədə xəbərdarlıq etmişdir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında hüquqi qiymət verib belə nəticəyə gəlir ki, Cavabdeh "xxxx" ASC ilə bağladığı xx.xx.2022-ci il tarixli 2571nkMDKb/22 saylı kredit müqaviləsindən irəli gələn öhdəliklərini icra etməməsi tədqiq olunmuş sübutlarla öz təsdiqini tapdığından iddiaçının cavabdehdən əsas borca görə 4239,66 manat, faiz borcuna görə 749,5 manat, cəriməyə görə 31,27 manat olmaqla cəmi 5020,43 manat tələbi əsaslıdır, ona görə də iddia ərizəsi təmin edilməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş iddia tələbinin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edildiyindən, məhkəmə hesab edir ki, iddiaçının ödədiyi dövlət rüsumu cavabdehə aid edilməlidir. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmış və öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırmışdır. Şərh olunanlara əsasən, Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ İddia ərizəsi təmin edilsin. Cavabdeh xx.xx.2022-ci il tarixli 2571nkMDKb/22 saylı kredit müqaviləsi üzrə əsas borca görə 4239,66 manat, faiz borcuna görə 749,5 manat, cəriməyə görə 31,27 manat və ödənilmiş dövlət rüsumuna görə 70,64 manat olmaqla, cəmi 5091,07 (beş min doxsan bir manat, yeddi qəpik) manat "xxxx" ASC-nin xeyrinə tutulsun. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Emin Rüstəmov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar