Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(003)-1507/2024 04.04.2024 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Məhərrəmova Şeyda Ədalət qızının sədrliyi, Xudiyeva Ayşən Əmir qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “alimentin artırılması və əlavə xərclərin tutulması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2018-ci il təvvəlüdlü X5 yetkinlik yaşına çatanadək saxlanılması üçün Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(008)-696/2020 saylı qətnaməsinin dəyişdirilərək hər ay 235 (iki yüz otuz beş) manat sabit pul məbləğində alimentin, uşağın xəstəliyi ilə bağlı müalicəsi üçün hər ay 200 (iki yüz) manat cəmi 435 (dörd yüz otuz beş) manat və mediasiya üçün ödənilmiş 50 manat rüsumun Cavabdeh tutularaq İddiaçı ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh ilə xx.xx.2017-ci il tarixdə rəsmi nikaha daxil olaraq ailə həyatı qurmuşdur. Birgə nikahlarından xx.xx.2018-ci il təvvəlüdlü X9 anadan olmuşdur. Hal-hazırda azyaşlı övladı ilə cavabdehdən ayrı yaşayır. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(008)-696/2020 saylı qətnaməsi ilə cavabdehlə aralarında olan xx.xx.2017-ci il tarixli nikah pozulmuş, birgə nikahdan doğulmuş xx.xx.2018-ci il təvvəlüdlü X5 ananın yanında qalması və yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 160 manat sabit pul məbləğində alimentin Cavabdeh alınaraq ona ödənilməsi qət edilmişdir. Övladı Murad “asma bronxit alergik” xəstəliyindən əziyyət çəkir. Bununla bağlı 2 aydan bir uşaq həkim müayinəsindən keçirilir və müalicəsi ilə bağlı 600-700 manat arası vəsait xərclənir. Cavabdeh isə bununla bağlı ona hər hansı bir maddi köməklik göstərmir. Eyni zamanda hal-hazırki iqtisadi çətin bir vaxtda uşağın ehtiyaclarını ödəməkdə çətinlik çəkir. Alimentin artırılması ilə bağlı tərəfindən “mediasiya təşkilatına” müracət edilmişdir. Lakin xx.xx.2022-ci il tarixdə keçirilən iclasda cavabdeh iştirak etmədiyindən onunla hər hansı bir razılaşma əldə olunmamışdır. Mediasiya sessiyasından sonra prosesi məhkəmə qaydasında davam etirmək barədə qərar qəbul olunmuşdur. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinin dəlillərini müdafiə edərək, əlavə olaraq bildirdi ki, cavabdehlə nikahları pozulduqdan sonra birgə nikahdan doğulmuş xx.xx.2018-ci il təvvəlüdlü X5 onun yanında qalması və yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 160 manat sabit pul məbləğində alimentin Cavabdeh onun xeyrinə tutulması müəyyən edilmişdir. Lakin hazırki vəziyyətdə qeyd olunan vəsaitlə uşağın saxlanılmasında çətinlik çəkir. Eyni zamanda xx.xx.2018-ci il təvvəlüdlü X9 asma xəstəliyindən əziyyət çəkir və aylıq müayinə eləcə də müalicəsi üçün təxmini 400-500 manat arası vəsait tələb edilir ki, bunu ödəməyə maddi imkanı yetərli deyil. Cavabdeh hazırda stomotoloq işləyir, aylıq gəlirindən isə məlumatı yoxdur. Uşağın xəstəliyini və ona çəkilən xərcləri təsdiq edən sübutu təqdim edə bilmir. Qeyd olunanlara əsasən iddianın təmin edilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, Cavabdeh üzrlü səbəb təqdim etmədən məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən, işə Cavabdeh iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş üzrə təqdim olunmuş sübutları yoxlayaraq, iddia tələbinin dəlillərini, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 04 iyun 2020-ci il tarixli, 2(008)-696/2020 nömrəli qətnaməsindən görünür ki, iddiaçı X4 Cavabdeh qarşı nikahın pozulması, uşağın ananın yanında qalması və aliment tələbinə dair iddiasının təmin edilməsi, Cavabdeh ilə X7 arasında 3 saylı Bakı “Asan Xidmət” Qeydiyyat şöbəsində xx.xx.2017-ci il tarixdə bağlanmış nikah pozulması, tərəflərin birgə nikahından doğulmuş xx.xx.2018-ci il təvəllüdlü X5 boşanmadan sonra anası X4 yanında qalması, Cavabdeh xx.xx.2019-cu il tarixdən başlayaraq, xx.xx.2018-ci il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay bir uşağa görə 160 manat sabit pul məbləğində aliment alınaraq X6 verilməsi qət edilmişdir. İş materiallarında olan xx.xx.2018-ci il təvəllüdlü X9 barəsində 22 yanvar 2024-cü il tarixli laboratoriya müayinəsinin nəticələrinə dair qeyd edilmişdir ki, PCT ≤0.5 ng/ml - Sistem infeksiya (sepsis) ehtimalı yoxdur. Lokal bakterial infeksiya ehtimalı var. Ciddi sistem infeksiyasının (ağır dərəcəli sepsis/septik şok) inkişaf etməsi üçün risk azdır. Qeyd: PCT <0.5 ng/ml infeksiya olma ehtimalını inkar etmir, çünki lokal infeksiyalar zamanı (bu zaman sistemlik əlamətlər mövcud olmur) PCT-nin miqdarı az ola bilər. PCT bakterial infeksiyadan sonra çox erkən təyin edildikdə (adətən < 6 saat sonra) miqdar hələ çox az ola bilər. Belə olan halda PCT 6-24 saat sonra təkrar test edilməlidir. PCT 0.5-2 ng/ml- Sistem infeksiya (sepsis) ehtimalı mümkündür, lakin nəzərə almaq lazımdır ki, PCT-nin miqdarının artmasına səbəb olan digər hallar da mövcuddur. Ciddi sistem infeksiyasının (ağır dərəcəli sepsis/septik şok) inkişaf etməsi üçün orta dərəcədə risk var. Pasientin həm klinikası izlənilməlidir, həm də onun PCT-i 6-24 saat sonra təkrar test edilməlidir. PCT>2 ng/ml-Sistem infeksiya (sepsis) ehtimalı mümkündür (digər hallar yoxdursa). Ciddi sistem infeksiyasının (ağır dərəcəli sepsis/septik şok) inkişaf etməsi üçün yüksək dərəcədə risk var. PCT≥10 ng/ml-əhəmiyyətli sistematik iltihabi reaksiya mövcuddur və demək olar ki, yalnız bakterial sepsis yaxud septik şək səbəbilə üzə çıxıb. Ciddi sepsis yaxud septik şok ehtimalı yüksək dərəcədədir. İş materiallarında olan Bakı 6 saylı Mediasiya təşkilatının “ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə” 29 iyun 2022-ci il tarixli arayışından görünür ki, həmin arayış 6 saylı Mediasiya Təşkilatının mediator qismində təyin etdiyi mediator X3 tərəfindən İddiaçı "Mediasiya Haqqında" Azərbaycan Respublikası Qanununun 29.2-ci maddəsinə uyğun olaraq Cavabdeh İsfəndiyar oğluna qarşı təsvir edildiyi kimi ailə mübahisəsi üzrə xx.xx.2022-ci il tarixdə, 11:00-11:15 saatlarında keçirilməsi nəzərdə tutulan ilkin mediasiya sessiyasında tərəflərin iştirak etmədiyini təsdiq etmək üçün verilir. İlkin mediasiya sessiyasının tarixi, yeri və vaxtı barədə İddiaçı və Cavabdeh İsfəndiyar oğluna 5 gün əvvəlcədən poçt vasitəsi ilə məlumat verilmişdir. İddiaçı tərəfindən ilkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı 50 (əlli) manat məbləğində mediasiyaya dair xərc ödənmişdir. Hazırda iddiaçı xx.xx.2018-ci il təvvəlüdlü X5 yetkinlik yaşına çatanadək saxlanılması üçün Bakı şəhəri Sabunçu rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(008)- 696/2020 saylı qətnaməsinin dəyişdirilərək hər ay 235 (iki yüz otuz beş) manat sabit pul məbləğində alimentin, uşağın xəstəliyi ilə bağlı müalicəsi üçün hər ay 200 (iki yüz) manat cəmi 435 (dörd yüz otuz beş) manat və mediasiya üçün ödənilmiş 50 manat rüsumun Cavabdeh tutularaq İddiaçı ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 78.1-ci maddəsində göstərilir ki, valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri müntəzəm, dəyişən olarsa və ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən edilə bilər. Həmin Məcəllənin 78.2-ci maddəsinə əsasən, sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Həmin Məcəllənin 81.1-ci maddəsinə əsasən alimentin tutulması barədə saziş olmadıqda və ya sazişdə müstəsna hallarla (ağır xəstə, şikəst olan uşaqlara, habelə əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan yetkinlik yaşına çatmış övladlara göstərilən kənar xidmətin haqqının ödənilməsi ilə əlaqədar və digər hallarda) əlaqədar yaranmış xərclərin ödənilməsi qaydası müəyyən edilməmişsə, valideynlərdən hər biri məhkəmə tərəfindən əlavə xərclərin ödənilməsinə cəlb oluna bilər. Həmin Məcəllənin 81.2-ci maddəsinə əsasən Valideynlərin əlavə xərclərə cəlb olunması qaydasını məhkəmə müəyyən edir. Bu xərclərin miqdarı məhkəmə tərəfindən valideynlərin və uşaqların ailə və maddi vəziyyəti, eləcə də tərəflərin diqqətəlayiq olan digər maraqları nəzərə alınmaqla, hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən olunur. Həmin Məcəllənin 112.1-ci maddəsində göstərilir ki, aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya alimenti ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. “Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının Qanunu ilə 2024-cü il üçün yaşayış minimumu uşaqlar üçün 235 (iki yüz otuz beş) manat məbləğində müəyyən edilmişdir. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2016-cı il tarixli 8- 2/2016 nömrəli qərarın 8.2-ci bəndinə əsasən, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır (“Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsi). Nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, qanunvericiliklə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatın aliment kimi digər valideyndən tutulmasına əsas verir. Aliment ödəyən əmək qabiliyyətli valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və qazanca malik olmaması onu uşağı saxlamaq, qanunvericiliklə müəyyən olunmuş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatı ödəmək vəzifəsindən azad etmir. «Uşaq hüquqları haqqında» Azərbaycan Respublikası Qanunun 13-cü maddəsinə əsasən uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Həmin Qanunun 19-cu maddəsinə əsasən valildeynlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifəsidir. Məhkəmə ilk olaraq iddia tələbinin – alimentin artırılması hissəsi ilə bağlı qeyd edir ki, tələbin həmin hissəsi qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən olunmuş alimentin miqdarının artırılmasından (dəyişdirilməsindən) ibarətdir; belə növ iddia tələblərinin həllinin qanuni əsaslarını isə Ailə Məcəlləsinin 112.1-ci maddəsi təşkil edir. Həmin maddəyə görə aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Göründüyü kimi qanunverici, prinsip etibarı ilə məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra onun miqdarının dəyişdirilməsinin (artırılmasının və ya azaldılmasının) və ya aliment ödəməkdən ümumiyyətlə azad edilmənin mümkünlüyünü nəzərdə tutur. Lakin bunun ən əsas şərti məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olduğunun sübuta yetirilməsidir. Həmçinin bu zaman tərəflərin maddi və ailə vəziyyətləri, eləcə də hər bir konkret hal üzrə müəyyən olunmuş digər diqqətəlayiq hallar da nəzərə alınmalıdır. Məhkəmə qeyd edir ki, tərəflərin birgə nikahında olan yetkinlik yaşına çatmayan uşağa ilk dəfə aliment məbləği təyin edilərkən həmin dövr (təqvim ili) üçün yaşayış minimumu ölkə üzrə uşaqlar üçün 170 manat müəyyən edilsə də, iddiaçı 160 manat sabit pul məbləğində alimentin tutulmasını xahiş etmişdir. Hazırda isə bu məbləğ 235 manat təşkil edir. “Yaşayış minimumu” haqqında Azərbaycan Respublikası Qanun Azərbaycan Respublikasında yaşayış minimumunun müəyyənləşdirilməsinin, ona dövlət təminatının, ölkənin sosial-iqtisadi inkişafına uyğun olaraq yaşayış minimumunun yüksəldilməsinin prinsiplərini və qaydalarını müəyyən edir. Həmin Qanunun 1.0.2, 1.0.3-cü maddələrinə görə yaşayış minimumu - minimum istehlak səbətinin dəyəri və icbari ödənişlərin cəmindən ibarət sosial normadır. Əhalinin əsas sosial-demoqrafik qrupları - yaş-cins əlamətlərinə, sosial vəziyyətlərinə görə fərqlənən əhali qrupları (əmək qabiliyyətli əhali, pensiyaçılar, əlilliyi olan şəxslər, uşaqlar və s). Göründüyü kimi iddiaçı alimentin miqdarının artırılmasını tələb etməkdə haqlı olmuşdur; belə ki, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 04 iyun 2020-ci il tarixli, 2(008)-696/2020 nömrəli qətnaməsi ilə xx.xx.2018-ci il təvəllüdlü X1 üçün Cavabdeh hər ay 160 manat sabit pul məbləğində alimentin X4 xeyrinə tutulması müəyyənləşdirilərkən iddiaçının xahişi eləcə də həmin dövrün həyat standartlarını əsas götürülmüşdür; hazırda isə bu vəziyyət dəyişməklə həm iddiaçı daha yüksək məbləğdə aliment tələb etməkdədir, həm də uşağa görə müəyyənləşdirilmiş yaşayış minumumu 2024-cü il üçün 235 manat nəzərdə tutulmuşdur. Məhkəmə həmçinin qeyd etməyi zəruri hesab edir ki, göstərilənlər alimentin məbləğinin müəyyən olunduğu tarixdən bugünədək artmış həyat standartları və istehlak qiymətləri, eləcə də uşağın böyüdüyü də nəzərə alınmaqla, tərəflərin maddi vəziyyətlərində yaranmış dəyişiklik kimi qəbul edilməlidir. Məhkəmə eyni zamanda bildirir ki, sabit məbləğdə müəyyən edilən aliment məbləğinin uşaqlar üçün həmin dövrün yaşayış minimumu həddində müəyyən edilməsi, uşağın minimum tələblatlarının tam təmin edilməsi yönəlmiş hüquqi tədbirdir. Belə olduqda isə cavabdeh bir valideyn kimi uşağının maddi tələblatlarını ödəməyə məcburdur. Cavabdehdən tutulmalı olan alimentin yeni məbləğinə münasibətdə isə məhkəmə aşağıdakıları qeyd edir. Qanunvericiliyin yuxarıda sadalanan müddəaları alimentin məbləğinin müəyyənləşdirilməsi və sonradan dəyişdirilməsi zamanı əsas meyar kimi uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanmasını müəyyən etmişdir; lakin bu zaman tərəflərin maddi və ailə vəziyyətləri, eləcə də hər bir konkret hal üzrə müəyyən olunmuş digər diqqətəlayiq hallar da nəzərə alınmalıdır. Bu baxımdan məhkəmə “uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması” prinsipini, tərəflərin maddi və ailə vəziyyətlərini, eləcə də işin konkret hallarını əsas götürərək cavabdehdən iddiaçının xeyrinə tutulacaq alimentin məbləğinin artırılaraq hər ay 235 (iki yüz otuz beş) manat məbləğində müəyyən edilməsini ədalətli və ağlabatan hesab edir. Məhkəmə eyni zamanda bildirir ki, cavabdeh bir ata kimi övladının qayğısına qalmalı, onu zəruri vəsaitlə təmin etməli, onun təminatını əvvəlki kimi yüksək saxlamalı və bundan irəli gələn vəzifələrini layiqincə yerinə yetirməlidir. O, valideynlik vəzifələrinə malik olduğunu başa düşərək həm öz tələbatını, həm də uşağının tələbatını təmin etməlidir. Məhkəmə iddia tələbinin - uşağın xəstəliyi ilə bağlı müalicəsi üçün hər ay 200 (iki yüz) manat vəsaitin cavabdehdən tutulması hissəsinə münasibətdə isə qeyd edir ki, həmin hissədə iddia tələbi əsassız olmuşdur. Belə ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 81.1-ci maddəsinə əsasən alimentin tutulması barədə saziş olmadıqda və ya sazişdə müstəsna hallarla (ağır xəstə, şikəst olan uşaqlara, habelə əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan yetkinlik yaşına çatmış övladlara göstərilən kənar xidmətin haqqının ödənilməsi ilə əlaqədar və digər hallarda) əlaqədar yaranmış xərclərin ödənilməsi qaydası müəyyən edilməmişsə, valideynlərdən hər biri məhkəmə tərəfindən əlavə xərclərin ödənilməsinə cəlb oluna bilər. Göründüyü kimi valideynlərdən hər birinin məhkəmə tərəfindən əlavə xərclərin ödənilməsi üçün qeyd olunan normada konkret əsasların olması müəyyən edilmişdir. Hazırda isə iddiaçı xx.xx.2018-ci il təvəllüdlü X2 xidmətin haqqının ödənilməsinin təsdiq edilməsi barədə hər hansı mötəbər sübut təqdim edə bilməmişdir. Bununla belə məhkəmə iddiaçı tərəfindən təqdim edilən xx.xx.2018-ci il təvəllüdlü X9 barəsində 22 yanvar 2024-cü il tarixli laboratoriya müayinəsinin nəticələrinə dair məlumatlara münasibətdə qeyd edir ki, həmin məlumatlarda xx.xx.2018-ci il təvəllüdlü X5 “asma bronxit alergik” xəstəliyindən əziyyət çəkməsi, eləcə də 2 aydan bir müalicəsi ilə bağlı 600-700 manat xərcin tələb edilməsi müəyyən edilmir. Digər tərəfdən iddiaçı xx.xx.2018-ci il təvəllüdlü X5 “asma bronxit alergik” xəstəliyinə görə müalicəsi ilə bağlı çəkilmiş xərci təsdiq edəcək (məsələn, həkim resepti, ödəniş qəbzi və s.) mötəbər sübut təqdim edə bilməmiş, həmin hallar iş materialları ilə öz təsdiqini tapmamışdır. Belə olan halda məhkəmə hesab edir ki, iddia tələbi - uşağın xəstəliyi ilə bağlı müalicəsi üçün hər ay 200 (iki yüz) manat vəsaitin cavabdehdən tutulması hissəsində rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 80-ci maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəllənin 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Beləliklə Məhkəmə, qanunvericiliyin tələblərini rəhbər tutub, məhkəmə iclasında tədqiq edilən sübutları qiymətləndirərək, tərəflərin birgə nikahından olan uşağın mənafeyini, o cümlədən, tərəflərin diqqətəlayiq maraqlarını nəzərə alaraq, hesab edir ki, iddia tələbi qismən – alimentin artırılması hissəsində təmin edilməli, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 04 iyun 2020-ci il tarixli, 2(008)-696/2020 nömrəli qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı dəyişdirilərək xx.xx.2018-ci il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay 235 manat sabit pul məbləğində aliment Cavabdeh tutularaq, iddiaçı X6 verilməli, qalan hissədə isə iddia tələbi təmin edilməməlidir. Eyni zamanda, məhkəmə hesab edir ki, artırılmış məbləğdə aliment hazırkı qətnamənin qanuni qüvvəyə mindiyi gündən başlayaraq tutulmalıdır. Belə ki, “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideyndən hansının yanında qalması və uşaqlar üçün valideyndən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016cı il tarixli 8-2/2016 №-li qərarının 8.14-cü bəndinə əsasən məhkəmənin müəyyən etdiyi alimentin məbləği dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. Bundan başqa qeyd edilməlidir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə xərcləri ilə əlaqədar məsələyə münasibətdə məhkəmə belə qənaətə gəlir ki, ödənilmiş 50 (əlli) manat məbləğində mediasiya xərci Cavabdeh tutularaq İddiaçı X4 xeyrinə tutulmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 04 iyun 2020-ci il tarixli, 2(008)- 696/2020 nömrəli qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı dəyişdirilərək xx.xx.2018-ci il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay 235 (iki yüz otuz beş) manat sabit pul məbləğində aliment Cavabdeh tutularaq iddiaçı X6 verilsin. Ödənilmiş 50 (əlli) manat məbləğində mediasiya xərci Cavabdeh tutularaq İddiaçı X4 xeyrinə tutulsun. İddia tələbi qalan - uşağın xəstəliyi ilə bağlı müalicəsi üçün hər ay 200 (iki yüz) manat vəsaitin cavabdehdən tutulması hissəsində təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Şeyda Məhərrəmova
Məhkəmə qərarları › İş №2(003)-1507/2024
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №2(003)-1507/2024
04.04.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver