Məhkəmə qərarları › İş №2(003)-152/2022

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №2(003)-152/2022

17.02.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(003)-152/2022 17.02.2022 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Bəhrəmzadə Sabit Xanlar oğlunun sədrliyi, Süleymanov Bəxtiyar Zeynal oğlunun katibliyi, İddiaçının nümayəndəsi X1, Cavabdeh2 iştirakı ilə, İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı kredit borcunun ödənilməsi tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı ASC cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı müqavilə üzrə yaranmış borcun ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərdən müştərək qaydada İddiaçı ASC-nin xeyrinə əsas borc üzrə 4743.21 manat, faiz borcu üzrə 2605.93, cərimə borcu üzrə 919.28 manat, 26.01.2021-ci il tarixindən 30.07.2021-ci il tarixədək gecikdirilmiş vaxt üçün illik 5 faizlə hesablanmış 120.8 manat əldən çıxmış fayda olmaqla olmaqla, ümumilikdə 8389.22 manat məbləğində, iddia ərizəsi üçün ödənilmiş 30 manat dövlət rüsumunun və 0,40 manat bank xidmət haqqının tutulması barədə etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh2 05 oktyabr 2015-ci il tarixli kredit müqaviləsinə əsasən "xxxx" KB ASC-dən illik 24 faizlə 24 ay müddətinə 5500 ABŞ dolları məbləğində kredit götürmüşdür. 26 may 2017-ci il tarixli Əlavə Sazişə əsasən kreditin qalıq məbləği 4366,47 ABŞ dolları Mərkəzi Bankın 26.05.2017-ci il tarixə olan məzənnəsi ilə (və ya Bankın müəyyən etdiyi məzənnə ilə ) konvertasiya edilməklə 7431,73 manat təşkil edir, kreditin müddəti 26.01.2021-ci il tarixədək təyin edilir. Borcun təminatı olaraq Ələsgərova (Əliyeva) Aygün Allahyar qızı ilə 05 oktyabr 2015-ci il tarixli zaminlik müqaviləsi bağlanmışdır. Lakin borclu müqavilənin şərtlərini pozaraq, borc öhdəliyini icra etməkdən boyun qaçırır. 2021-ci il iyulun 30-dək Cavabdeh2 banka 26 may 2017-ci il tarixli kredit müqaviləsi üzrə 4743,21 manat əsas, 2605,93 manat faiz və 919,28 manat cərimə borcu olmaqla, ümumilikdə cəmi 8268,42 manat borcu vardır. Xəbərdarlıq edilməsinə baxmayaraq cavabdeh borcu ödəməkdən boyun qaçırır. Məhkəmə iclasında iddiaçının nümayəndəsi X2 iddia tələbini müdafiə edərək onun təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında Cavabdeh2 iddia tələbini etiraf etməyərək, iddiaçıdan krediti kürəkəni üçün götürdüyünü, 12800 manat kredit üzrə ödəniş etdiyi və bununla da banka olan borcunu qaytardığını bildirdi. Həmçinin etdiyi ödənişlərlə bağlı qəbzlərin hazırda onda olmadığını bildirdi. Cavabdeh1 məhkəmə iclasının vaxtı və yeri barəsində lazımı qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin o, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra MPM) 185.5-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsi və cavabdehin izahatını dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, iddia tələbi qismən təmin olunmalıdır. Belə ki, iş materiallarında olan kreditor Nikoyl İKB ASC ilə borcalan Cavabdeh2 arasında bağlanmış 05.10.2015-ci il tarixli 4-M1Z1G1-1-0-581-15 saylı kredit müqaviləndən görünür ki, həmin müqavilə illik 24 faizlə 24 ay müddətinə, yəni 05.10.2017ci il tarixə 5500 ABŞ dolları məbləğində kredit verilməsi haqqında bağlanmışdır. İş materiallarında olan kreditor Nikoyl İKB ASC ilə borcalan Cavabdeh2 və zamin Cavabdeh1 arasında bağlanmış 05.10.2015-ci il tarixli zaminlik müqaviləsindən görünür ki, Cavabdeh2 Cavabdeh1 ilə Nikoyl İKB ASC arasında bağlanmış 05.10.2015-ci il tarixli 4- M1Z1G1-1-0-581-15 saylı kredit müqaviləsi üzrə bank qarşısında öz üzərinə məluliyyət götürmüşdür. İş materiallarında olan tərəflər arasında bağlanmış 07.09.2016-cı il tarixli yuxarıda qeyd olunan kredit və zaminlik müqavilələrinə əlavədən görünür ki, iddiaçı və cavabdehlər arasında 05.10.2015-ci il tarixli 4-M1Z1G1-1-0-581-15 saylı kredit müqaviləsinin müddətinin uzadılması ilə bağlı razılıq əldə edilmiş və kredit müqaviləsinin bitmə müddəti 05.09.2018-ci il tarix müəyyən edilmişdir. İş materiallarında olan 05.10.2015-ci il tarixli 4-M1Z1G1-1-0-581-15 saylı kredit müqaviləsinə 26.05.2017-ci il tarixli Əlavə Sazişdən görünür ki, kreditor Nikoyl İKB ASC ilə borcalan Cavabdeh2 arasında 05.10.2015-ci il tarixli 4-M1Z1G1-1-0-581-15 saylı kredit müqaviləsinə dəyişiklik edilməsi barədə razılıq əldə edilmiş və kreditin qalıq məbləği 4366,47 ABŞ dolları konvertasiya edilməklə 7431,73 manat təşkil etmişdir. Həmçinin kredit müqaviləsinin müddəti dəyişdirilərək 65 ay müddətinə verilmiş, kreditin bitmə müddəti 26.01.2021-ci il tarix müəyyən edilmişdir. 07.0.2017-ci il tarixli əlavə sazişdən görünür ki, borc məbləği konvertasiya edilməklə 7431.73 manat müəyyən olunmuşdur. İşdə olan maliyyə arayışından görünür ki, 30.07.2021-ci il tarixə cavabdehlərin 4743.21 manat, faiz borcu üzrə 2605.93, cərimə borcu üzrə 919.28 manat, 26.01.2021-ci il tarixindən 30.07.2021-ci il tarixədək gecikdirilmiş vaxt üçün illik 5 faizlə hesablanmış 120.8 manat borcu vardır. İş materiallarında olan qəbzdən görünür ki, iddiaçı tərəfindən 30 manat məbləğində dövlət rüsumu ödənilmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş Məhkəmə Ekspertizası Mərkəzinin 11.01.2022-ci il tarixli 9/8876 saylı ekspert rəyindən görünür ki, iş materiallarında olan 26.05.2017-ci il tarixli əlavə sazişdə qeyd olunan şərtləri nəzərə almaqla Cavabdeh2 26.01.2021-ci il tarixə əsas borc üzrə 4747.14 manat, faiz borcu üzrə 2077.14 manat təşkil edir. İş materiallarında olan Məhkəmə Ekspertizası Mərkəzinin ekspertiza xərclərinə dair bildirişindən görünür ki, aparılmış ekspertiza tədqiqatının dəyəri 100 manatdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Həmin Məcəllənin 385.1-ci maddəsinə qeyd edilir ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməlidir, məsələn pul ödəməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Məhkəmə hesab edir ki, Cavabdeh2 kredit müqaviləsi üzrə öz riski ilə müqaviləni bağladığından həmin müqavilə üzrə öhdəliklərə görə məsuliyyət daşıyır. O, kredit müqaviləsi əsasında bankdan kredit almaq hüququna malik olduğu kimi eyni zamanda göstərilən müqavilə əsasında kredit məbləğini və həmin müqavilə ilə müəyyən edilmiş faizləri qaytarmalı olmasına dair vəzifələrin daşıyıcısı olmuşdur. Lakin, cavabdeh kredit müqaviləsi əsasında kredit vəsaitinin almasına dair hüququndan istifadə etmiş, həmin kreditdən yaranan borcunu ödəməli olmasına dair vəzifəsini isə lazımınca icra etməyərək, pul öhdəliyini lazımınca yerinə yetirməmişdir. Odur ki, iddiaçı ona qarşı hazırki tələblə çıxış etməkdə haqlı olmuşdur. Eyni zamanda məhkəmə hesab edir ki, iddiaçının eyni zamanda iddia tələbində borcun həmçinin zamin Cavabdeh1 kredit müqaviləsi üzrə yaranmış öhdəliklərin yerinə yetirilməsini tələb edilməsində haqlı olmamışdır və ona aid hissədə iddi tələbi təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 477.0.1-ci maddəsinə əsasən zaminliyin təmin etdiyi öhdəliyə xitam verildikdə, habelə zaminin razılığı olmadan həmin öhdəlik dəyişdirildikdə və bu dəyişdirilmə onun məsuliyyətinin artmasına və ya onun üçün digər əlverişsiz nəticələrə səbəb olduqda zaminliyə xitam verilir. Həmin Məcəllənin 477.0.4-cü maddəsinə əsasən zaminlik müqaviləsində göstərilmiş onun verilmə müddəti qurtardıqda. Belə müddət təyin edilmədikdə zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Əsas öhdəliyin icrası müddəti göstərilmədikdə və müəyyənləşdirilə bilmədikdə və ya tələbetmə məqamı ilə müəyyənləşdirilə bildikdə zaminliyə zaminlik müqaviləsinin bağlandığı gündən iki il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 477.0.1-ci maddəsinin həmin Məcəllənin 470.2-ci maddəsi və “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.8 və 10.5-ci maddələri, eləcə də Azərbaycan Respublikası Mülki Məcəlləsinin 269.11 və 307.4-cü maddələrinin “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 3.2 və 10.5-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 31.08.2018-ci il tarixli Qərarına əsasən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 477.0.1-ci maddəsinin “onun məsuliyyətinin artması və ya onun üçün digər əlverişsiz nəticələrə səbəb olması” müddəası kredit xətti müqaviləsində nəzərdə tutulan kreditin məbləğinin, müddətinin, faiz dərəcəsinin bağlanan kredit müqavilələrində artırılmasını, kreditin valyutasının zaminin razılığı olmadan dəyişdirilməsini və digər halları nəzərdə tutur. İşin araşdırılmış hallarından görünür ki, kreditor Nikoyl İKB ASC ilə borcalan Cavabdeh2 arasında bağlanmış 05.10.2015-ci il tarixli 4-M1Z1G1-1-0-581-15 saylı kredit müqaviləsinə 26.05.2017-ci il tarixli Əlavə Saziş zamanı zamin Cavabdeh1 razılığı alınmamışdır. Eyni zamanda Azərbaycan Respublikası Mülki Məcəlləsinin 477.0.4-cü maddəsində nəzərdə tutulmuş müddətdə ona qarşı iddia irəli sürülməmişdir. Qeyd olunan hallar isə Cavabdeh1 zaminliyə xitam verilməsi üçün əsasdır. Odur ki məhkmə hesab edir ki, iddia tələbi zamin Cavabdeh1 hissədə təmin edilməməlidir. Məhkəmə iddia tələbinin Cavabdeh2 borcun tutulması hissəsinə qiymət verərək qeyd edir ki, ondan tutulmalı olan əsas və faiz borcun məbləğini müəyyən edərkən ekspertiza rəyinə iş üzrə tədqiq edilmiş digər sübutlarla müqayisəli şəkildə qiymət verərək hesab edir ki, həmin rəy sübut kimi qəbul edilməli, cavabdehdən əsas borca görə 4743.21 manat, faiz borcuna 2077.14 manat tutularaq İddiaçı ASC-nin xeyrinə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə əsasən borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Eyni zamanda, müqavilə müddəti bitdikdən sonra illik 5% olmaqla hesablanmış (ekspert rəyinə əsasən) 120,80 manat Cavabdeh2 iddiaçının xeyrinə tutulmalıdır. İddia tələbinin dəbbə pulu hissəsinə münasibətdə məhkəmə nəzərə alır ki, Mülki Məcəllənin 466-cı maddəsinə müvafiq olaraq əgər öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi üçün dəbbə pulu müəyyənləşdirilmişsə, zərərin dəbbə pulu çatmamış hissəsinin əvəzi ödənilir. Qanunda və ya müqavilədə aşağıdakı hallar nəzərdə tutula bilər: zərərin deyil, yalnız dəbbə pulunun tutulmasına yol verilə bilər; dəbbə pulundan artıq zərər tam məbləğdə tutula bilər; kreditorun seçiminə uyğun, ya dəbbə pulu, ya da zərər tutula bilər. Mülki Məcəllənin 467-ci maddəsinə əsasən isə məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Hər bir konkret iş üzrə dəbbə pulunun azaldılması meyarları kimi dəbbə pulunun qeyri-mütənasib olması, öhdəliyin pozulması nəticəsində yarana biləcək mümkün zərərin həcmindən əhəmiyyətli dərəcədə artıq olması, öhdəliklərin yerinə yetirilməsindən yayınma müddətləri və s. çıxış edə bilər. Məhkəmə nəzərə alır ki, dəbbə pulunun göstərilən həcmdə tutulması cavabdehin əmlak mənafelərinə əsaslı xələl gətirə bilər. Dəbbə pulunun məbləğinin azaldılması kreditorun əmlak mənafelərinə əsaslı təsir etmir. Belə ki, kreditor borc verərkən dəbbə pulunu əldə edəcəyi gözlənilən qazanc kimi deyil, öhdəliyin icrasının təminatı üsulu kimi nəzərdə tutmuşdur. Qeyd edilənləri rəhbər tutmaqla məhkəmə belə qənaətə gəlir ki, kredit müqaviləsi üzrə 4743.21 manat məbləğində əsas borca münasibətdə cavabdehdən 919.28 manat dəbbə (cərimə) pununun tutulması əsaslı hesab edilə bilməz yüksək olduğundan azaldılmalıdır. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, cavabdehdən iddiaçının xeyrinə 50 manat dəbbə (cərimə) pulu tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə həmçinin hesab edir ki, məhkəməyə müraciət etmək üçün iddiaçı tərəfindən ödənilmiş 30 manat dövlət rüsumu da Cavabdeh2 alınaraq iddiaçıya ödənilməlidir. Məhkəmə eyni zamanda qeyd edir ki, ekspertiza xərci olan 100 manatın 50 manatı Cavabdeh2, 50 manatı İddiaçı ASC-dən alınaraq Məhkəmə Ekspertiza Mərkəzinin hesabına ödənilməlidir. Beləliklə məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməklə Cavabdeh2 4743.21 manat əsas, 2077.14 manat faiz, 50 manat cərimə, 26.01.2021-ci il tarixindən 30.07.2021-ci il tarixədək gecikdirilmiş vaxt üçün illik 5 faizlə hesablanmış 120.8 manat və dövlət rüsumuna görə ödənilmiş 30 manat, cəmi 7021.15 manat tutularaq İddiaçı ASC-nin xeyrinə ödənilməli, Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən keçirilmiş məhkəməmühasibatlıq ekspertiza tədqiqatının dəyəri olan 100 manatın 50 manatı Cavabdeh2, 50 manatı İddiaçı ASC-dən alınaraq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına ödənilməlidir. Qeyd olunanlara və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220, 227, 233 və 360-cı maddələrinə əsasən, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh2 4743.21 manat əsas, 2077.14 manat faiz, 50 manat cərimə, 26.01.2021ci il tarixindən 30.07.2021-ci il tarixədək gecikdirilmiş vaxt üçün illik 5 faizlə hesablanmış 120.8 manat və dövlət rüsumuna görə ödənilmiş 30 manat, cəmi 7021.15 manat tutularaq İddiaçı ASC-nin xeyrinə ödənilsin. İş üzrə Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən keçirilmiş məhkəmə-mühasibatlıq ekspertiza tədqiqatının dəyəri olan 100 manatın 50 manatı Cavabdeh2, 50 manatı İddiaçı ASC-dən alınaraq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına ödənilsin (VÖEN **********, Hesab AZ34CTRE********************). Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə rəsmi qaydada təqdim edildikdən 1 ay sonra qanuni qüvvəyə minir. Sədrlik edən Sabit Bəhrəmzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar